YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Konstitusiya və Suverenlik İli”: demokratik inkişafın yeni mərhələsi

Nurlan Həsənov

Milli Məclisin deputatı

Azərbaycan Respublikasının Konstitusiyası dövlətin hüquqi-siyasi sütunlarını formalaşdıran, xalqın iradəsini və suverenliyini ifadə edən ali sənəddir. Hər bir demokratik dövlətin dayağı olan Konstitusiya cəmiyyətin idarəetmə mexanizmini, vətəndaşların hüquq və azadlıqlarını, dövlət orqanlarının fəaliyyət prinsiplərini müəyyənləşdirən Əsas Qanun kimi mühüm tarixi və hüquqi əhəmiyyət daşıyır.

Azərbaycanın konstitusiya tarixi mürəkkəb və eyni zamanda dövlətçilik ənənələrinin təkamülünü nümayiş etdirən bir proses olmuşdur. 1918–1920-ci illərdə fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyəti müstəqil dövlət kimi bir çox mühüm qanunvericilik təşəbbüslərinə imza atsa da, Konstitusiyanı qəbul etməyə imkan tapmamışdı. Bu səbəbdən ilk Əsas Qanun 1921-ci ildə - Azərbaycan SSR dövründə qəbul edilmişdir. Sonrakı illərdə – 1927, 1937 və 1978-ci illərdə qəbul olunan konstitusiyalar Sovet ideoloji prinsiplərinə uyğun tərtib olunsa da, milli maraqları tam əks etdirmirdi. 1978-ci il aprelin 21-də təsdiq edilən son Sovet konstitusiyasında Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 73-cü maddəyə Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması isə milli özünüdərkin qorunması baxımından mühüm hadisə idi.

1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı yeni hüquqi mərhələnin əsasını qoydu. Lakin o illərdəki siyasi qeyri-sabitlik və idarəetmə böhranı səbəbindən müstəqil Konstitusiyanın hazırlanması və qəbul olunması mümkün olmadı. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev ölkədə sabitliyin və hüquqi dövlətin bərpası istiqamətində mühüm addımlar atdı. Onun təşəbbüsü ilə yaradılmış Konstitusiya Komissiyası müasir demokratik prinsiplərə əsaslanan yeni Əsas Qanun layihəsini hazırladı. 1995-ci il noyabrın 12-də keçirilən ümumxalq referendumu nəticəsində seçicilərin 91,9 faizi bu sənədin qəbul edilməsinin lehinə səs verdi. Konstitusiya həmin il noyabrın 27-də qüvvəyə mindi və müasir hüquqi dövlət quruculuğuna böyük töhfə verdi.

Yeni Konstitusiya dövlət hakimiyyətinin bölgüsünü – qanunverici, icra və məhkəmə hakimiyyətlərinin qarşılıqlı balansını müəyyənləşdirdi. Əsas Qanunun 48 maddəsi insan hüquq və azadlıqlarına həsr olundu. Burada millətindən, dinindən və etnik mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşların bərabər hüquqlara malik olması təsbit edildi.

Konstitusiyanın qəbulu ilə Azərbaycan demokratik, hüquqi və dünyəvi dövlət quruculuğuna əsaslanan yeni mərhələyə qədəm qoydu.

Konstitusiyada hüquqi dövlət quruculuğunun müasir meyillərinə əsaslanaraq 1998-ci ildə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi təsis edilmişdir. Bu orqan vətəndaşların hüquqlarının müdafiəsində, qanunların Konstitusiyaya uyğunluğuna nəzarətdə mühüm rol oynayır. Sonrakı illərdə sosial-siyasi reallıqların inkişafına uyğun olaraq, Əsas Qanuna üç dəfə – 2002, 2009 və 2016-cı illərdə referendum yolu ilə dəyişikliklər olunmuşdur. Bu dəyişikliklər idarəetmənin təkmilləşdirilməsinə, insan hüquqlarının təminatına, dövlət institutlarının fəaliyyətinin səmərəliliyinə xidmət etmişdir. 2016-cı ildə Birinci vitse-prezidentlik institutunun yaradılması idarəetmədə çeviklik və məsuliyyət prinsipini daha da gücləndirmişdir.

2020-ci ilin 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər, 2023-cü ilin sentyabrında bərpa olunan tam suverenlik və ərazi bütövlüyü Konstitusiyanın bütün maddələrinin ölkə ərazisində tam tətbiqini təmin etmişdir. Bu tarixi nailiyyətlər nəzərə alınaraq 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilmişdir. Həmin qərar həm Konstitusiyanın qəbulunun 30-cu ildönümünü, həm də milli suverenliyin tam bərpasını özündə birləşdirərək müasir dövrümüzün simvoluna çevrilmişdir.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, xalqımızın Ümummilli Lideri, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış Konstitusiya müasir dünyanın sivil dəyərləri və qanun yaradıcılığı təcrübəsinə, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinə, milli və ümumbəşəri prinsiplərə söykənərək demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu üçün möhkəm təməl yaratmışdır. Həmin təməllər üzərində güclü və müasir dövlət qurulmuş, insan hüquqları və ədalət prinsipləri ictimai-siyasi həyatın əsas prioritetinə çevrilmişdir. Konstitusiyanın 30 illiyi münasibətilə təsis edilən “Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995–2025)” yubiley medalı bu tarixi sənədin dövlətçilik tarixindəki dərin mənasını bir daha xatırladır. Bu medal həm hüquqi ənənələrimizin, həm də sabit və suveren gələcəyimizin parlaq təcəssümüdür.

Konstitusiyamız həm də milli iradənin ifadəsi, suverenlik və ədalətin təminatçısıdır. Ümummilli Lider Heydər Əliyevin siyasi uzaqgörənliyi və Prezident İlham Əliyevin strateji dövlətçilik siyasəti nəticəsində Əsas Qanun müasir dövrün reallıqlarına tam uyğun şəkildə gələcəyin güclü hüquqi dövlət modelinə çevrilib.

DİGƏR Xəbərlər Arxiv