YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

28 May - Azərbaycan xalqının tarixinin şərəfli səhifələrindən biridir

   Milli Məclisin deputatı, professor Musa Qasımlı

- Musa müəllim, bu günlərdə xalqımız 28 May Respublika Gününü böyük təntənə ilə qeyd edir. Sizcə, 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdə yeri və rolu, əhəmiyyəti nədən ibarətdir?

- 1918-ci il mayın 28-də Azərbaycan xalqını təmsil edən Milli Şura  müsəlman Şərqində ilk dəfə olaraq respublika formasında Azərbaycanın dövlət müstəqilliyini elan etməsi tarixindən zaman etibarilə nə qədər çox uzaqlaşırıqsa, onun təkcə xalqımız və müsəlman Şərqi deyil, bütün dünya üçün böyük əhəmiyyət daşıdığı daha aydın şəkildə özünü göstərir, Cümhuriyyət irsinə təkrarən müraciət olunur və çoxlu suallara olan cavabları yenidən oxumaq və ibrət almaq lazım gəlir. 28 May - Azərbaycan xalqının tarixinin şərəfli səhifələrindən biridir. Çümhuriyyətin yaradılması və fəaliyyəti əhəmiyyətinə görə Azərbaycan sərhədlərini aşaraq daha geniş bir anlam daşıyırdı. Müsəlman dünyasına Respublika məfhumunu və məfkurəsini Azərbaycan xalqı gətirdi. Azərbaycan Xalq Cümhuriyyəti bütün müsəlman Şərqinin “Dan Ulduzu” oldu. Bu gün Şərqdə müstəmləkəçiliyn və müstəmləkə zülmü altında inləyən  xalqların olmaması eyni zamanda Cümhuriyyətin təsiridir. Azərbaycan xalqı müstəmləkə zülmü altında inləyən xalqlara xilas yolunu göstərdi. Onların ürəyində ümid çırağı yandırdı. Heç əbəs deyil ki, Cümhuriyyət yaradıldıqdan sonra Sibir sürgünündə azərbaycanlılarla yanaşı zülm çəkən  yüzlərlə ərəb, fars, əfqan və başqa xalqların nümayəndəsi Azərbaycanın vətəndaşı olmaqdan  ötrü  İrkutskdakı konsulluğa müraciət etmişdilər. 

Cümhuriyyətin elan edilməsi göydəndüşmə olmadı. Məlumdur ki, çarizmin Azərbaycanın şimalını işğal edib ilhaq edənə qədərki müəyyən dövrdə  Azərbaycan xalqının zəngin dövlətçilik ənənələri mövcud idi. Lakin 1828-ci ildə Azərbaycanın şimalı çar Rusiyası tərəfindən xanlıqlar formasında işğal edildikdən sonra tamamilə yeni bir şərait yarandı. Azərbaycanın ərazisi və xalqı iki yerə bölüşdürüldü. Azərbaycan xalqı işğalla barışmadı. İşğala qarşı müqavimət hərəkatı, üsyanlar baş verdi. Amansızlıqla yatırılan üsyanlardan sonra müstəqillik şüurunun, onun daşıyıcılarının sistemli şəkildə məhvinə başlandı. İşğaldan narazı olaraq ona qarşı çıxan şəxsləri  amansız Sibir sürgünləri və  həbsxanalar gözləyirdi. Çarizm orqanları hakimiyyət əleyhinə olan ən xırda təzahürləri amansızlıqla məhv edirdi. Qeyd etmək lazımdır ki, rəsmi məlumatlara görə, Cümhuriyyət elan edilənədək Sibir sürgünlərində təqribən 5 min nəfər azərbaycanlı var idi.

İmperiya ərazisində aparılan islahatların başlıca məqsədi çarizmin ümumi müstəmləkəçilik mənafelərini təmin etmək, ucqarların Mərkəzə daha sıx bağlanması idi. Azərbaycanda demoqrafik şəraiti dəyişdirməkdən ötrü qeyri-azərbaycanlılar iri şəhərlərə və müxtəlif yaşayış məntəqlərinə yerləşdirilirdilər. Yadellilərin gəlməsi sadəcə demoqrafik şəraiti dəyişdirmirdi. Gəlmələr  yerli əhaliyə məxsus zəngin torpaqlara sahib oldular. Onlar üçün üstün şərait yaradılır, hətta silah gəzdirmələrinə icazə verilirdi. Bütün bunlar təkcə sosial deyil, milli ziddiyyətləri də kəskinləşdirirdi. Sonrakı dövrlərdə baş verən ən böhranlı anlarda məhz köçürülənlər çarizmin müstəmləkəçilik siyasətinin yerlərdə əsas dayaqlarına çevrilirdilər. Azərbaycanın qarşılaşdığı bütün milli və ərazi problemlərinin təməlləri məhz işğaldan sonra çar Rusiyası tərəfindən qoyuldu.

