YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

                                                                                                                                                                                                               Yeni Azərbaycan Partiyasının
                                                                                                                                                                                                               Təftiş Komissiyasının qərarı ilə qəbul edilmişdir
                                                                                                                                                                                                               (Protokol №2, 12.07.2021-ci il)

 

Yeni Azərbaycan Partiyası
Təftiş Komissiyasının

REQLAMENTİ

 

1. Ümumi müddəalar

1.1. Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyası (bundan sonra - Təftiş Komissiyası) bu Reqlamentlə müəyyən edilmiş istiqamətlər üzrə ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərən nəzarət-təftiş orqanıdır.

1.2. Təftiş Komissiyası qanunvericilik, Yeni Azərbaycan Partiyasının (bundan sonra - YAP) Nizamnaməsi, orqanlarının qərarları və bu Reqlament əsasında fəaliyyət göstərir.

1.3. Təftiş Komissiyası öz fəaliyyətini qanunçuluq, şəffaflıq və kollegiallıq prinsipləri əsasında qurur.

1.4. Təftiş Komissiyası öz fəaliyyətini YAP-ın orqanları (qurumları) ilə əlaqəli şəkildə həyata keçirir.

1.5. Təftiş Komissiyasının üzvləri YAP-da digər seçkili və ya təyinatlı vəzifə tuta bilməzlər.

1.6. Təftiş Komissiyasının səlahiyyətləri çərçivəsində qəbul etdiyi qərarlar məcburi xarakter daşıyır.

 

2. Təftiş Komissiyasının fəaliyyət istiqamətləri

2.1. Təftiş Komissiyasının fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.1.1. Reqlamentini qəbul etmək;

2.1.2. müəyyən etdiyi plan üzrə YAP Nizamnaməsinin, Proqramının tələblərinin, YAP orqanlarının qərarlarının yerinə yetirilməsinə, həmçinin partiyadaxili nizam-intizam və maliyyə məsələlərinə nəzarəti həyata keçirmək;

2.1.3. müəyyən etdiyi plan üzrə ildə iki dəfədən az olmayaraq YAP-ın maliyyə-təsərrüfat fəaliyyətini təftiş etmək və nəticəsi üzrə akt tərtib etmək;

2.1.4. YAP-ın Mərkəzi Aparatından və yerli təşkilatlarından maliyyə-təsərrüfat fəaliyyətləri barədə rüblük hesabat almaq;

2.1.5. nəzarətin və təftişin nəticələri barədə YAP-ın İdarə Heyətinə məruzə etmək;

2.1.6. YAP-ın Qurultayı qarşısında öz fəaliyyəti barədə hesabat vermək;

2.1.7. YAP orqanlarının (Qurultay istisna olmaqla) və qurumlarının qərarlarının qanunvericiliyə və YAP-ın Nizamnaməsinə uyğunluğunu bilavasitə nəzarət formasında yoxlamaq, həmçinin onların hərəkət və ya hərəkətsizliyindən verilən şikayətlərə baxmaq;

2.1.8. səlahiyyətlərində olan məsələlər çərçivəsində YAP-ın növbədənkənar Qurultayının çağırılması barədə qərar qəbul etmək;

2.1.9. YAP Nizamnaməsinin tələblərinə zidd fəaliyyət həyata keçirildiyi halda YAP-ın Veteranlar Şurası ilə bağlı YAP-ın Qurultayına və İdarə Heyətinə, Gənclər Birliyi, Mərkəzi Aparat və yerli təşkilat ilə bağlı isə İdarə Heyətinə rəy təqdim etmək;

2.1.10. Təftiş Komissiyasının qəbul etdiyi qərarlarla bağlı izah vermək; 

2.1.11. qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflər vermək;

2.1.12. YAP-ın orqanlarına (qurumlarına), həmçinin dövlət və yerli özünüidarəetmə orqanlarına, qeyri-hökumət təşkilatlarına, digər hüquqi və fiziki şəxslərə şifahi və ya yazılı, o cümlədən elektron sorğular vermək;

2.1.13. Təftiş Komissiyasının fəaliyyətinə ekspert, mütəxəssis və məsləhətçilər cəlb etmək;

2.1.14. fəaliyyət istiqamətləri üzrə təhlillər və ümumiləşdirmələr aparmaq;

2.1.15. Təftiş Komissiyasının fəaliyyətinin səmərəliliyinin artırılması üçün təkliflər vermək.

2.2. Təftiş Komissiyası fəaliyyətini birbaşa və ya YAP-ın Mərkəzi Aparatı vasitəsi ilə həyata keçirir.

 

3. Təftiş Komissiyasının fəaliyyətinin təşkili 

3.1. Təftiş Komissiyasının say tərkibi YAP-ın Qurultayı tərəfindən müəyyənləşdirilir.

3.2. Təftiş Komissiyasının üzvləri YAP Sədrinin təqdimatı əsasında Qurultayın qərarı ilə beş il müddətinə seçilir və vaxtından əvvəl vəzifələrindən azad olunurlar.  

