YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Ekoloji təhlükəsizliyin qorunması ölkənin ümumi siyasətinin, mədəniyyətinin təzahürüdür

   Azərbaycan Respublikasının Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov

Məlum olduğu kimi, dövlət başçısı İlham Əliyevin 16 may 2007-ci il tarixli sərəncamı ilə 23 may Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Ölkə Prezidentinin vurğuladığı kimi, bayram tədbirləri keçilən yolun təhlili, qarşıdakı vəzifələrin müəyyənləşdirilməsi baxımından mühüm hadisə, bir sözlə, hesabatdır. Bu baxımdan Azərbaycan Respublikasının  Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun ötən dövrün təhlilini özündə əks etdirən  müsahibəsinin zəruriliyi daha aydın görünür

- Hüseynqulu müəllim, iqtisadiyyat hər bir inkişafın təməl daşıdır. Ekologiya sahəsində görülən işlərin, həyata keçirilən tədbirlərin miqyasının genişliyində də təbii ki, bu amilin rolu inkaredilməzdir.  Azərbaycanın iqtisadi inkişafına bir baxış keçirməyinizi xahiş edərdik.

-  Uğurlu sosial-iqtisadi islahatlar hər bir ölkənin davamlı inkişafını təmin edən əsas amillərdəndir. Bu gün Azərbaycanın inkişaf strategiyasının beynəlxalq səviyyədə təqdir olunması bir daha belə bir reallığın təsdiqidir ki, ölkəmiz davamlı inkişaf yolunda inamla irəliləyir. Bu strategiyanın müəllifi isə müstəqil Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyevdir. Dahi şəxsiyyətin  «İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir» tezisi  bu gün də dövlətimizin həyata keçirdiyi siyasətin əsasında dayanır. Möhtərəm Prezidentimiz İlham Əliyev hələ 2003-cü ildə keçirilən andiçmə mərasimində bildirmişdir ki, Azərbaycanın daha güclü, qüdrətli dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasəti davam etdirilməlidir. Məhz son on ilin uğurları bu vədin konkret əməli işdə öz təsdiqini tapdığını nümayiş etdirir.  İqtisadiyyatın inkişafında neft amilinə böyük önəm verən ulu öndər Heydər Əliyevin «Neft Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur» fikirinin təsdiqi olaraq 1999-cu ilə böyük uzaqgörənliklə yaratdığı Dövlət Neft Fondu bu gün neft gəlirlərinin idarə olunmasında şəffaflıq  prinsipini yüksək səviyyədə qorumaqla  ölkəmizin hərtərəfli inkişafına xidmət edən mühüm sosial-iqtisadi layihələrin həyata keçirilməsini sürətləndirir.  Son on ildə dövlət başçısı İlham Əliyevin uğurla həyata keçirdiyi iqtisadiyyatın şaxələndirilməsi siyasəti öz  müsbət nəticələrini verməkdədir. Möhtərəm Prezidentimiz ilk gündən bəyan etdi ki, iqtisadi artım yalnız neft-qaz sektorunun deyil,  qeyri-neft sektorunun hesabına olmalıdır. Regionların malik olduğu potensialdan səmərəli istifadə etmək məqsədilə imzalanan Dövlət Proqramları qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmağa stimul verdi. Məhz iqtisadiyyatın düzgün əsaslar üzərində qurulmasının nəticəsidir ki, Azərbaycan  dünyanı bürüyən və nəticələri hələ də davam etməkdə olan  iqtisadi və maliyyə böhranının problemlərini yaşamadı, əksinə iqtisadiyyatının inkişaf səviyyəsinə görə  dünyanın diqqətini özünə çəkdi. Beynəlxalq maliyyə qurumlarının hesabatlarında   tutduğu ön yeri hər zaman qoruyan Azərbaycan bu reallığı təsdiqlədi  ki, yalnız düzgün siyasət  qarşıya çıxan istənilən problemin aradan qalıdrılmasını və ölkənin uğurlu inkişafını təmin edə bilər.
