YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Zəfər seçkisi daha möhtəşəm uğurların və yeni qələbələrin başlanğıcı olacaq

Müsahibimiz Milli Məclisin deputatı Ağalar Vəliyev

- Ağalar müəllim, müstəqil Azərbaycan mühüm siyasi proses ərəfəsindədir. Fevralın 7-də ölkəmizdə prezident seçkiləri keçiriləcək. Yeni Azərbaycan Partiyası seçkilərə “Qalib Xalqın Qalib Lideri!” şüarı ilə gedir və namizədimiz  partiyamızın Sədri, Müzəffər Ali Baş Komandan İlham Əliyevdir. Bu seçkilər həm də ötən dövrdə görülən işlərin, əldə edilən nəticələrin hesabatıdır. İlk olaraq, son 20 ildə ölkəmizin sosial-iqtisadi inkişaf mənzərəsini necə dəyərləndirərdiniz?

- Fevralın 7-də qalib Azərbaycanda prezident seçkilərinin keçirilməsinə saylı günlər qalır. Hazırda seçkilərə hazırlığın çox mühüm mərhələsindəyik. Bütün ölkə boyunca namizədlərin seçkiqabağı təşviqat kampaniyası davam edir. Bu günlərdə ölkənin ictimai-siyasi həyatında yüksək aktivlik müşahidə edilir. Yerlərdə seçicilərlə keçirilən görüşlər açıq dialoq şəraitində baş tutur. Təşviqat kampaniyası çərçivəsində keçirilən görüşlərdə müşahidə edilən aktivlik ondan xəbər verir ki, seçkilərdə vətəndaşlarımızın iştirakı yüksək səviyyədə olacaq. Bu, özlüyündə çox müsbət bir haldır. Ölkəmizdə son 20 ildə Prezident İlham Əliyevin siyasi iradəsi əsasında vətəndaş cəmiyyətinin davamlı şəkildə dəstəklənməsi, institusional islahatların aparılması və innovativ texnologiyaların tətbiqi yolu ilə şəffaflığın yüksəldilməsinin məntiqi nəticəsi olaraq güclü ictimai aktivlik formalaşıb. Biz son illərdə ölkəmiz, xalqımız üçün müstəsna önəm daşıyan müxtəlif məsələlərə cəmiyyətimizin, xüsusilə də gənclərin çox həssas yanaşmalarının şahidi oluruq ki,  bu da sevindiricidir. Ölkənin müasir mənzərəsini belə səciyyələndirə bilərik ki, Azərbaycan iqtidarı ölkənin gündəliyinin, inkişaf perspektivlərinin müəyyənləşməsində cəmiyyətdən gələn  sosial sifarişləri mütləq nəzərə alır. Eyni zamanda, vətəndaşlar da  onların mənafeyi, ölkənin milli maraqları əsas götürülməklə reallaşdırılan siyasəti birmənalı şəkildə dəstəkləyərək proseslərdə yer almağa çalışırlar. Seçkiqabağı dövrdə, o cümlədən də təşviqat mərhələsində  bütün ölkə boyunca müşahidə edilən mənzərə buna ən son nümunədir.

Yarandığı vaxtdan - 21 noyabr 1992-ci il tarixindən cəmi bir neçə ay sonra iqtidar partiyasına çevrilən və iştirak etdiyi bütün seçkilərdə qalib gələn Yeni Azərbaycan  Partiyası qarşıdan gələn prezident seçkilərinə partiyanın Sədri, Müzəffər Ali Baş Komandan İlham Əliyevin namizədliyi ilə gedir. 20 il bundan əvvəl - 2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş seçkilərdə  İlham Əliyev seçicilərin böyük inam və etimadı ilə ilk dəfə ölkənin dövlət başçısı seçildi. Ötən dövrdə İlham Əliyev xalqın etimadını yüksək səviyyədə doğrultdu. O, 2003-cü il oktyabrın 31-də dövlət başçısı kimi ilk dəfə and içəndə bildirmişdi ki, hər bir azərbaycanlının Prezidenti olacaq. Son 20 ilin nəticələri təsdiqləyir ki, cənab İlham Əliyev verdiyi vədə əməl edərək hər bir azərbaycanlının Prezidenti olduğunu sübuta yetirib.

