YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Dağlıq Qarabağın tarixi

 

Qarabağ təkcə Azərbaycanın deyil, ümumiyyətlə, dünyanın ən qədim tarixə malik olan diyarlarındandır. Bu ərazidəki Azıx mağarasında ən qədim insanların yaşayış məskəni aşkar edilmişdir. Bu yaşayış məskəni Azərbaycanın, o cümlədən Qarabağın, Aralıq dənizi hövzəsi və Şərqi Afrika ilə birlikdə insanlığın ilk vətənlərindən biri olduğunu sübut edir. 1968-ci ildə Azıx mağarasının aşöl təbəqəsindən Azıx adamı - azıxantrop adlandırılan insanın çənə sümüyü tapılmışdır. Azıx adamının 350-400 min il əvvəl yaşadığı güman olunur. Eneolit (e.ə. VI-IV minilliklər), tunc və ilk dəmir dövrlərində (e.ə.IV minilliyin sonu - I minilliyin əvvəli) Qarabağın həyatında böyük dəyişikliklər baş vermişdi. Son tunc və ilk dəmir dövrü (e.ə.XIII-VII əsrlər) Xocalı-Gədəbəy mədəniyyəti adı almışdır.Təsərrüfat və mədəni həyatın inkişafı ilə yanaşı, etno-siyasi proseslər də davam edir. Azərbaycanın cənubunda qüdrətli Manna dövləti (e.ə. IX-VI əsrlər) meydana gəlir. Bu dövrdə, nəinki Qarabağda, ümumiyyətlə, Cənubi Qafqazda (Zaqafqaziyada) erməni etnosu yox idi.

Makedoniyalı İsgəndər (e.ə.356-323) Əhəməni dövlətini dağıtdıqdan sonra Azərbaycanın şimalında siyasi proseslər yeni mərhələyə qədəm qoydu. Onun ölümü ilə imperiyası parçalandıqda Azərbaycanın cənubunda Atropatena, şimalında isə Albaniya dövlətləri yarandı. E.ə. IV əsrdə və sonralar Atropatena Azərbaycanın şimalında da ərazilərə malik idi və bu zaman Qarabağ ərazisinə daxil olan torpaqların bir hissəsi həmin Azərbaycan dövlətinə tabe idi. Atropatena ilə eyni zamanda yaranmış Albaniya dövləti təxminən e.ə. IV - e. VIII əsrlərdə mövcud olaraq, 1200 ilə yaxın dövr ərzində Azərbaycan tarixində böyük rol oynadı. Albaniya sərhədlərini genişləndirərək bütün Qarabağ ərazisini əhatə edirdi və bu vilayəti öz tərkibində qoruyub saxlamaq üçün misilsiz mübarizə apararaq, bəzi istisnalarla buna nail ola bilirdi.

Ermənilərin ilk dəfə Cənubi Qafqazda (Zaqafqaziyada) peyda olmaları təxminən e.ə. II əsrdən sonralara təsadüf edir. Onların regiona daxil olması ilə yerli dövlətlərə və xalqlara qarşı təcavüzkar fəaliyyətləri də başlanır. Roma imperiyasının e.ə. 66-cı ildə II Tiqranı darmadağın etməsi ilə uydurma «Böyük Ermənistan» əfsanəsi puça çıxır, onlar Romanın vassalına çevrilir. Bu vəziyyət IV əsrədək davam edir. Belə olduğu halda ermənilərin müvəqqəti işğal etdikləri Albaniyanın tarixi torpaqlarını Ermənistanın tərkib hissəsi kimi qələmə verməsi heç bir elmi-tarixi əsasa malik deyil. Halbuki ermənilərdən fərqli olaraq Azərbaycan-Albaniya dövləti müstəqil siyasət yeritməkdə davam edirdi və Qarabağın tarixi vilayətləri onun tərkibinə daxil idi.

Qarabağın Azərbaycana məxsus olduğunu və burada ən qədim zamanlardan başlayaraq müxtəlif türk etnoslarının yaşadığını Azərbaycan və ümumtürk şifahi xalq ədəbiyyatının möhtəşəm abidəsi olan «Kitabi-Dədə Qorqud» dastanı da sübut edir. «Dədə Qorqud» dastanı VI-VII əsrlərdə Qarabağ da daxil olmaqla bütün Azərbaycan torpaqlarında, o cümlədən, ermənilərin indi Sevan adlandırdıqları Göyçə gölü hövzəsində yayılmışdı.

Qarabağın tarixində əsas dəyişikliklər VII əsrdə Ərəb xilafətinin işğalları və bunun nəticəsində Albaniya dövlətinin aradan qaldırılması ilə baş verir. Ərəb işğallarınadək Qarabağın tarixi əhalisi etnik baxımdan eyni kökdən, yəni Azərbaycan-Albaniya kökündən olduğu halda, bu dövrdə Ərəb xilafətinin Azərbaycanla bağlı yeritdiyi faciəli siyasət nəticəsində vilayətin dağlıq hissəsində ermənilərin dini üstünlüyünün təmin edilməsi, zaman keçdikcə etnik sahədə də özünü göstərdi: Albaniyanın tarixi Arsax bölgəsi əhalisinin əvvəlcə qriqorianlaşdırılmasına, bunun ardınca da erməniləşdirilməsinə başlandı.

Ərəb xilafəti parçalandıqdan sonra Albaniyanın həmin ərazisində Sünik və Arsax-Xaçın knyazlıqları yarandı. XII əsrin sonlarına yaxın Sünik padşahlığı dağıldı, buradakı hakim sülalə 1166-cı ildən knyaz Qriqorun və Smbatın ölümü ilə kəsilmiş oldu. XII əsrin sonu - XIII əsrin əvvəllərində Arsax ərazisində təşəkkül tapan Xaçın knyazlığı tarixçi-alim İ.A.Orbelinin sözləri ilə desək «qədim Albaniyanın bir hissəsi» idi». Beləliklə, tamamilə təbiidir ki, Ərəb xilafəti dağılarkən onun ərazisində dirçələn yerli dövlətlər içərisində heç bir erməni dövləti olmamışdır. Bu da, Azərbaycandan və Gürcüstandan fərqli olaraq, Cənubi Qafqazda ermənilərin, ümumiyyətlə, dövlətçilik tarixinə malik olmadıqlarını sübut edir.

Monqolların ikinci yürüşü və Azərbaycanın işğalının başa çatması ilə (1231-1239) Qarabağ digər Azərbaycan torpaqları kimi Ali monqol xaqanlığının (1239-1256), sonra isə Hülakülər (Elxanilər) dövlətinin (1256-1357) tərkibində idi. Qarabağın bu dövr tarixi haqqında məlumat nisbətən daha əhatəlidir və daha yaxşı öyrənilmişdir. Həmin dövrdə «Qara» və «bağ» söz birləşməsi - «Qarabağ», artıq, konkret coğrafi əraziyə şamil edilməyə başlanır.

XV əsrdə Qarabağ Azərbaycan Qaraqoyunlu (1410-1467) və Ağqoyunlu (1468-1501) dövlətlərinin tərkibində idi. Lakin Qaraqoyunlular dövründə Qarabağın sonrakı tarixində özünü göstərəcək bir hadisə baş verdi. XV əsrdə keçmiş alban hakimi Həsən Cəlalın nəsli (Cəlalilər) Qaraqoyunlu Cahan şahdan «məlik» titulu aldı. Sonralar Cəlalilər nəslinin mülkü beş alban feodal knyazlıqları - məliklərinə (Gülüstan, Ceraberd, Xaçın, Vərəndə, Dizaq) parçalandı.

Azərbaycan Səfəvi dövlətinin yaranması ilə (1501) bütün Azərbaycan torpaqlarının mərkəzləşdirilməsinə başlandı. XVI əsrin ortalarında Azərbaycan torpaqlarının vahid dövlət halında mərkəzləşdirilməsi başa çatdı. Bununla, Azərbaycan Səfəvi dövləti regionun Osmanlı imperiyasından sonra ikinci ən qüdrətli dövlətinə çevrildi. Belə olduğu halda o dövrdə ermənilərin hər hansı etnik-siyasi üstünlüyü mümkün olan məsələ deyildi. Əksinə, həmin dövrdə Azərbaycanın etnik və siyasi sərhədləri daha aydın şəkil alır. Səfəvilər Azərbaycanda 4 bəylərbəylik yaradır ki, onlardan biri də Qarabağ və ya Gəncə bəylərbəyliyi idi. Səfəvi dövlətinin zəifləməsindən sonra Azərbaycan torpaqları İran, Rusiya və Osmanlı dövlətləri arasında müharibələr meydanına çevrildi.

Sonuncu Səfəvi hökmdarı III Abbası devirərək hakimiyyətə gələn Nadir şah Əfşar (1736-1747) onu qanuni hökmdar kimi tanımaqdan imtina edən Gəncə-Qarabağ bəylərbəyliyinin türk-müsəlman əhalisinə qarşı ağır cəza tədbirləri həyata keçirdi ki, bu amil də Qarabağın alban məliklərinin mövqeyini gücləndirdi və onların separatizminə təkan verdi. Nadirin ölümü ilə onun dövləti parçalandı, Azərbaycanda yerli dövlətlər - xanlıqlar yarandı. Başqa sözlə, Azərbaycan, xanlıqların timsalında özünün dövlət müstəqilliyini növbəti dəfə bərpa etdi. Keçmiş Gəncə-Qarabağ əyalətinin ərazisində iki Azərbaycan xanlığı - Gəncə və Qarabağ xanlıqları yarandı.

Qarabağ xanlığının banisi Azərbaycanın görkəmli dövlət xadimlərindən biri olan Pənahəli xan Cavanşir idi. Pənah xan gücləndikcə pərakəndəlik tərəfdarı olan feodalların - məliklərin pozuculuq fəaliyyətləri də artırdı. Bunun qarşısının alınması hərbi-siyasi baxımdan zəruri idi. Belə olmasa, xanlığın ərazi-inzibati bütövlüyü itirilə bilərdi.

Pənahəli xanın varisi İbrahim xanla separatçı məliklər arasındakı mübarizəyə 1783-cü ildən Rusiya dövləti də qarışmağa başladı. Cənubi Qafqazı işğal etməyə çalışan Rusiya burada - Azərbaycan ərazisində həmin məliklərin köməyi ilə «xristian dövləti», daha doğrusu, özünə dayaq yaratmağa çalışırdı.

XVIII yüzilin sonları - XIX yüzilin başlanğıcında Rusiyanın Cənubi Qafqazda, o cümlədən Azərbaycanda işğalçılıq fəaliyyəti gücləndi, 1801-ci ildə Gürcüstan imperiyaya birləşdirildi, Azərbaycanın Car-Balakən camaatlığı (1803) və Gəncə xanlığı (1804) işğal olundu.

İbrahim xan belə bir vəziyyətdə Rusiya qoşunlarının komandanı R.D.Sisianovla (1802-1806) Kürəkçayda müqavilə bağladı. Kürəkçay müqaviləsinə əsasən, Qarabağ xanlığı məhz müsəlman - Azərbaycan torpağı kimi Rusiyaya ilhaq olundu. Tarixi reallığı əks etdirən Kürəkçay müqaviləsi, eyni zamanda, Qarabağın, o cümlədən bu diyarın dağlıq hissəsinin Azərbaycan xalqına məxsus olduğunu sübut edən ən mötəbər sənəddir.

