YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Giorgi Marqvelaşvili: Hər bir gürcü yaxşı bilir ki, Azərbaycan bizə hansı yardımları göstərir

«Bizim xalqlar arasında mövcud münasibətlər ölkələrimizi strateji tərəfdaşa çevirmişdir. Bu da öz növbəsində həm Azərbaycan, həm Gürcüstan, həm də bütövlükdə Qafqaz regionu üçün çox böyük rol oynamışdır». Bu fikirləri Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 5-də Gürcüstan Respublikasına rəsmi səfəri çərçivəsində mətbuat üçün bəyanatında bildirib.  

Giorgi Marqvelaşvili bildirib ki, ölkələrimiz arasındakı əlaqələr mehriban qonşuluq münasibətlərinə söykənir. Onun sözlərinə görə, bu əlaqələr hökumətlər arasında da davam edir, birgə layihələr həyata keçiririk.

«Biz Azərbaycana təkcə tərəfdaşlıq münasibətlərinə görə deyil, həm də Gürcüstanda bir çox layihələri həyata keçirdiyinə görə minnətdarlığımızı bildiririk. Azərbaycan hər zaman Gürcüstana nəinki iqtisadi, həmçinin humanitar sahələrdə də dəstək verir. Hər bir gürcü yaxşı bilir ki, Azərbaycan bizə hansı yardımları göstərir. Bunlara misal olaraq, uşaq bağçaları, kilsələr, idmançılarla bağlı xeyriyyə layihələrinin həyata keçirilməsinə verilən dəstəyi və köməyi qeyd edə bilərik. Bu əməkdaşlığa görə də biz Azərbaycana öz təşəkkürümüzü bildiririk. Gürcü xalqı da hər zaman dost Azərbaycan xalqının yanında olacaq»- deyə, Gürcüstan Prezidenti vurğulayıb.