YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Biz bu gün hücum mövqeyindəyik

   YAP Siyasi Şurasının üzvü, partiyanın Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı

- Məlahət xanım, Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində öz mövqeyini günü-gündən möhkəmləndirməkdədir. Azərbaycanın ikitərəfli və çoxtərəfli münasibətləri inkişaf edir, ölkəmiz beynəlxalq təşkilatlarda uğurla təmsil olunur. Məhz bu reallıqlar və perspektivlə bağlı nə deyə bilərsiniz?

- Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkəmizin sürətlə inkişaf etməsi, eləcə də beynəlxalq müstəvidə nüfuzunun artması inkarolunmaz reallıqdır. Beynəlxalq müstəvidə nüfuzumuzu təsdiq edən başlıca məqamlardan biri odur ki, bölgəmizdə Azərbaycanın iştirakı və razılığı olmadan hər hansı layihə həyata keçirilə bilməz. Yəni bu baxımdan, Azərbaycan  bölgədə söz sahibidir. 
Ümumiyyətlə, dünya qloballaşır və bu qloballaşma ölkələr arasında əməkdaşlıq münasibətlərinın daha da intensivləşməsi ilə müşayiət olunur. Yüksək texnologiyaların əldə etdiyi nəticələrdir ki, beyənlxalq əməkdaşlıqda sıx intensivləşmə gedir. Qlobal proseslərin fonunda həm müsbət, həm də mənfi mənada proseslər baş verir. Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkəmiz çox böyük uğurlar əldə edib. Yəni bu qloballaşma dövründə Prezidentimiz elə bir zərgər dəqiqliyi ilə siyasət həyata keçirir ki, milli və dövlət maraqlarımız yüksək səviyyədə təmin olunur. Hansı ki, belə bir zamanda bir çox kiçik dövlətlər böyük güclərin diqtəsi ilə hərəkət etməyə məcburdur. Amma Azərbaycan belə bir şəraitdə inamla müstəqil siyasət həyata keçirir. Təbii ki, bütün bunlar Prezident İlham Əliyevin uğurlu siyasəti ilə yanaşı, Onun şəxsi nüfuzunun da göstəricisidir. 
Bir faktı xatırladım, Ukrayna məsələsi BMT-də səsverməyə çıxarılarkən, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəklədi. Ermənistan kimi forpost dövlətlər diqtə ilə hərəkət etməyə məcburdurlar. BMT-də Ukrayna ilə bağlı keçirilən səsvermə bunu bir daha təsdiqlədi. Təbii ki, Azərbaycanın müstəqil siyasət yürütməsi müəyyən dairələri narahat edir və bu səbəbdən də ölkəmiz üçün problemlər yaratmağa çalışırlar. Amma heç zaman öz məqsədlərinə nail ola bilmirlər. Möhtərəm Prezidentimiz ilk növbədə, xalqımıza  güvənir və Özünün məharətli siyasəti nəticəsində hər zaman milli maraqlarımızı qoruyur. Mən bu yaxınlarda ABŞ-da, Harvard Universitetində oldum. Orada Universitetin əməkdaşları da Prezidentimizin həyata keçirdiyi siyasəti, o cümlədən ölkəmizin Ukrayna məsələsində tutduğu mövqeyi yüksək qiymətləndirdilər. 
Ümumiyyətlə, Azərbaycan beynəlxalq müstəvidə özünü etibarlı tərəfdaş kimi təsdiq edib. Eyni zamanda, ölkəmizdə həyata keçirilən uğurlu siyasət dövlətimizin əsaslarını əhəmiyyətli dərəcədə möhkəmləndirib, dinamik inkişafı şərtləndirib. Təbii ki, Azərbaycanın sürətli inkişafı, iqtisadi gücünün artması, əhalinin rifahının yüksəlməsi bir sıra digər məsələlərdə təsiredici rol oynayır. Sözsüz ki, qazanılan uğurlar Azərbaycanın beynəlxalq aləmdə mövqeyini də əhəmiyyətli dərəcədə gücləndirir. Əminliklə demək olar ki, bu gün ölkəmiz dünya birliyinin tam bərabərhüquqlu üzvüdür, söz sahibi olan dövlətdir. Son bir neçə ildə Azərbaycanın əldə etdiyi uğurlar, hərtərəfli iqtisadi nailiyyətlər bizim ölkəmizi regionda güc mərkəzlərindən birinə çevirib. Biz birmənalı olaraq böyük bir maraq oyadırıq, bütün beynəlxalq təşkilatlar, böyük dövlətlər bizə maraq göstərir, bizimlə tərəfdaşlıq etmək istəyirlər.