1846-cı il inzibati-ərazi bölgüsü zamanı Şuşa qəzası yeni yaradılmış Şamaxı quberniyasına (1859-cu ildən Bakı) tabe oldu. 1867-ci ildə Yelizavetpol (Gəncə) quberniyası yaradıldıqda Şuşa qəzası onun tərkibinə verilir və ərazisi bölünərək burada daha üç qəza - Zəngəzur, Cavanşir və Cəbrayıl qəzaları da təşkil olunur. Bununla, Şuşa qəzası da vahid inzibati-siyasi idarəsini itirir. Belə bir inzibati-ərazi bölgüsü xüsusi məqsədlə həyata keçirilmişdi. Bu islahatlar ermənilərin idarə sistemində daha geniş təmsil edilməsinə hərtərəfli imkanlar açdı.

Çarizm Şimali Azərbaycan torpaqlarını işğal etdikcə, bu torpaqlarda möhkəmlənmək üçün həm də əhalinin erməniləşdirilməsi siyasətini də həyata keçirirdi.1828-ci il Türkmənçay müqaviləsindən sonra bu hal daha müntəzəm və məqsədyönlü xarakter alır. Ermənilərin İrandan Şimali Azərbaycana köçürülməsi həmin müqavilənin XV maddəsi ilə təsdiq olunurdu.

1829-cu il Ədirnə müqaviləsi ilə Osmanlı imperiyasından da ermənilərin yenicə işğal olunmuş Şimali Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirilməyə başlayır. Ermənilərin köçürülməsinin əsas istiqamətlərindən biri Qarabağ ərazisi idi.

Rəsmi məlumatlara əsasən, 1828-1830-cu illər arasında, yəni cəmi 2 il ərzində, Şimali Azərbaycana, o cümlədən Qarabağa İrandan 40 min, Osmanlı imperiyasından 90 min erməni köçürüldü. Qeyri-rəsmi erməni köçkünləri ilə birlikdə onların sayı 200 mini ötmüşdü. Köçürülmədən sonra Qarabağın etnik tərkibində ermənilərin sayı artmağa başladı.

XIX yüzilin 30-cu illərindən sonra da ermənilərin kütləvi surətdə Şimali Azərbaycan torpaqlarına, o cümlədən Qarabağa köçürülməsi davam etdirilirdi. Rus qafqazşünası N.Şavrov məhz buna görə yazırdı ki (1911), Zaqafqaziyadakı 1,3 mln erməninin 1 mln-dan çoxu gəlmədir. Bütün bunlara baxmayaraq, 1916-cı ildən Qarabağda (xanlıq sərhədləri daxilində) əhalinin yenə də təxminən 51 %-i azərbaycanlı, 46 %-i isə erməni (yerli alban mənşəli ermənilərlə birlikdə - Y.M., K.Ş.) idi. Köçürülüb gətirilən ermənilərin Qarabağın dağlıq hissəsində - onlarla eyni dindən olan yerli əhalinin (qriqorianlaşmış və erməniləşmiş albanların) yaşadığı ərazidə məskunlaşdırılması daha geniş hal almışdı. Bu, gəlmə ermənilərin kompakt surətdə bir yerdə yaşamasını təmin etmək məqsədi ilə edilirdi və strateji niyyət daşıyırdı.

Beləliklə, çar Rusiyasının bütövlükdə Şimali Azərbaycanda, o cümlədən Qarabağda inzibati-siyasi, sosial-iqtisadi və mədəni inkişaf üçün geniş imkanlar yaratdığı ermənilər kütləvi surətdə bu torpaqlara köçüb gəldilər və çox keçmədən Azərbaycan torpaqlarında «Böyük Ermənistan» ideyasının reallaşdırılması uğrunda açıq mübarizəyə başladılar. Həmin ideyanın əsas tərkib hissələrindən biri də Qarabağ, İrəvan, Naxçıvan və digər Azərbaycan torpaqlarının yerli - azərbaycanlı əhalisini məhv etmək və onların yaşadıqları torpaqları ələ keçirməkdən ibarət idi. Ermənilərin 1890-cı illərdən başlayaraq Osmanlı dövlətinə qarşı qaldırdıqları xəyanətkar qiyamlar uğursuzluğa düçar olduqdan sonra bu mübarizənin mərkəzi Şimali Azərbaycana keçdi.

Ermənilər 1905-ci ildən başlayaraq Azərbaycan xalqına qarşı kütləvi soyqırımları törətdilər. Ermənilərin azərbaycanlılara qarşı soyqırım siyasəti Qarabağda daha faciəli şəkil aldı. 1905-1906-cı illərdə törətdikləri qırğınlar da erməniləri sakitləşdirmədi. Onlar Birinci Dünya müharibəsinin doğurduğu tarixi şəraitdən istifadə edərək yenidən mifik «Böyük Ermənistan» dövləti yaratmağa cəhd göstərdilər. 1915-ci ildə Osmanlı dövlətinə qarşı qaldırdıqları yeni qiyamlarda uğursuzluğa düçar olan ermənilər, əsas qüvvələrini Cənubi Qafqazda cəmləşdirərək və çarizmin himayəsinə sığınaraq, azərbaycanlılara qarşı soyqırımlarını davam etdirməyə başladılar. Əvvəlcə çar hökumətinin devrilməsi (1917, fevral), sonra isə Rusiyada bölşeviklərin hakimiyyəti ələ alması ilə (1917, oktyabr) Zaqafqaziyada yaranan anarxiya şəraitində - uzun tarixi dövr ərzində Rusiya ordusunda xidmət edən erməni silahlı dəstələri daşnak-bolşevik güruhu ilə birləşərək azərbaycanlılara qarşı soyqırımının yeni, daha dəhşətli dövrünü başladılar. 1918-ci ilin martında Bakıda başlanan və bütün Azərbaycanı əhatə edən yeni kütləvi soyqırımları Azərbaycan xalqına çox ağır zərbə vurdu.

Lakin 1918-ci iln mayın 28-də təxminən 120 ilədək davam edən Rusiya əsarətindən sonra Azərbaycan xalqı Şimali Azərbaycanda yeni müstəqil dövlətini yaratdı. Təbiidir ki, başqa Şimali Azərbaycan torpaqları kimi, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağ da Azərbaycan Xalq Cümhuriyyətinin ərazisinə daxil idi. Lakin bu zaman yenicə elan olunmuş Ermənistan (Ararat) Respublikası Qarabağa heç bir əsası olmayan iddia irəli sürdü. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti bu iddianı rədd etdi. Bununla da, ermənilər Qarabağı ələ keçirmək üçün əvvəllər başladıqları soyqırımlarını Azərbaycan Xalq Cümhuriyyəti dövründə də davam etdirdilər. Şuşa qəzası və Qarabağın siyasi mərkəzi olan Şuşa şəhərində ermənilərin vəhşilikləri daha amansız şəkil almışdı.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə Şuşada ermənilərin ən xəyanətkar silahlı qiyamlarından biri 1920-ci il martın 22-də Azərbaycan xalqının Novruz bayramı günü baş verdi. Bu separatçı qiyam Azərbaycanı işğal etməyə hazırlaşan bolşeviklərin sifarişi ilə qaldırılmışdı. Bu zaman erməni-separatçı qiyamlarının əksər yerlərdə dəf edilməsinə baxmayaraq, onlar Əsgəran qalasını ələ keçirə bildilər. Görülən hərbi-siyasi tədbirlər nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti Qarabağda öz suveren hüquqlarını bərpa etdi. Lakin ərazisində yaşadıqları dövlətə - Azərbaycana xəyanət edən ermənilərin Qarabağda separatçı qiyamları və törətdikləri soyqırımları 1920-ci ilin aprel işğalı ərəfəsində ölkənin şimal sərhədlərinin müdafiəsi işinə ağır zərbə vurdu və müstəqil Azərbaycan dövlətinin - Azərbaycan Xalq Cümhuriyyətinin varlığını təhlükə altında qoydu.

Beləliklə, 23 ay yaşamış olan Azərbaycan Xalq Cümhuriyyəti bolşevik Rusiyasından gələn XI Qırmızı Ordunun süngüləri ilə devrildi, şimali Azərbaycanda sovet hakimiyyəti quruldu. Bununla, Qarabağ ətrafındakı hadisələrin yeni mərhələsi başlandı.

Dağlıq Qarabağa muxtariyyət verilməsi Zaqafqaziya federasiyası və SSRİ-nin yaradılması prosesləri ilə paralel gedirdi. 1922-ci ilin fevralında Zaqafqaziya kommunist təşkilatlarının I qurultayında S.Orconikidzenin sədr seçildiyi Rusiya Kommunist (bolşeviklər) Partiyası Zaqafqaziya Ölkə Komitəsi Dağlıq Qarabağa muxtariyyət verilməsinə dair 5 iyul qərarının qəbul edilməsində olduğu kimi, onun reallaşdırılmasında da inzibati-amirlik üsullarına əl atdı. Zaqafqaziya Ölkə Komitəsinin 27 oktyabr 1922-ci il tarixli iclasında Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinə 5 iyul qərarının həyata keçirilməsi təklif edildi. Bütün bunlara baxmayaraq, Moskva tərəfindən Azərbaycana təzyiq yenə davam etdirildi. Dekabrın 22-də Zaqfederasiyanın İttifaq Soveti Dağlıq Qarabağa muxtariyyət verilməsinin sürətləndirilməsi haqqında xüsusi qərar qəbul etdi.

SSRİ-nin yaradılmasından sonra Zaqafqaziya Ölkə Komitəsinin tələbləri daha sərt şəkil aldı. 1923-cü ilin mayında Qarabağ Komitəsinin məruzəsi Zaqafqaziya Ölkə Komitəsi plenumunun gündəliyinə daxil edildi. İyunun 1-də Azərbaycan Kommunist (bolşevkilər) Partiyası Mərkəzi Komitəsi Rəyasət Heyəti muxtariyyətin dekretləşdirilməsi və onun layihəsinin üç gün ərzində Mərkəzi Komitəyə təqdim olunması barədə qərar qəbul etdi. Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında Əsasnamə isə 26 noyabr 1924-cü ildə çap olundu.

Beləliklə, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağ süni şəkildə aran və dağlıq hissələrinə parçalanmış və Azərbaycan rəhbərliyi Qarabağın dağlıq hissəsində sonradan məskunlaşmış ermənilərə muxtariyyət statusu verməyə məcbur edilmişdi. Özü də bu addım həmin hissədə - Dağlıq Qarabağda yaşayan azərbaycanlıların rəyi nəzərə alınmadan, onların hüquqları kobudcasına tapdalanaraq atılmışdı. 1920-1923-cü illərdə məqsədyönlü surətdə həyata keçirilən proseslər nəticəsində keçmiş Qarabağ xanlığının tərkibinə daxil olan Azərbaycan torpaqları ənənəvi tarixi-coğrafi vahidliyini və ya bütövlüyünü itirdi. İndiyədək Dağlıq Qarabağa muxtariyyət verilməsi məsələsindən bəhs edilərkən, demək olar ki, onun ərazisinin inzibati bölgüsü tarixinin ən mühüm hadisələrinə lazımi diqqət yetirilməmişdir. Təhlil göstərir ki, Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi real tarixi əks etdirən elmi-coğrafi prinsiplər əsasında deyil, xüsusi məqsəd güdən volyuntarist yanaşma əsasında formalaşdırılıb, yəni o, erməni yaşayış məskənlərinin üstün olduğu lokal əraziləri muxtar qurum adı altında birləşdirmək yolu ilə təşkil olunub. Yuxarıdakı faktlardan Azərbaycanın Qarabağ torpağına köçürülüb gətirilmiş ermənilərin özgə torpaqlarında özlərinə dövlət yaratmaq hiyləsinin anatomiyası çox aydın görünür. Ermənilər vaxtı ilə köçüb gəldikləri Qərbi Azərbaycanda - İrəvan xanlığının ərazisində də belə etmişdilər, indi Qarabağda da bu hiyləni işlətmək niyyətindədirlər.

