YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İndoneziyanın İnsan Hüquqları üzrə Milli Komissiyasının sədri Xocalı soyqırımı haqqında kitab yazacaq

İndoneziya Respublikasının İnsan Hüquqları üzrə Milli Komissiyasının sədri Nur Xolis ölkəmizə səfəri çərçivəsində oktyabrın 21-də “Xocalıya Ədalət Beynəlxalq Kampaniyası” Beynəlxalq İctimai Birliyinin ofisində olub.

İctimai birliyin icraçı direktoru Yusif Məmmədəliyev qonağa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı cinayətləri, xüsusilə Xocalı qətliamı barədə məlumat verib. O, Azərbaycan tarixində ən qanlı hadisələrdən olan bu cinayət hadisəsi zamanı dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirildiyini, əsir götürülənlərin dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qaldıqlarını söyləyib. İcraçı direktor Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün görülən işlərdən də danışıb.

Görüşdə qonağa 2008-ci il mayın 8-də Şuşanın işğalının ildönümü günündə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın irəli sürdüyü təşəbbüs əsasında həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası haqqında məlumat verilib. Bildirilib ki, kampaniya hazırda 80-dən artıq ölkədə yüzlərlə könüllünün iştirakı ilə davam etdirilir. Məqsəd dünya ictimaiyyətinin Xocalı faciəsi ilə bağlı məlumatlandırılması, faciəyə beynəlxalq aləmdə siyasi-hüquqi və mənəvi qiymət verilməsidir. Aparılan məqsədyönlü iş nəticəsində Pakistan, Meksika, Kolumbiya, Rumıniya, Çexiya, Bosniya və Herseqovina, Peru, İordaniya parlamentləri, ABŞ-ın 17 ştatı Xocalı faciəsini soyqırımı kimi tanıyıb.

İndoneziyanın İnsan Hüquqları üzrə Milli Komissiyasının sədri Nur Xolis XX əsrdə Xocalı soyqırımı kimi dəhşətli bir faciənin törədilməsinin qəbuledilməz olduğunu bildirib. O, İndoneziyada Xocalı soyqırımının tanıdılması istiqamətində iş görəcəklərini diqqətə çatdırıb. Nur Xolis araşdırdığı və topladığı məlumatlar əsasında Xocalı soyqırımı ilə bağlı kitab yazacağını deyib.

Görüşdə Xocalı soyqırımından bəhs edən videoçarx nümayiş etdirilib, qonağın sualları cavablandırılıb.