- Ölkəmiz tərəfindən reallaşdırılan müstəqil enerji siyasəti regionun və regionətrafı coğrafiyanın enerji təhlükəsizliyini təmin etməklə yanaşı, Azərbaycanı dünyanın enerji bazarında aparıcı ixracatçılardan birinə çevirib. Bir çox dövlətlər Azərbaycanı etibarlı strateji tərəfdaş kimi səciyyələndirirlər. Sizin bu haqda fikirləriniz necədir?

- Qeyd etdiyim kimi, Azərbaycanın beynəlxalq müstəvidə yeri və rolu güclənməkdədir. ölkəmizin həyata keçirdiyi xarici siyasət prinsipial, qətiyyətli və xalqımızın mənafeyinə tam uyğundur. Bu gün Azərbaycanda dövlətimizin güclənməsinə xidmət edən və xalqımızın siyasi iradəsinə əsaslanan siyasət həyata keçirilir. Əlbəttə, Azərbaycan dünyanın diqqət mərkəzində olan geosiyasi məkanda yerləşir, böyük enerji ehtiyatlarına malikdir. Bu amillərə görə, ölkəmizin inkişafını istəməyən bir sıra xarici qüvvələr mövcuddur. Bununla belə, Azərbaycan balanslaşdırılmış xarici siyasət həyata keçirməkdədir. Bu siyasətin əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və bu gün uğurla davam etdirilir. Möhtərəm Prezidentimiz İlham Əliyev bu siyasəti müasir dövrün tələblərinə uyğun olaraq həyata keçirir. 
Belə bir geosiyasi məkanda enerji siyasəti də çox dəqiqliklə həyata keçirilir və bu yöndə böyük nailiyyətlər əldə edilib. Bilirsiniz ki, bu gün dünya miqyasında baş verən münasibətlərin təməl prinsipində enerji siyasəti dayanır. Bu gün sanki dünyada beynəlxalq güclər arasında enerji ehtiyatlarının bölüşdürülməsi mübarizəsi gedir. Kim nə qədər enerji mənbələrinə sahib ola bilər və s. Bu çətinliklərə baxmayaraq, Azərbaycan balanslaşdırılmış xarici siyasət həyata keçirir. 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi”, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kəmərləri və tranzit daşımalarında əsas koridor olacaq Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi və digər layihələr Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu daha da artırır. 
TANAP layihəsi XXI əsrin çox əhəmiyyətli layihəsi kimi qəbul olunur. Bu layihə yalnız iqtisadi deyil, həm də siyasi əhəmiyyətə malik olan önəmli layihədir. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində bu saziş imzalandı. Hazırda ölkəmiz Avropanın enerji təhlükəsizliyində vacib rol oynayır və bundan sonra da oynayacaq. Biz Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdən qürur duyuruq. Çünki dövlətimizin başçısı milli maraqlarımıza uyğun siyasəti qətiyyətlə həyata keçirir. 
Bilirsiniz ki, Nabukko layihəsinin reallaşması ilə bağlı neçə illərdir müzakirələr  gedirdi, bu prosesdə hətta ölkəmizə qarşı təzyiq elementləri var idi. Amma hörmətli Prezidentimizin  iradəsi nəticəsində milli maraqldarımıza tam uyğun olan TAP və TANAP layihələrinə dair saziş imzalandı. Bu amil Azərbaycan və Türkiyənin beynəlxalq mövqelərini daha da gücləndirir. Hər iki dövlətin münasibətləri «Bir millət, iki dövlət» prinsipinə əsaslanır. Praqada keçirilən «Şərq tərəfdaşlığı» sammitində Prezident İlham Əliyevin  Ermənistanın prezidentinin iddialarına cavab olaraq  «Türkiyə burda təmsil olunmur, amma mən varam» deməsi ə qardaşlığın parlaq göstəricisidir. Bu, Prezidentimizin cəsarəti, qətiyyəti ilə yanaşı dövlətimizin artan gücüdür. 

