YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Milli Qurtuluşa gedən çətin və şərəfli yol

   Milli Məclisin deputatı, iqtisad elmləri doktoru, professor Eldar İbrahimov

  -Eldar müəllim, müstəqillik tariximizin şanlı səhifəsi, ölkəmizin, xalqımızın taleyində dönüş nöqtəsi kimi dəyərləndirilən 15 iyun 1993-cü il tarixindən bizləri 29 illik zaman ayırır. 29 il dünənimiz, bugünümüz və gələcəyimiz barədə nələri açıqlayır?

-XX əsrin əvvəllərində ilk dəfə olaraq öz azadlığına qovuşaraq  suveren dövlət kimi formalaşmağa başlayan Azərbaycan Cümhuriyyətini qoruyub saxlamaq mümkün olmadığından  cəmi 23 ay fəaliyyət göstərə bildi. Lakin əsrin sonunda Heydər Əliyev qətiyyəti və siyasi uzaqgörənliyi ilə xalqımızın bu istəyi reallığa çevrildi. Bugünkü müstəqil və müasir Azərbaycan Respublikası  xalqımızın uzun illər ürəyində yaşatdığı istiqlal istəyinin gerçək həyatda ifadəsi, onun milli mənliyinin təcəssümüdür!  İkinci dəfə müstəqillik əldə etməsindən keçən 31 il müddətində  Azərbaycan  Respublikası   sübut etmişdir ki, o,  heç kimdən asılı olmadan sərbəst yaşamaq iqtidarında olan, başqa  ölkələrə yük olmadan dünyanın bir nömrəli problemi sayılan  enerji təhlükəsizliyinin təmin edilməsinə özünün layiqli töhfəsini verən və etibarlı tərəfdaş imici qazanmış bir ölkədir. Bütün bu fəaliyyətin əsasında isə Azərbaycan xalqının həyatına yeni və xoşbəxt gələcəyi olan dövrün başlanğıcı kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü dayanır. Məhz həmin gün Azərbaycan xalqının görkəmli oğlu, dünya şöhrətli ictimai və dövlət xadimi Heydər Əlirza oğlu Əliyevin Azərbaycan Parlamentinə sədr seçilməklə ikinci dəfə siyasi hakimiyyətə gəlməsi şanlı tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Vətənini, xalqını sevən, o dövrkü çətin və ağrılı günlərin dəhşətlərini yaşayan  insanlar üçün 15 iyun  əsl qurtuluş tarixi, Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir. Bununla yanaşı, hazırkı və gələcək nəsillərdə  təbii bir sual yarana bilər  ki, nəyə görə məhz Heydər Əliyevin ölkə hakimiyyətinə qayıdışı bayram günü kimi qeyd olunur. Bu suala cavab vermək üçün Heydər Əliyevin Azərbaycan Respublikasının inkişafı  və Azərbaycanda milli özünüdərk prosesinin qüvvətlənməsi sahəsində   fəaliyyətinə qısaca nəzər yetirmək kifayətdir.

Belə ki, keçən əsrin 80-ci illərinin sonu 90-cı illərin əvvəlində Azərbaycan ölkəmizi sevməyən xarici və daxili qüvvələrin yaratdığı həlli çətin görünən problemlə üzləşmişdi. Ermənistanda və Azərbaycanın Qarabağ bölgəsində yaşayan azərbaycanlıların öz doğma  yurdlarından ermənilər tərəfindən zorla  didərgin salınması, Dağlıq Qarabağ münaqişəsinin genişlənməsi və bölgədə olan rayonların  dalbadal işğalı, müəyyən ərazilərdə  separatizm meyllərinin təhlükəli vəziyyət alması, iqtisadi tənəzzül və xalqın  sosial rifahının getdikcə pisləşməsi və digər neqativ proseslər. Bütün bunlar o dövrün adi mənzərəsi idi. Xaos və özbaşınalıq, vətəndaş müharibəsi təhlükəsi insanlarda ölkənin gələcəyi ilə bağlı böyük suallar doğururdu. Belə bir çox çətin və mürəkkəb vəziyyətdən çıxış yolunu hamı Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışında görür, ona etibar edir və  görkəmli dövlət xadiminə böyük ümidlər bağlayırdı. Dövlət­çi­li­yi­mizin müqəddəratının həll edildiyi 1993-cü ilin vahi­məli iyun günlərində xalqın təkidli tələbi ilə Heydər Əliye­vin ölkə rəhbərliyinə qayıdışı Azərbaycanı məhv olmaq fəla­kətindən, Xalq Cümhuriyyətinin aqibətindən xilas etməklə onu davamlı və dayanıqlı inkişaf yoluna çıxardı.

