YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Təhsilin inkişafı daim dövlətimizin diqqət mərkəzindədir

Müsahibimiz Milli Məclisin deputatı Leyla Abdullayeva

- Leyla xanım, təhsil sahəsinin inkişafı Azərbaycan dövləti üçün prioritet istiqamətlərdən biridir. Siz həm bir təhsil işçisi, həm də millət vəkili olaraq, dövlətin təhsil sahəsində həyata keçirdiyi islahatları necə qiymətləndirirsiniz?
- Həqiqətən, ölkəmizdə təhsilin inkişafına böyük diqqət mövcuddur. “Cəmiyyət təhsilsiz inkişaf edə bilməz” – bu sözlər Ulu öndər Heydər Əliyevə məxsusdur. Ümummilli liderimiz daim təhsilə qayğı ilə yanaşır, onun əhəmiyyətini vurğulayırdı. Məhz Ulu öndərin rəhbərliyi ilə təhsil sistemində islahatların əsasını təşkil edən mühüm sərəncamlar, fərmanlar imzalanmışdır. İnkişaf etmiş dövlətin qurulması üçün birinci amil yüksək təhsil səviyyəsinin olmasını hesab edən ölkə başçısı İlham Əliyev tərəfindən də Azərbaycan təhsilində sistemli islahatlar aparılaraq Ulu öndərin təhsil siyasəti uğurla davam etdirilir. Cənab Prezidentin apardığı məqsədyönlü siyasət nəticəsində ölkə iqtisadiyyatı inkişaf etmiş və hər bir sahədə olduğu kimi təhsil sahəsinin də inkişafı üçün təməl olmuşdur. Hazırda təhsilimizin ayrı-ayrı sahələri deyil, o bütövlükdə kompleks şəkildə inkişaf edir.
Təhsil sahəsi daim möhtərəm Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Cənab Prezident qeyd edir ki, “Biz inkişaf etmiş ölkələrin təcrübəsini yaxşı bilirik. Və görürük ki, o ölkələr sözün əsl mənasında inkişaf edir ki, orada təhsilin səviyyəsi yüksəkdir. Biz çalışırıq ki, Azərbaycanda bu sahəyə daim diqqət göstərilsin, praktiki tədbirlər görülsün, həm təhsil sisteminin maddi-texniki bazası güclənsin, eyni zamanda və ən önəmlisi təhsilin keyfiyyəti artsın.
- Təhsilin inkişafı ilə bağlı dövlət proqramları həyata keçirilir. Sizcə, bu proqramların əhəmiyyəti nədən ibarətdir?
- Təhsil sahəsində aparılan islahatlar, qəbul olunan Dövlət Proqramları: 2005-2009-cu illərdə məktəblərin avadanlıqlarla təmin olunması, 2008-2012-ci illərdə məktəb tikintisi, təhsil sisteminin informasiyalaşdırılması, 2011-2021-ci illərdə Azərbaycanda təhsilin inkişafı üzrə Milli Strategiyanın hazırlanması, müsabiqələrin keçirilməsi bir daha təhsilin dövlət başçısının diqqət mərkəzində olduğunun göstəricisidir.
Prezident İlham Əliyev tərəfindən Azərbaycan təhsilində sistemli islahatlar aparılması ilə yanaşı, təhsilə dövlət tərəfindən ayrılan xərclərin də miqdarı ölkədəki ümumi iqtisadi inkişafa paralel şəkildə dəfələrlə artırılmışdır. Belə ki, dövlət büdcəsindən təhsilə ayrılan xərclər 2003-cü ildə 243 milyon manat idisə, 2013-cü ildə bu rəqəm 1,5 milyard manata yüksəlmişdir. Deməli, 10 il ərzində cənab İlham Əliyevin Prezident kimi fəaliyyətinin iqtisadi nəticələrindən biri kimi dövlət büdcəsindən təhsilə ayrılan xərclər 6 dəfə artmışdır.