Özünün ümumi strateji mənafelərini yerinə yetirmək üçün çarizm  Azərbaycanda idarəçilik işlərinin aparılmasına kömək edən yerli etibarlı şəxslərdən ibarət  məmurların yaradılmasında maraqlı idi. Bütün bunlar çarizmin müstəmləkəçilik və ruslaşdırma siyasətinə xidmət edirdi. Azərbaycanda müasir məktəblər və mədəni-maarif müəssisələri yaradıldı. Ana dilində ilk qəzet buraxıldı. İlk milli teatr yaradıldı. Hansı motivlərdən asılı olmasına baxmayaraq, təhsil və mədəniyyət sahəsində yeridilən siyasət Azərbaycan xalqının maariflənməsinə, dövrünün elm və mədəniyyət nailiyyətlərindən  xəbər tutmasına imkan verirdi. Maarifçilik xalqda milli hisslərin oyanmasında, milli şüurun inkişafında və nəhayət, milli hərəkatın yaranmasında mühüm rol oynadı. Azərbaycan xalqının millətləşmə prosesini sürətli keçməsində bu amil mühüm rol oynadı. İmperiya ərazisində gedən proseslər heç şübhəsiz, Azərbaycana da təsirsiz ötüşmədi. Rusiya tərkibində olan şimali Azərbaycanda xalqımızın  ümmətçilikdən  millətçiliyə keçməsi cənubi Azərbaycana nisbətən daha sürətli oldu. Azərbaycan Rusiya vasitəsi ilə Avropaya daha çox yaxınlaşdı. Abbasqulu Ağa Bakıxanov, Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi kimi ziyalılar xalqın maariflənməsində əvəzsiz xidmət göstərdilər. Carizm dövründə yaradılmış müxtəlif ictimai təşkilatlar, xeyriyyə cəmiyyətləri xalqın problemlərinin həllinə yardım edilməsində, humanitar əsasda birləşməsində müəyyən rol oynayırdı.

1905-1907-ci illər inqilabı və ondan sonra baş verən proseslər Azərbaycana da yeniliklər gətirdi. Bu dövrdə bütün dünyada gedən ictimai-siyasi hərəkatda əsasən iki  böyük cərəyan - milli-azadlıq hərəkatı, millətçilik və sosial-demokratiya mövcud idi. Həmin məqsədlərə uyğun olaraq ictimai və siyasi təşkilatlar yaradıldı. Milli-azadlıq hərəkatı son nəticədə imperiyaların dağılmasına, zülm altında inləyən xalqların azad olmasına və müstəqil dövlətlərinin yaradılması məqsədini güdürdüsə, sosial-demokratiya isə daha çox  rejimləri dəyişməklə mahiyyətinə görə, imperiyaların qorunub-saxlanılmasına yönəlmişdi. Azərbaycan xalqının istəklərinin ifadəçiləri, milli-azadlıq hərəkatının öndərləri “Difai”, “Müsavat”, sosial-demokratiyanın təmsilçisi isə “Hümmət” oldu. Müxtəlif cərəyanları təmsil edən partiyaların mövcudluğu Azərbaycan siyasi tarixinin zənginliyini və çoxtərəfliliyini göstərir.