3.3. Təftiş Komissiyasını üzvlərdən tərk edən olarsa, YAP-ın İdarə Heyəti özü onun tərkibinə yeni üzvlər daxil etmək (kooptasiya) hüququna malikdir. İdarə Heyətinin Təftiş Komissiyası üzvlüyünə yeni üzvlərin daxil edilməsi barədə qərarı YAP-ın növbəti Qurultayında təsdiq edilməlidir.

3.4. Təftiş Komissiyası üzvünün vəfat etdiyi və ya YAP-da üzvlüyünə xitam verildiyi halda, o Təftiş Komissiyasının üzvlüyündən çıxarılmış hesab olunur.

3.5. Təftiş Komissiyasının fəaliyyətinə sədr rəhbərlik edir. Sədrin bir müavini vardır. Təftiş Komissiyası özünün ilk iclasında öz tərkibindən sədr və sədr müavini seçir.

3.6. Təftiş Komissiyasının sədri:

3.6.1. Təftiş Komissiyasının işini təşkil edir və onun fəaliyyətinə rəhbərlik edir;

3.6.2. Təftiş Komissiyasını təmsil edir; 

3.6.3. Təftiş Komissiyasının iclaslarının gündəliyini müəyyənləşdirir, iclaslar çağırır və keçirilən iclaslarda sədrlik edir;

3.6.4. Təftiş Komissiyasının səlahiyyətlərinə aid məsələləri baxılmaq üçün Təftiş Komissiyasının iclaslarına çıxarır;  

3.6.5. öz təşəbbüsü ilə, habelə Təftiş Komissiyasının hər hansı digər üzvünün xahişi əsasında digər şəxsləri Təftiş Komissiyasının iclasında iştirak etməyə dəvət edir;

3.6.6. Təftiş Komissiyasının adından çıxarılan qərarları, məktubları və Təftiş Komissiyasının fəaliyyəti ilə bağlı digər sənədləri imzalayır;   

3.6.7. Təftiş Komissiyasının fəaliyyətinin təşkili ilə bağlı digər tədbirlər görür.

3.7. Təftiş Komissiyasının sədr müavini bu Reqlamentin 3.8-ci bəndində nəzərdə tutulmuş hüquq və vəzifələri həyata keçirməklə yanaşı, Təftiş Komissiyasının sədri olmadıqda onu əvəz edir.

3.8. Təftiş Komissiyasının üzvləri: 

3.8.1. Təftiş Komissiyasının iclaslarında və digər fəaliyyətində iştirak edirlər;

3.8.2. Təftiş Komissiyasının səlahiyyətlərinə aid təşkilati məsələlər barədə təkliflər verirlər; 

3.8.3. Təftiş Komissiyasının iclasının gündəliyi ilə və baxılması nəzərdə tutulan materiallarla əvvəlcədən tanış olurlar;

3.8.4. Təftiş Komissiyasının iclasında baxılan məsələlər ilə əlaqədar münasibət bildirirlər, rəy və təkliflər verirlər;

3.8.5. Təftiş Komissiyasının səlahiyyətlərinə aid məsələlərə Təftiş Komissiyasının iclasında baxılması üçün təkliflər verirlər;  

3.8.6. Təftiş Komissiyasının iclasında baxılan məsələlər ilə əlaqədar qərarların qəbul edilməsi ilə bağlı səsvermədə iştirak edirlər;

3.8.7. Təftiş Komissiyasının qəbul etdiyi qərarla razılaşmadıqda bu barədə özlərinin əsaslandırılmış xüsusi rəyini yazılı şəkildə təqdim edirlər; 

3.8.8. Təftiş Komissiyasının protokolları, qərarları və digər sənədləri ilə tanış olurlar, protokola daxil edilməli qeydlər təklif edirlər;

3.8.9. icra intizamına ciddi əməl edirlər.

3.9. Təftiş Komissiyasının cari fəaliyyətinin təşkili katib tərəfindən həyata keçirilir. Katibin funksiyasını yerinə yetirəcək şəxs YAP-ın Mərkəzi Aparatının rəhbəri tərəfindən müəyyən olunur.