Dağlıq Qarabağın bir tərəfdən, Azərbaycanın tarixi torpaqları kimi onun tərkibində saxlanması və bununla da digər Azərbaycan torpaqları ilə tarixi bağlılıq ənənələrini davam etdirməsi, digər tərəfdən, Dağlıq Qarabağ Muxtar Vilayətinə Azərbaycanın göstərdiyi xüsusi qayğı, bu diyarın sovet hakimiyyəti illlərində sosial-siyasi və iqtisadi inkişafı üçün müstəsna şərait yaratdı. Lakin 1980-ci illərin sonlarında Dağlıq Qarabağı Azərbaycandan ayırmağı qarşılarına məqsəd qoymuş erməni «ideoloqları» və onların himayəçiləri bunu açıq-aşkar inkar etməyə başladılar. Lakin faktlar faktlığında qalır. Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibində nə qədər yüksək inkişafa nail olması Vilayət Statistika İdarəsinin Stepanakertdə nəşr etdirdiyi statistik məcmuələrdə əksini tapmışdır.

1965-1987-ci illərdə bütövlükdə Azərbaycan SSR, o cümlədən onun Naxçıvan MSSR və Dağlıq Qarabağ Muxtar Vilayəti üzrə iqtisadi və sosial inkişafa dair göstəricilərinin müqayisəsi həmin dövrdə muxtar vilayətin nə qədər yüksək templə tərəqqi etdiyini çox aydın göstərir. Buradan aydın olur ki, 1987-ci ildə hər 10 min nəfərdən sənayedə çalışanların sayı respublika üzrə 686, Naxçıvan MSSR üzrə 387 olduğu halda, Dağlıq Qarabağ Muxtar Vilayətində 657 olmuşdu. Adambaşına düşən ümumi kənd təsərrüfatı məhsulları müvafiq olaraq 588, 501 və 692 idi və i.a. Sosial inkişafa dair göstəricilərə gəldikdə isə bu rəqəmlər nəinki Azərbaycan SSR, hətta Ermənistan SSR və bütövlükdə SSRİ üzrə rəqəmlərdən də xeyli yüksək idi. Hər 10 min nəfərə xəstəxana çarpayısı ilə təminat Ermənistan SSR-də 86, 2, Azərbaycan SSR-də 97,7 olduğu halda, Dağlıq Qarabağ Muxtar Vilayətində 101, 7 idi.

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağa muxtariyyət verildikdən sonra da istər Dağlıq Qarabağ, istər Ermənistan, istərsə də bu hüdudlardan kənardakı ermənilər separatçılıq fəaliyyətini dayandırmadılar. Erməni «siyasətçilərinin» susduqları dövrdə yazıçılar, şairlər və başqa zümrədən olanlar separatçılığın daşıyıcılarına çevrildilər, daha doğrusu, «siyasətçilər» onları qabağa verdilər. Hətta, 1960-cı illərdə SSRİ-də antitürkiyə kampaniyasının gücləndiyi şəraitdə yenidən bu problemi ortaya atdılar. 1965-ci ildə Dağlıq Qarabağın Ermənistana ilhaq edilməsi barədə 45 min nəfərin «imzaladığı» petisiya Moskvaya təqdim edilmiş, lakin bu iddialar təmin edilməmişdir.

1984-cü ildə İrəvanda Z.Balayanın «Ocaq» kitabının çap edilməsi, onun Qarabağın tarixinə və müasir dövrünə dair məqsədyönlü təhrifləri, millətçi-separatçı çağırışları ehtirasları yenidən qızışdırdı. Bu əhvali-ruhiyyə erməni millətçiləri tərəfindən əhatə olunmuş M.S.Qorbaçovun elan etdiyi «aşkarlıq və yenidənqurma» şəraitində sovet rəhbərliyində (M.S.Qorbaçovun timsalında!) böyük dəstək qazandı və yeni mərhələyə qədəm qoydu. Moskvadan hərtərəfli dəstək alan erməni separatçıları və terrorçuları tərəfindən idarə olunan Dağlıq Qarabağ, 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə olduğu kimi, yenə də Azərbaycan xalqına qarşı xəyanət yolunu tutdu.

1987-ci ilin noyabrında Qorbaçovun komandasına daxil olan erməni akademik A.Aqanbekyan Parisdə Dağlıq Qarabağ barədə sovet rəhbərliyinə təklif verildiyini, yenidənqurma və demokratiya şəraitində bu problemin həllini tapacağına ümid etdiyini bildirdi. Əvvəllər gizli fəaliyyət göstərən erməni «Qarabağ Komitəsi», onun Dağlıq Qarabağ Muxtar Vilayətindəki separatçı-terrorçu təşkilatı «Krunk» (Durna) açıq işə keçdi, «Miatsum» (Birləşmə) hərəkatı formalaşdrıldı. Bu hərəkat Ermənistan, Dağlıq Qarabağ Muxtar Vilayəti, Moskva rəhbərliyi, SSRİ və dünya ermənilərinin potensialına arxalanırdı. Hadisələr 1988-ci ilin fevralından daha aqressiv məcraya yönəldi. Fevral günlərində İrəvanda və Xankəndində (Stepanakert) separatçılar və erməni millətçilərinin mitinqlər dalğası başladı. Fevralın 20-də Dağlıq Qarabağ Muxtar Vilayəti Sovetinin sessiyası vilayətin statusuna baxılması haqqında Azərbaycan SSRİ Ali Sovetinə müraciət etdi.

Azərbaycanın o zamankı rəhbərliyi və geniş ictimaiyyəti isə erməni separatçılarının və onların müdafiəçilərinin yeni taktikası qarşısında hazırlıqsız idi. Fevralın 24-də Əsgəran rayonunda erməni separatçı-terrorçuları tərəfindən iki azərbaycanlı gəncin qətlə yetirilməsi, 19 nəfərin yaralanması da ermənilərin planlarına qarşı düşünülmüş siyasi xətt hazırlanması ilə nəticələnmədi.

Separatçı-terrorçu erməni vəhşiliklərinin baş alıb getdiyi bu dövrdə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi və Sovet hökumətinin vəziyyətin real qiymətləndirilməsində maraqlı olmaması da aydın şəkildə üzə çıxdı. «1988-1995-ci illərdə Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin sosial-iqtisadi inkişafını sürətləndirmək tədbirləri haqqında» 1988-ci il 24 mart tarixli qərar bilərəkdən məsələnin separatçılıq aktı olmasını ört-basdır etməyə yönəlmişdi. Belə bir dəstək erməni separatçılarını daha da ruhlandlırdı və onların təcavüzkarlığını daha da artırdı. Moskva qarşısında mütilik nümayiş etdirən Ə.Vəzirov başda olmaqla Azərbaycan rəhbərliyi öz xalqına xəyanət, təcavüzkara isə güzəşt mövqeyi tuturdu. Nəhayət, Moskva Dağlıq Qarabağ Muxtar Vilayətini Azərbaycan SSR-in tərkibindən çıxarmaq istiqamətində daha bir addım atdı: SSRİ Ali Soveti Rəyasət Heyəti 1989-cu il yanvarın 12-də «Azərbaycan SSRİ-in Dağlıq Qarabağ Muxtar Vilayətində xüsusi idarəçilik formasının tətbiqi haqqında» qərar qəbul etdi. Məqsəd aydın idi: Dağlıq Qarabağ Muxtar Vilayətində yaradılmış Xüsusi İdarə Komitəsi Muxtar Vilayətin Azərbaycandan alınıb Ermənistana verilməsini təmin etməli idi. Lakin bunu başa düşən Azərbaycan xalqının demokratik mübarizəsi nəticəsində noyabrın 28-də Xüsusi İdarə Komitəsi ləğv edildi. Ancaq bunun əvəzində yeni bir qurum - Təşkilat Komitəsi yaradıldı. Ermənistan SSR bu vəziyyətdən istifadə edərək dekabrın 1-də Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında antikonstitusion qərar qəbul etdi. Bu Ermənistan tərəfindən Azərbaycan SSR-in ərazi bütövlüyünə qarşı açıq hüquqi müdaxilə aktı idi. Moskva, gözlənildiyi kimi, bu kobud müdaxilə faktına da göz yumdu.

1991-ci il avqustun 30-da Azərbaycan SSRİ Ali Soveti dövlət müstəqilliyinin bərpa edilməsi haqqında bəyanat qəbul etdi, oktyabrın 18-də isə «Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı» qəbul olundu. Dağlıq Qarabağın erməni separatçıları da yaranmış vəziyyətdən istifadə edərək separatçı siyasi təşkilatlanmanı davam etdirirdilər. Onlar 1991-ci ilin sentyabrında «Dağlıq Qarabağ respublikası» adlanan oyuncaq qurumun yaradıldığını elan etdilər. Azərbaycan Respublikası həmin qurumu tanımaqdan imtina etdi, noyabr ayının 26-da isə Dağlıq Qarabağ Muxtar Vilayətinin statusu ləğv olundu.

Erməni təcavüzü

 

1991-ci ilin sonlarında SSRİ-nin dağılması ilə keçmiş sovet məkanında yeni geosiyasi şərait yarandı. Ermənistan, faktiki olaraq, Azərbaycana qarşı açıq və ədalətsiz müharibəyə başladı. Ermənistanın hərbi birləşmələri Azərbaycanın sərhədlərini pozub, Qarabağa daxil oldular və Dağlıq Qarabağın erməni separatçı-terrorçuları ilə birləşərək Azərbaycan torpaqlarının işğalına başladılar.

SSRİ silahlı qüvvələrinin Ermənistan və Dağlıq Qarabağ Muxtar Vilayətində yerləşən hissələri də onlara qoşuldular. Aydındır ki, Moskvanın razılığı olmadan Rusiya hərbi qüvvələri bu addımı ata bilməzdilər.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə müasir tarixin ən faciəli hadisəsi baş verdi. Erməni hərbi birləşmələri Xocalıda Rusiyanın 366-cı motoatıcı alayının əsgərləri ilə birlikdə azərbaycanlılara qarşı dəhşətli soyqırımı törətdi.

1992-ci ilin may ayında erməni və sovet hərbi birləşmələri Şuşanı da ələ keçirdilər. Bununla da faktiki olaraq, ermənilər bütün Dağlıq Qarabağın ərazisini işğal etdilər. Növbəti addım Laçın rayonunun işğalı oldu. Ermənilər Dağlıq Qarabağ Muxtar Vilayətinin bütün ərazisini, üstəlik Laçın rayonunu işğal etdikdən sonra da hərbi əməliyyatları dayandırmadılar. Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti (1992 may-1993 iyun) dövründə davam edən hakimiyyət çəkişmələri respublikanın müdafiəsinə ağır zərbə vurdu. 1993-cü ilin aprelində Kəlbəcər işğal olundu, iyun ayında isə Azərbaycanda dərin siyasi böhran baş verdi. Ermənistan Azərbaycana qarşı müharibəni davam etdirərək 1993-cü ilin iyul - oktyabr ayları arasında Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarını işğal etdi. Ermənilər işğal etdikləri torpaqları viran qoymaq taktikasına əl atmışdılar. Müharibədə 20 min azərbaycanlı şəhid olmuş, 100 min nəfər yaralanmış, 50 min nəfər əlil olmuşdu. Qaçqın və köçkünlərin sayı milyonu keçmişdi. Rəsmi məlumata görə, erməni işğalçıları tərəfindən 4.861 nəfər azərbaycanlı, o cümlədən, 314 qadın, 58 uşaq və 255 qoca əsir və girov götürülmüşdü. Erməni faşistləri əsir və girovların həqiqi sayını beynəlxalq humanitar təşkilatlardan gizlədir, onlarla qeyri-insani, amansız rəftar edir, qul kimi işlədir, təhqir edir, alçaldırdılar.

