YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Xalqımızla birlikdə daha bir qələbəni yaşayacağıq!

Müsahibimiz Milli Məclisin deputatı Elnur Allahverdiyev

- Elnur müəllim, Azərbaycan xalqı 7 fevral prezident seçkilərinə tam fərqli əhval-ruhiyyədə - qalib xalq olaraq gedir. Çünki artıq ərazi bütövlüyümüz və suverenliyimiz tam təmin olunub. Müstəqillik tariximizdə ilk dəfə olaraq seçkilər ölkəmizin bütün ərazisində keçiriləcək. Bu barədə sizin düşüncələrinizi bilmək istərdik...

- Bildiyiniz kimi, yanvarın 15-dən etibarən prezidentliyə namizədlərin təbliğat kampaniyasına start verilib. Bu tarixdən başlayaraq Yeni Azərbaycan Partiyasının vahid namizədi cənab İlham Əliyevin təşviqat kampaniyası çərçivəsində Milli Məclisdə təmsil etdiyim Yasamal rayonunun seçiciləri ilə 20-dən çox görüşdə iştirak etmişəm. Hər belə görüşdə tək seçki deyil, həm də bayram əhval-ruhiyyəsi hökm sürür ki, bunun da başlıca səbəbi qeyd etdiyiniz kimi, torpaqlarımızın, ərazi bütövlüyümüzün təmin olunmasıdır.

Biz modern tariximizdə ilk dəfədir ki, seçkilərə bütün ölkəmiz boyu qatılırıq, işğaldan azad edilmiş torpaqlarımızda seçki məntəqələri açılacaq və əhalimiz öz doğma yurdlarında, ocaqlarında seçki qutularının başına keçib səs verəcəklər. Bu, bizim ümumxalq arzumuz, ümummilli ideyamız olub. Bu baxımdan, belə bir arzunun reallığa çevrilməsi şəraitində keçirilən seçkilərin əhval-ruhiyəsi də müvafiq olmalıdır.

- Prezident seçkiləri müasir Azərbaycanın tarixində yeni dövrün başlanğıcı kimi səciyyələndirilir. Sizcə, bu reallığı hansı amillər şərtləndirir?

- Bilirsiniz, gəlin ötən seçkilərimizi xatırlayaq. Elə bir seçkimiz olubmu ki, biz işğal altında olan torpaqlarımızın azad edilməsi barədə danışmayaq? Bu problemin həlli bizim başlıca amalımız, hədəfimiz olub. Bu seçkidə ilk dəfədir ki, bizim bir xalq olaraq belə bir problemimiz yoxdur. Cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə mətin ordumuz xalqımızın qəlbində 30 il ərzində bir qanlı yara olan problemi həll edib, artıq qarşımızda belə bir maneə, hədd yoxdur.

Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin çıxışlarına, seçki proqramına nəzər yetirəndə görürük ki, dövlət başçısı gələcək üçün əsas etibarilə Qarabağın və Şərqi Zəngəzurun bərpası, vətəndaşlarımızın normal şəraitdə, rifah halında yaşaması üçün həyata keçiriləcək tikinti-quruculuq işlərindən danışır. Yəni bir toplum olaraq bizim bu gün qarşımızda duran başlıca vəzifə düşmən tərəfindən illər boyu viran qoyulub, talan edilmiş ərazilərimizin bərpası durur. Şübhəsiz ki, biz bu seçkilərdə qələbə çalıb qalib Liderimizin rəhbərliyi ilə bu problemin də həllinə nail olacağıq. Yəni göründüyü kimi, bizim bir dövlət olaraq qarşıdakı illərə dair hədəflərimizin məzmunu, mahiyyəti dəyişib. Bizi böyük dəyişikliklər gözləyir. Məhz bu səbəbdən də cənab Prezident Azərbaycanın yeni tarixi inkişaf mərhələsinə qədəm qoyduğunu bəyan edib.

- Yeni hədəflərin reallaşmasında 7 fevral seçkilərinin tarixi əhəmiyyəti nədən ibarətdir?

- Təbii ki, əgər bizim qarşımızda yeni hədəflər varsa, əgər biz ölkəmizin tarixində yeni inkişaf dövrünə qədəm qoymuşuqsa, bu mərhələni yeni seçkilərlə başlamalıyıq. Prezident İlham Əliyev bu seçkilərdə, həm də xalqımız qarşısına ötən dövrün hesabatı ilə çıxır. Bir var hər seçkidən seçkiyə görülən işlər barədə hesabat, bir də var bu illər xalqımızın taleyində həlledici rola malik olub, biz böyük bir tarixi ədalətsizliyə son qoymuşuq, torpaq bütünlüyümüzü bərpa etmişik, haqqlı olduğumuzu, xalq olaraq gücümüzü dünyaya göstərmişik. İndi həmin dünyaya seçki həmrəyliyimizi və mədəniyyətimizi göstərməliyik. Eyni zamanda, xalqımız yeni inkişaf mərhələsinə öz münasibətini bildirməlidir. Biz əminliklə deyə bilərik ki, xalqımız namizədimizə yüksək etimadını bir daha nümayiş etdirəcək və dövlətimiz qədəm qoyduğu bu yolu daha da əzmlə davam etdirəcək.

- Seçkilərə “Qalib Xalqın Qalib Lideri!” şüarı ilə qoşulan  Yeni Azərbaycan Partiyası prezidentliyə namizəd cənab İlham Əliyevin seçkiqabağı təşviqat kampaniyasını uğurla həyata keçirir. Siz də kampaniya çərçivəsində görüşlərdə iştirak edirsiniz. Seçicilərin mövqeyi nədən ibarətdir və onlara hansı çağırışı edərdiniz?

- İstisnasız olaraq bütün təşviqat görüşlərində seçici aktivliyi müşahidə olunur. Yasamal rayonunda ali məktəblərimiz, elm ocaqlarımız yerləşir. Seçicilərimizin əhəmiyyətli kontingenti təhsil, elm, səhiyyə təmsilçiləridirlər. Bu görüşlərdə bizim təşviqat qrupumuzla yanaşı məhz onların aparıcı, izahedici səylərini müşahidə edirik. Ziyalı sözünün belə tarixi anlarda olduqca böyük çəkisi var, xüsusilə yetişən gənc nəsil üçün.

Bilirsiniz, biz elə bir tarixi dövrü yaşayırıq ki, zaman özü seçki prioritetlərini müəyyən edir. Seçicilər son 3 il ərzində dövlətimizin qazandığı tarixi zəfərin əhəmiyyətini anlayırlar. Bu qələbə bizim hər birimizi yeni nailiyyətlərə stimullaşdırır. Xalqımız bu zəfərin hansı səylər və zəhmət, hansı qurbanlar hesabına əldə edildiyini bilir. Məhz bu amil də əhalinin həm təşviqat görüşlərinə marağını müəyyən edir, həm də şübhə etmirəm ki, seçki günü öz rolunu oynayacaq. Bizim bu tarixi ana artıq sayılı günlərimiz qalıb. Xalqımızla birlikdə daha bir qələbəni yaşayacağıq – Qalib Liderimiz cənab İlham Əliyevə səs verəcəyik.