YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Cəmiyyətimizin intellektual təbəqəsi Yeni Azərbaycan Partiyasında birləşib

   YAP Qadınlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Nurlana Əliyeva

- Nurlana xanım, ölkəmizin davamlı inkişafı naminə həyata keçirilən daxili siyasət strategiyasının mühüm istiqamətlərindən birini dövlət qadınlar siyasəti təşkil edir. Ümumilikdə, həyata keçirilən dövlət qadınlar siyasətinin nəticələrini necə qiymətləndirirsiniz?

- Müasir dünyamızda qadınların ictimai fəallığı, cəmiyyətin sosial-iqtisadi həyatında yaxından iştirakı, yalnız konkret bir toplumun tarixi təkamül prosesinin hansı mərhələsində olduğunu müəyyən edən göstərici kimi çıxış etmir, həm də bu təkamülə yol açan, bu prosesin  mənəvi-əxlaqi meyarlarını konkretləşdirən əhəmiyyətli faktorlar rolunu oynayır. Qeyd etmək istəyirəm ki, hazırda ölkəmizdə uğurlu dövlət qadınlar siyasəti həyata keçirilir. Ümumiyyətlə isə, qadınlarımızın müstəqil Azərbaycan dövlətinin ictimai-siyasi həyatında getdikcə artan rolu və mövqeyi bizim milli dövlətçilik tariximizin ən böyük uğurlarındandır. Bu uğurlar bir tərəfdən Azərbaycanda qadın fəallığı sayəsində çoxəsrlik tarixə söykənən zəngin ənənələr, digər tərəfdən ölkə rəhbərliyinin həyata keçirdiyi strateji inkişaf xəttində qadın siyasəti ilə bağlı seçilmiş prioritetlər üzərində qərar tutur.

Azərbaycanda qadınların ictimai-siyasi fəallığının artırılmasına, onların cəmiyyətin bütün sahələrində uğurla təmsil olunmalarına və digər məqsədlərə yönəlmiş qadınlar siyasətinin əsası xalqımızın Ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Hələ sovet Azərbaycanına rəhbərliyi dövründə qadınların ictimai fəallığının artırılması, onların təhsili, məşğulluğu, vəzifə pillələrində irəliləyişi üçün mühüm addımlar atan Ulu öndər Heydər Əliyev 1993-cü ildə dövlət rəhbərliyinə qayıdışından sonra bu xətti yeni məzmunda, müstəqillik dövrünün mahiyyətinə uyğun bir tərzdə davam etdirdi. Ulu öndərin ideyaları əsasında 1992-ci ilin noyabrında Azərbaycanın siyasi həyatında tarixi zərurət kimi meydana çıxan Yeni Azərbaycan Partiyası milli vəhdətə və bu prosesə öz töhfəsini vermək istəyən Azərbaycan qadınlarının birlik, bərabərlik ünvanı oldu.

Ulu öndərin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra qadınlarımız Onun milli inkişaf strategiyasının fəal dəstəkçiləri oldular. 1995-ci ildə Ulu öndərin tövsiyəsi ilə Yeni Azərbaycan Partiyasının mərkəzi və yerli təşkilatlarının tərkibində qadınlar şuralarının yaradılması böyük ictimai dəstəklə müşayiət olunurdu. Heydər Əliyevin siyasi ideyalarının arxasıca gedən Azərbaycan qadınlarının qabaqcıl üzvləri belə bir təşəbbüsü yaxından dəstəkləyir, bu şuranın işində fəal iştirak etmək üçün dəstə-dəstə Yeni Azərbaycan Partiyasının sıralarına gəlirdilər. Azərbaycan qadınının tarixdə ilk dəfə bu qədər böyük mütəşəkkilliklə bu prosesə qoşulmaları onların Ümummilli liderin həyata keçirdiyi müdrik siyasətə sonsuz inamının ifadəsi idi.

Ümummilli lider Heydər Əliyevin Azərbaycan qadınının cəmiyyətdəki roluna və  Azərbaycan qadınının Heydər Əliyev siyasətinə verdiyi yüksək dəyər ölkədə qadın fəallığı ənənələri tarixinə yeni salnamələr yazdı. Cəmiyyətdə qadınların mövqeyini möhkəmləndirmək üçün Heydər Əliyevin 1998-ci ildə ilk dəfə olaraq Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması barədə Sərəncamı bu istiqamətdə atılan tarixi addımlardan biri  oldu. Bir məqamı xüsusi olaraq qeyd etmək istəyirəm ki, Azərbaycan qadını bu qiymətin və mənəvi məsuliyyətin işığında yeni əsrdə üzərinə düşən vəzifələri düzgün dəyərləndirərək Prezident  İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin sayəsində əldə edilən çoxşaxəli inkişaf proseslərinə öz töhfələrini verməyə çalışır. Bu gün Azərbaycan qadını Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdə övladlarının  parlaq gələcəyini, özünün, doğmalarının stabil bir cəmiyyətdə güvənli, təhlükəsiz həyatını, həmçinin sosial rifah halının davamlı surətdə yaxşılaşmasını görür. Cənab İlham Əliyevin Prezidentliyi dövründə Azərbaycan qadını ilə bağlı olan problemlər dövlətin prioritet məsələlərindən ən ümdəsinə çevrildi, qadınların problemləri dövlət rəhbərliyinin ən yüksək diqqət və qayğısı ilə əhatə olundu. 

