YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tbilisidə Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin adından rəsmi ziyafət verilib

Noyabrın 5-də Tbilisidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin adından rəsmi ziyafət verilib.

Dövlət başçıları ziyafətdə çıxış ediblər.

Prezident Giorgi Marqvelaşvilinin çıxışı

-Zati-aliləri Azərbaycan Respublikasının Prezidenti.

Hörmətli qonaqlar.

Xanımlar və cənablar.

İcazə verin, Sizi bir daha salamlayım. Bizə dost olan Azərbaycan Respublikasından təşrif buyuran nümayəndə heyətini və Azərbaycan Respublikasının Prezidenti, Zati-aliləri cənab İlham Əliyevi burada qəbul etməkdən məmnunluq hissi keçirirəm.

Bu səfər Gürcüstan və Azərbaycan arasında strateji əməkdaşlığın, habelə tərəfdaşlığın dərinləşməsinə doğru atılan növbəti addımı təcəssüm etdirir.

Prezident Giorgi Marqvelaşvili qeyd etdi ki, Gürcüstan və Azərbaycan xalqlarının ortaq tarixi, ən önəmlisi bu tarix boyunca xalqlarımız tərəfindən əsası qoyulan və münasibətlərimizin möhkəm təməlini əks etdirən nadir dostluq əlaqələri var. Gürcüstan dövlətinin başçısı bildirdi:

- Bu möhkəm dostluq münasibətləri Azərbaycanın və Gürcüstanın sabiq rəhbərləri cənab Heydər Əliyevə və cənab Eduard Şevardnadzeyə regional əməkdaşlıq üçün çox əhəmiyyətli strateji layihələri həyata keçirmək işində mühüm dəstək olub. Bu səylər bizim ölkələrə və ümumilikdə, regiona geosiyasi əhəmiyyət verdi. Bu önəmli təşəbbüsün həyata keçirilməsinə başlanmasından demək olar ki, iyirmi il ötür. Həmin müddət ərzində möhkəm dostluq və yaxın əməkdaşlığımız sayəsində biz çoxsaylı çağırışlara lazımınca cavab verə bilmişik.

Gürcüstan Prezidenti ölkəsində yaşanan çətin anlarda Azərbaycan xalqının və dövlətinin göstərdiyi qardaşlıq köməyinin gürcü xalqı tərəfindən daim rəğbətlə xatırlandığını vurğuladı. Sonra Giorgi Marqvelaşvili Prezident kimi Bakıya ilk səfərini xatırlayaraq dedi:

- Cənab Prezident, mən heç vaxt Sizin və Azərbaycan xalqının dostluq ruhu ilə aşıb-daşan səxavətli qonaqpərvərliyinizi unutmayacağam. Səmimi görüşlərimiz və müzakirələrimiz zamanı bizə göstərdiyiniz həmişə hiss olunan səmimi münasibətə görə Sizə təşəkkürümü bildirirəm.

Hazırda biz müasir Azərbaycanın daha da inkişaf etdiyinin şahidiyik. Bu yenidənqurma prosesində Prezident İlham Əliyevin rolu vacib və əhəmiyyətlidir. Bunu müvəffəqiyyətlə baş tutan son parlament seçkiləri bir daha sübuta yetirdi. Fürsətdən istifadə edərək, dost ölkənin daha da inkişaf etməsi və çiçəklənməsi istiqamətində atılan bu vacib addım münasibətilə cənab Prezidenti və Azərbaycan xalqını təbrik etmək istəyirəm. Əminəm ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha böyük uğurlara imza atacaq.

Hörmətli cənab Prezident, Sizi əmin edirəm ki, Gürcüstan həmişə dost Azərbaycanın yanında olacaq. Bizim strateji əməkdaşlığımız dəyişməz olaraq qalır.

Prezident Giorgi Marqvelaşvili Azərbaycanın enerji ehtiyatlarının və məhsullarının Avropaya nəqli üçün daha çox imkanların yaradılmasına Gürcüstanın böyük önəm verdiyini diqqətə çatdırdı. Gürcüstan ilə Avropa İttifaqı arasında azad ticarət üzrə razılaşmadan ümumi nailiyyət kimi faydalanmağa çalışmaqla Azərbaycan sərmayəçilərı və iş adamlarının bu imkanlardan yararlanmasını təmin etməyə Gürcüstanın maraqlı olduğunu söyləyərək dedi:

-Cənab Prezident, əminəm ki, Sizin Gürcüstana etdiyiniz bugünkü səfər dövlətlərimiz arasında siyasi, iqtisadi, enerji, ticarət, nəqliyyat, təhsil və humanitar sahələrdə əməkdaşlığın daha da inkişaf etməsi üçün yeni imkanlar yaradacaq. Bu, Gürcüstan və Azərbaycan arasında tərəfdaşlığın daha da dərinləşməsinə yeni təkan verəcək.

Sizə cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqının və respublikasının rifahına xidmət edəcək bütün işlərinizdə uğurlar arzu edirəm.

X X X

Prezident İlham Əliyevin çıxışı

-Hörmətli cənab Prezident.

Xanımlar və cənablar.

İlk növbədə səfər zamanı mənə və nümayəndə heyətinə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm.