Azərbaycana qarşı ədalətsiz müharibə aparıldığını, onun ərazi bütövlüyünün pozulduğunu və torpaqlarının ermənilər tərəfindən işğal olunduğunu Birləşmiş Millətlər Təşkilatı (BMT) təsdiq etdi. BMT Təhlükəsizlik Şurası erməni silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərini tərk etməsi haqqında 4 qətnamə (822, 853, 874, 884 saylı) qəbul etdi. Lakin erməni işğalçıları bu qətnamələri yerinə yetirmədilər.

Nəhayət, Azərbaycan xalqının tələbi ilə 1993-cü ilin iyunun 15-də Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra bu sahədə əsaslı dönüş yaranmağa başladı. Ermənistan işğalçılarına qarşı mübarizədə Azərbaycanın hərbi-iqtisadi və insan qüvvələrinin səfərbər edilməsinə böyük ehtiyac var idi. Bu məqsədlə Heydər Əliyev noyabrın 2-də televiziya və radio ilə xalqa müraciət etdi, ciddi hərbi-təşkilati tədbirlər həyata keçirildi. Bunun nəticəsində Azərbaycan xalqının işğalçılara qarşı ədalətli mübarizəsində dönüş yaratmaq mümkün oldu. Noyabrın ortalarında Ermənistan silahlı qüvvələrinin Beyləqan istiqamətində hücumu dayandırıldı. Azərbaycan ordusunun müvəffəqiyyətli əməliyyatları nəticəsində 1994-cü il yanvarın 5-də Füzuli rayonunda strateji əhəmiyyətli Horadiz qəsəbəsi və 22 kənd düşməndən təmizləndi. Bunun ardınca Cəbrayıl rayonu ərazisinin bir hissəsi, Kəlbəcər rayonunda Bozlu, Təkəqaya, Babaşlar, Qanlıkənd, Çəpli, Susuzluq, Qasımbinəsi, Yanşaqbinə, Yanşaq, Bağırsaq, Qamışlı, Bağırlı yaşayış məntəqələri də düşməndən azad edildi. Düşmən Çiçəkli dağdan və digər strateji yüksəkliklərdən qovuldu, Kəlbəcər-Laçın yolunun tunelə qədərki hissəsi nəzarət altına alındı. Azərbaycanın müharibədə dönüş yaratmaq, işğal olunmuş vətən torpaqlarını azad etmək sahəsində əldə etdiyi uğurlar, nəinki Ermənistanı, həmçinin onu müdafiə edən qüvvələri də təşvişə saldı. Ermənistanın himayəçilərinin, onun hərbi cəhətdən daha da möhkəmləndirilməsi, müasir silahlarla təmin olunması, bölgədə irticaçı qüvvəyə çevrilməsi siyasəti daha da gücləndirildi. Azərbaycan Respublikası belə bir şəraitdə 1994-cü il mayın 8-də Bişkek protokolunu imzaladı. Azərbaycanın düşmən üzərində hərbi uğurları sayəsində mayın 12-də cəbhədə atəşkəsə nail olundu.

Azərbaycana qarşı apardığı işğalçılıq müharibəsi dövründə Ermənistan Azərbaycan sərhədlərinin 360 km-lik sahəsində irəli soxularaq 20%-dək (17 min kv.km) Azərbaycan torpaqlarını işğal etmiş, Füzuli rayonundakı Horadiz qəsəbəsindən Zəngilanadək 198 km-lik Azərbaycan-İran sərhədlərini nəzarət altına almışdır. Erməni işğalları nəticəsində Dağlıq Qarabağ ərazisində 50 minədək azərbaycanlının yaşadığı 2 şəhər, 1 qəsəbə, 53 kənd tutuldu. Dağlıq Qarabağdan kənarda aparılan işğallarla birlikdə 890 şəhər, kənd və qəsəbə ermənilərin əlinə keçdi. Dağıdılmış obyektlər, zəbt olunmuş əkin və meşə sahələri aşağıdakı kimi olmuşdur: yaşayış evləri - 102000, ictimai binalar - 7000, ümumtəhsil məktəbləri - 693, səhiyyə obyektləri - 695, avtomobil yolları -800 km, körpülər -160, su kəməri - 2300 km, elektrik xətti - 15000 km, meşə sahəsi - 250000 ha, əkin sahəsi - 200000 ha, tarixi abidə və muzeylər - 464. İlkin hesablamalara görə, Azərbaycan Respublikasına 60 mlrd. ABŞ dolları həcmində zərər dəymişdir. Bundan başqa, Azərbaycanın civə, obsidian və perlit ehtiyatlarının hamısı, tikinti və üzlük materiallarının - 35-60 faizi, meşə fondunun 23,8 faizi, su ehtiyatlarının 7,8 faizi və s. işğal olunmuş torpaqların payına düşür. Burada 2 qoruq və 3 yasaqlıq, 3 iri su anbarı da yerləşir.

Beləliklə, Sovet dövlətinin yaratmış olduğu həmin ağır problemin həlli müstəqil Azərbaycan dövlətinə miras qaldı. Lakin bu dövrdə SSRİ-nin dağılması ilə dünya siyasətində yeni geosiyasi durum meydana gəlmişdi. Azərbaycan və Ermənistanın nüfuzlu beynəlxalq təşkilatlara üzv qəbul edilməsinə başlanmışdı. Hər iki respublika 1992-ci il yanvarın 30-31-də Avropa Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinə (ATƏM; 1995-ci ilin yanvarından Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı -ATƏT), martın 2-də isə BMT-yə qəbul olundu. Belə bir şəraitdə vaxtilə sovet dövlətinin inhisarında olan Dağlıq Qarabağ probleminin həlli beynəlmiləl xarakter almağa başladı. 1992-ci ilin martın 24-də ATƏM-in Nazirlər Şurasının fövqəladə iclasında (Helsinki ş.) münaqişənin tənzimlənməsi üçün Minsk Qrupu yaradıldı.

1996-cı ilin dekabrında keçirilən Lissabon sammitində Heydər Əliyevin diplomatik qətiyyəti sayəsində mühüm irəliləyiş əldə olundu. Milli Məclisin 2001-ci il fevral tarixli iclasında qeyd olunduğu kimi, Lissabon zirvə görüşü zamanı Azərbaycanın mövqeyi, Ermənistan istisna olmaqla, dünyanın 53 dövləti tərəfindən tanınmış və müdafiə olunmuşdur. Lissabon sammitindən sonra ATƏT-in Minsk Qrupunun yeni formatda yaradılması müvəqqəti də olsa, onun fəaliyyətinə bir canlanma gətirdi.

Bu öz əksini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün təkliflər irəli sürülməsində göstərmişdir. «Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılmasına dair hərtərəfli saziş» adlanan birinci sənəd 1997-ci il iyun ayının 11-də tərəflərə təqdim olunmuşdur. Həmin sənəd daha çox paket həlli kimi tanınır və bir paketdə birləşdirilən iki anlaşmadan ibarətdir. Anlaşmalardan birincisi silahlı münaqişənin dayandırılmasına, ikincisi isə Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsinə həsr olunmuşdur. Bu sənədə Ermənistan tərəfi etiraz etdiyindən, 1997-ci il sentyabrın 19-da «Dağlıq Qarabağ silahlı münaqişəsinin dayandırılması haqqında» adlı ikinci bir sənəd təklif olunmuşdu. Bu sənəd münaqişənin mərhələli həllini nəzərdə tuturdu. Mərhələli həll planı digər iki təkliflə müqayisədə Azərbaycan tərəfindən daha məqbul hesab olunmuşdu. Erməni tərəfinin etirazını əsas tutan Minsk qrupu həmsədrləri dekabrın 2-də mərhələli həll planında dəyişiklik etmiş, Dağlıq Qarabağı münaqişə tərəfi kimi tanıtmağa cəhd göstərmişdir. Bununla əlaqədar olaraq, Azərbaycan həmin versiyanı qəbul etmədiyini, yalnız 19 sentyabr tarixli layihə əsasında danışıqlara başlamağın mümkün olduğunu bildirdi.

1998-ci ilin noyabrında münaqişənin həllinə dair üçüncü bir təklif irəli sürülmüşdü. Bu təklif «ümumi dövlət» adı ilə tanınır. Həmin təklif mahiyyətcə Dağlıq Qarabağı müstəqil dövlətə çevirmək məqsədi güddüyünə görə qəbul edilməmişdir. Bundan sonra, ATƏT-in Minsk Qrupu həmsədrləri heç bir təkliflə çıxış etməmişdir. Bununla yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün 1999-cu ilin aprelindən hər iki respublika prezidentlərinin birbaşa dialoqları təşkil olunmağa başlanmışdır.

2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkisi zamanı parlaq qələbə qazanaraq, xalqın iradəsi ilə Azərbaycan Respublikasının yeni dövlət başçısı seçilmiş İlham Əliyev bütün sahələrdə olduğu kimi, Dağlıq Qarabağ probleminin həllində də Heydər Əliyev siyasətini davam etdirəcəyini bəyan etmişdir.

Cənab İlham Əliyev prezidentlik fəaliyyətinə başladıqdan sonra siyasətinin bütün proqram müddəalarını, o cümlədən, Dağlıq Qarabağ probleminin həllini ardıcıl şəkildə həyata keçirməyə başladı. Ermənistanla danışıqların davam etdirilməsi ilə yanaşı, beynəlxalq təşkilatlarla iş və ikitərəfli əlaqələr sahəsində fəaliyyət daha da genişləndirildi. Dağlıq Qarabağ məsələsi BMT Baş Assambleyasına çıxarıldı. İlham Əliyevin Avropa Şurasında Azərbaycan parlamenti nümayəndə heyətinin rəhbəri kimi başladığı səmərəli fəaliyyət, onun prezidentliyi dövründə də uğurla davam etdirilir. Azərbaycan Prezidentinin 2004-cü il aprel ayının 29-da Strasburqda çıxışı beynəlxalq aləmdə böyük maraq və diqqətlə qarşılandı. Bütün bunlar Avropa Şurasının 2005-ci ilin yanvarında Ermənistanı işğalçı dövlət, Dağlıq Qarabağı isə separatçı rejim kimi tanınmasına mühüm təsir göstərdi.