Siz doğru olaraq diqqəti respublikamızın Prezident İlham Əliyevin rəhbərliyi ilə sosial-iqtisadi sahədə əldə etdiyi nailiyyətlərə yönəldirsiniz. Hər bir ölkənin durumunu səciyyələndirmək baxımından onun iqtisadi inkişaf göstəriciləri və həyata keçirdiyi sosial siyasətin məzmunu çox önəmlidir. İlk növbədə onu vurğulayaq ki, dövlətlərin siyasi müstəqilliyi məhz iqtisadi amillərlə şərtlənir. Son 20 ildə Azərbaycanın iqtisadi müstəqilliyi və bu əsasda siyasi müstəqilliyi yüksək səviyyədə təmin edilib. Hazırda Azərbaycan iqtisadi baxımdan heç bir beynəlxalq maliyyə qurumundan asılı deyil,  əksinə respublikamız bir sıra xarici ölkələrdə fəal investisiya siyasəti həyata keçirir. Bu gün Azərbaycan Cənubi Qafqaz coğrafiyasında ən böyük iqtisadiyyata malik olan ölkədir. Özünün enerji müstəqilliyini tam təmin edən respublikamız hazırda Avropanın yeni enerji xəritəsini formalaşdırmaqdadır. Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 2003-2023-cü illərdə qazanılan iqtisadi uğurlar ölkəmizin ardıcıl yüksəlişini təmin edib. Həyata keçirilən islahatlar nəticəsində yüksək rəqabət qabiliyyətinə malik iqtisadiyyat qurulub, Azərbaycan iqtisadiyyatı 3,6 dəfə artaraq 123 milyard manatı ötüb. Milli iqtisadiyyatın strukturu əhəmiyyətli dərəcədə yaxşılaşıb, qeyri-neft-qaz sektoru 3,5 dəfə, qeyri-neft-qaz sənayesi 4,3 dəfə, kənd təsərrüfatı isə 2,1 dəfə böyüyüb. Paralel şəkildə maliyyə imkanlarımız əhəmiyyətli dərəcədə artıb. 2003-cü ildə 1,6 milyard ABŞ dolları təşkil edən strateji valyuta ehtiyatları 43 dəfə artaraq 68,5 milyard dollara çatıb. Bəhs olunan dövrdə dövlət büdcəsi 29 dəfədən çox artıb, ölkə iqtisadiyyatının müxtəlif sahələrinə 318,9 milyard ABŞ dollarına yaxın investisiya cəlb edilib, xarici ticarət dövriyyəsi 10 dəfəyə yaxın genişlənib.

Azərbaycanın dinamik iqtisadi inkişafından bəhs edərkən ölkəmizdə sosial siyasətin məzmunca genişlənməsini də qeyd etmək lazımdır. Respublikamızda iqtisadi inkişafla sosial siyasətin dərinləşməsi paralel şəkildə aparılır. Başqa sözlə desək, respublikamızın iqtisadi-maliyyə imkanlarının genişlənməsi bilavasitə sosial siyasətdə öz əksini tapır. İmkanlar artdıqca vətəndaşların rifah halının yaxşılaşmasına daha böyük həcmlərdə vəsaitlər ayrılır. Eyni zamanda, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq müvafiq xidmətlərin xətti ilə büdcəyə gələn bütün əlavə vəsaitlər də sosial islahatların reallaşdırılmasına yönəldilir. Fikirlərimin təsdiqi olaraq mən yenə də bəzi rəqəmləri diqqətə çatdırmaq istərdim. 2003-2023-cü illərdə dövlətin sosial müdafiə və sosial təminat xərcləri 20 dəfədən çox artıb, orta aylıq nominal əməkhaqqı isə 12 dəfə yüksələrək 923,1 manata çatıb. Son beş ildə 4 milyon vətəndaşı əhatə edən 4 sosial islahat paketi icra olunub, minimum pensiya məbləği 2,5 dəfə, orta pensiya məbləği 2,1 dəfə, sosial müavinət və təqaüd ödənişləri 5 dəfəyə yaxın artıb. 2023-cü ildə 2003-cü ilə nisbətən işsiz əhalinin sayı 28,6 faiz, yoxsul əhalinin sayı isə 7 dəfə azalıb.