-Ümummilli Liderin Azərbaycan xalqı və dövlətçiliyi qarşısında misilsiz  xidmətləri heç də təsadüfi  və asan olmamışdır…

- Ulu öndər Heydər Əliyev ilk dəfə 1969-1982-ci illərdə SSRİ-nin tərkibində olan Azərbaycan Sovet Sosialist Respublikasına Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin  birinci katibi kimi rəhbərliyə başlamışdır. O, fəaliyyətə başladığı ilk gündən xalqına bağlı olduğunu, respublikanın və onun bölgələrinin sosial-iqtisadi inkişafına nail olmaq üçün əzmkarlıqla çalışdığını və əhalinin rifahının yaxşılaşmasına xüsusi önəm verməsini əyani surətdə göstərdi.  Həmin dövrdə iqtisadiyyatın bütün sahələrində olduğu kimi ölkəmiz üçün ənənəvi sahə olan kənd təsərrüfatının inkişafında da möhtəşəm nailiyyətlər əldə olundu. Həmin dövrdə təsərrüfatların maddi-texniki bazası yeni texnika və texnologiya ilə möhkəmləndi, əkinçilik mədəniyyəti əsaslı surətdə yüksəldi, bitkiçilik və heyvandarlığın intensiv inkişafı təmin edildi, heyvandarlıq məhsullarının sənaye üsulu ilə istehsalının təşkili üçün heyvandarlıq kompleksləri və quşçuluq fabrikləri fəaliyyətə başladı. Heydər Əliyevin uzaqgörənliklə həyata keçirdiyi iqtisadi siyasət, göstərdiyi əzmkarlıq, tələbkarlıq və yüksək idarəetmə qabiliyyəti nəticəsində aqrar-sənaye kompleksinin digər sahəsi olan aqrar maşınqayırma sənayesi, mineral gübrə və kənd təsərrüfatı üçün lazım olan digər maddi-texniki vasitələr istehsalı də təşəkkül tapdı. Bu məqsədlə yeni zavodlar tikildi və mövcud zavodlar genişləndi. Həmin dövrdə kənd təsərrüfatı məhsulları istehsalının artımı ilə yanaşı, bu məhsulların emalı ilə məşğul olan müəssisələrin şəbəkəsi də böyüdü. Üzüm emalı zavodları tikilib istifadəyə verildi, mövcud pambıq emalı zavodları modernləşdi və yeniləri tikildi, çay, tütün, fındıq, meyvə, tərəvəz, ət, süd və digər məhsulların emalı müəssisələri tikilib istifadəyə verildi. Kənd təsərrüfatı və emal sənayesinin inkişafı respublikamızda yüngül və yeyinti sənayesinin də inkişafına təkan verdi. Aqrar sahədə həyata keçirilən bu düşünülmüş siyasət nəticəsində Azərbaycan ittifaqda geridə qalmış kənd təsərrüfatı respublikasından qabaqcıl aqrar-sənaye kompleksinə malik bir diyara çevrildi və həmin vaxt ümumi daxili məhsulun 30-35 faizi bu bölmənin  hesabına təmin edilirdi.