Azərbaycan Prezidenti İlham Əliyevin gərgin fəaliyyətinin nəticəsi olan bu və ya digər təkzibedilməz faktlar, əldə olunan uğurlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həllində ciddi dönüş yarandığını, Azərbaycanın ədalətli mövqeyinin beynəlxalq aləmdə getdikcə daha artıq müdafiə olunduğunu, işğal olunmuş Azərbaycan torpaqlarının geri alınacağı günün getdikcə yaxınlaşdığını sübut edir.
25 yanvar 2005-ci il tarixində Avropa Şurasının Parlament Assambleyası "ATƏT-in Minsk konfransının məşğul olduğu Dağlıq Qarabağ münaqişəsi" adlı 1416 saylı qətnamə qəbul etdi. Parlament Assambleyası qətnamədə Azərbaycan ərazisinin böyük bir hissəsinin işğal olunduğunu bir daha təsdiq edərək, etnik düşmənçilik və onu müşayiət edən hərbi əməliyyatların çoxlu sayda insanın etnik əsasda qovulmasına və monoetnik ərazilərin yaradılmasına gətirib çıxardığına dair narahatlığını ifadə etdi. Assambleya Avropa Şurasının üzvü olan bir dövlətin digər dövlətin ərazisini işğal etməsinin həmin dövlətin üzvlük öhdəliklərini kobud şəkildə pozması demək olduğunu açıq şəkildə bəyan edərək, münaqişə zonasından didərgin düşmüş şəxslərin təhlükəsiz və ləyaqətlə geri qayıtması hüququnu bir daha təsdiq etdi. Assambleya həmçinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini xatırladaraq, münaqişə tərəflərini onları yerinə yetirməyə, xüsusilə də işğal olunmuş ərazilərdən hərbi qüvvələri çıxarmağa çağırmışdır.
2006-cı ilin may ayında ATƏT-in Minsk qrupunun hazırkı həmsədrlik institutu yaradılan vaxtdan etibarən ilk dəfə olaraq, həmsədr ölkələrin Xarici işlər nazirlərinin müavinlərindən ibarət birgə missiya bölgəyə səfər etmişdir. Səfərin məqsədi Dağlıq Qarabağa dair razılıq əldə edilməsi üçün 2006-cı ilin mühüm "imkan pəncərəsi" yaratdığını hər iki ölkə prezidentlərinin diqqətinə çatdırmaqdan ibarət idi. ATƏT-in Minsk qrupu həmsədrləri 22 iyun 2006-cı il tarixində ATƏT-in Daimi Şurasına məruzə təqdim etdilər. Onlar məsələyə aydınlıq gətirərək bəyan etdilər ki, yanaşmalarının məqsədi münaqişənin bütün aspektlərinin bir mərhələdə həlli deyildi. Həmsədrlərin sözlərinə görə, qeyd olunan prinsiplərlə mümkün ən yüksək tərəqqiyə nail olmaq, lakin bəzi ən çətin məsələləri sonraya saxlayaraq danışıqlar aparmaq nəzərdə tutulurdu. Buna baxmayaraq, həmsədrlər bəyan etdilər ki, prezidentlər razılığa gələ bilmədikləri üçün onlar bu prinsiplərin müəyyənləşdirilməsi, ifadə edilməsi və yekunlaşdırılması işində öz yaradıcılıqlarının zirvə nöqtəsinə çatmışlar. Həmsədrlər bildirdilər ki, əgər tərəflər irəli sürülmüş prinsiplərə dair razılığa gələ bilmirsə, onda onları qane edə biləcək alternativ razılaşmaya nail olunması məqsədilə birlikdə çalışmalıdırlar. Həmsədrlər hazırkı mərhələdə intensiv "məkik diplomatiyası"nın davam etdirilməsinə və prezidentlərin yeni görüşlərinə heç bir zərurət görmədiklərini diqqətə çatdırdılar. Minsk qrupu həmsədrlərinin bəyanatına və danışıqlar prosesi ilə bağlı reallıqları ənənəvi olaraq təhrif etməyə çalışan Ermənistan tərəfinin qeyd olunan bəyanata dair şərhlərinə cavab olaraq, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi məsələyə aydınlıq gətirərək onu da bildirdi ki, Azərbaycan ərazilərinin davam edən işğalı və etnik təmizləmə şəraitində Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunun hüquqi statusunun müəyyən edilməsi mümkün deyildir. Bunun üçün Azərbaycan əraziləri işğaldan azad edilməli, münaqişə zonası demilitarizasiya olunmalı, müvafiq beynəlxalq təhlükəsizlik zəmanəti təmin edilməli və zorla didərgin salınmış azərbaycanlı əhali öz evinə qayıtmalıdır. Azərbaycan tərəfi Dağlıq Qarabağa Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü çərçivəsində və Konstitusiyasına uyğun olaraq, ən yüksək səviyyəli özünüidarəetmə statusu verməyə hazır olduğunu bir daha bəyan etdi. Xarici İşlər Nazirliyi bölgənin gələcək inkişafını nəzərə alaraq, beynəlxalq təcrübədə mövcud olan presidentlərə uyğun şəkildə obyektiv şəraitin yaradılması məqsədilə münaqişədən əvvəlki etnik tərkibin bərpasından sonra Dağlıq Qarabağın əhalisi üçün iqtisadi və digər stimulların yaradılmasını nəzərdən keçirməyə hazır olduğunu bildirmişdir. Bununla yanaşı, XİN bölgədə ədalətli və daimi sülhün əldə olunması üçün Azərbaycanın danışıqların davam etdirilməsinin tərəfdarı olduğunu bir daha bəyan etmişdir. 
13 iyul 2007-ci il tarixində ATƏT-in Minsk qrupu həmsədrləri 9 iyun 2007-ci il tarixində İlham Əliyev və Robert Köçəryan arasında Sankt-Peterburqda keçirilən görüşdən sonra münaqişənin həlli prosesində yaranmış vəziyyəti qiymətləndirən bəyanat yaydılar. Həmsədrlər bəyan etdilər ki, prezidentlərin görüşü zamanı, əsas etibarilə münaqişənin sülh yolu ilə həllinin "əsas prinsiplər"inə dair razılaşma ilə bağlı məhdud sayda əngəllər müzakirə edilmiş və tərəflər mövqe fərqləri səbəbindən razılığa gələ bilməmişlər. Həmsədrlər bəyanatlarında Azərbaycan və Ermənistanın bir qrup ziyalısının Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionuna, eləcə də Bakı və Yerevana birgə səfər təşəbbüsünə toxunaraq, onu bəyəndiklərini və yüksək qiymətləndirdiklərini qeyd edərək, bu təşəbbüsü ilk etimadyaratma addımı adlandırdılar. 
2 noyabr 2008-ci il tarixində Azərbaycan, Ermənistan və Rusiya prezidentləri Moskvada Bəyannamə imzaladılar. Bəyannamədə "münaqişənin nizamlanması beynəlxalq hüququn norma və prinsipləri, eləcə də bu çərçivədə qəbul edilmiş qərar və sənədlərə əsaslanmalı olduğu" vurğulanır. Digər sənədlərlə yanaşı, buraya 1993-cü il BMT Təhlükəsizlik Şurasının, eləcə də 2006 və 2008-ci il BMT Baş Assambleyasının məlum qətnamələri daxildir. Bununla yanaşı, Bəyannamədə vurğulanır ki, münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan həlli regionda iqtisadi inkişaf və hərtərəfli əməkdaşlıq üçün əlverişli şərait yaradacaqdır. Beləliklə bu sənəd Ermənistanın münaqişənin son həlli və onun əsas nəticələrinin aradan qaldırılmasından öncə regional əməkdaşlığa üstünlük verilməsi ilə bağlı iddialarını heçə endirir. 
2009-cu il ərzində Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi üzrə aparılan danışıqlar daha intensiv xarakter almışdır. Belə ki, ATƏT-in Minsk Qrupunun Həmsədrlərinin iştirakı ilə Ermənistan və Azərbaycan Prezidentləri 6 dəfə, Ermənistan və Azərbaycan xarici işlər nazirləri isə 3 dəfə görüş keçirmişlər. 2009-cu ilin 22 noyabr tarixində Münhendə keçirilmiş Azərbaycan və Ermənistan Prezidentlərinin görüşündə bir neçə məsələ ilə bağlı tərəflərin mövqelərində yaxınlaşma istiqamətində irəliləyiş əldə olunmuşdur. 
2009-cu ilin 1-2 dekabr tarixlərində Afinada ATƏT-in Nazirlər Şurasının 17-ci iclası çərçivəsində ATƏT-in Minsk Qrupunun Həmsədr ölkələrinin nümayəndələri -Rusiya və Fransanın xarici işlər nazirləri, eləcə də ABŞ Dövlət Katibinin müavini birgə bəyanatla çıxış etmişlər. Bundan əlavə, ATƏT-in Nazirlər Şurası Ermənistan-Azərbaycan münaqişəsinə dair Bəyanat qəbul etmişdir. Sözügedən bəyanatlarda münaqişənin nizamlanması prosesinin vacib elementi kimi, tərəflər arasında imzalanmış Moskva Bəyannaməsi və Helsinki Yekun Aktında təsbit olunmuş əsas prinsiplər göstərilir. 
2010-cu ilin noyabrın 20-də Portuqaliyanın paytaxtı Lissabonda NATO-nun zirvə toplantısı çərçivəsində Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə töhfə verən ölkələrin dövlət və hökumət başçılarının iclası keçirildi. İclasda çıxış edən Prezident İlham Əliyev NATO ilə əməkdaşlığın hazırkı səviyyəsindən, ölkəmizin Şimali Atlantika Alyansının "Sülh naminə tərəfdaşlıq" Proqramında və "Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planın"da fəal iştirakından, eyni zamanda qurumun dünyada sülhyaratma əməliyyatlarında Azərbaycan Silahlı Qüvvələrinin yaxından iştirakından geniş bəhs edib. Azərbaycanın bu addımı daim qurum rəsmiləri tərəfindən yüksək dəyərləndirilib. 
Hərbi-siyasi təşkilat kimi NATO-nun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində rolu hər zaman önə çəkilir. Dünyada sülhün, əmin-amanlığın, təhlükəsizliyin təminatı missiyasını yerinə yetirən Şimali Atlantika Alyansının zirvə toplantısında qəbul olunan Bəyannamədə Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və suverenliyinin dəstəklənməsi sözsüz ki, qurumun, eyni zamanda burda təmsil olunan dövlətlərin mövqeyini ortaya qoyur. Qeyd edək ki, bu günədək NATO Cənubi Qafqaz regionunda mövcud olan münaqişələrə- Cənubi Osetiya, Abxaziya və Dağlıq Qarabağ probleminin həllinə seyrçi mövqedən yanaşırdısa, zirvə görüşünün yekun qətnaməsi bir daha bu mövqedəki dəyişikliyi ortaya qoydu. Bu ondan irəli gəlir ki, dünya tarixi faktlara söykənir, həqiqəti olduğu kimi qəbul edir və mövqeyini qəbul olunan qərar və qətnamələrdə ortaya qoyur. 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin balanslaşdırılmış xarici siyasət kursuna hücumçu diplomatiyanın əlavə edilməsi ona daha effektiv və çevik xarakter qazandırmışdır. Məhz bu siyasətin məntiqi nəticəsidir ki, Azərbaycan artıq regionunun liderinə çevrilmiş və bölgənin aparıcı dövlətləri sırasına yüksəlmişdir. Bu faktor təcavüzkar Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və yeddi ətraf rayonu işğalının yaratdığı ədalətsiz status-kvonu qorumaq cəhdlərinin qarşısının alınmasında mühüm və əhəmiyyətli rol oynayır. Belə ki, Azərbaycanın düşünülmüş, məqsədyönlü və konseptual xarici siyasət həyata keçirməsi nəticəsində Ermənistanın beynəlxalq birlik tərəfindən qınanması və təcridi prosesi sürətlənir. 
Bunun ən bariz nümunəsi 2010-cu ilin dekabr ayının 1-də Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən ATƏT-in VII sammiti və orada qəbul olunan yekun həyanatdır. Sammitin gedişində münaqişəli bölgələrdə ən qısa müddətdə davamlı sülhə nail olunmasının prioritet məsələlərdən biri kimi vurğulanması Azərbaycan -Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinə olan ümidləri daha da artırmışdır. 
ATƏT - in Astana Sammiti çərçivəsində qurumun Minsk qrurunü üzv ölkələrin dövlət və hökümət başçıları (Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev, Fransanın xarici işlər naziri Fransua Fiyon və ABŞ-ın dövlət katibi Hillari Klinton), eləcə də Azərbaycan və Ermənistanın dövlət başçıları İlham Əliyev və Sery Sarkisyan Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda həllinin vaxtı çatdığını təsdiqləyərək, birgə bəyanat imzalayıblar. Buna əsasən: 
- Tərəflər Azərbaycan, Rusiya və Ermənistan rrezidentlərinin 2 noyabr 2008-ci ildə Moskvada və 27 oktyabr 2010-cu ildə Həştərxanda qəbul etdikləri birgə bəyanatları xatırladır, həmçinin, münaqişənin sülh yolu ilə həllini vacib sayır və bölgədə təhlükəsizliyə təminat verirlər. 
- Azərbaycan və Ermənistan Prezidentləri Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı öhdəliklərini: Beynəlxalq hüquq norma və rrinsirlərinə; Birləşmiş Millətlər Təşkilatının Əsasnaməsinə; Helsinki Yekun Bəyannaməsinə, o cümlədən, Minsk qruruna həmsədr ölkələrin dövlət başçıları - Dmitri Medvedyev, Nikola Sarkozi və Barak Obamanın 10 iyul 2009 - cu ildə Akvildə və 26 iyun 2010 - cu ildə Muskokda birgə qəbul etdikləri razılaşmaya əsaslanmaqla bir daha təsdiqləyirlər. 
- ATƏT-in Minsk qrupunun həmsədr ölkələri isə öz növbələrində, münaqişənin dinc yolla həllinə çalışan Azərbaycan və Ermənistan prezidentlərinə dəstək vəd edirlər. Belə ki, onlar danışıqları davam etdirmək baxımından daha yaxşı ab-hava yaratmaq üçün iki ölkə liderini sülh istiqamətində əlavə addımlar atmağa, bütün sahələrdə etimadın gücləndirilməsi üçün tədbirlər görməyə çağırırlar. 
Yekun bəyanatın tarixi əhəmiyyəti ondan ibarətdir ki, o hər şeydən əvvəl münaqişənin tez bir zamanda həllini nəzərdə tutur. Bu isə Azərbaycanın dövlət maraqlarına tamamilə uyğundur. Eyni zamanda Ermənistan tərəfin vəziyəti donduraraq onun həllini qeyri-müəyyən vaxta qədər uzatmaq cəhdinin iflasıdır. Həmçinin, bəyanatda istinad olunan Helsinki Yekun Bəyannaməsi və BMT-nin Nizamnaməsi «Ərazi bütövlüyü» prinsipinin açıq şəkildə təsbit olunduğu beynəlxalq sənədlərdir.