3.10. Katib:

3.10.1. Təftiş Komissiyasına daxil olan sənədlərlə əlaqədar təşkilati tədbirləri həyata keçirir, o cümlədən baxmaq üçün onları Təftiş Komissiyasının üzvlərinə göndərir;

3.10.2. Təftiş Komissiyasının üzvlərinə və Komissiyanın iclasına dəvət olunan digər şəxslərə Təftiş Komissiyasının iclasının keçiriləcəyi yer və vaxt, habelə gündəliyə daxil edilmiş məsələlər barədə iclasa azı üç iş günü (növbədənkənar iclas zamanı isə azı bir iş günü) qalmış, zəruri sənədlər əlavə edilməklə yazılı məlumat verir;

3.10.3. Təftiş Komissiyasının iclaslarının protokolunu tərtib edir və imzalanması üçün Təftiş Komissiyasının sədrinə təqdim edir; 

3.10.4. Təftiş Komissiyasının qərarlarının (məktublarının, digər sənədlərinin) layihələrini hazırlayır, baxılması və imzalanması üçün Təftiş Komissiyasının sədrinə təqdim edir;

3.10.5. Təftiş Komissiyasının qərarlarının (məktublarının, digər sənədlərinin) aidiyyəti üzrə təqdim olunmasını təmin edir;

3.10.6. Təftiş Komissiyasının protokollarının və qərarlarının əsillərini saxlayır.

 

4. Təftiş Komissiyasının iclasının keçirilməsi qaydası 

4.1. Təftiş Komissiyasının iclasları Təftiş Komissiyasının müəyyən etdiyi müddətdə (lakin 6 ayda bir dəfədən az olmayaraq) keçirilir.  

4.2. Təftiş Komissiyasının növbədənkənar iclasları YAP Sədrinin qərarı, İdarə Heyəti və ya Təftiş Komissiyası üzvlərinin azı üçdə bir hissəsinin müraciəti ilə keçirilir.   

4.3. Təftiş Komissiyasının iclası üzvlərin ümumi sayının yarıdan çoxu iştirak etdikdə səlahiyyətli sayılır. Səsvermə forması (açıq və ya gizli səsvermə) Təftiş Komissiyası tərəfindən müəyyən edilir.    

4.4. Təftiş Komissiyasının iclaslarını Komissiyanın sədri və ya onun göstərişi ilə sədr müavini aparır. Təftiş Komissiyasının sədri və onu əvəz edən sədr müavini üzürlü səbəblərlə əlaqədar (məzuniyyət, ezamiyyət, xəstəlik və s.) iclasda iştirak edə bilmədikdə, Təftiş Komissiyası sədrinin səlahiyyətləri sədr və ya onu əvəz edən sədr müavini tərəfindən Təftiş Komissiyasının digər üzvünə həvalə edilir.   

4.5. Gündəliyə daxil edilmiş məsələlər barədə Təftiş Komissiyasının sədri, sədr müavini, digər üzvlərindən biri və ya katib məruzə edir.

4.6. İclasa dəvət olunan şəxslər təkliflər vermək və müvafiq məsələlərə münasibət bildirmək hüququna malikdirlər.

4.7. Qərarlar iclasda iştirak edən Təftiş Komissiyası üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər olduqda, iclasda sədrlik edənin səsi həlledici sayılır.

4.8. Təftiş Komissiyasının iclasının nəticəsi Təftiş Komissiyasının sədri və katib tərəfindən imzalanmış iclas protokolunda əks olunmaqla rəsmiləşdirilir.

4.9. Təftiş Komissiyasının iclas protokolunda aşağıdakılar göstərilməlidir:

4.9.1. iclasın keçirildiyi tarix və yer;

4.9.2. iclasa sədrlik edən və iştirak edən Təftiş Komissiyası üzvlərinin, katibinin, dəvət edilmiş digər şəxslərin adları, soyadları və ata adları;

4.9.3. gündəliyə daxil edilmiş məsələlər;

4.9.4. müzakirə edilən məsələlər ətrafında çıxışların qısa məzmunu;

4.9.5. səsə qoyulan təkliflər, səsvermənin nəticəsi və Təftiş Komissiyası tərəfindən qəbul edilmiş qərar. 

 

5. Təftiş Komissiyasının fəaliyyətinə nəzarət

5.1. Təftiş Komissiyası öz fəaliyyəti barədə YAP-ın Qurultayı qarşısında hesabat verir.

5.2. YAP-ın üzvü Təftiş Komissiyasının hərəkət və ya hərəkətsizliyindən YAP-ın Qurultayına şikayət vermək hüququna malikdir.