Təbii ki, bir sual çərçivəsində ölkənin iqtisadi inkişafını geniş təhlil etmək mümkün deyil. Təkcə cari ilin  birinci rübünün  sosial-iqtisadi göstəricilərinə diqqət yetirmək kifayətdir. İqtisadiyyat  2,5 faiz,  qeyri-neft sektoru 8,8 faiz artıb. Valyuta ehtiyatları 53 milyard dollar təşkil edir.  Adambaşına düşən valyuta ehtiyatlarına görə Azərbaycan  dünyada qabaqcıl ölkələr sırasındadır. Əhalinin pul gəlirləri  4,5 faiz artıb.  Birinci rübdə  orta əməkhaqqı təxminən 7 faiz artıb. Bu gün ölkəmizdə  orta əməkhaqqı  430 manat, yəni 550 dollar səviyyəsindədir. Möhtərəm Prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi, iqtisadi tərəqqi yalnız rəqəmlərdə deyil, insanların gündəlik həyatında da özünü nümayiş etdirir. Bu da onun təsdiqidir ki, həyata keçirilən iqtisadi islahatların əsasında vətəndaş amili dayanır. 2010-cu ildə Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsi mərasimində dövlət başçısı İlham Əliyevin söylədiyi fikirləri xatırlatmaq istərdik.  «Layihənin həyata keçirilməsi  bizim üçün ən böyük sərvət, ən böyük dəyərin Azərbaycan vətəndaşı olduğunu göstərir» söyləyən dövlət başçısı İlham Əliyev bildirmişdir ki,  dövlətimiz  üçün insan faktoru, vətəndaşlarımızın sağlamlığı, ekoloji problemlərin həll edilməsi ən mühüm vəzifələrdən biridir və bu istiqamətdə ardıcıl, məqsədyönlü siyasət həyata keçirilir.
Regionların, Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının uğurlu icrası artıq qeyd olunan istiqamətlərdə üçüncü Dövlət Proqramının qəbuluna əsas yaratdı. Dövlət başçısı İlham Əliyev bu əminliyi də ifadə edir ki, üçüncü proqram da uğurla icra ediləcək, qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olunacaq. Təbii ki, ifadə olunan hər bir əminliyin arxasında mühüm əsaslar dayanır. Azərbaycan hər dövrün çağırışlarını uğurla həyata keçirir. Dəfələrlə qeyd edildiyi kimi, bu gün artıq ölkəmiz yeni iqtisadi və sosial çağırışların müzakirəsi üçün əsas məkan kimi diqqət çəkir, keçirilən beynəlxalq tədbirlərin sayının çoxluğu da bunun təsdiqidir. Hər bir tədbir ölkəmizin malik olduğu  potensialın təqdimatında əhəmiyyətli rol oynamaqla yanaşı əldə olunan  təcrübənin mübadiləsinə də öz müsbət təsirini göstərir.  Beynəlxalq maliyyə qurumlarının hesabatları da  Azərbaycanda uğurlu iqtisadi siyasəti bir daha dünyaya nümayiş etdirir.  Ölkəmizdə  biznes mühitinin yaxşılaşdırılması, sabitliyin mövcudluğu Azərbaycana investisiya axınının sürətlənməsində  əhəmiyyətli rol oynayır. Bu gün ölkə iqtisadiyyatına  170 milyard dollar vəsait qoyulduğunu  böyük  inamla qeyd ediriksə, təbii ki, bunun da arxasında  düşünülmüş və məqsədyönlü siyasət dayanır. Artıq Azərbaycan  investisiya yatırılan ölkə olmaqla yanaşı, eyni zamanda bu və ya digər ölkəyə investisiya yatıran ölkə  imici də  qazanıb.  Həyata keçirilən uğurlu investisiya layihələri ölkəmizin beynəlxalq aləmdə nüfuzunu, etibarlı tərəfdaş imicini daha da möhkəmləndirir.  Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək istəyimiz də əldə olunan uğurlarımızın təqdimatında mühüm rol oynayır. Çünki hər bir hədəf keçilən yolun təhlili fonunda müəyyənləşdirilir. Dövlət başçısı İlham Əliyevin sərəncamı əsasında təsdiqlənən «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyası qarşıdakı illərin prioritetlərininin ümumiləşdirilmiş ifadəsidir. Sənəddə Azərbaycanın qarşıdakı illərdən gözləntiləri və onlara çatmaq yolları geniş  şəkildə öz əksini tapır.
