YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanda parlament seçkiləri sabit ictimai-siyasi şəraitdə keçiriləcək

Rusiya-Azərbaycan Dostluq Mərkəzinin (RADM) direktoru, politoloq Natalya Krasovskaya müxbiri ilə söhbətində Azərbaycanda ədalətli seçkilərin keçirilməsinin amerikapərəst qüvvələrə nə üçün maraqlı olmamasından və bu cür provokasiya metodlarının Rusiyada necə istifadə edilməsindən danışıb.

Azərbaycan Milli Məclisinə seçkilər ərəfəsində ölkə rəhbərliyi daim xarici dövlətlər tərəfindən daxili işlərə qarışmaq cəhdləri və siyasi intriqalarla qarşılaşmalı olur. Qərbin tətbiq etdiyi son “demokratik” tədbirlərdən biri ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) seçkilərə beynəlxalq müşahidəçiləri göndərməkdən imtina etməsi olub.

RAD Mərkəzinin direktoru Natalya Krasovskaya deyib: “Rusiya xarici siyasət idarəsinin başçısı Sergey Lavrov ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosunu təsadüfən “zəif və boş”, asanlıqla manipulyasiya olunan təşkilat adlandırmayıb. Tamamilə aydındır ki, bu struktur insan haqları anlayışından və ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosundan təzyiq silahı kimi istifadə edən Avropa siyasətbazlarının əllərindədir”.

Əvvəlcə bu struktur tərəfindən Azərbaycanda seçkilərə 380 müşahidəçi göndərmək planlaşdırılırdı. Bunun özlüyündə absurd qərar və ya açıq provokasiya olduğunu xatırladan N.Krasovskaya əhalisinin sayının Azərbaycandan üç dəfə çox olan Özbəkistanla müqayisə aparıb. “Özbəkistanda yeni parlamentin tərkibi formalaşdırılanda cəmi 12 müşahidəçi olub. Bakının müşahidəçilərin sayı ilə bağlı tamamilə təbii sualına ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu missiya göndərməkdən nümayişkaranə imtina etdi. Aydın məsələdir ki, bu tamaşa Milli Məclisə seçkiləri onun keçirilməsindən xeyli əvvəl qeyri-legitim elan etməyə bəhanə kimi oynanılıb”, - deyə N.Krasovskaya vurğulayıb.

RAD Mərkəzinin Direktoru N.Krasovskayanın fikrincə, bu Azərbaycana heç də ilk təzyiq cəhdi deyil. O hesab edir ki, “jurnalist Rasim Əliyevin şəxsi ədavət zəminində qətlə yetirilməsini siyasi şouya çevirdilər və bir aydan çox mətbuatda çeynədilər. Ölkəyə çirkab yaxmaq kimə sərfəlidir? Bu gün Azərbaycan güclü və uğurlu dövlətdir. O, geosiyasi proseslərdə müstəqil iştirak etmək niyyətini həyata keçirir, zorla qəbul etdirilən inkişaf ssenarisini nəzərə almayaraq qarşıda duran məsələləri planlı şəkildə öz mənafelərindən çıxış edərək həll edir”. Natalya Krasovskaya güman edir ki, Qərb siyasətçilərini xaricdən edilən təkidli məsləhətlərə baxmayaraq son vaxtlar Azərbaycanın Rusiya ilə yaxınlaşma kursu, habelə ölkənin Avrasiya inteqrasiyalı formatlarda iştirakı qorxudur. Məsələn, Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində respublikanın dialoq üzrə tərəfdaş statusu alması onları sevindirmir.

N.Krasovskaya güman edir ki, “vətəndaşların indiki iqtidarı dəstəkləmələri səbəbindən ölkədə real müxalifət olmayanda onu süni yolla yaratmağı arzulayanlar dərhal tapılacaq”.

Narazı tərəfi “kukla” kimi oynadanlar metod seçimində utanmırlar, lakin yeni bir şey də fikirləşib tapa bilmirlər. Avropa təsisatları təzyiq üçün yenə də çeynənmiş “demokratiyanın və insan hüquqlarının tapdalanması” mövzusundan istifadə edirlər. Ekspert bildirir ki, təzyiqin konspirasiyası haqqında artıq çoxdandır fikirləşmirlər. Məsələn, Britaniya səfiri açıq-aşkar pərakəndə müxalifət qruplarını birləşdirmək və onlara məsləhət verməklə məşğuldur.

Lakin əsas təzyiq silahı əvvəlki kimi informasiya məkanıdır.