Azərbaycanda iqtisadiyyatın bütün sahələrinin inkişafı ilə yanaşı, qaz, işıq, su, rabitə, yol və digər infrastruktur sahələrin genişlənməsi təmin edildi,  şəhərlərin və kənd ərazilərinin sosial siması kökündən dəyişdi, əhalinin rifah halı əsaslı surətdə yaxşılaşdı. Həmin vaxtlar Heydər Əliyevin təşəbbüsü ilə minlərlə azərbaycanlı gənc keçmiş Sovet İttifaqının aparıcı elm və tədris ocaqlarına  göndərilmiş və yeni istehsal sahələri ilə bağlı ixtisaslara yiyələnmişdir. Bu dövrdə milli kadr  korpusu yaradılmış, dövlət idarəçiliyi təsisatları möhkəmləndirilmiş, elm, səhiyyə, təhsil, mədəniyyət və incəsənət sahələrində ciddi uğurlar qazanılmış, ən başlıcası isə xalqın milli mənlik şüurunun inkişaf etdirilməsində mühüm irəliləyişlər əldə edilmişdir. Azərbaycan Respublikası İttifaq büdcəsindən dotasiya almadan yaşayan  iki respublikadan biri idi.  Bu da Azərbaycan Respublikasının siyasi və iqtisadi  müstəqilliyinə  tam zəmanət verən bir vəziyyət idi.

Ümummilli lider  Heydər Əliyevin Azərbaycanda həyata keçirdiyi möhtəşəm quruculuq işləri, yüksək idarəçilik qabiliyyəti, dövlətçiliyi inkişaf etdirmək bacarığı və rəhbər işçi kimi böyük potensiala malik olması İttifaq rəhbərliyinin diqqətini cəlb etdi. Heydər Əliyev 1982-ci ildə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edildi və bu vəzifədə işlədiyi müddətdə İttifaqda mövcud olan ən problemli sahələrin həlli ilə dərindən məşğul olaraq həmin sahələrin inkişafını təmin edirdi. Heydər Əliyev artıq SSRİ-nin bütün bölgələrində bacarıqlı və işgüzar bir rəhbər kimi tanınaraq yüksək nüfuz sahibi idi. O, tez-tez inkişaf etmiş ölkələrdə olur, onlarla əməkdaşlıq problemlərini müzakirə edir və dünyanın siyasi elitasında hörmətlə qarşılanırdı. Onun liderlik məharəti, ittifaqda və beynəlxalq aləmdə böyük nüfuzu, məhsuldar işləmək qabiliyyəti xoşniyyətli insanları sevindirir, bir çox bədxahlarda isə ona qarşı paxıllıq hissi yaradırdı. Bu paxıllığın  nəticəsi idi ki, 1987-ci ildə Heydər Əliyevə qarşı SSRİ rəhbərliyində, xüsusilə Sov.İKP MK-nın Baş katibi Qorbaçov tərəfindən aparılan  təqiblərə cavab olaraq o, vəzifəsindən istefa verməyə məcbur oldu və təqiblərə məruz qaldı.

Bununla belə bütün qadağalara baxmayaraq Heydər Əliyev SSRİ-də  və Azərbaycanda gedən prosesləri diqqətlə  izləməkdə davam edir, öz xalqı ilə birgə nəfəs alırdı. Onun gücü də məhz bunda idi. 1990-cı il yanvarın 20-də Sovet qoşunları Bakıda qırğın törədəndən sonra buna ən sərt şəkildə etiraz edən də məhz ümummilli lider idi.  Həmin vaxt o, böyük cəsarət nümayiş etdirərək Azərbaycanın Moskvadakı nümayəndəliyinin binasında təşkil edilən mətbuat konfransında SSRİ-nin rəhbərliyini açıq formada kəskin tənqid edib xalqı ilə birlikdə olduğunu bəyan etmişdi.

Heydər Əliyev bir müddət Moskvada yaşadıqdan sonra SSRİ adlı imperiyanın məhv olacağına tam əmin olduğundan öz ölkəsində və doğma diyarı olan Naxçıvanda yaşamağa üstünlük verdi və 1990-cı il iyulun 22-də Naxçıvana gəldi.

-Eldar müəllim, ulu öndər Heydər Əliyevin xidmətlərinin  Naxçıvan mərhələsini necə şərh edərdiniz?

