YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Xalq-Lider birliyi bir daha öz sözünü deyəcək

Müsahibimiz Yeni Azərbayan Partiyasının Veteranlar Şurasının üzvü, tibb elmləri doktoru, AMEA-nın müxbir üzvü Sudeif İmamverdiyev

- Sudeif müəllim, bu gün tərəqqi və Zəfər zirvəsinə yüksəlmiş Azərbaycan olduqca zəngin və şərəfli inkişaf yolu keçib. Müasir dövlətçilik tariximizin müstəqillik dönəminə nəzər saldıqda hansı reallıqların şahidi oluruq?

- Bu gün Azərbaycan dünyada müstəqil ölkə kimi inkişafda olan, uğurlu daxili və xarici siyasəti ilə fərqlənən bir dövlətdir. Azərbaycanın bu səviyyəyə yüksəlməsi asan olmayıb. 1980-ci illərin sonunda keçmiş SSRİ-nin bir sıra respublikalarında olduğu kimi, Azərbaycanda da ictimai-siyasi vəziyyət  gərginləşirdi. Ermənistanın Azərbaycana qarşı torpaq iddiaları, soydaşlarımızın doğma yurdlarından deportasiyası və başqa problemlər xalqın səbrini daşırırdı. Problem onda idi ki, həm SSRİ rəhbərliyi, həm də yerli hakimiyyət belə bir vəziyyətin qarşısını almaq niyyətində deyildilər.

Bildiyiniz kimi, SSRİ dağıldı, respublikalar öz müstəqilliyini elan etdilər. Amma buna baxmayaraq, həmin problemlər daha da çətinləşirdi.  1990-cı illərin əvvəllərində respublikamızın vəziyyəti çox ağır idi və prosesləri analiz edə bilən insanlar bunu dərk edirdilər. Azərbaycan günbəgün sarsılmaqda idi, ictimai-siyasi proseslər idarəolunmaz forma alırdı. Hakimiyyətdə olan insanlar isə sanki xalqın maraqlarını unutmuşdular, onların nəyə xidmət etdiklərini anlamaq mümkün deyildi. Xalqın müqəddəratı, istəyi,  ölkənin təhlükəsizliyi onları maraqlandırmırdı. Həmin dövrdə xalq ağır vəziyyətə düşmüşdü və ən  başlıcası, mənəvi cəhətdən sarsılmışdı.

Beləliklə, hakimiyyətə qarşı ümumxalq narazılığı yaranmışdı və insanlar  mitinqlər, etiraz aksiyaları keçirməklə etirazlarını bildirirdilər. Ümumxalq narazılığı fonunda 1992-ci ildə respublikada hakimiyyətə gələn AXC-Müsavat cütlüyü dağıdıcı proseslərin qarşısını nəinki almadı, əksinə hərc-mərclik daha da artdı, Ermənistanın hərbi  təcavüzü sürətləndi. Çox qısa zamanda xalq gördü ki, AXC-Müsavat hakimiyyəti də  idarəçiliyi bacarmır. Bu hakimiyyətin faciəsi onda idi ki,  bacarıqlı, peşəkar  insanları da vəzifədən kənarlaşdırırdı. Beləliklə, onların yarıtmaz siyasəti nəticəsində ölkəmiz uçuruma doğru sürüklənirdi, Azərbaycan məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı.

Xalq, o cümlədən cəmiyyətimizin öndə gedən ziyalıları Azərbaycanın xilasını Heydər Əliyevin hakimiyyətə qayıtmasında görürdülər. Belə bir şəraitdə, 1992-ci ilin noyabrında  böyük siyasi xadim Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda Yeni Azərbaycan Partiyası yaradıldı. Partiya yaradılandan cəmi 6 ay sonra hakimiyyətə gəldi. Xalqın təkidli tələbi ilə 1993-cü ilin iyun ayında hakimiyyətə qayıdan böyük dövlət xadimi Heydər Əliyev qısa müddətdə respublikada ictimai-siyasi sabitliyi bərpa etdi, Azərbaycanı inkişaf yoluna çıxardı. Heydər Əliyev müstəqil Azərbaycanın sarsılmaz təməllərini atdı və inkişaf strategiyasını müəyyənləşdirdi.

