YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

2019-cu  ildə keçirilən bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyası növbəti parlaq və inamlı qələbəsini qazandı

Yeni Azərbaycan Partiyası 23 dekabr 2019-cu ildə keçirilən bələdiyyə seçkilərinə hazırlıq işlərini və bütövlükdə seçki kampaniyasını çox uğurla başa çatdırmış, təşviqat kampaniyası çərçivəsində ölkənin hər bir yaşayış məntəqəsini əhatə etməklə seçicilərlə möhtəşəm görüşlər keçirilmişdir. 23 dekabr 2019-cu il Bələdiyyə seçkiləri Azərbaycan xalqının Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə inam və dəstəyinin növbəti və möhtəşəm təntənəsi oldu. Azərbaycan seçicilərinin mütləq əksəriyyəti Ulu öndər Heydər Əliyevin siyasi kursunun uğurlu davamına – Azərbaycanın dinamik inkişafına və qüdrətli gələcəyinə səs verdi.

Bu seçkilərdə YAP işğal edilmiş rayonları əhatə edən 7 seçki dairəsi istisna olmaqla, 118 seçki dairəsi üzrə seçkilərdə 1606 bələdiyyə üzrə 15156 bələdiyyə üzvləri yerinə 14 mindən çox namizəd irəli sürmüşdür. Yeni Azərbaycan Partiyasının müəyyən etdiyi namizədlər arasında gənclər və qadınlar əhəmiyyətli yer tutur.

Yeni Azərbaycan Partiyası Bələdiyyə seçkilərinə “Xalq üçün” şüarı ilə qatılaraq seçki kampaniyasının bütün mərhələlərində uğurla iştirak etmişdir. Hər bir rayon və şəhər təşkilatının nəzdində seçki qərargahları yaradılmış, seçki qanunvericiliyinin tələblərinə uyğun olaraq, Mərkəzi Seçki Komissiyasında qeydə alınmış Yeni Azərbaycan Partiyasının bu qurumda və hər bir seçki dairəsində səlahiyyətli nümayəndəsi, habelə respublika üzrə Mərkəzi Seçki Komissiyası, seçki dairələri və seçki məntəqələri üzrə beş mindən yuxarı müşahidəçiləri təyin edilmişdir.

Yeni Azərbaycan Partiyası bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində “Xalq üçün” şüarı ilə ölkənin bütün regionlarında, hər bir bələdiyyə ərazisində seçicilərlə çoxsaylı görüşlər keçirmişdir. Bu görüşlər bir daha təsdiq etmişdir ki, Azərbaycan vətəndaşları Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən namizədləri dəstəkləyir.

Beləliklə, seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədləri seçicilərin böyük əksəriyyətinin dəstəyini qazanaraq 10432 bələdiyyə üzvü mandatına sahib olmuşdur.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının rəsmi məlumatına görə, bu seçkilərdə 14462 nəfərin namizədliyi qeydə alınmışdır. Seçkiləri çoxsaylı yerli və beynəlxalq müşahidəçilər izləmişdir.