YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Azərbaycan cəmiyyəti növbəti parlament seçkilərinə yüksək əhval-ruhiyyə ilə gedir

   Yeni Azərbaycan Partiyası Zaqatala rayon təşkilatının sədri Habil Qurbanov

- Habil müəllim, Azərbaycan parlament seçkiləri ərəfəsindədir. Təmsil olunduğunuz partiya və bütövlükdə cəmiyyət bu seçkilərə hansı əhval-ruhiyyə ilə gedir?

- Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi həyatında çox mühüm dəyişikliklər, yüksəliş baş verir. Ötən illər ərzində xalqımızın sosial durumu yaxşılaşmış, həyatımızın bütün sahələrinin, o cümlədən, iqtisadiyyatın, elmin, səhiyyənin, incəsənətin inkişafı yüksələn xətt üzrə irəliləyib. Qazandığımız bütün bu uğurlar, müstəqil Azərbaycan dövlətinin yüksək sosial-iqtisadi, ictimai-siyasi, mədəni və elmi potensialı Ümummilli liderimiz Heydər Əliyevin təməlini qoyduğu inkişaf strategiyasının parlaq nəticəsidir.

Hazırda ölkəmiz parlament seçkiləri ərəfəsindədir. Ümumiyyətlə, seçkilər hər bir ölkənin siyasi həyatında çox mühüm amildir. Seçkilər, həmçinin demokratiyanın bir ifadəsi, göstəricisidir. Ona görə də bütün dövlətlərdə bu məsələ daim diqqət mərkəzində olur. Təbii ki, demokratik, sabit ölkələrdə seçkilər yüksək səviyyədə keçirilir. Bu baxımdan ictimai-siyasi vəziyyətin rolu da mühüm əhəmiyyət kəsb edir. Dünyada mürəkkəb proseslərin getdiyini nəzərə alsaq, hər bir ölkə üçün sabitliyin nə qədər önəmli olduğunu anlamış oluruq. Bir sıra şərq ölkələrində müəyyən beynəlxalq güclər tərəfindən sabitliyin pozulması nəticəsində xalqların nə dərəcədə ağır duruma düşdüynünün şahidləriyik. Ona görə də, sabitliyin nə qədər böyük dəyər olduğunu bilirik.  

Şükürlər olsun ki, ölkəmizdə möhkəm ictimai-siyasi sabitlik və vətəndaş həmrəyliyi mövcuddur. Bəzi xarici qüvvələr Azərbaycanda da sabitliyi pozmağa çalışsalar da, xalqla hakimiyyətin birliyi bu qüvvələrin niyyətlərini puç edir. Azərbaycanda sivil, intellektual cəmiyyət formalaşıb və bu cəmiyyət dünyada baş verən prosesləri yaxşı dərk edir. Ona görə də, bizim ən böyük uğurlarımızdan biri olan sabitliyin qorunmasına bütün cəmiyyət dəstək verir.

Bütün bunların əsasında da əminliklə deyə bilərik ki, cəmiyyətimiz növbəti parlament seçkilərinə yüksək əhval-ruhiyyə ilə gedir. Ölkəmizdə seçkiqabağı mühit normaldır, ictimai-siyasi sabitlik, mükəmməl seçki sistemi mövcuddur. Azərbaycanın beynəlxalq standartlara cavab verən seçki qanunvericiliyi var və bu Seçki Məcəlləsi ilə azad, şəffaf və demokratik seçkilər keçirmək tam mümkündür. Ötən illərin təcrübəsi də bunu deməyə əsas verir. Artıq ölkə vətəndaşları, siyasi partiyalar seçki kampaniyalarını həyata keçirirlər. Müəyyən sayda insanlar namizədliklərini irəli sürüblər. Azərbaycanda keçirilən bütün seçkilərdə mübarizə aparan tərəflərə bərabər imkanlar yaradılır.

- Azərbaycanda regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramı həyata keçirilməkdədir. Bu proqramın icrası nəticəsində bölgələrimizdə böyük abadlıq və quruculuq işləri görülür. Bu işlər Zaqatalada özünü necə büruzə verir?