-Həmin vaxtlar blokada şəraitində olan Naxçıvan özünün ən çətin günlərini yaşayırdı. Muxtar Respublikanın əhalisi bir tərəfdən Ermənistanın hücumlarının qarşısının almağa, digər tərəfdən isə bütün SSRİ məkanında baş alıb gedən hərc-mərclik və xaos nəticəsində  bölgədə yaranmış siyasi, iqtisadi və sosial  çətinlikləri aradan qaldırmağa çalışırdı. Belə bir vəziyyətdə tanınmış siyasi xadim, həmişə vətəni və xalqı  üçün həvəslə çalışmış  Heydər Əliyev Azərbaycan Respublikasının müstəqil bir dövlət kimi fəaliyyət göstərməsi naminə əsl mücadiləyə qalxdı. Onun müstəqillik uğrunda əzmkarlıqla mübarizə apardığını görən Naxçıvan əhalisi  Heydər Əliyevi 1990-cı ilin sentyabr ayında  Naxçıvan Muxtar Respublikasının və Azərbaycan SSR-nin Ali Sovetinə deputat seçdi.

Heydər Əliyev sessiyalarda Dağlıq Qarabağ problemi ilə əlaqədar Bakı rəsmilərinin yeritdiyi siyasəti və Moskvanın mövqeyini kəskin tənqid edir, SSRİ-nin tezliklə dağılacağını bəyan edirdi. Lakin həmin vaxtlar ölkəyə rəhbərlik edən iqtidar bu fikirlərə məhəl qoymur, Kremlə sədaqət nümayiş etdirirdi. Buna baxmayaraq Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının yaradılması üçün mübarizəsini davam etdirirdi. 1990-cı ilin noyabr ayının 17-də Muxtar Respublikanın Ali Sovetinin birinci sessiyasında Heydər Əliyevin təşəbbüsü ilə doğma Azərbaycanımızın üçrəngli bayrağı qaldırıldı və bununla da həmin vaxtdan müstəqilliyimizin ikinci dəfə əsası qoyuldu. Bundan başqa onun təklifi ilə Muxtar Respublikanın adından “Sovet Sosialist” sözləri çıxarıldı və Naxçıvan MR Ali Soveti Ali Məclis adlandı. Habelə, dekabrın 31-i Dünya azərbaycanlılarının həmrəylik günü elan edildi. Naxçıvan əhalisi Heydər Əliyevə böyük inam və ümid bəsləyərək onun Muxtar Respublikaya rəhbərlik etməsini arzu edirdi. Xalqın bu istəyi  1991-ci il sentyabrın 3-də reallaşdı və Heydər Əliyev Muxtar Respublikanın Ali Məclisinə sədr seçildi.

Ali Məclisin sədri kimi o, öncə ağır günlərini yaşayan Naxçıvanın vəziyyətini yüngülləşdirmək üçün qardaş Türkiyə və İranla əlaqələri yaxşılaşdırıb kömək əldə etdi. Muxtar Respublikanın gələcək taleyinin iqtisadiyyatın bazar münasibətləri əsasında inkişaf etməsində görən Ulu öndər tezliklə islahatların həyata keçirilməsini önə çəkdi.    Dövlətçilik, qayda-qanun möhkəmləndi, vəzifə sahiblərinin və bütün işçilərin məsuliyyəti artırıldı. Muxtar Respublikada bütün qüvvələr və imkanlar əhalinin rifah halının yaxşılaşmasına və təhlükəsizliyin təmin edilməsinə səfərbər olundu. Azərbaycan Respublikasında ilk dəfə iqtisadi islahatlar Muxtar Respublikanın aqrar sahəsində başladı. Çox uğurla həyata keçirilən bu təxirəsalınmaz tədbirlər tezliklə öz bəhrəsini verdi və Naxçıvanda siyasi və iqtisadi vəziyyət getdikcə stabilləşməyə başladı. İqtisadiyyatda və dövlət quruculuğunda əldə edilən bu sabitlik  ermənilərin Muxtar Respublikaya hücumlarını mərdliklə dəf etməyə və cəbhədə sakitliyin bərqərar olmasına imkan yaratdı.

- Ümummilli Liderin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın çoxəsrlik  tarixinə hansı səhifələri yazdı?

- Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində separatçı ermənilər tərəfindən başlanmış Ermənistan-Azərbaycan müharibəsində  1994-cü il mayın 12-də atəşkəsə nail olundu. Bundan sonra ölkədə siyasi və iqtisadi  sabitlik bərqərar oldu, siyasi sistemin təkmilləşməsi istiqamətində mühüm  addımlar atıldı və 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının yeni Konstitusiyası qəbul olundu. Onun rəhbərliyi ilə həyata keçirilən düşünülmüş tədbirlər nəticəsində əvvəlki iqtidarların dövründən başlayan sosial-iqtisadi tənəzzülün qarşısı alındı və 1996-cı ildən inkişaf başladı. Təbii ki, bütün bunlar elə də asan başa gəlmədi. Azərbaycanın inkişafını, Heydər Əliyevin hakimiyyətdə olmasını istəməyən bəzi daxili və xarici  anti-Azərbaycan qüvvələr 1994 və 1995-ci illərdə dövlət çevrilişinə cəhdlər etmiş, terror aktları törətmək istəmişlər. Lakin Azərbaycan dövlətinin və xalqının, onun liderinin əleyhinə yönəlmiş bu qanunazidd hərəkətlərin  və separatizm əməllərinin qarşısı  Heydər Əliyevin düşünülmüş, uzaqgörən siyasəti sayəsində vaxtında və yüksək peşəkarlıqla alındı.

Heydər Əliyev müstəqil və suveren Azərbaycanın daxili məsələlərini ustalıqla həll etməklə yanaşı xarici siyasətini də  formalaşdırmağa başladı. Əvvəlki hakimiyyətlərin dövründə populist açıqlamalar, qeyri-real yanaşmalar nəticəsində qonşu ölkələrlə pozulmuş münasibətlər qaydasına salındı. Ümummilli liderin çoxsaylı xarici səfərləri ilə Azərbaycanın dünyanın öndə gedən dövlətlərlə xoşniyyətli əlaqələri yaradılaraq  möhkəmləndi və respublikamıza uğur gətirən və bu gün də davam etdirilən xarici siyasət xəttinin tətbiqinə başlandı. Azərbaycan həm Rusiya  və həm də ABŞ və Avropa ölkələri ilə yaxın qonşuluq,  dostluq və  strateji tərəfdaşlıq münasibətləri yaratmağa nail oldu. Türkiyə ilə “bir millət-iki dövlət” prinsipi əsasında əlaqələr daha da möhkəmləndi.

Siyasi sabitlik əldə edildikdən və tərəfdaş ölkələrlə əlverişli  əlaqələr qurulduqdan sonra ölkə iqtisadiyyatının inkişafı ilə bağlı çox ciddi islahatlara start verildi. Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın gələcəyini müəyyənləşdirən neft strategiyası işlənib hazırlandı və həyata keçirilməyə başlandı. Ciddi təzyiqlərə, bəzi böyük dövlətlərin etirazlarına baxmayaraq Xəzərin Azərbaycan sektorundakı neft yataqlarının işlənməsi ilə bağlı “Əsrin müqaviləsi” imzalandı. Azərbaycanın enerji resurslarını  dünya bazarlarına çıxarmaq üçün Bakı- Tbilisi- Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin tikintisinə başlandı. Bütün bunlar ümummilli liderin özünün dediyi kimi Azərbaycanın müstəqilliyinin dönməz və əbədi olmasını təmin edən mühüm addımlar idi. 