Qərb KİV-ləri sadə avropalılar üçün inadkarlıqla Azərbaycanın mənfi obrazını yaradırlar. Guya burada hər addımda insan hüquqları pozulur. RAD Mərkəzinin direktoru əmindir ki, Prezident İlham Əliyev açıqlıq siyasəti elan edərək belə qara təbliğata qarşı mübarizədə müdrik addım atdı. Qərbin Azərbaycan barədə yaratmağa cəhd etdiyi imicin dünya ictimaiyyətinə yanlış olduğunu nümayiş etdirməyin ən yaxşı yolu insanlara ölkədə hazırkı vəziyyətin necə olmasını bilmək üçün imkan yaratmaqdır. Dövlət “Eurovision” mahnı müsabiqəsi və ilk Avropa Oyunları kimi qlobal tədbirləri ən yüksək səviyyədə keçirir – bu, respublikanın iqtisadi inkişaf səviyyəsini nümayiş etdirir. Bu gün Azərbaycan turizmi fəal inkişaf etdirir, əcnəbiləri qonaq çağırır. Nəyisə gizlətməyə çalışan ölkə sadə vətəndaşlarla ünsiyyət imkanını bu qədər artırardımı? Bu yaxınlarda Amerikanın “Arthur J. Finkelstein & Associates” PR şirkəti Azərbaycanda əhali arasında sorğu aparıb. Nəticələr göstərib ki, Xəzəryanı dövlətin vətəndaşları indiki iqtidarı dəstəkləyirlər. Respondentlərin 77,1 faizi hesab edir ki, ölkə düzgün istiqamətdə irəliləyir, 81,7 faizi əmindir ki, Azərbaycan sabitlik olan ərazidir, 74,4 faiz seçkilərdə hakim Yeni Azərbaycan Partiyasına səs vermək niyyətindədir. Sorğu edilənlərin 82,1 faizi Prezidentin işini “yaxşı” və “əla” qiymətləndirib. Bu rəqəmlərin qarşısında Qərb siyasətçilərinin Azərbaycanın ünvanına hər hansı ittihamı olduqca süni görünür.

Prezident İlham Əliyev balanslaşdırılmış xarici siyasət həyata keçirir, Şərqlə də, Qərblə də açıq münasibətlərə hazırdır. Nataliya Krasovskaya izah edir ki, SSRİ dağılandan sonra Birləşmiş Ştatlar özünü planetdə demokratiyanın əsas hamisi elan edib, dünyada qüvvələr nisbətindəki dəyişiklikləri qəbul etmək istəmir. Avropa müstəqil qüvvədən daha çox Amerikanın maraqlarına xidmət göstərən vasitəyə çevrilib. Lakin geosiyasi vəziyyət kökündən dəyişib, ABŞ isə inad edərək bununla barışmır.

N.Krasovskaya deyib: “İlham Əliyev mürəkkəb siyasi və iqtisadi şəraitdə Azərbaycanın özünü təmin etməsi göstəricisini ən yüksək səviyyəyə qaldırdı. Respublika milli mənafeyinə son dərəcə uyğun olan xarici siyasət kursu ilə irəliləyir. Bu isə ABŞ-ı qıcıqlandırır. İstənilən siyasət iqtisadiyyatın davamıdır. Dinamik inkişaf edən müstəqil və özünütəmin edən, zəngin karbohidrogen ehtiyatlarına malik, qitənin ticarət yollarında yerləşən Azərbaycan Qərbi qane etmir”.

Ekspert qeyd edir ki, Amerikanı sözəbaxan, neft və qazın satın alınmasında maksimum preferensiyalar təqdim etməyə hazır olan əlavə resurs mənbəyi rolunu oynayan ölkə daha çox qane edərdi. Buna görə də Qərb siyasətçiləri öz təsir agentlərini Azərbaycanın qanunverici orqanına yeritməyə çalışırlar. Odur ki, xarici “kukla” oynadanlar hər hansı müxalifət, necə olur-olsun Qərb ağalarının xərclərinin əvəzini çıxmaq üçün heç olmasa seçkiləri boykot etməyə çağırmaq və heç nədən ajiotaj yaratmaq iqtidarında olan müxalifət “təşkil etmək” üçün pula qənaət etmirlər.

RAD Mərkəzinin direktoru deyib: “Azərbaycanın Qərblə siyasi qarşıdurmasının bu gün keçdiyi bütün mərhələlərini Rusiya artıq bir neçə il əvvəl yaşayıb. Qərbin siyasi texnoloqları ssenarilərini yeniləməyə xüsusi cəhd göstərmirlər. Rusiyada iqtisadi cinayətə görə cəza çəkmiş Mixail Xodorkovskini “rejimin qurbanı” kimi qələmə verməyə çalışdılar. Biz xaricdən maliyyələşdirilən və ölkədə siyasi proseslərin inkişafına təsir etməyə çalışan qeyri-hökumət təşkilatlarının kütləvi şəkildə meydana çıxması ilə qarşılaşdıq. İstənilən halda bütün bunlara qarşı müqavimət göstərmək dövlətin daxili və xarici siyasət məsələlərində möhkəm mövqeyi hesabına oldu”.

Rusiya Azərbaycanın müstəqil siyasi və iqtisadi kursunu dəstəkləyir, bunu Bakıda ilk Avropa Oyunlarının açılış mərasiminə gəlmiş Vladimir Putin aydın nümayiş etdirdi. Rusiya əmindir ki, Azərbaycan siyasiləşdirilməmiş, ədalətli seçkilər keçirəcək. Noyabrın 1-də 11 beynəlxalq təşkilatdan 138 müşahidəçinin arasında Rusiya Federasiyası Dövlət Dumasının Azərbaycana göndərdiyi Rusiya Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti də olacaq.

Rusiya nümayəndələri Milli Məclisə seçkilərə qərəzsiz qiymət verə biləcəklər.

Odlar Yurdunda prosedurun legitimliyinin əsas arqumenti isə əvvəlki kimi açıqlıq qalır.

N.Krasovskaya deyib: “Əminəm ki, 22 min yerli müşahidəçi və seçki məntəqələrində mindən çox veb-kamera respublikada parlament seçkilərinin, Azərbaycan hakimiyyətinin rəsmən elan etdiyi kimi, sabit ictimai-siyasi şəraitdə, bütün hüquq normalarına riayət olunması şəraitində keçməsinə zəmanət verir”.

 

DİGƏR Xəbərlər Arxiv