- Ölkəmizdə həyata keçirilən dövlət qadın siyasətindən bəhs edərkən, heç şübhəsiz, Azərbaycan qadınlarına nümunə olan Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın çoxşaxəli və səmərəli fəaliyyətinə toxunmaq lazımdır. Bu barədə düşüncələrinizi bilmək istərdik...

- Azərbaycan qadınının Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə rəğbətini şərtləndirən ən əsas amillərdən biri də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın şəxsində Azərbaycan qadınının layiq olduğu ən yüksək ictimai məqama, mənəvi zirvəyə yüksəlməsidir. Ümumiyyətlə, dünyada ən böyük məktəb hansısa dəyərli keyfiyyəti əxz etmək üçün bir insanın öz həyat və fəaliyyəti ilə yaratdığı şəxsi nümunədir.  Mehriban xanım Əliyeva bu mənada Azərbaycan qadınları üçün müasir dünyamızda bəşəriyyətə faydalı olmağın yeni meyarlarını müəyyən edən parlaq örnəkdir.

Bu gün mədəniyyətlər arasında dialoq məkanına çevrilmiş Azərbaycanda təşkil edilən beynəlxalq tədbirlər bütün dünyada bu yöndə aparılan maarifləndirmə ilə multikulturalizmi, savadlılığı, sivilizasiyalar arasında qarşılıqlı təmasları dünyanı bir çox bəlalardan, konfliktlərdən, toqquşmalardan hifz edə biləcək dəyər kimi diqqətə çatdıırır. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycan mədəniyyəti incilərinin, səsimizin, sözümüzün bütün dünyada təbliği, Azərbaycan dövlətinin dəstəyi ilə ölkə daxilində və ölkədən xaricdə keçirilən tədbirlər, reallaşdırılan  layihələr xüsusi əhəmiyyət daşıyır. Bu gün adı cəmiyyətimizdə xeyirxahlıq, insanlara kömək, nəciblik, alicənablıq məzmunu ilə  assosiasiya olunan Mehriban xanım Əliyevanın çoxşaxəli və səmərəli fəaliyyətinin Azərbaycan qadınlarının ölkənin ictimai-siyasi həyatında aktiv iştiraka marağının artması, cəmiyyətimizdə qadın fəallığı ənənələrinin güclənməsində rolu böyükdür.

- Nurlana xanım, Yeni Azərbaycan Partiyası öz sıralarında müxtəlif sahələrdə aktiv fəallığa malik olan və intellektual qadınları birləşdirir. Ümumiyyətlə, YAP-ın qadınlar siyasətini və bu kontekstdə qadınların partiyamıza üz tutmasını necə qiymətləndirirsiniz?

- Bir məqamı xüsusi olaraq diqqətinizə çatdırmaq istəyirəm: 2013-cü ilin 7 iyun tarixində Yeni Azərbaycan Partiyasının V qurultayında Mehriban xanım Əliyevanın şəxsində Azərbaycan qadınına böyük etimad göstərildi. Mehriban xanım Əliyevanın Yeni Azərbaycan Partiyası Sədrinin müavini seçilməsi ilə Azərbaycan qadınının siyasətdə  təmsilçiliyinə böyük dəyər verildi və bu fakt qadınlarımızın Yeni Azərbaycan Partiyasına axınını daha da stimullaşdırdı. Çünki qadınlarımız bir daha dərk etdilər ki, YAP-ın üzvü olmaq şərəfdir, YAP-ı təmsil etmək böyük qürurdur.

Ümumiyyətlə, 1 yanvar 2014-cü il tarixinə Yeni Azərbaycan Partiyasının tərkibi haqqında statistik məlumat partiyamızın ölkədə həm kəmiyyət, həm də keyfiyyət etibarilə qüdrətli bir siyasi qüvvə olduğunu təsdiq edir. 620371 nəfərin 283269 nəfəri, yəni 45,7 faizi qadınlardan ibarətdir. Onlardan təhsil, səhiyyə, elm, mədəniyyət və incəsənət, idarəetmə və digər sahələrdə çalışan qadınlarımızın tərkibində 971 nəfər elmlər namizədi, 296 nəfər elmlər doktoru təmsil olunur. Ümumiyyətlə, cəmiyyətimizin intellektual, ziyalı təbəqəsi YAP-da birləşib.    