2003-cü ildən etibarən Azərbaycanda Heydər Əliyev siyasəti uğurla davam edir. Heydər Əliyev yolunun layiqli davamçısı İlham Əliyev Azərbaycanı bugünkü zirvələrə yüksəldib.

Bu gün hər bir sahədə uğurlar qazanılıb. Hazırda Azərbaycan güclü dövlətdir, dünyada nüfuzlu ölkə kimi tanınır, regionun isə lideridir. Bu regionda Azərbaycanın razılığı olmadan hər hansı bir layihəni həyata keçirmək mümkün deyil. Eləcə də Azərbaycanın regionları uğurla inkişaf edir. Hər yer abaddır, inkişaf edir. Təkcə şəhərlərimiz yox, kəndlərimiz də inkişaf edir. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl olaraq tədbirlər görülür, yeni iş yerləri yaradılır, yollar, körpülər, məktəblər, tibb ocaqları tikilib istifadəyə verilir. Dövrün reallıqlarına uyğun atılan addımlar, təkmilləşmə, yeniləşmə, Azərbaycan brendi kimi dünyaya səs salan layihələrin icrası, dayanıqlı iqtisadi inkişafın təmin edilməsi, sosial müdafiənin gücləndirilməsi, demokratik prinsiplərin qorunması, diplomatik mübarizədə qələbələr, dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşan Silahlı Qüvvələrimizin formalaşdırılması, yeni dostların, tərəfdaşların qazanılması və sair kimi mühüm hadisələr son 20 ilin reallıqları və uğurlarıdır.

Onların zirvəsində Azərbaycanın Zəfəri dayanır. Yaranmış reallığı bir daha böyük qürur hissi ilə qeyd edirik ki, Ulu Öndər Heydər Əliyev adını Azərbaycan tarixinə dövlətimizin, xalqımızın xilaskarı,  möhtərəm Prezidentimiz  İlham Əliyev isə qalib ölkənin qalib Lideri kimi yazdı. Bütün bunlar Heydər Əliyev siyasətinin bəhrələridir.

- Fevralın 7-də keçiriləcək prezident seçkiləri barədə nə deyə bilərsiniz?

- Qarşıdan gələn prezident seçkilərinin xüsusi əhəmiyyəti var. Müstəqil Azərbaycan tarixində ilk dəfə seçkilər bütün ölkə ərazisində keçiriləcək. 44 günlük Vətən Müharibəsi və 2023-cü il antiterror tədbirlərindən sonra ölkəmizdə yeni reallıq yaranıb və bu seçki suverenliyimizin yeni keyfiyyətdə təsbitinə yönəlib.

7 fevral seçkiləri Zəfər seçkiləri kimi tariximizə yazılacaq. Ölkəmizin Prezidenti xalqımıza verdiyi sözə əməl etdi. Ardıcıl fəaliyyətlə xalq-Lider birliyinə ən yüksək səviyyədə nail oldu, ərazi bütövlüyünü təmin edərək bayrağımızı bütün torpaqlarımızda şərəflə ucaltdı.

Belə bir şəraitdə prezident seçkilərin keçirilməsi tamamilə məntiqlidir. Xalqımız öz iradəsini ortaya qoymaq imkanı əldə edib və onu nümayiş etdirəcək. Azərbaycan xalqı Prezidentin həyata keçirdiyi daxili və xarici siyasəti dəstəkləyir.

İndiyədək keçirilmiş seçkilər zamanı olduğu kimi budəfəki seçkilərdə də seçki qanunvericiliyinə əsasən bütün namizədlər üçün bərabər imkanlar yaradılıb. Bununla belə, cənab İlham Əliyev Zəfər seçkisində parlaq qələbə qazanacaq. İlham Əliyevin yenidən Prezident seçilməsi Azərbaycanın gələcək inkişafını müəyyənləşdirəcək və ölkənin daha da çiçəklənməsinə xidmət edəcək. İlham Əliyevin yenidən Prezident seçilməsi Azərbaycan dövlətinə yalnız uğur gətirə bilər. Ona görə də mən bütün vətəndaşlarımızı səsvermə günü fəal olmağa və qalib Liderimizə səs verməyə çağırıram!