- Son illər regionların inkişafı böyük vüsət alıb. Bölgələrin siması əhəmiyyətli dərəcədə dəyişib. Mən tez-tez xarici ölkələrə səfər edirəm və deyə bilərəm ki, bölgələrimiz Avropa ölkələrindəki vəziyyətdən heç də fərqlənmir.

Regionların sosial-iqtisadi inkişafı proqramı çərçivəsində bölgələrimizdə böyük işlər həyata keçirilir. Həm bu prosesin birinci mərhələsində, həm də hazırki mərhələdə görülən işlər yüksək qiymətə layiqdir. Bu dövlət proqramları regionlarda infrastrukturun yaradılması, qeyri-neft sektorunun inkişafı, regionlarda daimi iş yerlərinin yaradılması əhalinin sosial-rifah halının yüksəlməsinə birbaşa təsir göstərən amillərdən biri olub. Eyni zamanda, daha bir mühüm strateji məsələ ölkəmizdə işsizliyin azaldılması, məşğulluq siyasətinin müəyyənləşdirilməsi və həyata keçirilməsi ilə bağlıdır. Regionların inkişafı Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi diqqət mərkəzindədir. Dövlət başçısı Azərbaycanda regionların tarazlı və davamlı sosial-iqtisadi tərəqqisi, yeni iş yerlərinin açılması, infrastrukturun yenilənməsi, bölgələrin investisiya cəlbediciliyinin artırılmasını vacib hesab edərək bu prosesə şəxsən nəzarət edir.

Bildiyiniz kimi ölkəmizdə 2004-cü ildən regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət proqramları həyata keçirilir. Artıq bu proqramların üçüncü mərhələsi icra olunmaqdadır və bu proses böyük dinamika ilə müşahidə olunur. Proqramların icrası nəticəsində bölgələrimizin siması əhəmiyyətli dərəcədə dəyişib. Bu gün də bu proses uğurla davam edir. Ümumiyyətlə, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz dinamik şəkildə inkişaf edir. Sevindirici haldır ki, bu inkişaf bütün sahələri əhatə edir. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları respublikamızın sıçrayışlı inkişafını təmin etməklə yanaşı, insanların sosial həyatının dəyişməsində, rayonların simasının əhəmiyyətli dərəcədə dəyişərək yeni proqressiv çalarlar almasında mühüm rol oynamaqdadır.

Qeyd etmək lazımdır ki, regionların inkişafını özündə ehtiva edən bu proqramların vaxtında və yüksək səviyyədə icra olunması Azərbaycanın ümumi iqtisadi gücünü artırmaqla yanaşı, istehsal müəssisələrinin fəaliyyətinin bərpasına, yeni istehsal müəssisələrinin yaradılmasına, yerli resurslardan istifadənin səmərəsinin artırılmasına, regionların inkişafı üçün zəruri infrastrukturun yaradılmasına, aqrar sektorda islahatların ikinci mərhələsinin sürətləndirilməsinə, fermerlərə və digər kənd təsərrüfatı işçilərinə kömək məqsədilə müxtəlif servis mərkəzlərinin yaradılmasına yol açıb. Bundan başqa,  bu Dövlət proqramlarında investorların regionlara cəlb olunması üçün əlverişli şəraitin yaradılması, yeni iş yerlərinin açılması, əhalinin kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması regionların sosial-iqtisadi inkişafında həlledici dönüş yaradıb. Dövlətin inkişafı və zənginləşməsi son nəticədə vətəndaşların yaxşı yaşamasına, onların sosial tərəqqisinə səbəb olur. Bütün bunlarla yanaşı, bölgələrdə xeyli sayda tibb ocaqları, məktəblər, mədəniyyət evləri, sosial obyektlər də tikilib istifadəyə verilir. Görülən bu işləri Prezidentimizin ölkə vətəndaşlarına qayğısının ifadəsidir.

