YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Beynəlxalq birlik müharibənin dayandırılmasını istəyirsə, Ermənistana təzyiq etməlidir ki, işğal etdiyi torpaqlarımızı tərk etsin

   Milli Məclisin deputatı Fatma Yıldırım

- Fatma xanım, bu gün Azərbaycan Ordusu Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizin azad olunması istiqamətində uğurlu hərbi əməliyyatlar keçirir. Bu barədə fikirlərinizi bilmək istərdik...

- Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun apardığı uğurlu hərbi əməliyyatlar nəticəsində uzun illərdir, işğal altında olan bir sıra ərazilərimiz düşmən işğalından azad edilib, həmin ərazilərdə indi Azərbaycan bayrağı dalğalanır. Ali Baş Komandan cənab İlham Əliyevin “Qarabağ Azərbaycandır!” çağırışı hər bir azərbaycanlının ürəyinin səsidir. 30 ilə yaxın yurd-yuvasından didərgin düşmüş yurddaşlarımızın ümid mənbəyidir. Bu, Ali Baş Komandan cənab İlham Əliyevin xalqa ünvanlanmış qələbə, Qarabağa qayıdış, xoşbəxtlik, sevinc nidaları duyulan çağırışıdır. Azərbaycan xalqı Prezidentimizin bu çağırışına səs verdi, hər şey vətən üçün şüarı altında birləşdi.

Əminəm ki, bu haqq işində uğur bizimlədir və tezliklə xalqımız qələbə sevincini qeyd edəcək. Bu gün Silahlı Qüvvələrimiz və hərbi heyətin ruh yüksəkliyi bütün dünyaya ordumuzun gücünü göstərməkdədir. Elə bu səbəbdəndir ki, ordumuz düşməni getdikcə daha çox qorxuya salaraq, tam demoralizə edir. Ordusuna tam güvənən hər bir Azərbaycan vətəndaşı, elə dünya ictimaiyyəti də çox yaxşı bilir ki, işğal altındakı ərazilərin tamamilə azad olunacağı gün uzaqda deyil. Beynəlxalq arenada qətiyyətli mövqe nümayiş etdirərək, bütün əsassız təzyiqlərə sinə gərən Azərbaycan xalqının liderinin çıxışları hər bir azərbaycanlının ürəyində qələbəyə olan inamı günü gündən artırır.

- Ermənistanın təcavüzkar ordusu dinc insanları, yaşayış məntəqələrini və mülki infrastrukturu ağır silahlardan atəşə tutur. Buna münasibətiniz necədir?

- Azərbaycan Ordusu qarşısında aciz qalan işğalçı Ermənistan xaincəsinə mülki əhalimizi, mülki infrastruktur obyektlərimizi atəşə tutur. Düşmən cəbhə xəttindən çox-çox uzaqda yerləşən şəhərlərimizi, Gəncə, Mincəçevir, Ağcabədi, Bərdəni və digər yaşayış məntəqələrini hədəfə alır. Mülki şəxslərimiz arasında həlak olanların sayı artmaqdadır. Bütün bunlar onu göstərir ki, terrorçu ermənilər çirkin əməllərindən əl çəkmirlər. Qarabağda ağır itkilər verən və məğlub olan düşmən, bununla, insanlarımız arasında qorxu və təşviş yaratmaq istəyir. İşğalçılar amansızca təmsil etdiyim Bərdə şəhərində mərkəzi küçələri, yaşayış məntəqələrini, eləcə də ətraf kəndləri ardıcıl olaraq atəşə tuturlar. Mülki əhali arasında 1 vətəndaşımız 1960-cı il təvəllüdlü Mehdiyeva Şəhriyar İsa qızı həlak olub, 2 nəfər isə ağır yaralıdır. Çox sayda yaşayış evləri və mülki obyektlər darmadağın olub. İşğalçı, terrorist erməni birləşmələrinin günahsız mülki insanlara yönəlmiş bu təcavüzünü şiddətlə qınayıram.

Bu məsələyə beynəlxalq ictimaiyyət niyə ciddi reaksiya vermir? Mən beynəlxalq təşkilatlara sual edirəm. Niyə müvafiq beynəlxalq təşkilatlar ermənilərin son günlərdə həyata keçirdiyi bu amansız cinayətlərə hər zamankı kimi göz yumur, onları terrorçu adlandırmaqdan çəkinir, onlara dur demirlər?! Savaş döyüş meydanında getməlidir, silahsız insanları öldürmək hərbi cinayətdir və beynəlxalq hüquqa ziddir.