Cari  ilin birinci rübünün  sosial-iqtisadi göstəricilərinə qısa baxış bir daha bu inamı yaradır ki,  arxada qalan illər kimi, 2014-cü il də Azərbaycanın tarixinə uğurlu il kimi yazılacaq. Dövlət başçısı İlham Əliyev Nazirlər Kabinetinin  birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirmişdir: «Bir sözlə,  bizim əsas  iqtisadi parametrlərimiz  çox müsbətdir. Bu mənzərə gələcəyə  də nikbinliklə baxmaq üçün  imkan verir.  Mən əminəm ki,  ilin sonuna qədər bu inkişaf templəri davam edəcək və biz 2014-cü ili də böyük  uğurlarla başa  vuracağıq». Bu fikir də xüsusi qeyd edilmişdir ki,  iqtisadi cəhətdən azad olan, heç kimdən asılı olmayan ölkə  beynəlxalq aləmdə  öz sözünü daha da qətiyyətlə deyə bilir. Azərbaycan beynəlxalq maliyyə qurumlarının hesabatlarında hər zaman iqtisadi cəhətdən azad ölkə kimi önə çəkilir və bu reallıq əsaslı şəkildə təhlil olunur. 
Qısa baxış və təhlil fonunda bir daha bu inamı qeyd etmək istərdim ki,  beynəlxalq aləmdə iqtisadi möcüzələr ölkəsi kimi tanınan və nüfuz qazanan Azərbaycan bu mövqeyini illər biri-birini əvəzlədikcə daha da möhkəmləndirir. Ölkəmizin təşəbbüsçüsü və iştirakçısı olduğu layihələr iqtisadi imkanların genişlənməsinə böyük yol açır. Bir daha qeyd etmək istərdim ki, ölkəmizə beynəlxalq baxışın yüksək səviyyədə olması  ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi inkişaf strategiyasının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsinin nəticəsidir.   

- Dövlət siyasətinin əsas istiqamətlərindən biri də  ekoloji təhlükəsizliyin təmin edilməsidir. Bu istiqamətdə görülən işləri və əldə olunan nəticələri necə şərh edərdiniz?

-  Ötən illərin müqayisəli təhlili fonunda bu gün qeyd etdiyiniz sahədə görülən işlərin uğurlarını aydın şəkildə görə bilərik. Bu fakt inkaredilməzdir ki,  əsrlər boyu  regionda  ekoloji məsələlərə  ciddi diqqət yetirilmirdi. Ətraf mühitin qorunması, ekoloji durumun yaxşılaşdırılması  beşinci, onuncu dərəcəli məsələ kimi gündəlikdə dururdu. Ümumiyyətlə, ekologiya sözü əvvəlki illərdə o qədər də işlədilmirdi. Unudulurdu ki, sağlamlığımızı təmin etmək üçün ilk növbədə təbiəti sağlamlaşdırmaq, ətraf mühiti qorumaq gərəkdir. İnsanla təbiətin qarşılıqlı  münasibəti ekoloji vəziyyətin yaxşılaşdırılmasına xidmət edir. Ətraf mühitin qorunması  çirkləndirmə prosesinin zəifləməsinə yönəldilən  bir sıra kompleks xarakterli texniki-texnoloji, təşkilati və sosial-iqtisadi tədbirləri əhatə edir. 
Ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə ulu öndər Heydər Əliyev  ətraf mühitin mühafizəsinə və insanların sağlamlığına  təminat yaradan mütərəqqi texnologiyaya malik  yeni müəssisələrin tikilməsinə, köhnə texnologiyaların yenisi ilə əvəz olununmasına, yaşıllıqların və parkların salınmasına, mütəxəssislərin hazırlanmasına xüsusi diqqət yetirmişdir. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra  həyata keçirilən  çoxşaxəli siyasətin məntiqi nəticəsi olaraq   davamlı inkişaf tempi  ölkə həyatının bütün sahələrində  özünü göstərdi.  Bura  ekoloji şəraitin yaxşılaşdırılması və ətraf mühitin mühafizəsi sahəsində  aparılan ardıcıl iş, əldə olunan uğurlu nəticələr də  daxildir.  Həmin ildən başlayaraq,  paytaxtın yaşıllaşdırılmasına,  ekoloji tarazlığın bərpasına start verildi.  Həmin illərdə  ekoloji siyasətə dair imzalanan «Azərbaycan  Respublikasının Ekoloji  Konsepsiyası» əsasında  yeni dövr üçün ekoloji strategiya  müəyyənləşdirildi, həlli vacib məsələlərə xüsusi diqqət yetirildi.  Sonra  bunun davamı olaraq 1998-ci ildə  «Ətraf mühitin  mühafizəsi üzrə  Milli Fəaliyyət Proqramı» qəbul edildi. Bir vacib məqamı da qeyd edək ki,  1999-cu ildə  Milli Məclisin qəbul etdiyi «Ekoloji təhlükəsizlik haqqında» qanun Ulu Öndər Heydər Əliyev tərəfindən təsdiqləndi. 2000-ci ildə isə daha iki - «Ətraf mühitin mühafizəsi haqqında» və «Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında» qanunlar qəbul edildi. Bu kimi addımların  davamı olaraq  2001-ci ildə  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaradılması bir daha bu gerçəkliyi ortaya qoydu ki, ekoloji problemlərin həlli dövlətin əsas diqqət göstərdiyi istiqamətlərdəndir və bu sahə ilə məşğul olan  qurumun fəaliyyətinə böyük zərurət duyulur. Ekoloji təhlükəsizliyin təmin olunması üçün ətraf mühitin çirklənməsinin  minimuma endirilməsi və mühafizəsinin təkmilləşdirilməsi, indiki və gələcək nəsillərin tələbatını ödəmək məqsədilə təbii sərvətlərdən səmərəli istifadə,  alternativ enerji mənbələrindən yararlanmaq və enerji effektivliyinə nail olmaq, qlobal ekoloji problemlər üzrə milli  səviyyədə  tələbatların qiymətləndirilməsi, həlli yollarının müəyyənləşdirilməsi, beynəlxalq təşkilatlarla  əlaqələrin genişləndirilməsi bu gün də  Azərbaycan dövlətinin ekoloji siyasətinin əsas istiqamətləridir. Son on ildə ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən  Prezident İlham Əliyevin imzaladığı  fərmanlarda,  təsdiq etdiyi  Milli və Dövlət Proqramı sənədlərində  ekoloji mühitin sağlamlaşdırılması  məqsədilə nəzərdə tutulan  hədəflərin reallaşması üçün yerinə yetirilməsi zəruri olan  vəzifələr müəyyənləşdirilmiş, biomüxtəlifliyin mühafizəsi, meşələrin inkişafı, yaşıllıqların artırılması, su ehtiyatlarının davamlı idarə olunması sahəsində  nəzərəçarpacaq nailiyyətlər əldə olunmuşdur. Onu da qeyd edək ki, 2010-cu il Azərbaycan tarixinə nəinki «Ekologiya ili», eyni zamanda  ətraf mühitin sağlamlaşdırılması baxımından dönüş ili kimi yazıldı. Dövlət başçısı İlham Əliyev bildirir: «Ekologiya məsələləri hər bir ölkə üçün, hər bir vətəndaş üçün  vacib olmalıdır. Bu, insanların sağlamlığıdır. Sağlam ekoloji mühit, sağlam hava, təmiz su-bütün bunlar  insanın həyatı üçün ən əhəmiyyətli məsələlərdir».  Mütəmadi olaraq Prezident İlham Əliyevin yanında  keçirilən ekoloji problemlərə həsr olunmuş müşavirələrdə də   ekoloji tarazlığın bərpa edilməsi, ətraf mühitin qorunması, yaşıllıqların genişləndirilməsi istiqamətində görülən işlər, qarşıda duran konkret vəzifələr açıqlanır.  Möhtərəm Prezidentimiz bir əsas məqamı da qeyd edir:  «Bu gün ekoloji məsələlərin həlli vacib məsələlərdən biridir. Ona görə yox ki, bütün dünyada bu məsələlərə böyük diqqət göstərilir.  