Quruculuq işləri Zaqatala rayonunda da uğurla davam edir. Dövlət proqramları çərçivəsində görülən işlər nəticəsində rayonun siması əhəmiyyətli dərəcədə dəyişib. Belə ki, rayonda yeni məktəblər, tibb ocaqları, eləcə də digər obyektlər tikilib istifadəyə verilir. Bundan başqa kəndarası yollar da yenidən qurulur, kəndlərin böyük hissəsi qazlaşdırılıb və s. Bütün bunlar  nəticəsində rayon əhalisinin rifahı daha da yüksəlir. Ümumiyyətlə, Zaqatala ictimaiyyəti hörmətli Prezidentimiz İlham Əliyevin qayğısını hiss edir və bunu yüksək qiymətləndirir.   

- Ölkəmizin ən güclü siyasi qüvvəsi olan  YAP uğurlu seçki kampaniyası həyata keçirməkdədir. Artıq partiyamızın deputatlığa namizədlərinin siyahısı açıqlanıb. Ümumiyyətlə, partiyamızın seçki hazırlığı barədə düşüncələriniz necədir?

- YAP ölkəmizin ictimai-siyasi həyatında ən aktiv rol oynayan siyasi təşkilatdır. Partiyamız Heydər Əliyev yolu ilə irəliləyərək, çox böyük və şərəfli yol keçibdir. İnamla deyə bilərik ki, cəmiyyətin avanqard siyasi qüvvəsi kimi YAP xalqımızın qarşısında duran vəzifələrin yerinə yetirilməsinə özünün layiqli töhfəsini verib və bu yolu əzmkarlıqla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ləyaqətlə xalqa xidmət göstərir.

Partiyamız yarandığı vaxtdan xalqımıza xidmət onun başlıca amalı olub. Ümummilli liderimiz

Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik prinsipinə söykənən YAP ölkəmizin ən qabaqcıl nümayəndələrini öz sıralarında birləşdirərək, müstəqil Azərbaycan dövlətinin qurulması yolunda geniş, çoxşaxəli fəaliyyət göstərib. Bu gün ölkəmizin ən güclü siyasi qüvvəsi olan YAP həmiçinin, geniş beynəlxalq əlaqələrə malikdir. Azərbaycan gənclərinin partiya sıralarına axını isə bu siyasi təşkilatın perspektivdə daha böyük nailiyyətlər qazanacağına əminliyi artırır.

Ulu öndər Heydər Əliyev qeyd edirdi ki, YAP Azərbaycana yeni siyasi mühit gətirməlidir. Fəaliyyət istiqamətlərindən açıq-aydın görünür ki, partiya daim yeniliklərlə çıxış edir. Məhz cəmiyyətimizə sivil siyasi mübarizə kimi yeniliyi də 1990-cı illərin əvvəlində partiyamız gətirib. 1993-cü ilin iyun ayından hakimiyyətə gələn YAP fəaliyyəti ərzində bir çox yeniliklərə imza atıb. Bu gün əminliklə demək olar ki, partiyamız bütün demokratik cəmiyyətlərdə olduğu kimi öz fəaliyyətini sivil dəyərlər üzərində qurub. Bu səbəbdən də, YAP ölkəmizin aparıcı, avanqard siyasi qüvvəsinə çevrilib və o cümlədən, dünya ölkələrinin bir çox nüfuzlu siyasi partiyaları ilə  geniş əlaqələrə malikdir.

YAP-ın yenilikçi qüvvə olmasını şərtləndirən digər vacib amil isə partiya sıralarına Azərbaycanın sağlam, intellektual gənclər ordusunun axınıdır. Təsadüfi deyil ki, bu gün partiyamızın 650 min nəfərdən çox üzvünün 40 faizini gənclər təşkil edir.

Ümumiyyətlə, siyasi mübarizə, seçkilərdə iştirak hər bir siyasi partiyanın başlıca fəaliyyət istiqamətidir. YAP-ın yarandığı vaxtdan Azərbaycanda keçirilən seçkilərdə qələbə qazanması hər kəsə bəllidir. Burada diqqət çəkən məqam ondan ibarətdir ki, hər seçkidən seçkiyə partiyamızın uğurlarının miqyası genişlənir və bu da seçkilərin nəticələrində də özünü aydın şəkildə ifadə edir. Bu qələbələri şərtləndirən mühüm amillərdən biri də YAP daim yeni, müasir seçki texnologiyalarını seçki kampaniyası zamanı tətbiq etməsidir. İnanırıq ki, qarşıdan gələn parlament seçkiləri də partiyamız üçün çox uğurlu olacaq. Həm əldə etdiyimiz təcrübə, həm də uğurlu seçki kampaniyasının aparılması bunu deməyə əsas verir.

