YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Layihələr

ŞUŞA İLİ

Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir: “Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır.

Təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan və bu il 270 illiyi qeyd olunacaq Şuşa şəhəri zəngin inkişaf yolu keçmiş, Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynamışdır.

Bənzərsiz tarixi görkəmini və formalaşdırdığı özünəməxsus mühiti həmişə qoruyub saxlayan bu şəhər yetirdiyi böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmi və ictimai fikir salnaməmizə əlamətdar səhifələr yazmışdır.

Şuşa şəhərinin ötən əsrin 70-ci illərində sürətli inkişafı Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə sıx bağlıdır. Şəhərin inkişafına dair xüsusi qərarlar məhz Ulu Öndərin təşəbbüsü ilə qəbul edilmişdir. Həmin vaxtdan Şuşada quruculuq işləri geniş vüsət almış, mədəniyyət xadimlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atılmışdır.

Strateji mövqeyi ilə seçilən Şuşa Azərbaycana qarşı hərbi təcavüzə başlamış Ermənistanın silahlı qüvvələri tərəfindən 1992-ci il mayın 8-də işğala məruz qalmışdır. İşğal dövründə şəhərdəki yüzlərlə tarix və mədəniyyət yadigarı vandalizm aktları nəticəsində dağıdılmışdır.

Haqq işi naminə apardığımız 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu Şuşa şəhərini 2020-ci il noyabrın 8-də işğaldan azad etdi. Ermənistanın kapitulyasiyasına yol açan Şuşa qalibiyyəti xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilərək, tariximizə Zəfər Günü kimi həkk olundu.

Şuşa zəfərindən dərhal sonra şəhərdə infrastrukturun qurulması ilə yanaşı, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılmış, quruculuq işlərinin təşkilində çevikliyin, səmərəliliyin təmin olunması üçün burada dövlət idarəetməsinə böyük diqqət yetirilmiş, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi yaradılmışdır.

Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada bu gün şəhərin əsl tarixi simasının bərpası yönündə nəhəng layihələr gerçəkləşdirilir. Qısa müddətdə Şuşanın Baş planının hazırlanması, qüdrətli şair Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksinin öz ilkin görkəminə qaytarılması, Bülbülün ev-muzeyinin və Üzeyir Hacıbəylinin heykəlinin açılışları, habelə buradakı tarixi, dini və memarlıq abidələrinin bərpası prosesi ölkəmizin mədəniyyət paytaxtındakı kompleks işlərin tərkib hissəsidir.

Cıdır düzündə “Xarıbülbül” musiqi festivalının və Vaqifin möhtəşəm məqbərəsi önündə Vaqif Poeziya Günlərinin təşkili ənənəsinin bərpası da göstərir ki, Şuşa sürətlə dirçələrək əvvəlki dolğun mədəni həyatına qovuşmaq yolundadır”.

Prezident İlham Əliyevin 2022-ci ili “Şuşa ili” elan etməsi müstəsna əhəmiyyətə malikdir. Şuşa təkcə Azərbaycanın deyil, Qafqazın incisi, müasir sivilizasiyanın - bəşəriyyətin mədəniyyət xəzinələrindən, mənəviyyat nümunələrindəndir. Şuşa 30 ilə yaxın müddət ərzində Ermənistanın işğalı altında qalsa da, öz milli kimliyini - azərbaycanlı ruhunu itirməyib. Ermənilərin Şuşanın mədəni-siyasi aurasını dəyişdirmək, onu erməni şəhəri kimi təqdim etmək cəhdləri heç bir nəticə verməyib.

Əziz Şuşanın hərbi-siyasi əsarətdən xilas edilməsi Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan xalqının Zəfər yürüşünün möhtəşəm nəticəsi, Heydər Əliyev ideyalarının təntənəsi və çoxəsrlik dövlətçilik tariximizin zirvə hadisələrindən biri kimi qürur və iftixar səhifəsidir.

Hərbi-siyasi əsarətdən xilas edildikdən sonra Şuşa öz əzəmətini - möhtəşəmliyini, tarixi simasını bərpa etməkdədir. Qısa müddətdə Şuşanın Baş planının hazırlanması, qüdrətli şair Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksinin öz ilkin görkəminə qaytarılması, Bülbülün ev-muzeyinin və Üzeyir Hacıbəyovun heykəlinin açılışları, habelə buradakı tarixi, dini və memarlıq abidələrinin, Cıdır düzündə “Xarıbülbül” musiqi festivalının və Vaqifin möhtəşəm məqbərəsi önündə Vaqif Poeziya Günlərinin təşkili ənənəsinin bərpası bu baxımdan xüsusi vurğulanmalıdır.

2022-ci ilin “Şuşa ili” elan edilməsi, bir çox mühüm tədbirlərin, o cümlədən Zəfər Qurultayının Şuşada keçirilməsi isə bu prosesin davamı, yaxud prosesə tarixi töhfədir. Dövlətimizin başçısı bununla həm də milli - tarixi-mədəni və ictimai-siyasi yaddaşı təzələyir, gənc nəslə vətənpərvərlik, zəngin mədəni irsimizə bağlılıq hissi aşılayır, milli mirasımıza sahib çıxmaq nümunəsi göstərir.