YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Gündəm

Əli Əhmədov: Seçkilərin normal keçməsi Azərbaycanın seçki sahəsində əldə etdiyi uğurlardan xəbər verir

Yeni Azərbaycan Partiyasının Sədr müavini – İcra katibi Əli Əhmədov Azərbaycanda keçirilən parlament seçkilərinin ilkin nəticələri ilə bağlı partiyanın qərargahında mətbuat konfransı keçirib.

 Əli Əhmədov bildirib ki, Azərbaycanda parlament seçkiləri Seçki Məcəlləsinin tələblərinə uyğun şəkildə, demokratik əsaslarda, ədalətli və şəffaf keçirilib: "Azərbaycan vətəndaşları seçkilərdə fəal iştirak edib: ilkin nəticələrə görə, seçicilərin 55 faizindən çoxu səsvermədə iştirak edib. Nəzərinizə çatdırmaq istəyirəm ki, beş il öncə - 2010-cu ilə ölkəmizdə keçirilən parlament seçkilərində seçici fəallığı 49.6 faiz səviyyəsində olmuşdu. Bu, bir daha göstərir ki, Azərbaycanda keçirilən növbəti parlament seçkilərində seçici fəallığı kifayət qədər yüksək olmuşdur”.

YAP-ın Sədr müavini – İcra katibi Əli Əhmədov diqqətə çatdırıb ki, seçki kampaniyasının gedişi və səsvermə prosesi olduqca normal, şəffaf şəkildə başa çatmışdır, nəticələrə təsir edəcək hər hansı ciddi qanun pozuntuları qeydə alınmamışdır: “Bu, ölkəmizdə seçki kampaniyası və səsvermənin yüksək səviyyədə təşkil olunmasını göstərməklə yanaşı, eyni zamanda, seçkilərin ədalətli və şəffaf keçirilməsinə dəlalət edir”.

“Məlum olduğu kimi, YAP seçki kampaniyasında ən çox namizədlə iştirak edən siyasi partiyadır. Yeni Azərbaycan Partiyası 117 namizəd irəli sürmüşdü, lakin partiyamız səsverməyə 115 namizədlə gəlib çıxmışdır, iki namizədimiz öz namizədliyini geri götürmüşdür. Reallıq ondan xəbər verir ki, Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədlərin seçkilərdə böyük şansları var. İnanırıq ki, bizim irəli sürdüyümüz namizədlərin böyük bir hissəsi uğur qazanacaqlar və parlamentdə təmsil olunacaqlar”,-deyə Ə. Əhmədov əlavə edib.  

YAP-ın Sədr müavini – İcra katibi vurğulayıb ki, Azərbaycanda seçkilərin gedişini izləmək üçün monitorinqlər keçirilib: “Eyni zamanda, “exit poll” sorğuları aparılıb, həmin təşkilatlar nəticələri elan edib. Hesab edirəm ki, son nəticələr ilkin elan edilən rəqəmlərdən ciddi fərqlənməyəcək. YAP yenə də Milli Məclisdə  ən çox namizədlə təmsil olunacaq. Hər məntəqədə yerli və beynəlxalq müşahidəçilərlə yanaşı, partiyamızın müşahidəçiləri də səsverməni izləyiblər. Bizdə olan məlumata görə, səsvermə prosesi yüksək fəallıq şəraitində baş tutub”.

Ə. Əhmədov bildirib ki, bütövlükdə seçki normal şəraitdə keçib: “Azərbaycanda seçkilərin normal keçməsi Azərbaycanın seçki sahəsində əldə etdiyi uğurlardan xəbər verir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət xalqın hakimiyyətə və dövlətə böyük etimad göstərməsini şərtləndirir. Bu etimad özünü seçkilərdə də göstərdi. Mən sizin hər birinizi Azərbaycanda keçirilən növbəti uğurlu seçkilərlə bağlı təbrik edirəm”.