Son illərdə qadınlarımızın seçkili orqanların fəaliyyətində iştiraka marağı artmışdır. Əgər ilk mərhələdə yerli özünüidarəetmə orqanlarında qadınların təmsilçiliyi cəmi 3-4 faiz təşkil edirdisə, indi bu göstərici 30 faizə çatmışdır. Artıq ölkəmizdəki bir sıra bələdiyyələrin sədrləri də məhz qadınlardır. Bundan  başqa, Azərbaycan Respublikası Milli Məclisində 19 qadın millət vəkili təmsil olunur.

- Məlumdur ki, Yeni Azərbaycan Partiyasının Qadınlar Şurası qadınların problemlərinin aradan qaldırılması, onların ictimai, siyasi, elmi fəallığının artırılması məqsədilə müxtəlif layihələr həyata keçirir, çoxsaylı tədbirlər görür. Ümumilikdə, partiyanın Qadınlar Şurasının fəaliyyəti barədə nə deyə bilərsiniz?

- Yeni Azərbaycan Partiyasının Qadınlar Şurasının ötən illər ərzində, o cümlədən 2013-cü ildə gördüyü işlər barədə geniş söhbət açmaq olar. Bu işlər miqyas etibarilə ölkəmizdə və Azərbaycandan kənarda keçirilən  tədbirlərdən – ötən ilin oktyabrında respublikamızda keçirilmiş prezident seçkisi kampaniyasındakı fəaliyyətdən, mətbuatda ictimaiyyətin diqqətini cəlb edən aktual mövzularla qoyulmuş çıxışlardan, cəmiyyətin qayğısına, diqqət və mərhəmətinə ehtiyacı olan qurumlarda keçirilmiş humanitar aksiyalardan, ictimai-siyasi xarakterli tədbirlərin təşkilindən, hərbi hissələrdə əsgərlərlə görüşlərin, səhiyyə aksiyasından və bu kimi digər müxtəlif istiqamətlərdən ibarət olmuşdur. Bu müddət ərzində qadınlarımız dəfələrlə əlillər evində, ahıllar evində, ata-ana himayəsindən məhrum olmuş uşaqların məskunlaşdığı internat tipli məktəblərdə görüşlər keçirmiş, cəmiyyətin köməyinə böyük ehtiyacı olan ayrı-ayrı insanlarada dəstək olmuşlar.

Qeyd edim ki, qarşıda cəmiyyət üçün faydalı olan və icra olunması xüsusi əhəmiyyət daşıyan kifayət qədər vəzifələr durur. Bu vəzifələrdən ən ümdəsi, təbii ki, qadınlarımızın fiziki və mənəvi sağlamlığının qorunmasıdır. Əlbəttə, bu gün Azərbaycan dövləti öz vətəndaşlarının sağlamlığının qorunması üçün müvafiq sosial proqramlar həyata keçirir. Yeni Azərbaycan Partiyasının Qadınlar Şurasının təmsilçiləri olaraq biz də bu prosesə öz töhfələrimizi verməyə çalışır, öz təşəbbüslərimizlə dövlət və hökümət orqanları qarşısında irəli sürdüyümüz faydalı təkliflərlə qadınlarımızın sağlamlıq imkanlarının artırılmasından ötrü bütün mümkün vasitələrin təmin olunmasına səy göstəririk.

Qadınların mənəvi sağlamlığına gəlincə isə, bunun təməlində məktəb, təhsil, tərbiyə məsələləri dayanır. Təşkilatımızın ötən hesabat-seşki konfransından keçən dövrü ərzində bir sıra  bölgələrimizdə maarifləndirici tədbirlər keçirmişik, tədbirlərdə  qadınların təhsil hüququnun təmin olunması zərurəti bir daha önə çəkilib, gender siyasəti sahəsində əldə olunan uğurlara rəğmən, bəzi problemlərin həlli ilə bağlı tövsiyələr verilib. Ümumiyyətlə, bu gün Azərbaycan ictimaiyyətinin geniş dəstəyini qazanan, sıralarında yüz minlərlə layiqli vətəndaşlarımızı bir araya gətirən Yeni Azərbaycan Partiyasında qadın təşkilatlarının mövcudluğu müsbət qiymətləndirilməlidir. Partiyanın Qadınlar Şurası olaraq cəmiyyətimizdə getdikcə güclənən qadın fəallığının daha da artırılması, bu yöndə məqsədyönlü fəaliyyətin genişlənməsi naminə qüvvələrimizi bundan sonra da əsirgəməyəcəyik.