YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dövlət Sosial Müdafiə Fondu Lənkəran şəhərində regional “Açıq qapı günü”- vətəndaş forumu keçirib

Dövlət Sosial Müdafiə Fondu (DSMF) “Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq oktyabrın 21-də Lənkəran şəhərində növbəti regional “Açıq qapı günü”-vətəndaş forumu keçirib.

 Lənkəran, Astara, Lerik, Masallı və Yardımlı rayonlarından olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçıların qatıldığı “Sosial sığorta müavinətlərinin ödənişinin avtomatlaşdırılması” mövzusuna həsr olunan tədbirdə iştirakçıların  sığorta-pensiya sisteminə dair çoxsaylı sualları cavablandırılıb, mövzu ilə bağlı ətraflı müzakirələr aparılıb.

Müzakirələrin gedişində Dövlət Sosial Müdafiə Fondunun şöbə müdiri Famil Qədimov bildirib ki, çoxsaylı pensiyaçı və sığortaolunanlar kontingentinə qabaqcıl beynəlxalq təcrübəyə uyğun avtomatlaşdırılmış xidmətin təşkili məsələlərinin həllində Fond öz üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlir. Müasir informasiya texnologiyalarından istifadə etməklə interaktiv və informativ elektron xidmətlər vasitəsilə əhalini maraqlandıran, sığorta-pensiya sisteminə aid bütün məsələlərə aydınlıq gətirilir. Bu sahədə ardıcıl tədbirlərin həyata keçirilməsi nəticəsində 2015-ci ilin 9 ayı ərzində Fondun Aparatına vətəndaşlardan daxil olan müraciətlərin sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 27 faiz azalıb.

F.Qədimov ölkəmizin sığorta-pensiya sistemində təqdim olunan elektron xidmətlərin pensiyaçılar, sığortaedənlər və sığortaolunanlar üzrə olmaqla üç istiqamətdə aparıldığını vurğulayıb və qeyd edib ki, hazırda Fondun mərkəzi məlumat bazasında 1 milyon 293 minə yaxın pensiyaçı, 3 milyon 136 mindən çox sığortaolunan  barədə müvafiq məlumatlar toplanıb ki, bu da ölkə əhalisinin 45 faizindən çox hissəsini təşkil edir.

Forumda “Elektron hökumət” portalının statistikasına əsasən DSMF-nin göstərdiyi elektron xidmətlərin ən çox istifadə olunan xidmətlər sırasında yer aldığı diqqətə çatdırılıb və bildirilib ki, Fondun sosial sığorta haqları hesabına ödənilən müavinətlərlə bağlı sığortaedənlərə göstərdiyi elektron xidmətlər hər bir müavinət növü üzrə ayrıca təşkil olunub. Bu xidmətlər 5 növ müavinətlər üçün müraciətlərin elektron qaydada təqdim olunmasını nəzərdə tutur. Bunlar əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, hamiləliyə və doğuma görə müavinət, uşağın anadan olmasına görə müavinət, uşağa qulluğa görə müavinət və dəfn üçün müavinətdir. Qeyd olunub ki, qüvvədə olan qanunvericiliyə əsasən, müavinətlərin təyin olunması işçinin işlədiyi sığortaedəndə fəaliyyət göstərən müvafiq komissiya tərəfindən yerinə yetirilir. Sonra zəruri sənədlər sığortaedən tərəfindən müraciətlə birgə elektron qaydada təqdim olunur və qeyd edilən sənədlər əsasında müavinətin bilavasitə işçinin plastik kart hesabına dərhal ödənişi həyata keçirilir.

Tədbirdə bildirilib ki, sığorta-pensiya sisteminin yeni inkişaf mərhələsində prioritet hədəflər Azərbaycan Respublikasının Prezidentinin 4 noyabr 2014-cü il tarixli Sərəncamı ilə təsdiqlənən “2014-2020-ci illərdə pensiya təminatı islahatı konsepsiyası”nın çərçivəsində müəyyən olunub. Bu konsepsiya ölkəmizdə pensiya təminatı sisteminin formalaşmasında beynəlxalq inkişaf tendensiyalarının nəzərə alınması və pensiya təminatının daim yenilənən müasir tələblərə uyğunlaşdırılması, inkişaf etmiş ölkələrin bu sahədə təcrübəsindən istifadə edilməklə uzunmüddətli dövr üçün pensiyaçıların etibarlı sosial müdafiəsinə nail olunması məqsədi daşıyır.

Təqdimatla çıxış edən Dövlət Sosial Müdafiə Fondunun əməkdaşı Azəri Məmmədov tədbir iştirakçılarını Fondun göstərdiyi elektron xidmətlər, eləcə də məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlərin təyin edilməsi, hesablanması və ödənilməsi ilə bağlı şərt və qaydalar, müavinətlərin təyin olunması üçün zəruri sənədlər, qanunvericilikdə müəyyən edilmiş tələblər barədə ətraflı məlumatlandırıb.

Dövlət Sosial Müdafiə Fondunun digər əməkdaşı Elnur İbrahimovun Fondun fəaliyyət istiqamətləri barədə çıxışından sonra diskussiyalarla davam etdirilən “Açıq qapı günü” -regional vətəndaş forumunda iştirakçıların mövzu ilə bağlı əlavə sualları cavablandırılıb, təklifləri müzakirə olunub.

 

        

 

DİGƏR Xəbərlər Arxiv