YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Yeni Azərbaycan Partiyası 9 fevral 2020-ci il növbədənkənar parlament seçkilərində inamlı qələbə qazanmışdır

2020-ci ilin ən önəmli siyasi hadisəsi fevralın 9-da Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən növbədənkənar seçkilər olmuşdur.

“Daha güclü Azərbaycan naminə” çağırışı ilə seçkilərə qatılan Yeni Azərbaycan Partiyası 123 dairədə qeydiyyatdan keçmiş namizədi ilə geniş və əhatəli seçki kampaniyası aparmağa müvəffəq olmuşdur. Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xalq arasında yüksək şəxsi nüfuzu, həyata keçirdiyi siyasətin möhtəşəm nəticələri, ölkə iqtisadiyyatının sürətli inkişafı, əhalinin rifahının yüksəlməsi, Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin daha da möhkəmlənməsi, uğurla davam edən genişmiqyaslı islahatlar Yeni Azərbaycan Partiyasının sözügedən seçkilərdə istinad etdiyi əsas məqamlar olmuşdur. Qeyd etmək yerinə düşər ki, seçkilərə layiqli namizədləri ilə qatılan Yeni Azərbaycan Partiyasının seçki kampaniyasının uğurla həyata keçirilməsinə partiyanın çoxsaylı üzvləri və könüllüləri də böyük töhvə vermişlər.

Seçkilərdə 1314 namizədin iştirak etməsi deputat mandatı uğrunda mübarizənin yüksək rəqabət şəraitində aparılmasından xəbər vermişdir.

Beləliklə, bütün siyasi partiya və seçki blokları üçün yaradılmış demokratik, plüralist və bərabər şərtlərdən yararlanaraq Yeni Azərbaycan Partiyası bütün ölkə ərazisində fəal təşviqat kampaniyası aparmışdır. Kampaniya çərçivəsində ölkənin bütün regionlarında vətəndaşlarla yüzlərlə görüş keçirilmişdir. Təşviqat kampaniyası zamanı, qeyd olunmuşdur ki, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmiz ötən dövr ərzində Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi yolla gedərək, davamlı sosial-iqtisadi inkişafa nail olmuş, respublikamızın beynəlxalq aləmdə nüfuzu daha da artmışdır. Azərbaycan regionun lider dövləti olaraq strateji məsələlərin həllində müstəqil və prinsipial mövqe nümayiş etdirməklə enerji təhlükəsizliyi sahəsində dünyanın aparıcı mərkəzlərindən birinə çevrilmişdir. Bütün ölkə ərazisini və milyonlarla seçicini əhatə edən uğurlu təşviqat kampaniyasından sonra bir daha aydın olmuşdur ki, xalqımız cəmiyyətin avanqard siyasi güc mərkəzi olan Yeni Azərbaycan Partiyasının Milli Məclisə irəli sürdüyü namizədləri dəstəkləyəcək və seçki məntəqələrinə gələrək ölkəmizin davamlı inkişafına səs verəcəkdir.

Yeni Azərbaycan Partiyası bu seçkilərdə növbəti dəfə inamlı və parlaq qələbə qazanaraq, Azərbaycan Respublikasının Milli Məclisində 70 millət vəkili ilə təmsil olunmaq hüququ əldə etmişdir.

Seçkiləri izləyən çoxsaylı beynəlxalq və yerli müşahidəçilərin rəyi seçki prosesinin azad, demokratik, şəffaf şəraitdə ölkənin qanunvericiliyinə tam uyğun olaraq keçirildiyini sübuta yetirmişdir.

 

SEÇKİ PROQRAMI