YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

                                                                                                                                                                                                                               Yeni Azərbaycan Partiyasının
                                                                                                                                                                                                                               İdarə Heyətinin qərarı ilə təsdiq edilmişdir
                                                                                                                                                                                                                               (Protokol №4, 29.12.2021-ci il)

 

Yeni Azərbaycan Partiyasında üzvlük haqlarının məbləği və ödənilməsi

Q A Y D A S I

 

1. Ümumi müddəa

Bu Qayda Yeni Azərbaycan Partiyasının (bundan sonra - Partiya) Nizamnaməsinin 5.5-ci bəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və Partiyanın üzvləri tərəfindən ödənilən üzvlük haqlarının məbləğini və ödənilməsi qaydasını müəyyən edir.

2. Əsas anlayışlar

2.0. Bu Qaydada istifadə olunmuş anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.0.1. üzvlük haqqı - Partiyanın üzvləri tərəfindən Partiyanın Nizamnaməsinə uyğun olaraq pul formasında mütəmadi (ayda 1 dəfə) ödənilən vəsaitdir. Mütəmadi xarakter daşımayan ödənişlər, habelə naturada təqdim edilmiş yardımlar məbləğindən və ya dəyərindən asılı olmayaraq ianə hesab edilir;

2.0.2. muzdla işləyən - Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq işəgötürənlə əmək müqaviləsi (kontrakt) bağlayaraq, müvafiq iş yerində əmək fəaliyyətini əməkhaqqı müqabilində yerinə yetirən şəxs;

2.0.3. sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir;

2.0.4. mülki-hüquqi xarakterli müqavilə ilə işləyən - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq qarşı tərəflə müqavilə bağlayıb əmək münasibətləri yaratmadan müəyyən haqq müqabilində işləri (xidmətləri) yerinə yetirən şəxs;

2.0.5. özünüməşğulluq - şəxsin müstəqil surətdə və yaxud dövlətin dəstəyi ilə özünü işlə təmin etməsi;

2.0.6. aylıq əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən ödənilən aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur;

2.0.7. minimum aylıq əmək haqqı - iqtisadi, sosial şərait nəzərə alınmaqla qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə aylıq əmək haqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir.

3. Üzvlük haqlarının məbləği

3.1. Üzvlük haqlarının aylıq minimum məbləği aşağıdakı kimi müəyyən edilir:

3.1.1. muzdla işləyən, habelə haqqı ödənilən vəzifəyə seçilən, təyin və ya təsdiq edilən Partiya üzvləri üçün - aylıq əmək haqqının 1 faizi;

3.1.2. sahibkarlıq fəaliyyəti ilə məşğul olan Partiya üzvləri üçün - minimum aylıq əmək haqqının 2 mislinin 1 faizi;

3.1.3. mülki-hüquqi xarakterli müqavilələrlə və özünüməşğulluğun digər formaları üzrə işləyən Partiya üzvləri üçün - minimum aylıq əmək haqqının 1 faizi;

3.1.4. sosial ödəniş (əmək pensiyası, ünvanlı dövlət sosial yardımı, sosial müavinət, təqaüd və s.) alıb-almamasından asılı olmayaraq qazanc (gəlir) gətirən hər hansı fəaliyyətlə məşğul olmayan (işləməyən) Partiya üzvləri, o cümlədən ali və orta ixtisas təhsil müəssisələrində əyani təhsil alanlar üçün – könüllülük əsasında.

3.2. Üzvlük haqqının yuxarı həddi müəyyən edilmir.

4. Üzvlük haqlarının ödənilməsi qaydası

4.1. Hər ay üçün üzvlük haqları Partiyanın üzvləri tərəfindən növbəti ayın 10-dək fərdi qaydada Partiyanın yerli təşkilatının bank hesabına köçürmə yolu ilə ödənilir.

4.2. Muzdla işləyən, habelə haqqı ödənilən vəzifəyə seçilən, təyin və ya təsdiq edilən Partiya üzvünün razılığı ilə onun üzvlük haqqı mühasibatlıq tərəfindən əmək haqqından birbaşa tutulmaqla Partiyanın yerli təşkilatının bank hesabına ödənilə bilər.

4.3. Üzvlük haqlarının ödənişi bu Qaydanın 4.1-ci və 4.2-ci bəndlərində göstərilən qaydada mümkün olmadıqda, Partiya üzvləri üzvlük haqlarını uçotda olduqları ərazi partiya təşkilatının sədrinə Partiyanın Mərkəzi Aparatının müəyyən etdiyi forma üzrə cədvəldə məbləği qeyd edib imzalamaqla ödəyə bilər. Ərazi partiya təşkilatının sədri həmin cədvəlin surətini yerli təşkilatın Aparatına təqdim etməklə yığılmış üzvlük haqlarını 3 iş günü ərzində Partiyanın yerli təşkilatının bank hesabına köçürməlidir.

5. Üzvlük haqlarının ödənilməməsinə görə məsuliyyət

5.1. Partiyanın Nizamnaməsinin 5.7.3-cü yarımbəndinə əsasən üzvlük haqqının ödənilməsi Partiya üzvünün vəzifəsidir.

5.2. Partiyanın Nizamnaməsinin 5.10-cu bəndinə əsasən Nizamnamə tələblərini pozan Partiya üzvlərinə intizam tənbeh tədbirlərinin tətbiqi nəzərdə tutulur.

5.3. Üzvlük haqlarının ödənilməsinin təmin edilməsinə ərazi partiya təşkilatlarının sədrləri məsuliyyət daşıyır.

5.4. Üzvlük haqlarının yığılmasına nəzarəti yerli təşkilatın Aparatı həyata keçirir.