YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

PARTİYAYA ÜZVLÜK

Partiyaya üzvlük fərdidir. Partiyaya üzvlük və üzvlüyü tərk etmək könüllüdür. Partiya üzvü digər siyasi partiyaların üzvü ola bilməz. Partiya tərəfindən üzvlərinin qeydiyyatı aparılır.

Partiyanın Nizamnaməsini və Proqramını qəbul edən 18 yaşına çatmış tam fəaliyyət qabiliyyətli Azərbaycan Respublikası vətəndaşları Partiyanın üzvü ola bilərlər. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, habelə siyasi partiyaya üzvlüyü qanunla qadağan edilən digər şəxslər Partiyanın üzvü ola bilməz.

Şəxs Partiya üzvlüyünə qəbul olunmaq üçün Partiyanın yerli təşkilatına yazılı müraciət edir. Yerli təşkilat şəxsi Partiyanın Nizamnaməsi və Proqramı ilə tanış etdikdən sonra onun barəsində zəruri sənədləri Partiyanın Mərkəzi Aparatına təqdim edir. Üzvlüyə qəbuletmə haqqında qərar Partiyanın Mərkəzi Aparatının rəhbəri tərəfindən qəbul edilir və Mərkəzi Aparat tərəfindən Partiya üzvünə onun Partiya mənsubiyyətini təsdiq edən üzvlük vəsiqəsi verilir.

Partiya üzvlüyündən çıxmaq istəyən üzv Partiyanın yerli təşkilatına yazılı müraciət edir. Yerli təşkilat üzv barədə zəruri sənədləri Partiyanın Mərkəzi Aparatına təqdim edir. Üzvlükdən çıxma haqqında müraciət Partiyanın Mərkəzi Aparatının rəhbəri tərəfindən təsdiq edilir. Üzvlükdən çıxan şəxs tərəfindən üzvlük vəsiqəsi Partiyanın yerli təşkilatına təhvil verilir.

Partiya üzvünün aşağıdakı hüquqları vardır:

  • müvafiq qaydada Partiyanın orqanlarını seçmək və onlara seçilmək;
  • partiyanın fəaliyyəti haqqında məlumat almaq;
  • partiyanın orqanlarına sual, sorğu, təklif, ərizə və şikayət ilə müraciət etmək və öz müraciətinə dair mahiyyəti üzrə cavab almaq;
  • partiya orqanlarının (Qurultay istisna olmaqla) və YAP Veteranlar Şurasının, Gənclər Birliyinin, Mərkəzi Aparatının və yerli təşkilatlarının hərəkət və ya hərəkətsizliyindən Təftiş Komissiyasına, Təftiş Komissiyasının hərəkət və ya hərəkətsizliyindən Qurultaya, Qurultayın hərəkət və ya hərəkətsizliyindən isə məhkəməyə şikayət vermək;
  • öz iradəsini sərbəst formada ifadə etmək;
  • partiyadan çıxmaq;
  • qanunvericilik və YAP-ın Nizamnaməsi ilə müəyyənləşdirilmiş digər hüquqları həyata keçirmək.

Partiya üzvünün aşağıdakı vəzifələri vardır:

  • YAP-ın Nizamnaməsinin və Proqramının müddəalarına əməl etmək;
  • partiyanın fəaliyyətində iştirak etmək;
  • üzvlük haqqını ödəmək;
  • qanunvericilik və YAP-ın Nizamnaməsi ilə müəyyən olunmuş digər vəzifələri yerinə yetirmək. 

Partiya üzvlüyünə aşağıdakı hallarda xitam verilir:

  • partiya üzvünün Azərbaycan Respublikasının vətəndaşlığına xitam verildikdə;
  • məhkəmənin qərarı ilə Partiya üzvü məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə;
  • partiya üzvlüyündən çıxdıqda və ya xaric olunduqda.

Partiyadan xaric olunma üçün aşağıdakılar əsas sayılır:

  • YAP-ın Nizamnaməsinin müddəalarını kobud pozan və Partiyanın nüfuzuna mühüm zərər vuran hərəkət və ya hərəkətsizlik etmək;
  • bir ildən çox müddət ərzində Partiyanın işində üzrsüz səbəbdən iştirak etməmək;
  • digər partiyaya üzv olmaq.

Nizamnamə tələblərini pozan və ya Partiyanın nüfuzuna zərər vuran Partiya üzvünə aşağıdakı intizam tənbeh tədbirləri tətbiq edilə bilər:

  • xəbərdarlıq;
  • töhmət;
  • partiyada tutduğu seçkili və ya təyinatlı vəzifədən azad etmək;
  • partiyadan xaric etmək.

İntizam tənbeh tədbirləri yerli təşkilatların təqdimatına əsasən İdarə Heyətinin qəbul etdiyi qərar əsasında tətbiq edilir. İntizam tənbeh tədbirləri haqqında qərardan bir ay ərzində Təftiş Komissiyasına şikayət verilə bilər.

Üzvlükdən xaric etmə haqqında qərarın qəbul edilməsi və ya üzvlükdən çıxmağa dair müraciətin təsdiqi üzvlükdən çıxma faktının Partiya tərəfindən qeydə alınması üçün əsasdır.

Yenidən təşkil olunan, ləğv edilən yerli təşkilatların üzvlərinin daha yaxın inzibati ərazi vahidlərində olan digər yerli təşkilatlarda qeydiyyatı məsələsi İdarə Heyətinin qəbul etdiyi qərar əsasında həll edilir.