YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Azərbaycan xalqı növbəti dəfə İlham Əliyevə yüksək etimad göstərəcək

Müsahibimiz Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva

- Sevinc xanım, fevralın 7-də Azərbaycanda prezident seçkiləri keçiriləcək. Siz hazırda ölkəmizdə mövcud olan seçki mühitini necə dəyərləndirirsiniz?

- Azərbaycanda seçkiqabağı mühit, ictimai-siyasi vəziyyət tam normaldır. Prezident seçkiləri kampaniyası və seçkilərə hazırlıq işləri qanunvericiliyə uyğun olaraq uğurla davam edir. Azərbaycanda azad, demokratik və şəffaf seçkilərin keçirilməsi üçün bütün şərait mövcuddur. Ölkəmizdə ictimai-siyasi sabitlik hökm sürür və bu, seçkilərin normal keçirilməsi üçün vacib şərtlərdən biridir. Azərbaycanda azad və şəffaf seçkilərin keçirilməsi üçün mükəmməl qanunvericilik bazası mövcuddur. Seçki Məcəlləsi, bu sahəni əhatə edən qanun və qərarların mövcudluğu ölkəmizdə beynəlxalq standartlara uyğun seçki qanunvericiliyinin olduğunu təsdiq edir. Zərurət yarandıqca seçki qanunvericiliyi təkmilləşdirilir ki, bu da seçkilərin ölkəmizdə daha şəffaf keçirilməsinə xidmət edir. Eləcə də Mərkəzi Seçki Komissiyası prezident seçkiləri ilə əlaqədar üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir. Həmçinin seçki proseslərinin uğurlu təşkili və həyata keçirilməsi üçün maddi-texniki təminat məsələləri yüksək səviyyədə həllini tapıb.

Ölkəmizdə indiyə qədər seçkilər demokratik keçirilib. Fevral ayının 7-də keçiriləcək seçkilər də ölkənin demokratik inkişafı baxımından mühüm əhəmiyyətə malikdir. Azərbaycan dövlətinin bu seçkilərin də azad və şəffaf keçirilməsi üçün güclü siyasi iradəsi var. Fevralın 7-də ölkə vətəndaşları, seçicilər sərbəst şəkildə seçki məntəqələrinə gəlib istədikləri namizədə səs verəcəklər. Hesab edirəm ki, bu seçkilər Azərbaycanın demokratik inkişaf yolunda növbəti bir nailiyyət olacaq.

- Seçkilər hər bir ölkənin tarixində yeni bir dövrün başlanğıcı kimi xarakterizə olunur. Azərbaycan xalqı və dövləti bu seçkilərə hansı uğurlarla gedir?

- Cənab İlham Əliyevin Prezidentliyi dövründə Azərbaycan hər bir sahədə böyük uğurlar qazanıb. Ötən 20 il ərzində Azərbaycan istər siyasi, istər iqtisadi, istərsə də beynəlxalq sahələrdə böyük nailiyyətlər qazanıb. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dünyanın sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən dövlətinə çevrilmişdir. Qazanılan uğurlar Azərbaycanın beynəlxalq aləmdə mövqeyini də əhəmiyyətli dərəcədə gücləndirir. Əminliklə demək olar ki, bu gün ölkəmiz dünya birliyinin bərabərhüquqlu üzvü, söz sahibi olan dövlətdir.

Azərbaycanın dinamik inkişafı onu siyasi, iqtisadi və mədəni cəhətdən nəinki regional, hətta qlobal mərkəzə çevirməkdədir. İlk növbədə siyasi sahədə qazanılan nailiyyətlər Azərbaycanı beynəlxalq ictimaiyyətə daha yaxşı tanıtdırmaqla bərabər, dünyanın diqqətini respublikamıza yönəldə bilib. Bunun ən böyük təsdiqi 2011-ci ildə Azərbaycanın 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi olub. Bu, onun göstəricisidir ki, Azərbaycan dünya miqyasında böyük hörmətə malik olan bir dövlətdir. Ölkəmiz beynəlxalq birliyin müstəqil üzvü kimi öz mənafelərini qarşılıqlı hörmət prinsipi çərçivəsində həyata keçirir. Bu isə Azərbaycanın müstəqil inkişafını təmin etməklə yanaşı, öz gücünə inamını, eləcə də ölkəmizə olan etimadı artırır.

Azərbaycan dünyada etibarlı tərəfdaş kimi özünü təsdiq edib, ölkəmiz nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevrilib. Ölkəmizdə "Eurovision", birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Formula-1 yarışları kimi bütün dünyanın diqqət mərkəzində olan mühüm mədəniyyət və idman tədbirləri keçirilib.

Təbii ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlər, Azərbaycan xalqının və dövlətinin mənafeyinin ən yüksək səviyyədə qorunmasına yönəlmiş qlobal fəaliyyət hər bir azərbaycanlı tərəfindən yüksək qiymətləndirilir və cənab Prezidentin yorulmaz fəaliyyəti xalqımızın bütün təbəqələri tərəfindən dəstəklənir.