Azərbaycanın dərinməzmunlu sosial siyasətini səciyyələndirən ən mühüm cəhətlərdən biri ondan ibarətdir ki, respublikamızda ədalətli resurs bölgüsü təmin edilir. Ölkəmizdə bütün həssas qruplardan olan vətəndaşların dövlət tərfindən dəstəklənməsi bunun əyani təzahürüdür. Qeyd edim ki, ötən dövrdə şəhid ailələrinə, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 14,8 min mənzil və fərdi ev, 7600 avtomobil verilib.

- 7 fevral prezident seçkiləri yeni dövrün başlanğıcı kimi dəyərləndirilir. Nəzərə alaq ki, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin təmin olunması fonunda qarşıda yeni hədəflər dayanır. Zəfər seçkisinin yeni hədəflərə çatmaq baxımından önəmi nədən ibarətdir?

- Fevralın 7-də keçiriləcək seçkilərin Zəfər seçkisi kimi səciyyələndirilməsinin məntiqi əsasları var. Biz müstəqilliyimizin ilk illərində daxili çətinliklərlə yanaşı, həm də xarici hərbi təcavüzlə üzləşdik. Havadarlarının dəstəyinə arxalanan Ermənistan respublikamızdakı hərc-mərclikdən istifadə etməklə torpaqlarımızın 20 faizini işğal altına aldı. Ancaq Azərbaycan işğal faktı ilə heç vaxt barışmadı. Ulu Öndər Heydər Əliyevin uzaqgörənliklə 1994-cü ilin mayında imzalanmasına nail olduğu atəşkəs müqaviləsi ölkəmizin toparlanmasına, potensialını səfərbər etməsinə imkanlar yaratdı. Prezident İlham Əliyev son 20 ildə işğal faktına son qoyulmasını, ərazi bütövlüyümüzün bərpa olunmasını bir nömrəli məsələ kimi ölkəmizin gündəliyinin mərkəzində saxladı. Dövlətimizin başçısı tarixi ədalətin bərpasına nail olmaq üçün həm siyasi müstəvidə gərgin diplomatik fəaliyyət sərgiləyir, həm də milli iqtisadiyyatın güclənməsi üçün zəruri olan bütün şərtləri təmin edir, müasir ordu quruculuğunu diqqət mərkəzində saxlayırdı. Aparılan danışıqlar beynəlxalq təşkilatların selektiv yanaşmalarının və Ermənistanın daim “yeni ərazilər uğrunda yeni müharibə” iddialarının nəticəsi olaraq iflasa uğradı. Belə olan halda, iqtisadiyyatını və Ordusunu gücləndirən Azərbaycan ərazi bütövlüyünü öz gücünə bərpa etmək məcburiyyətində qaldı. 44 günlük müharibənin nəticəsində ərazilərimizin hərbi-siyasi yolla işğaldan azad edilməsi son 200 illik tariximizdə qazandığımız ən böyük Zəfərdir.