Ulu öndərimiz Heydər Əliyevin həyatının 30 ildən artıq bir dövrü Azərbaycan tarixinin parlaq səhifəsini, ölkənin dirçəliş, inkişaf mərhələsini təşkil edir. Heydər Əliyev hakimiyyətinin birinci mərhələsində (1969-1982) Azərbaycanı geridə qalmış aqrar respublikadan iqtisadiyyatı dinamik inkişaf edən qabaqcıl  respublikaya çevirdi, Azərbaycanın müstəqil ölkə kimi yaşamasına möhkəm zəmin yaratdı. Görkəmli şəxsiyyət respublikamıza ikinci rəhbərliyi dövründə  ölkəmizdə baş qaldırmış  qardaş qırğınının tezliklə  qarşısını aldı, Azərbaycan dövlətini və xalqını zamanın ən çətin sınaqlarından məharətlə   çıxararaq müasir Azərbaycan dövlətinin qurucusu olduğunu sübut etdi. Heydər Əliyev ikinci dəfə müstəqillik əldə edən Azərbaycanı nəinki qoruyub saxladı, həm də ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni-mənəvi tərəqqisinə nail olmaqla onun dünyanın qabaqcıl ölkələri sırasına çıxmağını təmin etdi. Azərbaycan xalqı və Azərbaycan dövləti qarşısında misilsiz xidmətləri olan Heydər Əliyev sözün əsl mənasında dahi şəxsiyyət olduğunu sübut etdi.

-Eldar müəllim, Qurtuluşdan başlanan inkişaf yolu ulu öndər Heydər Əliyevin şah əsəri olan Azərbaycana Zəfər sevincini yaşatdı. Ulu Öndərin ən böyük arzusu ərazi bütövlüyümüzün bərpası idi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, rəşadətli ordumuzun gücü sayəsində bu istəyimiz də reallığa çevrildi…

-Heydər Əliyev Azərbaycan dövləti və xalqı qarşısındakı xidmətlərini şərh edərkən bildirmişdir: ”İstər bir azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, istərsə də onun rəhbəri, Prezidenti kimi mənim həyat amalım yalnız sizə – bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizin, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib. Mən öz mənalı həyatımın düz 60 ilini xalqımın bu günü və sabahı ilə yaşamışam. Bunun son on ili müstəqil Azərbaycan dövlətinə xidmətdə keçib”.

Ümummilli liderimiz Heydər Əliyevin bu müdrik kəlamları Onun müstəqil Azərbaycan dövləti, xalqımızın xoşbəxt gələcəyi naminə fəaliyyətinin manifestidir. XX əsr dünya tarixinin parlaq simalarından olan, xalqımızın müstəqillik arzusunu konkret dövlət modelində gerçəkliyə çevirərək milyonların qəlbində əbədi abidə ucaldan Ulu öndərimiz Heydər Əliyev həm də müstəqil Azərbaycanın inkişaf strategiyasının müəllifi kimi böyük ehtiramla anılır. Gənc­liyində memar olmaq istəyən dahi şəxsiyyət möhtəşəm bir abidənin qurucusu olmuş, özünün şah əsəri olan müstəqil Azərbaycan dövlətini yaratmışdır.

Heydər Əliyev şəxsiyyətinin miqyası, böyüklüyü və əzəməti tarixin onun öhdəsinə buraxdığı taleyüklü məsələnin həllini təmin etmək qüdrətini nümayiş etdirdi. Bununla Azərbaycanın tarixində xilaskar lider adını daşımaq şərəfi məhz ömrünü, bütün qüvvə və bacarığını Azərbaycan xalqının azadlığı, müstəqilliyi uğrunda mübarizəyə  həsr etmiş XX əsrin böyük siyasətçisi  Heydər Əlirza oğlu  Əliyevə qismət oldu. Ulu öndərimiz bu şərəfli missiyanı həm Azərbaycan Respublikasına birinci
 və həm də ikinci dəfə hakimiyyətə qayıdışı dövründə əyani surətdə sübut etdi. Bu gün siyasi baxışlarından asılı olmayaraq mütləq əksəriyyət etiraf edir ki, respublikamızın müstəqilliyinin ilk illərində üzləşdiyi problemlərin həlli məhz Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra mümkün oldu. Bu fenomen şəxsiyyətin Azərbaycanın idarəçilik sükanı arxasına keçməsi, çətinliklərə, maneələrə, dövlət çevrilişi cəhdlərinə mətinliklə sinə gərməsi xalqımızı vətəndaş müharibəsindən, ən əsası, müstəqilliyimizin itirilməsi təhlükəsindən qurtardı. Nəticə etibarilə bütün bunlar Azərbaycanda ardıcıl və sistemli olaraq hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşdırılması prosesinə başlamaq imkanı yaratdı. Heydər Əliyev Azərbaycanın taleyinin sınağa çəkildiyi zamanlarda xilaskarlıqdan başlamış, müstəqil dövlətimizin yaradılması kimi şərəfli missiyanı uğurla, uzaqgörənliklə, müdrikliklə yerinə yetirdi. Məhz buna görə həmin dövrdə   respublikamızın bütün guşələrindən qədirbilən xalqımız öz istək və arzularını bildirərək 15 iyunun qurtuluş günü kimi bayram edilməsi barədə çoxsaylı müraciətlər edirdi. 