Çarizm Azərbaycanda pantürkçüləri və panislamçıları, müstəqillik tərəfdarlarını amansızlıqla təqib edirdi.  Birinci dünya müharibəsi və ya o zaman deyildiyi kimi, Böyük müharibə xalqları özlərini mühafizə etmək və  gələcək həyatlarını necə qurmaq barədə düşünməyə vadar edirdi. İmperiyaların və müstəmləkə zülmü altında inləyən xalqların həyatlarının daha əvvəlki kimi olmayacağı artıq müharibənin əvvəllərindən aydın idi. Heç əbəs deyil ki,  müharibənin sonlarında yaranmış gərgin şəraitdə Azərbaycanın istiqlalı məsələsində çox az saylı azərbaycanlı ziyalılar Əli bəy Hüseynzadə, Əhmədbəy Ağaoğlu, Məhəmmədəmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov və b. müstəsna rol oynadılar. Onlar xalqın  taleyi ilə bağlı məsələlərdə məsuliyyəti  üzərlərinə götürdülər. Azərbaycanın gələcəyini düşünən ziyalılar müxtəlif yollar aramağa başladılar. Onlar daxili amillərlə yanaşı xarici amilə də ümid edirdilər. Xarici amil isə Osmanlı dövləti idi. İstanbul dünya türklüyünün və islamın mərkəzi olduğundan azərbaycanlılar da Osmanlıya nicat gözü kimi baxırdılar. Bu dövrdə azərbaycanlı ziyalıların bir qismi öz ümidlərini türk və müsəlman dünyasının mərkəzi olan Osmanlı Türkiyəsinə bağlayırdı. Belə mövqe müharibə aparan Osmanlının da  strateji niyyətlərinə tam uyğun gəlirdi.  Bu məqsədlə bir neçə azərbaycanlı hətta Ərzuruma gedərək Ənvər Paşa ilə görüşmüşdülər. Onlar azərbaycanlıların çarizmin zülmündən xilas olmalarına kömək göstərilməsini xahiş etmişdilər. Eyni zamanda Osmanlı hökuməti də Qafqaz və Mərkəzi Asiya istiqamətində hərəkət etmək üçün bir etibarlı müttəfiqə, sosial dayağa  ehtiyac duyurdu. Bu zaman maraqlar üst-üstə düşürdü.

1917-ci ilin fevralında Rusiyada çarizm devrildi. Müvəqqəti hökumət quruldu. Oktyabr ayında isə bolşeviklərin hakimiyyətə gəlməsi tamamilə yeni bir şərait yaratdı. Noyabr ayının əvvəllərində Bakıda bolşeviklər hakimiyyəti ələ aldılar. Bundan bir neçə gün sonra  Antanta ölkələrinin yardımı ilə Tiflisdə Transqafqaz Komissarlığı yaradıldı. Rusiyada bolşevik hökuməti müharibədən çıxdığını elan etdi. Almaniya bloku ölkələri ilə barışıq imzaladı. Cənubi Qafqazdan Ümumrusiya Müəssislər Məslisinə seçilən deputatlar mərkəzdə fəaliyyətə başlaya bilmədiklərindən və bu orqan bolşeviklər tərəfindən qovulduqdan sonra  onlar 1918-ci il fevralın 23-də Tiflisdə Transqafqaz Seymini (parlamenti) yaratdılar. Bu parlamentdə Azərbaycan fraksiyası 44 nəfərdən ibarət idi. Həmin ilin aprelin 22-də Seym Cənubi Qafqazın müstəqilliyini elan edərək Zaqafqaziya Demokratik Federativ Respublikasını yaratdı.

Osmanlı dövləti Cənubi Qafqaz istiqamətində  əlverişli imkan qazandı. Azərbaycan uğrunda böyük dövlətlərin mübarizəsi kəskinləşdi. Rus Qafqaz cəbhəsi dağıldı. Ordu hissələri ilə birlikdə geri dönən erməni terror dəstələri Cənubi Azərbaycanda, Şərqi Anadoluda törətdikləri qırğınları bu dəfə Cənubi Qafqazda davam etdirdilər. Bu qanlı hadisələrin zirvə nöqtəsi 1918-ci ilin martında erməni daşnak və Bakı Soveti qüvvələrinin Bakıda və Bakı quberniyasında azərbaycanlılara qarşı törədikləri söyqırım oldu. Soyqırımın başlıca məqsədi istiqlal tərəfdarlarını məhv etmək, onun sosial dayaqlarını dağıtmaq, müharibənin son mərhələsində döyüşən dövlətlərin strategiyasında  mühüm yer tutan Bakı neftinə sahib olmaq, Azərbaycanın Rusiyadan ayrılmasına imkan verməmək, Osmanlı hücumlarının qarşısını almaq idi. Transqafqaz Seymi azərbaycanlılara qarşı törədilən qırğınların qarşısını ala bilmədi və daxili ziddiyyətlər ucbatından süqut dövrünə qədəm qoydu.