Ona görə ki, bu gün Azərbaycanın qarşısında həllini gözləyən əsas məsələlərdən biri ekoloji vəziyyətin yaxşılaşdırılmasıdır». «Abşeron yarımadasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına böyük ehtiyac var. Bizim hamımız bunu bilirik və elə etməyik ki, Bakı, onun ətrafı, bütün Abşeron yarımadası ekoloji cəhətdən ən təmiz bölgəyə çevrilsin» söyləyən dövlət başçısı İlham Əliyevin tapşırığına uğyun olaraq  qeyd olunan sahədə yaşıllaşdırma ilə  bağlı  müasir metodlara əsaslanan yaşıllaşdırma layihələri həyata keçirilir.   Bu həqiqət hər bir kəsə bəllidir ki,  uzun illər ərzində neft-qaz sənayesinin inkişafı nəticəsində Abşeronun böyük əraziləri həm neftlə, həm də neft tullantıları ilə çirklənib. Bu kimi ekoloji problemlərin həlli üçün təxirəsalınmaz tədbirlərin vacib olduğunu bildirən dövlət başçısı İlham Əliyev Azərbaycan Dövlət Neft Şirkətinin iştirakı ilə həmin ərazilərdə həyata keçirilən təmizlənmə işlərini, yeni yaşıllıqların salınmasını  yüksək qiymətləndirir. Prezident İlham Əliyevin elə bir çıxışı yoxdur ki, ekoloji məsələlərə diqqət yönəldilməsin, onların həlli yolları açıqlanmasın.  
Prezident İlham Əliyev bu məqamı da hər zaman diqqətə çatdırır: “Ekologiya sektoruna qoyulan vəsait elə hesab edilməməlidir ki, bu vəsait qoyuldu və heç bir nəticə vermir. Yox, yenə də deyirəm ki, bunun nəticəsini biz gələcək nəslin sağlamlığında görəcəyik”.  İndiki və gələcək nəsillərin sağlamlığının təmin edilməsi, iqtisadi potensialın qorunması, təbii ehtiyatlardan səmərəli istifadə  hər zaman  günün aktual  məsələlərindəndir. Dövlət başçısı İlham Əliyevin 2006-cı il 28 sentyabr tarixli sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı»nda bir çox tələblərlə yanaşı, meşələrin seyrəkləşməsinin, torpağın erroziyasının, meşə massivlərinin azalmasının və təbii biosenozların yoxa çıxması təhlükəsinin yaranmasının qarşısının alınması barədə tədbirlərin  həyata keçirilməsi nəzərdə tutulmuşdur. Ötən illərdə bu istiqamətdə mühüm işlər görülərək uğurlu nəticələr əldə olunub. Yaşıllaşdırma istiqamətində vacib addımlar atılıb. 
Son illər ərzində arid sahələr və aşağı keyfiyyətli torpaqlarla əhatə olunmuş Bakı və Abşeron yarımadasının yaşıllaşdırılması ilə bağlı müasir metodlara əsaslanan irimiqyaslı yaşıllaşdırma layihələri həyata keçirilmiş, 3322 hektar ərazidə 3 472 min ağac əkilmiş, 9 min kilometrə yaxın müasir damcılı suvarma sistemi çəkilmişdir.
Bir əsas məqamı da qeyd edək ki,  Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın «Hərəyə bir ağac  əkək!» devizi ilə keçirilən aksiyalarda milyonlarla  yeni ağac və kol əkilib.  Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın da bu istiqamətdə atdığı addımlar davamlıdır və təqdir olunur. Leyla Əliyevanın rəhbərlik etdiyi İDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin  təşkil etdiyi layihələr ekoloji mühitin qorunmasına xidmət  edir.  Məlum olduğu kimi, bu ilin aprelində  İDEA İctimai Birliyinin, «ASAN xidmət» və «Təmiz Şəhər» ASC-nin birgə təşkilatçılığı  əsasında keçirilən   «Hər kağızı bir yarpağa dəyişək»  aksiyası çərçivəsində  Balaxanı poliqonunda 5 min kv.metr ərazi yaşıllaşdırılmışdır. 2014-cü il 7 may tarixində İDEA İctimai Birliyinin təşəbbüsü, Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin təşkilati dəstəyi ilə Heydər Əliyev Mərkəzində Qafqaz Biomüxtəlifliyi Sammiti keçirilmişdir ki, bu da bəbir və digər pişikkimilərin mühafizəsi istiqamətində bilik və təcrübələrin bölüşdürülməsi, bu sahədə ən qabaqcıl və səmərəli vasitələrin tətbiqinin müzakirəsi məqsədini daşıyırdı.