Xocalı soyqırımı - XX əsrin faciəsi

 

«Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir».

Heydər Əliyev

 

Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev Xocalı soyqırımının on illiyi münasibətilə Azərbaycan xalqına müraciətində qeyd etmişdir: «Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu».

Qeyd etmək lazımdır ki, Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmışdır. Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşaiyət olunmuşdur. Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam etmişdir. 1948-1953-cü illərdə Ermənistandan 150 min azərbaycanlı deportasiya olunaraq Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdir. 1988-ci ildə isə öz tarixi torpaqlarında yaşayan 250 min azərbaycanlı bu ərazidən qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir. 1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlayan hadisələr, erməni ideoloqlarının «dənizdən dənizə Ermənistan» adlı sərsəm bir ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərlə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi.

Bütün beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistan dövləti Dağlıq Qarabağı özünə birləşdirmək istəyir, bu yolda bütün cinayət və vəhşiliyə hazır olduqlarını nümayiş etdirirlər. XX əsrin faciəsi olan Xocalı soyqırımı bu aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır.

Ermənilərin Xocalı şəhərini hədəfə almaqda məqsədi nə idi ? Bu bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən ümumiyyətlə Xocalını yer üzündən birdəfəlik silmək məqsədi idi. Çünki Xocalı elə bir yaşayış məskəni idi ki, o, Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi. Bu xüsusi mədəniyyət tarixə Xocalı-Gədəbəy mədəniyyəti kimi düşmüşdür. Xocalının kromlexləri, dolmenləri, siklopları, kurqanları və digər abidələri, həmçinin müxtəlif növ məişət əşyaları insan cəmiyyətinin inkişaf dinamikasını özündə əks etdirən maddi mədəniyyət nümunələridir. Erməni işğalından sonra bütün bu maddi mədəniyyət abidələrinin məhv edilməsi və dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbristanlığının texnika vasitəsilə darmadağın edilməsi erməni vandalizminin bariz nümunəsi olmaqla yanaşı dünya mədəniyyətinə qarşı zorakılıq aktıdır.

1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirdi. Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız 3 minə yaxın insan qalmışdı. Çünki, mühasirədə qaldığı 4 aydan artıq zaman ərzində blokadada olduğu üçün əhalinin xeyli hissəsi şəhərdən çıxmaq məcburiyyətində qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər öldürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. Öldürülənlərin 106 nəfəri qadın, 63-ü azyaşlı uşaq, 70-i qoca idi. 8 ailə tamamilə məhv edildi. 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi indi də məlum deyil.

Bütün bunlar erməni hərbçiləri tərəfindən xüsusi amansızlıqla və ağlasığmaz vəhşiliklə həyata keçirilmişdir. Hücumda həmçinin mayor Oqanyan Seyran Muşeqoviçin (Seyran Oqanyan hazırda Dağlıq Qarabağda ermənilərin qeyri-qanuni rejiminin «müdafiə naziri»dir) komandanlığı altında 366-cı alayın 2-ci batalyonu, Yevgeni Nabokixinin komandası altında 3-cü batalyon, 1 saylı batalyonun qərargah rəisi Çitçyan Valeriy İsayeviç və alayda xidmət edən 50-dən artıq erməni zabit və praporşik iştirak etmişdir («Xocalının işğalına dair istintaq materiallarından»).

Şəhər əhalisinin bir hissəsi zorakılıqdan qaçıb qurtarmaq istəyərkən əvvəlcədən düzəldilmiş pusqularda qətlə yetirilmişdir. Rusiyanın «Memorial» hüquq müdafiə mərkəzinin məlumatına əsasən, dörd gün ərzində Ağdama Xocalıda qətlə yetirilmiş 200 azərbaycanlının meyidi gətirilmiş, onlarla meyidin təhqirə məruz qalması faktı aşkar edilmişdir. Ağdamda 181 meyid (130 kişi və 51 qadın, o cümlədən 13 uşaq) məhkəmə-tibbi ekspertizasından keçirilmişdir. Ekspertiza zamanı müəyyən edilmişdir ki, 151 nəfərin ölümünə güllə yaraları, 20 nəfərin ölümünə qəlpə yaraları səbəb olmuş, 10 nəfər küt alətlə vurularaq öldürülmüşdür. Hüquq-müdafiə mərkəzi diri adamın baş dərisinin soyulması faktını da qeydə almışdır.

Xocalı soyqırımının epizodları insanı dəhşətə gətirir. Xocalı sakini Əntiqə erməni hərbçilərinin tələb etdiyi «bu yerlər Ermənistanın bir hissəsidir» sözlərini dilinə gətirmədiyinə görə ermənilər tərəfindən diri-diri yandırıldı. Digər Xocalı sakini Səriyyə Talıbova danışırdı ki, «4 mesxeti türkü və 3 azərbaycanlının erməni qəbrinin üstündə başını kəsdilər. Sonra daha 2 azərbaycanlının gözlərini çıxardılar».

Ermənilər sağ qalmış insanlar üzərində tamamilə təhqiredici hərəkətlər həyata keçirmişdilər. Onların başının dərisini soymuş, başlarını və bədəninin digər orqanlarını kəsmiş, uşaqların gözlərini çıxarmış, hamilə qadınların qarnının yarmışdılar. Hücum zamanı Xocalıda istifadəsi qadağan olunmuş 5, 45 kalibrli patronlardan və kimyəvi silahlardan istifadə edilmişdir. Bütün bunlar Ermənistan tərəfindən Cenevrə konvensiyasının protokollarının kobudcasına pozularaq, müharibə aparılması qaydalarına zidd olaraq Xocalıda dinc sakinlərə qarşı soyqırım həyata keçirildiyini təsdiqləyir.

Xocalı soyqırımının xüsusi amansızlıqla törədilməsi rus, gürcü, ingilis, fransız, alman, amerikalı və digər ölkələrin vətəndaşı olan jurnalist və publisistləri dəhşətə gətirmişdir.

Xocalı qaçqınlarının BMT, Avropa İttifaqı və Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına müraciətində deyilir: «Artıq 10 ildən artıqdır ki, biz, qaçqın vəziyyətinə düşmüş xocalılar, ürək ağrısı və eyni zamanda böyük ümidlə bütün dünyanın sülhsevər xalqlarına, beynəlxalq təşkilatlara müraciət edirik. Sizdən xahiş edirik, erməni hərbi təcavüzü nəticəsində bizim başımıza gələn bəlaya laqeyd qalmayasınız. Biz inanırıq ki, dünyanın BMT, Aİ və ATƏT kimi kifayət qədər nüfuzlu beynəlxalq təşkilatları, sülhsevər ölkələri Ermənistan kimi dövlətin belə təcavüzkarlığına və özbaşınalığına qarşı tədbir görəcəklər.

Dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar, ümumbəşəri qanunlar Xocalı faciəsi kimi soyqırımları pisləyir, yolverilməz olduğunu bildirirlər. Azərbaycan xalqı 1948-ci il 9 dekabr «Soyqırım cinayətinin xəbərdarlıq edilməsi və cəzalandırılması» konvensiyasını rəhbər tutaraq, Ermənistan Respublikasına qarşı BMT-nin Beynəlxalq məhkəməsində iddia qaldırmaq üçün bütün hüquqi əsaslara malikdir. Dünya bilməlidir ki, bu cinayət, təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün sivilizasiyalı dünyaya, bəşəriyyətə qarşı yönəldilmişdir. Bu gün Ermənistanda mühüm dövlət postları tutanlar, Seyran Oqanyan, Serj Sarkisyan eləcə də Robert Köçəryan və digərləri baş vermiş soyqırımın günahkarları kimi beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər.

Cinayət cəzasız qalmamalıdır. Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistan Respublikasının Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə - Xocalı soyqırımına, əsl soyqırım hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər.

Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra Xocalıda ermənilərin törətdikləri vəhşiliyə hüquqi-siyasi qiymət verilmişdir. 1994-cü ilin fevralında Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikası Milli Məclisi Xocalıda baş vermiş hadisələri geniş təhlil edərək ermənilərin törətdikləri əməllərin azərbaycanlılara qarşı törədilmiş soyqırım olduğunu hüquqi cəhətdən təsbit etmişdir. Milli Məclisin qərarı ilə hər il 26 fevral «Xocalı soyqırımı» günü kimi qeyd edilir. Milli Məclisin bununla bağlı qəbul etdiyi qərarda bu cinayəti törədənlərin cəzasız qalmayacağı xüsusi vurğulanır.

Yeni Azərbaycan Partiyası «Xocalı soyqırımı»nın dünya miqyasında tanıdılması istiqamətində bir sıra addımlar atmışdır. Bu məqsədlə beynəlxalq təşkilatlara müraciət qəbul edilmişdir. YAP-ın qəbul etdiyi müraciətdə deyilir: «BMT, ATƏT, AŞ üzvü olan ölkələr və bütün mütərəqqi bəşəriyyət, xüsusilə də beynəlxalq məhkəmə orqanları Xocalı soyqırımını ümumbəşəri bir faciə kimi qiymətləndirməli, bu hadisənin əsl mahiyyətinin dünya ictimaiyyətinə çatdırılmasına köməklik göstərməlidirlər.

Ölkənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda minlərlə övladını itirmiş Azərbaycan xalqı gec-tez Xocalı soyqırımını törədənlərin layiqli cəzalarını alacaqlarına ümid bəsləyir. Dünya ictimaiyyəti erməni millətçiliyinin əsl mahiyyətini dərk etməli, terrorizm və təcavüzkarlığın bir forması olan Qarabağ torpaqlarının qəsb olunması faktına öz münasibətini bildirməlidir».

Erməni terrorizmi

 

Bu dəhşətli hadisələr bəşəriyyətə qarşı cinayət kimi siyasi-hüquqi qiymətini almalıdır

                                                                                                                                    Heydər Əliyev

 

«Terrorizm» termini submilli qruplar və ya gizli fəaliyyət göstərən agentlər tərəfindən cəmiyyətin əhval-ruhiyyəsinə təsir etmək məqsədilə dinc əhaliyə və ya obyektlərə qarşı qəsdən törədilmiş, siyasi cəhətdən əsaslandırılmış zorakılıq deməkdir. Erməni terrorizmi isə bəzi erməni təşkilatlarının terror vasitəsilə öz məkrli məqsədlərinə çatmaq, mifik «Böyük Ermənistan» ideyasını gerçəkləşdirmək üçün regionda yaşayan xalqlara, xüsusilə də, türk xalqına qarşı törətdiyi vəhşiliklər deməkdir. Kütləvi vahimə yaratmaq, xüsusi qəddarlıqla qətllər törətmək erməni quldur birləşmələrinin artıq uzun illərdir ki, xüsusi qəddarlıqla həyata keçirdikləri terror əməliyyatlarıdır.

Erməni qəddarlığı nəticəsində törədilən terror aktları elə vəhşiliklə həyata keçirilir ki, insan təfəkkürü bunu izah etməkdə çətinlik çəkir. Hamilə qadınların qarınlarını yarmaq, körpə uşaqların başlarını qılınc zərbəsi ilə vurmaq, qocaları vəhşicəsinə qətlə yetirmək, məsçidləri, müqəddəs inanc yerlərini yerlə-yeksan etmək, kəndləri, şəhərləri viranəyə çevirərək yandırmaq erməni terrorizminin məqsədli şəkildə həyata keçirdiyi fəaliyyət proqramıdır. Terrorizm ən ali insan hüququ olan yaşamaq hüququna qarşı çevrilmiş bir zorakılıq aktı olduğundan, erməni terrorizmi insanlığa qarşı qəsdir. «Böyük Ermənistan» xülyası ilə yaşayan erməni «ideoloqlarının» artıq neçənci əsrdir ki, erməni millətinin psixologiyasına yeritdiyi, sonu olmayan, mifik bir ideyanın nəticələrindən bu gün bütöv türk xalqı və digər regional ölkələr əziyyət çəkir.

Bu gün bəşəriyyət terrorizmin bütün təzahürlərinə qarşı mübarizədə birləşmişdir. Artıq dünyada «beynəlxalq terrorizm» terminindən istifadə olunur. Bu isə, öz növbəsində, bir neçə dövlətin vətəndaşlarının iştirak etdikləri və digər xalqlara qarşı birgə istifadə etdikləri qəddarlığa, vəhşilyə və törədilən terror aktlarına deyilir.

Dünyanın mütərəqqi bəşəriyyəti dərk edir ki, qloballaşma dövründə sivilizasiyalararası dialoq və əməkdaşlıq sülhün, təhlükəsizliyin qarantıdır. Məhz buna görə də, 2001-ci ilin sentyabrında Nyu-York şəhərində törədilən terror aktı bütün dünya tərəfindən pislənildi və bu hadisə müxtəlif əqidəli insanları terrorla mübarizəyə səfərbər etdi. Azərbaycan dövləti həmin terror aktını pisləyən dövlətlərdən birincilər sırasında olmuşdur. Təbiətən xalqımız humanist, insanpərvər olduğundan, ölkəmizdə tolerantlıq daim qorunmuşdur. Biz bütün xalqların ölkəmizin sərhədləri daxilində təhlükəsiz, əmin-amanlıq şəraitində yaşamasına təminat vermişik. Lakin vaxtilə ölkəmizə pənah gətirmiş ermənilər sonradan xalqımıza qarşı dəfələrlə terror aktları törətmiş, qədim Azərbaycan torpaqlarından, bir çox yaşayış məntəqələrindən azərbaycanlıları vəhşicəsinə qovaraq onlara qarşı soyqırımı törətmişlər. XIX və XX əsrlərdə türklərə qarşı dəfələrlə terror aktları həyata keçirmiş ermənilər 1988-ci ildən bəri ölkəmizə qarşı dəfələrlə təcavüzlər törətmiş, hərbi əməliyyatlar həyata keçirmiş, Azərbaycanın torpaqlarının 20%-ni işğal etmiş, bir milyona yaxın soydaşlırımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşlər. «Böyük Ermənistan» uğrunda ibarəsi altında gizlənən və uydurma «1915-ci il soyqırımı»na cavab olaraq, qətllər, terrorlar törətməsinə haqq qazandırmağa çalışan erməni millətçilərinə qarşı mübarizədə dünya öz haqq səsini qaldırmalıdır. Uzun müddət Osmanlı dövlətinin tarixini araşdırmış və «ermənilərin Türkiyədə soyqırımı» mifologeminin ifşasında çox qiymətli töhfə vermiş məşhur tədqiqatçı «C.Makkartini özünün «erməni terrorizmi»: Tarix-zəhər və çarə kimi» məqaləsində XX əvvəllərində Türkiyədə baş verən hadisələrin real təhlili vermişdir. Makkartini Osmanlı dövlətində demoqrafik şəraitin real təhlili əsasında belə bir nəticəyə gəlir: «Şərqi Anadoludakı müharibələrin sonuna artıq Qafqazdan və Şərqi Anadoludan qovulmuş 1,2 milyon müsəlman var idi. Şərqi Anadoluda 1 milyondan artıq müsəlman tələf olmuş, Qafqazın ən azı 130 min qaçqın müsəlmanı və 6 vilayətdə yaşayan 870 min erməni qaçqın düşmüşdür. Nəticədə, Anadoludan 600 min erməni və 2,5 milyon türk müsəlman həlak olmuşdur. Əgər bu, soyqırımı idisə, hər halda, «cani»lərin «qurban»lardan çox ölməsi qəribədir.

Amerika alimindən gətirilən bu sitat bir daha sübut edir ki, əslində, soyqırımı türklərin özünə qarşı ermənilər tərəfindən həyata keçirilmişdir.

Təəssüflər olsun ki, XX əsrin ən faciəli hadisələrindən olan Xocalı faciəsini törədən ermənilər dünya tərəfindən hələ də öz siyasi qiymətlərini almamışlar. Məhz buna görə də, ermənilər öz inadlarından dönmür, dərsliklərində, bədii əsərlərində özlərini məzlum, yazıq millət kimi qələmə verərək, əksinə, türklərin onlara qarşı vəhşiliklər törətdiklərinə iddia edirlər. Ermənilər onlara çörək və torpaq vermiş azərbaycanlılara minnətdar olmaq əvəzinə, onları lənətləyir, öldürür, dədə-baba torpaqlarından didərgin salırlar. Ermənilərin azərbaycanlılara qarşı törətdiyi kütləvi qırğınların və soyqırımın sayı-hesabı yoxdur. Lakin kütləvi şəkildə törədilən və artıq xalqımıza qarşı terror kimi təsdiq olunan hadisələrin siyahısını tərtib etmək mümkündür.

 

AZƏRBAYCAN ƏRAZİSİNDƏ TÖRƏDİLƏN TERROR - TƏXRİBAT FAKTLARI

 

Ermənistan dövlətinin və erməni diasporasının maliyyə və təşkilatı yardımı ilə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni terrorçu təşkilatlarının Azərbaycana qarşı apardıqları terror müharibəsi 1980-ci illərdən başlayaraq ardıcıl xarakter almışdır. Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayonun işğalı zamanı kütləvi vahimə yaratmaq, çoxlu insan tələfatına nail olmaq məqsədi ilə Ermənistanın xüsusi xidmət orqanları hərbi əməliyyatların getdiyi ərazilərdən xeyli uzaqda, dinc azərbaycanlı əhalisinin yaşadığı məntəqələrdə terror aktları təşkil etmiş, nəticədə minlərlə günahsız insan həlak olmuşdur.

16 sentyabr 1989-cu il. "Tbilisi-Bakı" marşrutu ilə hərəkət edən sərnişin avtobusu partladılmış, 5 nəfər həlak olmuş, 25 nəfər yaralanmışdır.

18 fevral 1990-cı il. Yevlax-Laçın yolunun 105-ci km-də "Şuşa-Bakı" marşrutu ilə hərəkət edən avtobus partladılmış, çoxlu insan təlafatı olmuşdur.

11 iyul 1990-cı il. "Tərtər-Kəlbəcər" sərnişin avtobusu partladılmış, dinc əhali olan maşın karvanına qarşı terror aksiyası keçirilmiş, nəticədə 14 nəfər qətlə yetirilmiş, 35 nəfər yaralanmışdır.

10 avqust 1990-cı il. "Tbilisi-Ağdam" marşrutu ilə hərəkət edən sərnişin avtobusu partladılmış, 20 nəfər həlak olmuş, 30 nəfər yaralanmışdır. cinayətin təşkilatçıları A.Avanesyan və M.Tatevosyan cinayət məsuliyyətinə cəlb olunmuşlar.

Həmin gün "Şəmkir-Gəncə" avtomobil yolunda Xanlar rayonunun Nadel kəndi yaxınlığında "LAZ" markalı 43-80 AQF dövlət nömrə nişanlı avtobus partladılmış, nəticədə 17 nəfər həlak olmuş, 26 nəfər yaralanmışdır.

30 noyabr 1990-cı il. Xankəndi aeroportu yaxınlığında sərnişin avtobusu partladılmış, 2 nəfər həlak olmuş, 11 nəfər yaralanmışdır.

09 yanvar 1991-ci il. "MolodyoJ Azerbaycana" qəzetinin müxbiri Salatın Əsgərova və 3 hərbi qulluqçunun olduğu avtomobilə qarşı terror aktı nəticəsində 4 nəfər qətlə yetirilmişdir. Terrorçu qrupun üzvləri A.Mkrtçyan, Q.Petrosyan, A.Manqasaryan və Q.Arustamyan cinayət məsuliyyətinə cəlb olunmuşlar.

30 may 1991-ci il. Rusiya Federasiyası Dağıstan Respublikasının Xasavyurd stansiyası yaxınlığında "Moskva-Bakı" sərnişin qatarı partladılmış, nəticədə 11 nəfər həlak olmuş, 22 nəfər yaralanmışdır.

19 iyun 1991-ci il. "Yevlax-Laçın" avtomobil yolunun 106-cı kilometrində 5459 saylı hərbi hissəyə məxsus "UAZ-469" markalı avtomaşın partladılmış, 3 nəfər həlak olmuş, 3 nəfər ağır yaralanmışdır.

31 iyul 1991-ci il. Dağıstan Respublikasının Temirtau stansiyası yaxınlığında "Moskva-Bakı" sərnişin qatarı partladılmış, nəticədə 16 nəfər həlak olmuş, 20 nəfər yaralanmışdır.

02 avqust 1991-ci il. Hadrut rayonunun Dolanlar kəndində "QAZ-53" markalı avtomaşın partladılmış, nəticədə 4 nəfər həlak olmuş, 8 nəfər yaralanmışdır.

21 avqust 1991-ci il. Hadrut rayonunun Şadaxt kəndi yaxınlığında "KAVZ" markalı 70-30 AQO dövlət nömrə nişanlı avtobus partladılmış, nəticədə 2 nəfər həlak olmuş, 10 nəfər ağır bədən xəsarəti almışdır.