Daxili ziddiyyətlər aradan qaldırılmadığından mayın 27-də Azərbaycan fraksiyası ayrıca iclasına toplaşaraq müstəqilliyi elan etmək qərarına gəldi. Fraksiya özünü Azərbaycan Milli Şurası  elan etdi. Azərbaycan xalqının tarixi istəyi yerinə yetirildi.   Milli Şuranın mayın 28-də Tiflisdə keçirilən iclasında  Azərbaycanın İstiqlal Bəyannaməsi qəbul edildi. Altı maddədən ibarət olan Bəyannamədə  deyilirdi: “1. Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyət hüququna malik olduğu kimi, Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan da tam hüquqlu müstəqil bir dövlətdir. 2. Müstəqil Azərbaycan dövlətinin idarə forması Xalq Cümhuriyyətidir. 3. Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlərə, xüsusən qonşu olduğu millətlər və dövlətlərlə mehriban münasibətlər yaratmaq əzmindədir. 4. Azərbaycan Xalq Cümhuriyyəti milliyyətindən, məzhəbindən, sinfindən, silkindən və cinsindən asılı olmayaraq öz sərhədləri daxilində yaşayan bütün vətəndaşlarına siyasi hüquqlar və vətəndaşlıq hüququ təmin edir. 5. Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisi daxilində yaşayan bütün millətlərin sərbəst inkişafı üçün geniş imkanlar yaradır. 6. Müəssislər Məclisi toplanana qədər Azərbaycanın başında xalqın seçdiyi Milli Şura  və Milli Şura qarşısında məsuliyyət daşıyan müvəqqəti hökumət durur”.                                           

Azərbaycanın idarə forması Xalq Cümhuriyyəti idi. Yeni dövlət bütün qonşularla mehriban münasibətlər qurmaq istəyini bəyan etdi. Ölkə ərazisində yaşayan bütün xalqlar bərabər elan edildilər. Onlar üçün bərabər hüquqlar elan olundu. Azərbaycanın başında xalqın seçdiyi Milli Şura-Parlament dururdu. Azərbaycan parlamentli   respublika idi.

Cümhuriyyətin elan edilməsi ilə Azərbaycan xalqı XX əsrdə ilk dəfə olaraq dövlət millətinə çevrildi.  Əgər Azərbaycanın şimal əraziləri Rusiya tərəfindən xanlıqlar formasında işğal edilib imperiyanın tərkibinə qatılmışdısa, 1918-ci ildə onun tərkibindən vahid, müstəqil dövlət kimi çıxdı.

Cümhuriyyətin elan edildikdən dərhal sonra milli hökumət yaradıldı, nazirliklər quruldu. Azərbaycanda icraedici hakimiyyəti hökumət həyata keçirirdi. İlk baş nazir Fətəli xan Xoyski oldu. Hökumətdə birinci, ikinci və üçüncü  kabinetə Fətəli xan Xoyski, dördüncü və beşinci kabinetlərə Nəsib bəy Usubbəyli başçılıq etdi.

Hökumət Tiflisdən müvəqqəti paytaxt olan Gəncəyə köçdü. Başlıca məqsəd ölkənin paytaxtı olan Bakı şəhərini yadellilərdən azad etmək idi.  Azərbaycan ordusu quruldu. Yardıma gələn türk hərbçilərindən və azərbaycanlılardan ibarət qurulan Qafqaz İslam Ordusu sentyabrın 15-də Bakını azad etdi. Azərbaycan  hökuməti azərbaycanlıların tarixi, siyasi, mədəni, iqtisadi, mənəvi,  təbii paytaxtına köçdü.

Osmanlı dövlətinin müharibədən çıxması yeni bir şərait yaratdı. Mondros barışığından sonra noyabrın 17-də Bakıya müttəfiqlər adından general Tomson başda olmaqla Böyük Britaniya qoşunları gəldi. Azərbaycanın siyasi həyatında yeni bir dövrə qədəm qoyuldu.

- Azərbaycan parlamentinin fəaliyyəti haqqında nə deyə bilərsiniz? Fəaliyyət göstərdiyi müddət ərzində qanunverici orqan respublikanın həyatı üçün vacib olan hansı sənədləri qəbul etdi?