Cənab Prezidentin ölkəyə rəhbərlik etdiyi illər ərzində təhsilin inkişafı ilə bağlı qarşıya qoyulmuş hədəflərdən biri də yeni ümumtəhsil məktəblərinin tikintisi, mövcud məktəblər üçün əlavə korpusların inşası, onların əsaslı təmiri, müasir avadanlıqlarla təminatı, istilik sisteminin bərpası, ümumilikdə infrastrukturun yenilənməsi oldu. Qəbul olunmuş Dövlət Proqramlarında təhsil müəssisələrinin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsini də əsas istiqamətlərdən biri kimi qeyd etmək lazımdır. Məktəblərdə əsaslı təmir-tikinti işlərinin aparılması, müasir tipli yeni təhsil ocaqlarının tikilb istifadəyə verilməsi Azərbaycan Respublikası regionlarının sosial iqtisadi inkişafı Dövlət Proqramlarında öz əksini tapdı. Eyni zamanda “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin avadanlıqlarla təmin olunmasına dair İnkişaf Proqramı” bu sahədə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini təmin etmiş oldu. Bölgələrin sosial-iqtisadi inkişafı sahəsində tədbirlərin davam etdirilməsini nəzərdə tutan “Azərbaycan Respublikası regionlarınnın 2009-2013-cü illərdə inkişafı Dövlət Proqramı”nda da bir sıra sahələrlə yanaşı, təhsil infrastrukturunun müasirləşdirilməsi məsələsinə xüsusi yer ayırdı.
Cənab Prezidentin ölkəyə rəhbərlik etdiyi son 10 ildə rəqabət qabiliyyətli iqtisadi sistemin formalaşdırılması və davamlı inkişafın təmin edilmıəsi baxımından ölkənin müasir tələblərə cavab verən kadrlara ehtiyacını ödəmək üçün gənclərin xaricdə təhsil alması dövlət siyasətinin əsas prioritetlərindən olmuşdur. Gənclərin ölkə üçün zəruri ixtisaslar üzrə xaricdə təhsil almalarını və ölkənin inkişafının mühüm amilinə çevrilmələrini təmin etmək məqsədilə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə Sərəncam da imzalanmışdır.
Uğurla həyata keçirilən Dövlət Proqramı və eləcə də digər təhsil formaları üzrə demək olar ki, Avropa ölkələrinin əksəriyyətində, ABŞ, Kanada, Rusiya, Türkiyə, Çin, Yaponiya, Cənubi Koreya və digər ölkələrdə minlərlə Azərbaycan vətəndaşı təhsil alır. Xarici ölkələrdəki gənclərimiz təhsil almaqla yanaşı, həm də Azəıbaycan xalqının təmsilçisi, onun qədim mədəniyyətinin, adət və ənənələrinin təbliğatçılarıdır.
Xüsusi qeyd etmək istərdim ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın adı təhsilə aid çoxsaylı layihələrlə bağlıdır. Heydər Əliyev Fondu Azərbaycanın təhsil sistemini təkmilləşdirmək və onun dünya təhsil sisteminə inteqrasiyasını təmin etmək üçün yüzlərlə məktəb, onlarla uşaq bağçası və ixtisaslaşdırılmış uşaq məktəbləri tikdirib, təmir etdirib, bu müəssisələr yüksək standartlar səviyyəsində təchiz olunub. Fondun təşəbbüsü ilə təkcə Azərbaycanda deyil, dünyanın bir neçə ölkəsində məktəblər yaradılıb. “Yeniləşən Azərbaycana – yeni məktəb” proqramı çərçivəsində istər daimi yaşayış yerlərinə malik uşaqlar, istərsə də qaçqın və məcburi köçkün ailələri, müxtəlif aztəminatlı sosial qruplar, habelə diaspor nümayəndələrinin övladları üçün inşa edilən və müasir avadanlıqla təchiz olunan məktəblər Fondun gördüyü əzəmətli işin yalnız bir hissəsidir. Bütün bunlar bir daha onu göstərir ki, təhsil sahəsinin inkişafı Azərbaycan dövləti üçün prioritet istiqamətlərdən biridir.