08 sentyabr 1991-ci il. "Ağdam-Xocavənd" avtobusunun atəşə tutulması nəticəsində 5 nəfər qətlə yetirilmiş, 34 nəfər müxtəlif dərəcəli xəsarət almışdır. Terrorun Xaçaturyan Volodi, Yeremyan Saro, Çalyan Saşa, Arustamyan Armo tərəfindən törədildiyi sübuta yetirilmişdir.

Həmin gün "Ağdam-Qaradağlı" marşrutu ilə işləyən avtobus erməni quldurları tərəfindən atəşə tutulmuş, 8 nəfər həlak olmuş, 42 nəfər müxtəlif dərəcədə xəsarət almışdır.

26 sentyabr 1991-ci il. "Yevlax-Laçın" yolunda "VAZ-2106" markalı D 72-07 AQ nömrə nişanlı avtomaşın partladılmış, nəticədə 2 nəfər həlak olmuş, 14 nəfər yaralanmışdır.

19 oktyabr 1991-ci il. Ağdərə rayonunun Sırxavənd kəndi yaxınlığında "UAZ-469" markalı avtomaşın partladılmış, nəticədə 3 nəfər həlak olmuş, 2 nəfər ağır yaralanmışdır.

20 noyabr 1991-ci il. Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında "Mİ-8" vertolyotunun atəşə tutulması nəticəsində vertolyot heyəti və sərnişinlər - Azərbaycanın görkəmli dövlət və hökümət nümayəndələri, Rusiya və Qazaxıstandan olan müşahidəçilər - 19 nəfər həlak olmuşdur.

26 dekabr 1991-ci il. Şuşa-Laçın yolunun 4-cü kilometrliyində "ZİL-130" və "Moskviç" maşınları partladılmış, 5 nəfər həlak olmuş, 4 nəfər yaralanmışdır.

08 yanvar 1992-ci il. Türkmənistandan "Krasnovodsk-Bakı" marşurutu ilə hərəkət edən dəniz bərəsində törədilən terror aktı nəticəsində 25 nəfər həlak olmuş, 88 nəfər yaralanmışdır.

28 yanvar 1992-ci il. "Ağdam-Şuşa" marşrutu ilə uçan Mİ-8 mülki vertolyotu Şuşa şəhəri yaxınlığında erməni terrorçuları tərəfindən vurulmuşdur. Nəticədə çoxu qadın və uşaq olan 44 nəfər həlak olmuşdur.

1992-ci ilin yanvar ayında erməni terrorçu dəstələri Kərkicahan qəsəbəsində 80 nəfər, 1992-ci ilin fevral ayında Xocavənd rayonunun Qaradağlı kəndində 77 nəfər və 26 fevral 1992-ci il tarixdə Xocalı şəhərində 613 nəfər dinc sakini qətlə yetirmiş, 650 nəfəri isə yaralamışlar.

22 mart 1992-ci il. "UAZ 469" markalı 60-25 AZU dövlət nişanlı avtomaşın Qazax rayonu ərazisində partladılmış, nəticədə 3 nəfər həlak olmuş, 2 nəfər yaralanmışdır.

28 mart 1992-ci il. "Kamaz-5410" markalı 40-53 AQŞ dövlət nişanlı avtomaşın partladılmış, nəticədə 3 nəfər həlak olmuş, 2 nəfər yaralanmışdır.

18 aprel 1992-ci il. "Qazax-cəfərli" yolunun 10-cu kilometrliyində "Vaz" markalı maşın silahlı basqına məruz qalmış, nəticədə 2 nəfər ölümcül yaralanmışdır.

20 may 1992-ci il. Zəngilan rayonunun Qarançı kəndi yaxınlığında "UAZ-469" markalı 80-33 AQD dövlət nömrə nişanlı avtomaşın silahlı basqına məruz qalmış, nəticədə 2 nəfər həlak olmuş, 2 nəfər yaralanmışdır.

28 fevral 1993-cü il. Rusiyanın Şimali Qafqaz ərazisində Qudermes stansiyası yaxınlığında "Kislovodsk-Bakı" sərnişin qatarı partladılmış, 11 nəfər həlak olmuş, 18 nəfər yaralanmışdır.

02 iyun 1993-cü il. Bakı dəmir yolu vağzalında sərnişin qatarının vaqonunun partladılması nəticəsində dövlətə külli miqdarda maddi ziyan dəymişdir. Partlayışın icraçısı Rusiya vətəndaşı İqor Xatkovski Ermənistan Respublikası Milli Təhlükəsizlik Baş İdarəsi kəşfiyyat şöbəsinin rəisi, polkovnik caan Ohanesyan tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək, cəsusluq və terrorçuluq məqsədilə Azərbaycana göndərildiyini, böyük insan tələfatı ilə nəticələnəcək partlayışlar törətmək tapşırığı aldığını etiraf etmişdir. İstintaq zamanı sübuta yetirilmişdir ki, həmin qrup 1992-1994-cü illərdə Rusiya ərazisindən Bakıya gələn sərnişin qatarlarında silsilə partlayışlar törətmişdir.

22 iyul 1993-cü il. Tərtər rayonunda törədilmiş partlayış nəticəsində 5 nəfər həlak olmuş, 18 nəfər yaralanmışdır.

Həmin gün Qazax rayonunun mərkəzində törədilmiş partlayış nəticəsində 6 nəfər həlak olmuş, 10 nəfər yaralanmışdır.

30 avqust 1993-cü il. Hadrut rayonu ərazisində "ZİL" markalı maşın partladılmış, nəticədə 2 nəfər həlak olmuşdur. Həmin hadisədən bir neçə gün sonra içərisində 12 nəfər kənd sakini olan "QAZ-66" markalı sərnişin avtobusu rayondan çıxarkən partladılmış, nəticədə 4 nəfər həlak olmuş, 8 nəfər ağır dərəcədə yaralanmışdır.

01 fevral 1994-cü il. Bakı dəmir yolu vağzalında "Kislovodsk-Bakı" sərnişin qatarında terror aktı törədilmiş, 3 nəfər həlak olmuş, 20 nəfər yaralanmışdır.

18 mart 1994-cü il. Xankəndi şəhəri yaxınlığında İran Hərbi Hava Qüvvələrinə məxsus "Herkules" tipli təyyarə vurulmuş, 34 diplomat və ailə üzvləri həlak olmşlar.

19 mart 1994-cü il. Bakı metropolitenin "20 Yanvar" stansiyasında törədilmiş partlayış nəticəsində 14 nəfər həlak olmuş, 49 nəfər yaralanmışdır. Məhkəmə sübut etmişdir ki, terror aksiyası Ermənistan xüsusi xidmət orqanları tərəfindən hazırlanmış, separatçı "Sadval" ləzgi təşkilatının üzvləri tərəfindən həyata keçirilmişdir.

Müəyyən olunmuşdur ki, "Sadval" separatçı təşkilatının həmin fəalları 1992-ci ildən etibarən dəfələrlə Ermənistanda olmuş, bu ölkənin Milli Təhlükəsizlik Baş İdarəsi təşkilatın formalaşmasında, maliyyələşməsində və silahlanmasında yaxından iştirak etmişdir. 1992-ci ilin aprel-may aylarında 30 nəfər milliyyətcə ləzgi olan Azərbaycan vətəndaşı Ermənistanın Nairi rayonunun Lusakert qəsəbəsində yerləşən təlim-məşq bazasında xüsusi terror-təxribat hazırlığı keçmişdir. İstintaq zamanı müəyyənləşdirilmişdir ki, təxribatçılar təlimata uyğun olaraq, "20 Yanvar" stansiyası ilə yanaşı Bakının "Nizami" kinoteatrında, Respublika sarayında və Bakı lampa zavodunda da partlayışlar törətməyi planlaşdırmışlar.

"20 Yanvar" metro stansiyasında partlayışın törədilməsində ittiham olunan və Ermənistanda xüsusi terror-təxribat hazırlığı keçmiş 30 sadvalçı cinayət məsuliyyətinə cəlb edilmişdir.

13 aprel 1994-cü il. Dağıstan Respublikasının "Daqestanskiye Oqni" stansiyası yaxınlğında "Moskva-Bakı" sərnişin qatarı partladılmış, 6 nəfər həlak olmuş, 3 nəfər yaralanmışdır.

03 iyul 1994-cü il. Bakı metropolitenin "28 May" və "Gənclik" stansiyaları arasında elektrik qatarındakı partlayış nəticəsində 13 nəfər həlak olmuş, 42 nəfər müxtəlif dərəcəli bədən xəsarəti almışdır.

Terror aksiyası Azərbaycan Respublikasının vətəndaşı, Dağlıq Qarabağ uğrunda gedən döyüşlər zamanı - 13 yanvar 1994-cü ildə əsir düşmüş və Ermənistan xüsusi xidmət orqanları tərəfindən məxfi əməkdaşlığa cəlb edilmiş Aslanov Azər Salman oğlu tərəfindən törədilmişdir. Məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdur ki, 14 yanvar 1994-cü ildə erməni separatçılarının ideoloqlarından biri, yazıçı Zori Balayan hərbi əsir, milliyətcə ləzgi Azər Aslanovla görüşmüş, azərbaycanlılara qarşı mübarizədə bütün azsaylı xalqların birgə fəaliyyət göstərmələrinin vacibliyini bildirmişdir. 9 iyun 1994-cü ildə Ermənistan xüsusi xidmət orqanlarının Artur adlı əməkdaşı A.Aslanovun Bakıdakı mənzilinə zəng vuraraq onun sağ olduğunu bildirmiş və azad olunması üçün yaxın qohumlarından birinin Yerevan şəhərinə gəlməsinin zəruriliyini qeyd etmişdir. 16 iyun 1994-cü il tarixində A.Aslanovun anası Tacibat Aslanova Yerevana gəlmişdir. Azər Aslanova anasının həyatının təhlükə altında olduğu bildirilmiş, bu təhdidlər altında o, Ermənistan xüsusi xidmət orqanları ilə "Ömər-75" təxəllüsü ilə daimi əməkdaşlığa cəlb edilmişdir. Azərbaycana maneəsiz gəlməsi üçün Azər Aslanovun adına saxta sənədlər hazırlanmış, partlayıcı maddə isə müvafiq qaydada peçenye, şokolad və dezodarant qutularında gizlədilmişdir.

A.Aslanov "Yerevan-Mineralnıye Vodı-Bakı" marşrutu ilə Azərbaycana gələrək, 3 iyul 1994-cü ildə Bakı metrosunun "28 May" və "Gənclik" stansiyası arasında qatarda terror aktını həyata keçirmiş və yenidən Ermənistana qayıtmışdır. Bu müddət ərzində Yerevanda girov saxlanılan anası yalnız bundan sonra azad olunmuşdur.

İstintaq zamanı müəyyən edilmişdir ki, terror aktının təlimatçıları Ermənistan xüsusi xidmət orqanlarının polkovniki Karen Baqdasaryan və kapitan Seyran Sarkisyan olmuşlar. Azərbaycan Respublikasının Ali Məhkəmə instansiyaları tərəfindən aparılmış araşdırmalar prosesində göstərilən terror aktlarının həyata keçirilməsində Dağlıq Qarabağın qeyri-qanuni reJiminin funksionerləri və Ermənistan Respublikasının xüsusi xidmət və digər dövlət orqanlarının təşkilatçılığı, maliyyə və texniki dəstəyi, əksər hallarda isə bilavasitə iştirakı prosessual qaydada sübuta yetirilmişdir.