İşğalçı Ermənistan 10 noyabr 2020-ci il tarixində bu ölkə üçün kapitulyasiya aktı sayılan üçtərəfli bəyanatı imzalasa da, onun şərtlərini yerinə yetirmək istəmir və 10 mindən çox kontingentə malik hərbi hissələrini ərazilərimizdə saxlamaqda davam edirdi. Separatçıların və qanunsuz erməni hərbi birləşmələrinin ərazilərimizdə qalması Azərbaycanın suverenliyi üçün təhdid mənbəyi idi. Təsadüfi deyil ki, separatçılar aldıqları təlimatlar əsasında vaxtaşırı genişmiqyaslı təxribatlara, o cümlədən mina terroruna əl atırdılar. Qalib Azərbaycan öz ərazisində separatizm yuvasının qalmasına dözə bilməzdi. Bütün xəbərdarlıqların nəticə verməməsinə görə ordumuz Prezident, Müzəffər Ai Baş Komandan İlham Əliyevin tapşırığı əsasında ötən ilin sentyabrında 23 saatlıq lokal xarakterli antiterror tədbirləri həyata keçirdi. Bu tədbirlərin nəticəsi olaraq separatçılar “ağ bayraq” qaldırmaq məcburiyyətində qaldılar. Bir vaxtlar separatçıların liderləri iddialı danışaraq Bakıyadək gələcəklərini bildirirdilər. Bəli, onlar və erməni tankları indi Bakıdadırlar. Ancaq erməni tankları paytaxtımıza qənimət kimi gətirilib. Separatçıların liderləri isə Bakıda dəmir barmaqlıqlar arxasında onlara layiq olduqları cəzanın verilməsini gözləyirlər. Bunlar bir tərəfdən tarixin ironiyasıdır, digər tərəfdən isə “miatsum” xəyalları quran ermənilər üçün ibrət dərsi olmalıdır. Qələbələrimiz asanlıqla əldə olunmayıb, onları heç kəs bizə hədiyyə etməyib. “Dəmir yumruq” bizim gücümüzün və birliyimizin rəmzidir və həmişə də torpaqlarımıza göz dikən düşmənin başını əzməyə hazır vəziyyətdə olacaqdır.

Vətən müharibəsində, antiterror tədbirlərində qazanılan qələbələr tariximizin şanlı səhifələridir və daim xalqımızın qürur mənbəyi olaraq qalacaq. Ancaq biz şanlı zəfərlərimizin eyforiyası ilə yaşaya bilmərik. Zəfərlərimiz qürurlu olduğu qədər də böyük məsuliyyət yaradır. Həyat bir yerdə dayanmır. Qarşıda yeni dövrün yeni hədəfləri var. Yeri gəlmişkən, Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi, partiyanın Sədri İlham Əliyevin seçki platformasında republikamızın növbəti mərhələ üçün inkişaf prioritetləri göstərilib. Həmin hədəflərə çatmaqla Azərbaycanı inkişafın keyfiyyətcə yeni mərhələsinə yüksəltmək mümkün olacaq. Bir nömrəli ümummilli ideyanın - ərazi bütövlüyünün və suverenliyin təmin edilməsinə nail olan Azərbaycan üçün yeni bir dönəm başlayır və bu mənada, Zəfər seçkisi xüsusi məna kəsb edir.

- Sizcə, yeni mərhələdə qarşıda duran mühüm strateji hədəflərdən biri Böyük Qayıdışın həyata keçirilməsidir. Bu kontekstdə nə deyə bilərsiniz?

- Vətən müharibəsində qazanılan böyük Qələbə sayəsində təxminən 11 min kvadratkilometr ərazimiz işğaldan azad edildi. Təəssüf ki, 30 illik işğal dövründən bizə çox kədərli miras qalıb. Prezident İlham Əliyevin təbirincə desək, sanki bu yerlərdən vəhşi tayfalar gəlib keçiblər və onlar yolları üstündə hər şeyi dağıdıblar. Yüzlərlə kənd, tarixi mədəni-dini irs nümunələri talanıb və viran qoyulub, onlara qarşı əsl urbisid və kultursid törədilib.

Müharibə başa çatandan sonra Ermənistan mətbuatında “Azərbaycanın işğaldan azad olunmuş əraziləri bərpa etməyə gücü çatmayacaq və yaxud bundan ötrü uzun illər tələb olunacaq” kimi iddialar dövriyyəyə buraxılırdı. Ancaq güclü dövlət olan Azərbaycan qarşı tərəfin bu iddialarını da alt-üst etdi. Belə ki, Prezident İlham Əliyevin müvafiq tapşırığına uyğun olaraq bərpa və quruculuq işlərinə müharibə başa çatandan dərhal sonra başlanıldı. Ötən üç ildə işlər o qədər intensivləşib, o qədər geniş miqyas alıb ki, indi bizim üçün yeganə rəqib zamandır. Göz onündə yeni bir Qarabağ formalaşır. Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış hazırkı strateji mərhələ üçün ölkəmizin beş milli prioritetindən biri kimi müəyyənləşdirilib. Dövlətimizin başçısının 16 noyabr 2022-ci ildə imzaladığı Sərəncamla “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiqlənib. Hazırda bu proqram uğurla icra olunur. Ötən müddət ərzində işğaldan azad edilmiş ərazilərin bərpasına dövlət büdcəsindən 12 milyard manat vəsait yönəldilib, mühüm yol-nəqliyyat, enerji təminatı və digər infrastruktur layihələri gerçəkləşdirilib, onlarla yaşayış məntəqəsinin təməli qoyulub və artıq bir sıra şəhər, kənd və qəsəbələrdə yüzlərlə ailənin məskunlaşması təmin edilib.

 Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin seçki platformasında Böyük Qayıdışla bağlı qarşıya qoyulan hədəflər də əksini tapıb. Vurğulanıb ki, Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq 2026-cı ilədək 34500 ailənin doğma torpaqlarda layiqli şəkildə yaşayışı təmin ediləcək, həmin ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası istiqamətində mühüm addımlar atılacaq. Onu da qeyd edim ki, işğaldan azad olunmuş ərazilər Prezident İlham Əliyevin tapşırığına əsasən yeni yanaşmalar, “Ağıllı kənd” və “Ağıllı şəhər” konseptlərinin tətbiqi yolu ilə bərpa olunur. Bütövlükdə, həmin ərazilər dövlət başçısı tərəfindən “yaşıl enerji” zonası elan olunub.

- Ağalar müəllim, bütün sahələrdə möhtəşəm uğurların əldə olunması Azərbaycan vətəndaşlarının Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətə mütləq inam və etimad bəsləmələrini şərtləndirib. Sizcə, bu amil özünü seçkilərin nəticələrində necə göstərəcək?

- Xalqımızın gözəl bir deyimi var: elin gözü tərəzidir. Tarixə nəzər salsaq, görərik ki, müdrik Azərbaycan xalqı həmişə doğru seçim edib. Mən fevralın 7-də seçicilərin yenə də doğru seçim edərək səslərini YAP-ın namizədi İlham Əliyevinə verəcəklərinə əminəm. Cənab İlham Əliyevin növbəti dəfə Azərbaycanın dövlət başçısı seçilməsinə əsaslar yaradan, həm də bunu zərurətə çevirən səbəblər çoxdur. Əlbəttə, onların hamısını bir müsahibə daxilində əhatə etmək mümkün deyil. Mən bir daha ölkəmizin üzləşdiyi işğal faktına diqqət çəkmək istərdim. 30 il ərzində işğal faktı yalnız ərazi itkisi anlamında qəbul olunmurdu. Bu, xalqımız üçün böyük dərəcədə mənəviyyat, ləyaqət, şərəf məsələsi idi. Cəmiyyətdə belə bir qənaət formalaşmışdı ki, hansı lider  Qarabağı işğaldan azad edəcəksə, ölkəyə rəhbərlik etmək haqqı da ona çatır. Bunu Müzəffər Lider İlham Əliyev bacardı! Şuşanın işğal altında qalması hər bir azərbaycanlı üçün böyük iztirab, sıxıntı idi. Bizləri bu mənəvi işgəncədən Ata vəsiyyətinə əməl edən İlham Əliyev qurtardı! Onilliklər ərzində Xankəndidə Azərbaycan Bayrağının ucaldılmasını təsəvvür etmək belə çətin idi. Mümkünsüz görünəni məhz Prezident İlham Əliyev reallığa çevirərək 15 oktyabr 2023-cü il tarixində - dövlət başçısı seçilməsinin 20 ilinin tamamında Azərbaycan Bayrağını Xankəndidə ucaltdı və bizlərə bir daha sonsuz qürur  hissi yaşatdı!

Bütün bunlardan çıxış edərək və Azərbaycan cəmiyyətinin ovqatına əsaslanaraq əminliklə bildirmək istəyirəm ki, 7 fevral seçkilərinin qalibi də məhz İlham Əliyev olacaq! Seçicilər İlham Əliyevin lehinə səs verməklə ölkəmizə qələbələr gətirən siyasətin bundan sonra da davam etdirilməsini dəstəkləmiş olacaqlar!