24 oktyabr 2013-cü il tarixdə ölkə Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nı təsdiq etmişdir. Bu sənədin əsas məqsədi keyfiyyət səviyyəsinə görə dünyada qabaqcıl mövqe tutan təhsil sistemi formalaşdırmaqdır. Güclü və dinamik inkişaf edən Azərbaycana yüksək intellektli kadrlar lazımdır. Bu cür kadrların hazırlanması üçün güclü təhsil olmalıdır və Dövlət Strategiyasında göstərildiyi kimi islahatların aparılması daha da yetkin vətəndaşların yetişdirilməsinə zəmin yaradacaqdır. Strategiyanın reallaşdırılması təhsilin məzmununun, kadr hazırlığının, təhsildə idarəetmənin yenidən qurulmasına imkan verəcək, davamlı inkişafı təmin edəcəkdir.
- Bəs bu sahədə qanunvericilik bazasını necə dəyərləndirmək olar?
- Təhsil sahəsində müvafiq qanunumuz vardır. Bildiyiniz kimi, 2010-cu ildə Azərbaycan Respublikasının «Təhsil haqqında» Qanunu qəbul edilmişdir. Hesab edirəm ki, bu qanun Avropanın əksər analoji qanunlarından daha mükəmməlidir. Bu qanuna günün tələblərinə uyğun olaraq çoxsaylı əlavə və dəyişiklik edilib və edilməkdədir. Bu da normaldır. Qanunvericilik fəaliyyətinin mahiyyəti də elə məhz bundan ibarətdir – hər sahədə günün tələblərinə uyğun olaraq ictimai münasibətləri tənzim edən hüquq normaları yaratmaq. Təhsil elə bir sahədir ki, orada daim dəyişikliklərin olması qaçılmazdır. Buna müvafiq olaraq da yeni normativ-hüquqi aktlar qəbul ediləcəkdir. Onu da qeyd edim ki, Milli Məclisin yaz sessiyasının iş planına “Elm haqqında” Azərbaycan Respublikasının yeni qanun layihəsi salınmışdır. Yəqin ki, bu yaxınlarda bu layihə plenar iclasa çıxarılacaq və imkan verəcəkdir ki, elmin müasir, qloballaşan dünyada yeni çağırışlara cavab verən inkişafına nail olaq. Bildiyimiz kimi, bu sahəyə də cənab Prezidentin böyük qayğısı var. AMEA-da son dövrlərdə xeyli işlər görülür. Bu qanunun qəbulu da, şübhəsiz ki, bu proseslərə müsbət təsir edəcəkdir.
- Siz Milli Məclisin Mədəniyyət komitəsinin üzvüsünüz. Bu sahə ilə əlaqədar qanunvericilikdə hansı yeniliklər nəzərdə tutulur?
- Hesab edirəm ki, bizim komitə əsas işi artıq görmüşdür. Belə ki, “Mədəniyyət haqqında Azərbaycan Respublikasının Qanunu” bu yaxınlarda qəbul edildi. Qanun, belə demək mümkünsə, mədəniyyət sahəsinin konstitusiyasıdır. Qanunda bu sahəyə aid əsas müddəalar, prinsiplər yer almışdır. Bu sənəd Azərbaycan Respublikasında dövlət mədəniyyət siyasətinin məqsəd və prinsiplərini, mədəniyyət fəaliyyəti subyektlərinin hüquq və vəzifələrini, mədəniyyət sahəsində hüquqi, təşkilati, iqtisadi və sosial təminatları müəyyən edir, mədəni sərvətlərin yaradılması, toplanması, tədqiqi, təbliği və qorunması sahəsində yaranan münasibətləri tənzimləyir. Qanunda ilk dəfə yeni sahələr, məsələn, kulinariya sahəsi də milli mədəniyyətimizin tərkib hissəsi kimi təsbit edilmişdir. Eyni zamanda restitusiya – xaricdə olan milli mədəni sərvət nümunələrimizin imkan daxilində qaytarılmasının nəzərdə tutulmasını da yenilik kimi qeyd edə bilərəm.