Şübhəsiz, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ermənistanın işğalçı siyasətinə son qoyulması, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunması tariximizin ən parlaq səhifəsini təşkil edir. Biz qarşıdan gələn seçkilərə bu nailiyyətlərlə gedirik.

- Sizcə, prezident seçkilərinə beynəlxalq maraq hansı səviyyədədir?

- Əlbəttə ki, seçkilər hər bir ölkənin ictimai-siyasi həyatında çox mühüm hadisədir. Seçkilər dövlətlərin demokratik prinsiplərə, dəyərlərə nə qədər sadiq olduğunu isbatlayan çox mühüm faktordur.  Ona görə də seçkilərə beynəlxalq müstəvidə çox yüksək maraq var.

Bilirsiniz ki, Azərbaycanda indiyə qədər keçirilən bütün seçkilərə beynəlxalq maraq çox yüksək olub və hər dəfə xeyli sayda beynəlxalq müşahidə missiyaları ölkəmizdəki seçki prosesini izləyiblər. Doğrudur, bəzi missiyalar məqsədli şəkildə ölkəmizin demokratik imicinə zərbə vurmağa çalışıblar. Amma buna baxmayaraq, sonda xalqımızın iradəsi qarşısında geri çəkiliblər. Bu mənada, qarşıdan gələn 7 fevral seçkilərinə də beynəlxalq müstəvidə böyük maraq var. Artıq bir sıra beynəlxalq təşkilatlar seçkiləri müşahidə edəcəklərini bəyan ediblər.

- Sevinc xanım, sizcə, Azərbaycan xalqının seçki əhval-ruhiyyəsi necədir? Xalq növbəti 7 il üçün hansı seçimi edəcək?

- Əlbəttə ki, xalqın əhval-ruhiyyəsi çox yüksəkdir. Buna seçicilərlə görüşlərimiz zamanı şahid oluruq. Şübhə yoxdur ki, fevralın 7-də keçiriləcək prezident seçkilərində xalqımız növbəti dəfə cənab İlham Əliyevə yüksək etimad göstərəcək. Hesab edirəm ki, cənab İlham Əliyevin alternativi yoxdur və O, qarşıdan gələn seçkilərdə parlaq qələbə qazanacaq. Növbəti 7 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha möhtəşəm nailiyyətlər əldə edəcək.

Ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasından sonra Azərbaycanda və regionda yeni reallıqlar yaranıb, ölkəmiz inkişafının keyfiyyətcə yeni mərhələsinə daxil olub. Bu reallıqların müəllifi də məhz Prezident İlham Əliyevdir. Ərazi bütövlüyünün və suverliyimizin təmin olunması Prezident İlham Əliyevin 20 illik fəaliyyətinin zirvəsini təşkil edir.

Azərbaycan xalqı 30 il Ermənistanın işğalçı siyasətindən əziyyət çəkdi. Torpaqlarımızın azad edilməsi bu müddət ərzində dövlətimizin qarşısında dayanan bir nömrəli vəzifə idi. Prezident İlham Əliyevin rəhbərliyi ilə ordumuz tərəfindən ərazilərimiz işğaldan azad olundu və xalqımız ən böyük arzusuna çatdı. 44 günlük Vətən müharibəsində və ondan sonrakı mərhələdə də xalqımız dövlət başçısının yanında oldu, Ona güclü dəstək nümayiş etdirdi. Eyni zamanda, ötən il Qarabağda keçirilmiş antiterror tədbirləri nəticəsində erməni separatizminin kökü kəsildi. Bütün dünya gördü ki, Azərbaycan xalqının öz Liderinə inam və etimadı sarsılmazdır.

Xalq hər zaman Prezident İlham Əliyevin siyasətini dəstəkləyib və bundan sonra da dəstəkləyəcək. Xüsusilə qeyd etmək lazımdır ki, müstəqil Azərbaycan tarixində ilk dəfə olaraq seçkilər bütün ölkə ərazisində keçiriləcək. Ona görə də bu seçkilər Zəfər seçkisi kimi xarakterizə olunur.

Tarixi Zəfərdən sonra Azərbaycanın nəinki regionda, o cümlədən beynəlxalq müstəvidə də mövqeləri əhəmiyyətli dərəcədə güclənib. Eyni zamanda, qarşıda yenə də müəyyən hədəflərimiz var ki, Prezident İlham Əliyevin Liderliyi ilə buna nail olacağımız şübhəsizdir. Ona görə də qarşıdan gələn prezident seçkilərində İlham Əliyevin qələbəsi milli maraqlarımızın gələcəkdə də uğurla təmin olunması baxımından başlıca şərtdir.

Mən seçiciləri 7 fevral tarixində seçki məntəqələrinə gəlməyə və Liderimiz cənab İlham Əliyevə səs verməyə çağırıram. Azərbaycanın xoşbəxt gələcəyi Heydər Əliyev siyasəti və bu siyasəti uğurla davam etdirən cənab İlham Əliyevin adı ilə bağlıdır!