Əgər terrorçu ermənilər vətəndaşlarımızı, o cümlədən, təmsil etdiyim Bərdə camaatını qorxutmaq istəyirlərsə, buna heç vaxt nail olmayacaqlar. İnsanlar öz evlərindədir, dövlətimizə, Ali Baş Komandanımıza, Ordumuza güvənirlər. Biz döyüş meydanında qalib gələcəyik. Bizim Ordumuzun mülki insanlarla işi yoxdur. Erməni əsgəri ilə bizim fərqimiz elə bundadır.

- Bəzi beynəlxalq dairələr işğalçı Ermənistana dəstək nümayiş etdirirlər. Bu kimi qərəzli mövqe və ikili standartlar münaqişənin ədalətli həllinə əsas maneələrdən biri deyilmi?

- Təəssüf ki, belə faktlara rast gəlirik. Hətta ATƏT-in Minsk qrupunun həmsədrlərindən olan Fransanın prezidenti işğalçı Ermənistana açıq dəstək nümayiş etdirdi. Fransa prezidenti Makron açıq şəkildə tərəf olduğunu və Ermənistanın haqsız mövqeyini dəstəklədiyini dilə gətirirsə, hansı vasitəçilikdən, sülh danışıqlarından söhbət gedə bilər?! Unutmayaq ki, 2016-cı ildə Aprel döyüşləri zamanı da beynəlxalq ictimaiyyət bizim sülh danışıqlarına davam etməyimizlə bağlı çağırış etmişdi. Lakin 4 il keçməyinə baxmayaraq, Dağlıq Qarabağ probleminin həlli istiqamətində danışıqlar masasında heç bir ciddi addım atılmadı.

Bu gün isə Ermənistanın gizli havadarları artıq özlərini ifşa edərək açıq şəkildə işğalçı ermənilərin yanında olduğunu bildirirlər. Belə olan halda, yenidən danışıqlara başlamağın heç bir anlamı yoxdur. Əgər onlar bu müharibənin davam etməsini istəmirlərsə, işğalçı Ermənistan silahlı qüvvələri torpaqlarımızı xoşluqla tərk etməlidir. Beynəlxalq birlik də  müharibənin dayandırılmasını istəyirsə, Ermənistana təzyiq etməlidir ki, işğal etdiyi torpaqlarımızı tərk etsin. Əks halda qüdrətli ordumuz torpaqlarımızı mənfur düşməndən təmizləyəcək.

- İşğaldan azad olunmuş kəndlərin tarixi adları da bərpa edilir. Bunun əhəmiyyəti nədən ibarətdir?

- Prezidentimiz cənab İlham Əliyev işğaldan azad olunan Madagizin adının dəyişdirilib Suqovuşan adlandırılmasını elan etdi. Milli Məclis bu barədə qanun qəbul qəbul etdi və dövlət başçısı həmin qanunu təsdiqlədi. Bununla da həmin kəndin tarixi adı özünə qaytarıldı. Bu çox qürurverici və sevindirici haldır. Dağlıq Qarabağda hələ Sovet dövründən etibarən tarixi adların dəyişdirilməsinə cəhdlər göstərilirdi. Bizim öz dədə baba torpaqlarımızda qucaq açdığımız, çörəyimizi böldüyümüz bu faşist təfəkkürlü ermənilərin gələcək planlarını hələ o vaxtdan bəlli edirdi. Torpaqlarımızı işğal etdikdən sonra, ordakı qondarma xunta rejimi həyasızcasına bütün kəndlərimizin tarixi adlarını dəyişdiriblər. Toponimlərin dəyişdirilməsi ilə onlar bizim torpaqlarımızda dərin köklərimizin izlərini silmək istəyirlər.

Belə bir halda hələ də ATƏT-in Minsk qrupu həmsədrləri məgər illərdir davam edən bu prosesi görmürlər?! Niyə vaxtında bizim beynəlxalq hüquqla tanınan ərazilərimizdə belə halların baş verməsinə imkan veriblər?! Açıq-aşkar yenə də tərəfli münasibət sərgiləyirlər. Hesab edirəm ki, ermənilər tərəfindən xalqımıza qarşı törədilən bu mənəvi soyqırımla bağlı da beynəlxalq ictimaiyyət məlumatlandırılmalıdır. Cənab Prezident verdiyi bu qərarla sübut etdi ki, bizim torpaqlarımız öz tarixi adlarına mütləq qovuşacaqdır.