Digər yenilik isə yenə də milli mətbəx mədəniyyəti ilə bağlıdır. Bu sahə ilə əlaqədar biz qanun layihəsi hazırlamışıq. Bu da ilk belə layihədir. Mədəniyyət komitəsinin üzvləri bu layihəni mübət qarşılamışlar və indi bu layihə Milli Məclis Aparatındadır.
Azərbaycan mədəniyyəti haqqında danışarkən Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın xidmətlərini xüsusi qeyd etmək lazımdır. Mehriban xanım Əliyeva Azərbaycan mədəniyyətinin himayədarıdır. Azərbaycan mədəniyyətinin qorunması və dünyada tanıdılması istiqamətində Heydər Əliyev Fondu, onun prezidenti Mehriban xanım Əliyevanın gördüyü işlər ölçüyəgəlməzdir.
- Leyla xanım, Siz Sumqayıt şəhərini təmsil edən millət vəkilisiniz. Son illər Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafı fonunda Sumqayıt şəhərindəki quruculuq işləri haqqında da fikirlərinizi bilmək istərdik...
- Sumqayıtdan seçilən bir deputat kimi qeyd edim ki, şəhərimiz daim ölkə başçısının diqqət mərkəzindədir. Cənab Prezident dəfələrlə şəhərimizə səfərlər etmişdir, Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmiş, Cümə məsçidində əsaslı təmir işləri və Bayraq Meydanında yaradılan şəraitlə tanış olmuşdur. Eyni zamanda, ölkə Prezidenti Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Sumqayıt “ASAN xidmət” mərkəzinin və “Gilan” Tekstil Parkının açılış mərasiminə qatılmışdır. Mərasimdə dövlət başçısı demişdir: “Sumqayıt doğrudan da gözəlləşir, müasirləşir. Gözəl parklar salınır, binalar təmir olunur, istirahət yerləri, bulvar salınır. Yəni doğrudan da müasir şəhərə çevrilir. Sumqayıt bir böyük sənaye mərkəzi kimi artıq inkişaf yolundadır. Burada həm ağır, həm yüngül sənaye, kimya sənayesi ənənəvi olaraq inkişaf edir. Belə gözəl müəssisələrin yaradılması ölkəmizin gücünü göstərir. Növbəti səfərində şəhərdə 1 nömrəli Sumqayıt şəhər xəstəxanası əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilmiş, Sumqayıt Kimya Sənaye Parkının təməlqoyma mərasimi olmuş, Sumqayıt Kimya Sənaye Parkı ərazisində “Azərtexnolayn” MMC-nin polad-boru zavodu açılmışdır. Eyni zamanda, “Sağlam qida” aqrar-sənaye kompleksi istifadəyə verilmişdir. Açılış mərasimlərində iştirak edən dövlət başçısı demişdir: “Sumqayıt şəhərinin yeni sənaye inkişafı dövrü bu gün başlayır. Kimya Sənaye Parkının yaradılması sənaye inkişafının yeni mərhələsi olacaqdır. Bu müəssisələr və Sumqayıt Kimya Sənaye Parkının yaradılması və inkişafı ölkəmizin sənaye potensialını gücləndirəcəkdir.”
Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bu il “Sənaye ili” elan edilmişdir. Sumqayıt isə Bakıdan sonra Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzidir. Prezident İlham Əliyev də dəfələrlə vurğulamışdır ki, Sumqayıt gələcəkdə dünya miqyasında ən böyük sənaye mərkəzlərindən biri olmalıdır. Bu gün Sumqayıt əhalisi ölkədə gedən inkişafa, əhalinin rifah halının gündən-günə yüksəlməsinə görə cənab Prezidentə minnətdardırlar.