Mən,  bütün  bunları nəzərə alaraq Milli Məclisin deputatı kimi  1997-ci il iyunun17-də parlamentdə çıxış edərək iyunun 15-nin Azərbaycan xalqının milli qurtuluş günü haqqında qərarın qəbul olunması barədə təklif verdim. İlk dəfə mənim verdiyim  bu təklif bir çox deputatlar tərəfindən dəstəklənərək  on gün sonra, iyunun 27-də  rəsmiləşdi və  Milli Məclisin qərarı ilə 15 iyun- Azərbaycan xalqının milli qurtuluş günü elan olundu.  Mən özümü  xoşbəxt adam hesab edirəm ki, bu şərəfli missiya ilə çıxış etmək mənə nəsib oldu və  xalqımız bu günü hər il böyük sevinclə  Milli Qurtuluş bayramı günü kimi  qeyd edir.  Bu həm də gələcək nəsillərə  və ölkə liderlərinə  heç kimin və heç nəyin unudulmadığı haqqında tarixi bir mesajdır.

Müasir Azərbaycanın memarı və qurucusu dahi Heydər Əliyevin adı isə Azərbaycanın özü qədər əbədi olacaq, onun ideyaları gələcək yollarımıza daim nur ələyəcəkdir.   Heydər Əliyevin Azərbaycan xalqına və dövlətçiliyinə bütün ömrü boyu şərəflə xidmət etməsi həm də onunla təsdiq olunur ki,  bu dahi şəxsiyyət 2003-cü ildə Azərbaycanda Prezident seçkiləri ilə əlaqədar xalqa müraciətində  özünün uzun illər formalaşdırdığı möhtəşəm siyasi kursu uğurla davam etdirə biləcək ünvanı dəqiq göstərməsidir. Həmin müraciətdə deyilir: "Üzümü sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".

Ulu öndərin bu tarixi müraciətindən keçən on doqquz il  onun dediklərinin yüksək dərəcədə həqiqət olduğunu bir daha göstərdi. Keçən dövr ərzində dörd dəfə Azərbaycan xalqının əksəriyyətinin böyük dəstəyini qazanaraq Prezident seçilən İlham Əliyev Ümummilli liderin layiqli varisi olduğunu və Azərbaycan Respublikasını gündən-günə daha yaxşı gələcəyə apardığını sübut etdi.

44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan ordusunun  qazandığı parlaq qələbə bu Qurtuluşun zirvəsi olmaqla  ata vəsiyyətinin uğurla yerinə yetirilməsi və Heydər Əliyevin axıra çatdıra bilmədiyi taleyüklü məsələnin əzəmətli sonluğu oldu. Prezident  İlham Əliyevin həyata keçirdiyi iqtisadi və siyasi tədbirlər sayəsində beynəlxalq təşkilatların hazırladığı müxtəlif reytinq cədvəllərində Azərbaycan Respublikasının yüksək yer tutması və daim irəliləməsi, digər ölkələrin dinamik inkişafında etibarlı əməkdaşlığı, habelə ölkə əhalisinin güzəranının daim yaxşılaşması və regionların  sürətlə tərəqqisi son vaxtlar əldə etdiyimiz möhtəşəm nailiyyətlərin bir hissəsidir.

Bütün bunlar onu deməyə əsas verir ki, Heydər Əlirza oğlu Əliyev qədirbilən xalqımız tərəfindən həmişə dərin hörmətlə yad ediləcək, 15 iyun tarixi Milli Qurtuluş bayramı günü kimi qeyd edilərək yaddaşlara həkk olunacaq.