Xəbərlər
Tarixin Böyük Zəfəri: birlik və həmrəylik nümunəsi
Pərvin Kərimzadə
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı
2020-ci il noyabrın 8-i Azərbaycan xalqının yaddaşına əbədi yazıldı. Həmin gün Azərbaycan Ordusu Şuşanı işğaldan azad edərək tariximizin ən şanlı səhifələrindən birini açdı. Bu hadisə təkcə hərbi qələbə deyildi, milli qürurun, dövlətçiliyin və mədəni dirçəlişin yeni mərhələsinin başlanğıcı idi. Prezident İlham Əliyevin “Əziz Şuşa, sən azadsan!” sözləri xalqın yaddaşında azadlığın, ədalətin və gücün simvoluna çevrildi. Bu qələbə illərlə formalaşan strateji iradənin və siyasi uzaqgörənliyin nəticəsi idi. Ulu Öndər Heydər Əliyev müstəqil dövlətin möhkəm ideoloji və institusional təməlini yaratmışdı. Dahi şəxsiyyətin siyasi xətti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi və yeni reallıqlar dövrünə uyğun şəkildə inkişaf etdirildi.
Müasir ordu quruculuğu, iqtisadi sabitlik, beynəlxalq arenada etibarlı tərəfdaş imici, bütün bunlar Azərbaycanın regionda söz sahibi olmasını təmin etdi. Nəticə isə Qarabağda tarixi ədalətin bərpası oldu. Şuşa Azərbaycanın mənəvi paytaxtıdır. Bura təkcə strateji mövqeyinə görə deyil, həm də mədəniyyətimizin beşiyi kimi xüsusi dəyərə malikdir. Xurşidbanu Natəvan, Bülbül, Üzeyir Hacıbəyli kimi dahilər bu torpağın övladlarıdır. Şuşanın azadlığı ilə sanki bu böyük şəxsiyyətlərin ruhu da azad oldu. Şəhər yenidən öz tarixi missiyasına qayıtdı, milli kimliyin, birliyin və yaradıcılığın mərkəzinə çevrildi. Prezident İlham Əliyevin təşəbbüsü ilə Şuşanın Azərbaycanın mədəni paytaxtı elan olunması, ardınca Türk dünyasının, İslam mədəniyyətinin və beynəlxalq turizmin paytaxtı kimi tanınması, bu şəhərin qlobal mədəniyyət xəritəsində öz yerini bərpa etdiyini sübut edir.
Azadlıqdan sonra Şuşada həyata keçirilən bərpa və yenidənqurma işləri qısa zamanda əsl dirçəliş nümunəsinə çevrildi. Tarixi abidələr bərpa olundu, yollar və yaşayış evləri tikildi, məktəblər, məscidlər, muzeylər, mədəniyyət ocaqları yenidən fəaliyyətə başladı. “Zəfər yolu” layihəsi həm qəhrəman əsgərlərimizin şücaətini simvolizə edir, həm də bu torpaqlara yeni həyat gətirir.
Şuşa artıq təkcə bərpa olunmuş bir şəhər deyil, eyni zamanda yenilənmiş, güclənmiş Azərbaycanın rəmzidir. Burada atılan hər addım ölkənin gələcəyinə olan inamı, sülhə və inkişaf yolunu təcəssüm etdirir. “Dəmir yumruq” ifadəsi bu gün sadəcə hərbi gücün deyil, həm də xalqın həmrəyliyinin, iradəsinin və birliyinin göstəricisinə çevrilib. Bu gün Şuşa həm keçmişin ruhunu, həm də gələcəyin enerjisini daşıyır. O, Azərbaycanın qalib iradəsinin, yaradıcılıq gücünün və milli həmrəyliyinin canlı rəmzidir. Şuşa dirçəlir, Şuşa yaşayır, Şuşa Azərbaycanın qəlbidir.