- Məlahət xanım, qeyd etdiniz ki, müəyyən dairələr Azərbaycana təzyiqlər etməyə çalışırlar. “Human Rights Watch” təşkilatının ölkəmizə qarşı qərəzli hesabatları da bu təzyiq cəhdlərinin  elementi deyilmi? 

- Əlbəttə ki, belə hesabatlar ilk dəfə deyil. Bu hesabatların arxasında Azərbaycanın inkişafını istəməyən, ermənipərəst qüvvələr dayanır. Bu gün hər kəs görür ki, ikiüzlü dünya var. Ona görə də, müstəqil siyasət həyata keçirən dövlətlərə təzyiqlər olur. “Human Rights Watch” kimi təşkilatlar QHT-dir, hansısa dövlətlətin rəsmi mövqeyini ifadə etmirlər. Sadəcə olaraq, onlar ictimai rəylərdə çaşqınlıqlar yaradırlar. Belə halların qarşısını almaq üçün ölkəmizdə bütün səviyyələrdə işlər gedir. Biz bu gün hücum mövqeyindəyik. Öz müstəqil siyasətimizlə hər hansı təzyiq cəhdlərinə tutarlı cavab veririk. 
“Human Rights Watch” kimi təşkilatlar az deyil. Bu qurumlara Leyla  Yunus kimilər yalan məlumatlar ötürürlər. Nə qədər ki, belələri var, bu cür hesabatlar da olacaq. L.Yunusun torpalarımızın işğalında əli olması, erməni tərəfinə məlumatlar ötürməsi heç kimə sirr deyil. Amma bütün hallarda, bu cür fəaliyyətlə ölkəmizi öz yolundan döndərmək mümkün deyil. Azərbaycan dövlətinə xələl gətirmək istəyən qüvvələr cavabını alacaq. Çünki Azərbaycan güclü dövlətdir. 

- Məlahət xanım, rəhbərlik etdiyiniz YAP Nəsimi rayon təşkilatı qarşıda duran vəzifələri hansı səviyyədə yerinə yetirir? 

- Bizim rayon təşkilatımız Bakı şəhərinin böyük bir hissəsini özündə cəmləşdirir. Partyamızın üzvləri bütün ictimai-siyasi proseslərdə aktivlik nümayiş etdirirlər, bütün seçkilərdə fəal şəkildə iştirak edirlər. Təşkilatımızın sıraları daim genişlənməkdədir və bu proses uğurla davam edir. Biz bundan sonra da qarşımızda duran vəzifələri layiqincə yerinə yetirməyə səylə çalışacağıq. Ümumiyyətlə, təşkilatın 25 min nəfərdən çox üzvü var, onların 43 faizi gənclərdir. Təxminən o qədər də qadınlar təmsil olunur. Təşkilatımıza gənclərin axını yüksəkdir. Biz bunu təbii qəbul edirik. Çünki, gənclər öz talelərini Heydər Əliyev siyasətinə bağlayırlar. Eyni zamanda, gənc nəsil Prezident İlham Əliyevin siyasətinin fəal dəstəkçiləridirlər. YAP gənclər üçün geniş meydandır, siyasi məktəbdir. Dövlətin gənclər siyasəti ilə  YAP-ın gənclərlə bağlı fəaliyyəti üst-üstə düşür. Ona görə də, gənclər onlar üçün yaradılan imkanlardan yararlanırlar.
Məlumat üçün bildirim ki, bugünlərdə  YAP Nəsimi rayon təşkilatı Qadınlar Şurasının hesabat-seçki konfransını keçirdik. Konfrans zamanı şuranın rəhbərliyində müəyyən dəyişikliklər edildi. Qadınlar şurasının  sədri Məhbubə Vəliyeva uzun illər idi ki, şuraya rəhbərlik edirdi. Onun xidmətləri həmişə yüksək qiymətləndirilib. Amma cəmiyyət yeniləşir, ona görə də, biz də yeniləşməyə, gəncləşməyə üstünlük veririk. Partiyamızın fəalı  Gülarə Verdiyeva konfransda YAP Nəsimi rayon təşkilatı Qadınlar Şurasının yeni sədr seçildi. Qismən də idarə heyəti və şuranın tərkibində dəyişiklər edildi.