Gözəl ölkənizi yenidən ziyarət etməyimdən çox məmnunam. Ölkələrimiz və xalqlarımız uzun əsrlər boyu mehriban qonşuluq və dostluq şəraitində yaşamışlar. Müstəqillik qazandıqdan sonra da biz bu münasibətləri strateji tərəfdaş olaraq uğurla davam etdiririk. Azərbaycan ilə Gürcüstan arasında yüksək siyasi dialoq mütəmadi qarşılıqlı səfərlərlə müşayiət olunur. Mən keçən ilin fevral ayında Sizin Azərbaycana rəsmi səfəriniz, həmçinin həmin ilin may ayında Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli Sammitində iştirak etmək üçün mənim Gürcüstana səfərim zamanı keçirdiyimiz görüşləri, apardığımız fikir mübadiləsini xoş təəssüratlarla xatırlayıram. Hesab edirəm ki, yüksəksəviyyəli səfərlər gündəlikdə olan məsələlərin müzakirəsi və həlli üçün faydalıdır.

Bu gün də biz ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələrimizin bir çox aspektlərini nəzərdən keçirdik. Əminəm ki, keçirdiyimiz görüşlər və apardığımız müzakirələr, həmçinin imzaladığımız Birgə Bəyannamə əməkdaşlığımızın inkişafına və genişlənməsinə töhfə verəcəkdir. Bizim siyasi, iqtisadi, enerji, nəqliyyat, sərmayə qoyuluşu, humanitar və digər sahələrdə uğurlu əməkdaşlığımızın gözəl nailiyyətləri var. Amma hesab edirəm ki, iqtisadi əlaqələrimizi daha da genişləndirmək, ticarət dövriyyəsini daha da artırmaq üçün potensial böyükdür.

Azərbaycan Gürcüstanın əsas ticarət tərəfdaşlarından və Gürcüstanda əsas investorlardan biridir. Azərbaycan şirkətləri Gürcüstan büdcəsinə ən çox vergi ödəyən şirkətlər sırasında yer alır. Birgə həyata keçirdiyimiz irimiqyaslı enerji, nəqliyyat layihələri, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, “Cənub” qaz dəhlizi, Bakı-Tbilisi-Qars ölkələrimizin nəinki regionda, hətta dünyada əhəmiyyətini və nüfuzunu artırır. Bu layihələr regionun inkişafına xidmət etməklə yanaşı, tarixi İpək Yolunun bərpasına mühüm töhfədir. Azərbaycan öz tərəfdaşları ilə birgə Avropanın enerji daşıyıcılarına olan tələbatının ödənilməsində mühüm rol oynayır. Biz artıq etibarlı tərəfdaş olduğumuzu sübut etmişik, birgə səylərimizlə həyata keçirdiyimiz neft-qaz və nəqliyyat infrastrukturunun fasiləsiz, davamlı və təhlükəsiz fəaliyyətinin təmin edilməsi isə bütün tərəflər üçün mühüm əhəmiyyət kəsb edir.

Humanitar sahədə də münasibətlərimiz uğurla davam etməkdədir. Gürcüstanda yaşayan azərbaycanlılar və Azərbaycanda yaşayan gürcülər bu sahədə əlaqələrin inkişafında körpü rolunu oynayır. Bu baxımdan onların vətəndaşı olduqları ölkənin ictimai-siyasi həyatında fəal iştirakının təmin olunması, xalqlarımız və ölkələrimiz arasında mövcud dostluq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmlənməsi üçün çox əhəmiyyətlidir.

Ölkələrimiz BMT, ATƏT, Avropa Şurası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, GUAM və digər təşkilatlar çərçivəsində də sıx əməkdaşlıq edir. Beynəlxalq və regional təşkilatlarda qarşılıqlı dəstəyə əsaslanan çoxtərəfli əməkdaşlığımızın davam etdirilməsi xüsusi əhəmiyyət daşıyır.

Məlum olduğu kimi, regionun inkişafı üçün ən böyük təhlükə mənbəyi həll olunmamış münaqişələrdir. Azərbaycan 20 ildən çoxdur ki, Ermənistanın hərbi təcavüzünə məruz qalmışdır və bunun nəticəsində ərazilərimizin 20 faizi - tarixi torpaqlarımız olan Dağlıq Qarabağ və ətrafdakı 7 rayon işğal olunmuş, bu ərazilərdə etnik təmizləmə siyasəti aparılmış və bir milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Beynəlxalq təşkilatlar münaqişə ilə bağlı öz mövqeyini bildirmişlər. BMT Təhlükəsizlik Şurasının erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılması ilə bağlı 4 qətnaməsi, ATƏT, Avropa Şurasının Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatların müvafiq qərar və qətnamələri vardır. Lakin işğalçı Ermənistan beynəlxalq hüquq normalarına məhəl qoymur, beynəlxalq təşkilatların qərarlarına riayət etmir. Bizim qəti mövqeyimiz bundan ibarətdir ki, münaqişə ancaq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüquq normalarına uyğun həll olunmalıdır.

Hörmətli cənab Prezident, Gürcüstana səfər etməyimdən məmnun olduğumu bir daha bildirir, qardaş Gürcüstan xalqına yeni uğurlar arzulayıram.