Keçirilən layihələrdə məqsəd gənclərin və beynəlxalq ictimaiyyətin diqqətini ətraf mühitin qorunmasına cəlb etməkdir.
Havanın çirklənməsi məsələlərinə də böyük diqqət göstərilir.  Nəzərdə tutulan tədbirlər bu sahədə də mövcud problemlərin aradan qaldırılmasına zəmin yaradacaq. Əhalinin  ekoloji cəhətdən təmiz su ilə təminatına da xüsusi diqqət yönəldilir. Belə ki,  2007-2012-ci illər ərzində 20 rayonun 222 yaşayış məntəqəsində 400 mindən çox əhali modul tipli su təmizləyici qurğular vasitəsilə keyfiyyətli içməli su ilə təmin olunmuşdur. 
Təbii ehtiyatların mənimsənilmə intensivliyi, Xəzər hövzəsinin Azərbaycan  üzrə ekoloji təhlükəsizliyinin təmin edilməsi sahəsində ardıcıl  tədbirlərin həyata keçirilməsi, aparılan işlərin tam ekoloji nəzarətdə saxlanılması, eyni zamanda ekoloji ekspertiza tələblərinin mövcud dünya standartlarına uyğun qurulması problemlərin azalmasına bu sahədə əsaslı dönüşün yaranmasına gətirib çıxarmışdır. Bu baxımdan istehsal intensivliyi ilə müşayiət olunan və formalaşan tullantıların ətraf mühitdən təcrid edilməsi, onların utilizasiyası və idarə olunması xüsusi prinsipiallıq kəsb edir. Nazirlik tərəfindən qoyulan tələblərin icrasını təmin etmək məqsədilə bu işə bir sıra şirkətlər cəlb edilir. 
Ekoloji hüquq pozuntularına görə məsuliyyətin artırılması ekoloji nəzarət sahəsində  iqtisadi  tənzimlənmə mexanizminin qurulmasına gətirib çıxarmışdır. Ümumilikdə ekoloji vəziyyət, təbii ehtiyatlar, onların mühafizəsi və bərpası davamlı iqtisadi inkişafın ümumi konsepsiyasının tərkib hissəsinə çevrilmişdir. Ölkənin iqtisadi inkişaf tempinə uyğun olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi çevik idarə olunan ekoloji siyasətin həyata keçirilməsi istiqamətində ətraf mühitin hər hansı komponentinin  bərpa olunmayan dərəcədə pozulmasına səbəb ola biləcək fəaliyyətin qarşısının alınması, aztullantılı texnologiyaların tətbiq edilməsi, beynəlxalq təşkilatlar və inkişaf etmiş ölkələrlə ətraf mühitin mühafizəsi sahəsində əlaqələrin genişləndirilməsi, əhali arasında ekoloji təbliğatın və maarifləndirmənin gücləndirilməsi prinsiplərini tətbiq edir.  İqtisadiyyatın bütün sahələrinin inkişafı ilə bağlı ölkəmizdə mövcud olan ekoloji problemlərin həll edilməsi məqsədi ilə təmiz texnologiyaların tətbiqinə böyük üstünlük verilir.
Bir faktı da qeyd edək ki, ətraf mühitin mühafizəsi sahəsində 2013-cü il ərzində hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 2995 akt və 774 protokol tərtib olunmuş və aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 1134 müddətli “məcburi göstəriş” verilmişdir. Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı ümumilikdə 838 iş üzrə 5578615 manat məbləğində cərimə, ətraf mühitə dəymiş ziyanla bağlı 569 iş üzrə 35588448,86 manat məbləğində iddia, əmələ gələn tullantıların ətraf mühitə atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 5382 iş üzrə 1120173,65 manat məbləğində ödəmə tətbiq edilmişdir. Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilmiş 293 işdən 53-nə, İcraçılar qrupuna göndərilmiş 470 işdən 282-nə, məhkəmələrə göndərilmiş 160 işdən 98-nə baxılaraq müvafiq tədbirlər görülmüşdür.