- Habil müəllim, rəhbərlik etdiyiniz YAP Zaqatala rayon təşkilatı seçkilərə necə hazırlaşır? Parlament seçkiləri ilə bağlı görülən işlər haqda nə deyə bilərsiniz?

- YAP Zaqatala rayon təşkilatı fəaliyyətini partiya rəhbərliyi tərəfindən qarşıya qoyulmuş tapşırıqların yerinə yetirilməsi üçün uğurla davam etdirir. YAP Zaqatala rayon təşkilatı öz işini partiyanın İcra Katibliyinin tövsiyə və tapşırıqlarına, həmçinin YAP-ın nizamnamə və praqramına müvafiq olaraq müəyyənləşdirib. Hazırda YAP Zaqatala rayon təşkilatının üzvlərinin sayı 7608 nəfərdir. Onların 4191 nəfəri qadın, 3222 nəfəri gəncdir. Ümumilikdə ərazi ilk partiya təşkilatlarının sayı 70-dir.

Onu da nəzərinizə çatdırım ki, YAP Zaqatala rayon təşkilatı olaraq hər ilin əvvəlində tədbirlər planı təsdiq edirik və bu plana uyğun olaraq işimizi təşkil edirik. Hər bir əlamətdar günlər, tarixi hadisələrlə və s. bağlı tədbirlər keçiririk.

Xüsusilə parlament seçkiləri ilə əlaqədar rayon təşkilatının aparatında 13 nəfərdən ibarət Seçki Qərargahı yaradılıb. Qərargahın iclasında üzvlər arasında vəzifə bölgüsü aparılıb, görüləcək işlər müəyyənləşdirilib. Seçki Qərargahında fəaliyyət göstərəcək qərargah üzvləri və seçki kampaniyasında iştirak edəcək YAP fəalları müəyyənləşdirilib və onlar müvafiq qaydada təlimatlandırılıblar. Seçki Qərargahı öz işini YAP Mərkəzi Aparatının tərtib etdiyi plana və partiya rəhbərliyinin tövsiyələrinə uyğun şəkildə qurur. Qərargah üzvləri arasında gənclərdə təmsil olunurlar.

Qarşıdakı dövrlərdə müxtəlif seçki mərhələlərinin tələblərinə uyğun olaraq ardıcıl tədbirlərin görülməsi də diqqət mərkəzindədir. Dairə və məntəqə seçki komissiyalarında Yeni Azərbaycan Partiyasını təmsil edən üzvlərin siyahısı müəyyənləşib. Seçki kpmpaniyası dövründə rayon ərazisində təbliğat materiallarının asilması, yapışdırılması və seçki məntəqələri ərazisinə çatdırılması,paylanması işini həyata keçirmək üçün gənclərdən ibarət mobil qrup yaradılıb.

Zaqatala rayonu ərazisində 2 seçki dairəsi və 76 seçki məntəqəsi yerləşir. 110saylı Zaqatala seçki dairəsi üzrə isə 47 məntəqədə 46129 seçici qeydiyyatdadır, 111 saylı Zaqatala-Balakən seçki dairəsi üzrə 29 məntəqədə 29348 var.

Yeni Azərbaycan Partiyasının Zaqatala rayon təşkilatının Seçki Qərargahında noyabrın 1-də keçiriləcək növbəti parlament seçkilərində YAP tərəfindən irəli sürülmüş namizədlərin xeyrinə imza toplayacaq partiya fəallarına trenq keçirilib. Ümumilikdə, hər dairə üzrə 10 nəfər imza toplayan təyin olunub. O cümlədən, YAP Zaqatala rayon təşkilatı hər məntəqə üzrə məşvərətçi və müşahidəçi səs hüquqlu şəxslərin siyahısını şəkillərlə birlikdə hazırlamışdır.Bununla bərabər YAP zaqatala rayon əşkilatında gənclərdən ibarət qrup təyin olunmuşdur. Bu qrup seçki müddətində sosial şəbəkələrdə fəaliyyət göstərir.