- Gəncədə öz fəaliyyətini dayandırmış  Milli Şura noyabr ayında  Bakıda fəaliyyətə başladı. Milli Şura Azərbaycan parlamentini 120 nəfərdən ibarət formalaşdırmağı  qərara aldı. Azərbaycan parlamentinin yaradılması haqqında qanun 1918-ci il noyabrın 19-da qəbul edildi.  Parlamentin tərkibinə əhalinin sayına uyğun olaraq 80 nəfər azərbaycanlı və digər xalqların nümayəndələri daxil edilməli idi. Parlament 1918-ci il dekabrın 7-də Tağıyevin qız məktəbində (indiki Əlyazmalar İnstutunun binasında) Azərbaycan Parlamenti açıldı. Parlamentdə 11 fraksiya fəaliyyət göstərirdi. Yerlər aşağıdakı kimi bölüşdürülmüşdü: türk-müsəlman əhali-80; ermənilər-21; ruslar-10; almanlar-1; yəhudilər-1; gürcülər-1; polyaklar-1; Bakı həmkarlar ittifaqı-3; Bakı neft sənayeçiləri Şurası və Ticarət-Sənaye İttifaqı-2. Lakin Azərbaycanın müstəqilliyini istəməyən ermənilər və başqaları parlamentin işində iştirak etmədilər. Parlamentin sonuncu iclası 1920-ci il aprelin 27-də keçirildi. Ümumiyyətlə,  parlamentin 155 iclası keçirildi.   Parlamentin müzakirəsinə 270-dən çox qanun layihəsi  çıxarıldı. Onlardan 230-u qəbul edildi.  Parlamentin sədri Əlimərdan bəy Topçubaşov, müavinləri Həsən bəy Ağayev və Məmmədyusif Cəfərov idi. Azərbaycan parlamenti milli tolerantlıq baxımından hətta Qərb ölkələri üçün bir model idi. Dini baxımdan da bütün digər dövlətlərə nümunə rolunu oynayırdı.

Dövlət atributları – himn və bayraq qəbul edildi. Xüsusi xidmət orqanları yaradıldı. Sərhəd və Gömrük xidməti quruldu. Ordu yaradıldı. Türk dili (Azərbaycan dili) dövlət dili elan edildi. İbtidai və orta məktəblərdə işlərin ana dilində aparılması haqqında qanun qəbul edildi. Bakı Dövlət Universiteti yaradıldı. Təhsil və xalq maarifi, səhiyyə sahəsində tədbirlər həyata keçirildi. Ölkənin hər yerində müxtəlif səviyyəli məktəblər açıldı. Dərsliklər hazırlanmağa başladı. Xaricdən müəllimlər dəvət edildi. Mədəniyyətə xüsusi diqqət yetirildi. Teatrlar, kitabxanalar yaradıldı. Ana dilində mətbuat orqanları quruldu. Milli kadrların hazırlanmasına xüsusi diqqət yetirildi. 100 nəfər azərbaycanlı gəncin xarici ölkələrdə oxumağa göndərilməsi barədə qərar qəbul edildi.                

- Xahiş edirik ki, cəmi 23 ay yaşamış Cümhuriyyətinin süqutunun səbəbləri haqqında da fikirlərinizi bizimlə bölüşəsiniz...

- Mürəkkəb və çətin bir şərait mövcud olduğundan aparılan islahatların ardıcıl deyildi. Aqrar islahat həyata keçirilmədi. Cümhuriyyətin sosial dayaqları zəiflədi. Çarizm tərəfindən Azərbaycana köçürülmüş bir sıra xalqlar dövlət müstəqilliyini tanımır, onu Rusiyanın tərkib hissəsi hesab edirdilər. Erməni təcavüzü dövləti zəiflədirdi. Erməni terrorunun, ərazilərin işğalının və kütləvi soyqırımların dayandırılması başlıca problemlərdən idi. Beynəlxalq şərait də müstəqil Azərbaycan üçün əlverişsiz idi.

Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci il aprelində bolşevik Rusiyasının istilasına uğradı. Cümhuriyyət daxili deyil, xarici amillər səbəbindən məğlub oldu. Müstəqil Azərbaycan dövlətinin mövcudluğu üçün əlverişli beynəlxalq şərait yox idi. Osmanlı dövləti Cümhuriyyətin yaradılmasında mühüm xarici amil rolunu oynamışdı. Azərbaycan xalqı monarxiyadan yardım alıb respublika qurmuşdu. Məğlubiyyətə beynəlxalq amillər, Mustafa Kamal Paşanın bolşevik lideri Lenin ilə yaxınlaşması mənfi təsir etdi.  Kamalçı Türkiyə və bolşevik Rusiyasının Antanta ölkələrinə qarşı mübarizəsi nəticəsində müttəfiqə çevrilmələri regionda geosiyasi vəziyyəti dəyişdirdi. Bu işğalda Bakı nefti amili, strateji maraqlar mühüm rol oynadı. Rusiya bir neçə il əvvəl Bakını itirməklə böyük dövlət statusunu da itirmişdi. Bu mövqeyi bərpa etməkdən ötrü Rusiya yenidən Azərbaycanı işğal etdi.

- Sizcə, həmin dövlətin tarixi, Xalq Cümhuriyyətinin irsi lazımi  səviyyədə araşdırılıbmı? Bu araşdırmaların yen ədə davam etdirilməsi zəruriəti varmı?

- Sovet dövründə Azərbaycan tarixinin barəsində yazılmayan və danışılmayan, üstündən sükutla keçilən, yazılan və danışılanda isə kobudcasına təhrif edilən səhifələrindən biri 1918-1920-ci illər Azərbaycan Xalq Cümhuriyyəti dövrü olub. Bu tarixə dair arxiv sənədləri daim “məxfi”, “tam məxfi” qrifləri altında  saxlanıldığından tədqiqatçılar tarixi həqiqətlərin heç də hamısını bilməyiblər, bilənləri isə ideologiyanın təsiri altında onu məqsədli şəkildə, düşünərək təhrif edərək yazıblar. Lakin Azərbaycanın dövlət  müstəqilliyi bərpa edildikdən sonra yaranmış yeni şəraitdə “tam məxfi”, “məxfi” arxiv fondları açıldıqda tamamilə başqa bir mənzərə üzə çıxdı. Cümhuriyyət tarixinə yeni baxış meydana  gəldi.   

1998-ci ildə Ümummilli lider  Heydər Əliyevin imzaladığı Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin qeyd edilməsi barədə sərəncamından sonra bu sahədə xeyli işlər görüldü. Cümhuriyyət dövrü tarixinin sistemli araşdırılmasına başladılması  məhz Heydər Əliyevin adı ilə bağlıdır. Parlament iclaslarının stenoqramları nəşr edildi. Kitab və monoqrafiyalar çapdan çıxdı.                                    

Bu gün ölkəmizdə milli tariximizə, mədəniyyətimizə xüsusi qayğı göstərilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ölkəmizin paytaxtında Cümhuriyyət xadimlərimizin şərəfinə abidə ucaldılıb. Onların xatirəsi əbədiləşdirilib. Adlarına küçə, prospekt və qəsəbələr vardır. Görkəmli xadimlər haqqında sənədli filmlər çəkilib. Xarici ölkələrdəki məzarları təmir edilib. Cümhuriyyətimiz 98-ci ildönümü ilə əlaqədar olaraq ölkəmizdə geniş tədbirlər həyata keçirilir.

- Musa müəllim, Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasının 25-ci ilini yaşayırıq. Xalq Cümhuriyyətinin varisi olan bugünkü müstəqil Azərbaycanın inkişafı, qazandığı uğurlar haqqında nə deyə bilərsiniz? Hazırda da bəzi beynəlxalq güclər milli dövlətləri sıradan çıxarmağa çalışırlar. Belə təhdidlər Azərbaycana da qarşı var. Sizcə, dövlətimiz belə təhdidlərə qarşı nə dərəcədə dayanıqlıdır?   

- Azərbaycan dövləti 25 ildə bir çox ölkələrin bəlkə də yüz ildə keçdiyi yolu keçib. Güclü, rəqabətə davamlı dövlət qurulub. Cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında tariximizdə bir sıra ilklərə imza atılıb. Azərbaycan Kosmos klubunun üzvü olub, BMT Təhlükəsizlik Şurasının üzvü seçilib. Ölkəmiz beynəlxalq toplantıların keçirildiyi, sivilizasiyaları qovuşduran, əməkdaşlığa cəlb edən ölkəyə çevrilib. Azərbaycan dövlətinin parlaq gələcəyi vardır.