Müasir dövrdə ətraf mühitin çirklənməsi, qlobal iqlim dəyişmələri bəşəriyyəti narahat edən əsas problemlərdəndir. Bunların həlli istiqamətində alimlər və mütəxəssislər müxtəlif fikirlər yürüdürlər ki, bunlardan da ən önəmlisi alternativ və bərpa olunan enerji mənbələrindən istifadədir. Ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşaması və təbii sərvətlərdən xalqın rifahının yaxşılaşdırılması naminə səmərəli istifadə edilməsi respublikada aparılan sosial-iqtisadi islahatların tərkib hissələrindən birini təşkil edir.
Dövlətin ekoloji problemlərin həllinə xüsusi diqqət göstərməsi ölkə ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanır. Ətraf mühiti  qoruyaq ki, o da bizim sağlamlığımızı təmin etsin.

- Hüseynqulu müəllim,  peşə bayramınız ərəfəsindəsiniz. Bugünkü uğurlarınız  Sizdə gələcəklə bağlı hansı təsəvvürləri yaradır? 

- Düşünürəm ki, hələ həllini gözləyən  problemlər var. Bu günün uğurları ilə kifayətlənsək, artıq inkişafdan, tərəqqidən danışa bilmərik. Təbii ki, məqsəd inkişaf üçün açardır. Hər dövr üçün qarşıya qoyulan məqsədə lazımi səviyyədə nail olduqda, bu xoş ovqat yaratmaqla yanaşı, sabaha daha ümidlə irəliləməyə, yeni-yeni planlar haqqında düşünməyə stimul verir. Peşə bayramımızı yüksək əhval-ruhiyyə ilə qeyd etməyimizdə də bu amilə söykənirik. Bir işin uğurla  sona çatması növbəti iş üçün başlanğıcdır.  Qarşıdakı illərdə görüləcək işlər çoxdur. Dövlət başçısı İlham Əliyevin qarşıya qoyduğu tapşırıqları yüksək səviyyədə həyata keçirmək üçün Nazirliyin bütün əməkdaşları səylərini birləşdirir, üzərinə düşən vəzifənin layiqincə yerinə yetirməyə çalışırlar. 
Uğurlarımızın beynəlxalq səviyyədə  təqdir olunması da səylə çalışmağımızda əsas amillərdəndir. Azərbaycanda ətraf mühitin mühafizəsi və ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər beynəlxalq aləmdə də öz obyektiv qiymətini alır. Belə ki, nüfuzlu tədqiqat mərkəzləri olan ABŞ-ın Yel və Kolumbiya universitetləri tərəfindən 2012-ci ilin yanvar ayında açıqlanmış Beynəlxalq Ekoloji Fəaliyyətin Nəticələrinin İndeksi (Environmental Performance İndex) sənədində ətraf mühit sahəsində son 10 ildə baş vermiş müsbət dəyişikliklərin tempinə görə Azərbaycan 132 ölkə arasında 2-ci yeri tutmuşdur. 
Bu gün peşə bayramlarını qeyd etməyə hazırlaşan  Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçiləri hər zaman olduğu kimi, qarşıdakı illərdə də  öz ənənələrinə sadiq qalaraq ətraf mühitin mühafizəsi – havanın, suyun, torpağın təmizliyinin, insanların sağlamlığının qorunması üçün əllərindən gələni əsirgəməyəcək, uğurlu nəticələrə öz töhfələrini verəcəklər. 
Təbii ki, təbiəti qorumaq hər bir Azərbaycan vətəndaşının borcudur.    Hər bir Azərbaycan vətəndaşı təbiəti mühafizə siyasətinə,  ekoloji mədəniyyətə, təbii resursları qorumağa və qənaətlə istifadəyə yönəldilən  tədbirləri dəstəkləməli, qeyd olunan istiqamətlərdə səylərini daha da artırmalıdırlar. Hər bir problemin həllində maarifləndirmə işinin yüksək səviyyədə qurulmasının nə dərəcədə böyük önəm daşıdığını nəzərə alsaq, bu gün üzərimizə düşən məsuliyyəti daha dərindən dərk etmiş olarıq.