YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Azərbaycan Xalq Cümhuriyyəti tariximizdə şanlı və şərəfli yer tutur

   Milli Məclisin deputatı, tarix elmləri doktoru Fəzail İbrahimli

- Fəzail müəllim, bu günlər xalqımız 28 May Respublika Gününü böyük təntənə ilə qeyd edir. Sizcə, 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdə əhəmiyyəti nədən ibarətdir?

- Hesab edirəm ki, 28 may tarixi  bütövlükdə Azərbaycan tarixinin şərəf və ləyaqət səhifəsidir. Çünki həmin gün Azərbaycan dövlət müstəqilliyinin elan olduğu tarixdir, Azərbaycanın öz ərazisinə sahib çıxdığı, dünya dövlətləri sırasına qoşulduğu bir gündür. Yəni bu, adi tarixlərdən deyil. 
Həmin dövrdə zaman məsələni kəskin qoymuşdu. Məsələnin mahiyyəti ondan ibarət idi ki, Rusiya imperiyası dağılmış, onun tərkibində olan xalqların müstəqilliyi üçün münbit şərait yaranmışdı. Həmin xalqlar öz talelərini həll etməli idilər. Baxmayaraq ki, o vaxtlar Zaqafqaziya Seymi olsa da, dağılmaq üzrə idi. Məsələn, gürcülər Almaniyanın vədlərinə arxalanıb  seymdən çıxdılar. Ermənilərin də həmişəki kimi xaricdən dəstəyi olduğu üçün həmin addımı atmağa hazırlaşırdılar. Amma Azərbaycan xalqının özü  öz taleyini həll etməli idi. Çünki gürcü və ermənilərdən fərqli olaraq Azərbaycanın bölünmə ehtimalı var idi, bəzi güclər Azərbaycanın ərazisini qəsb etmək istəyirdilər. Həmçinin, Bakı şəhərinin Rusiyanın tərkibinə verilməsi təhlükəsi var idi. Yəni 1918-ci ildə reallıq belə idi.  Xalqımız ya ayağa qalxıb öz dövlətini qurmalı idi, ya da torpağımız parçalanıb bölünməli idi. 
Məhz o dövrdə Azərbaycanın tarixi taleyini həll etmək iqtidarında olan ziyalılar, ictimai-siyasi xadimlərimiz  bu reallığı dərk edərək müstəqilliyimizin elan olunması üçün mücadilə etdilər. Onların bir qrupu Avropada təhsil almışdılar, digərləri isə yüksək demokratik düşüncəyə sahib idilər. Həmin insanlar Azərbaycanın tarix qarşısında bu çətin məsuliyyətini kifayət qədər dərk edərək ayağa qalxaraq istiqlaliyyətimizi elan etdilər. Hansı ki, o dövrdə  ermənilərin ərazi iddiaları var idi və bu məsələdə kənardan dəstək alırdılar. Həmçinin,  Rusiya imperiya iddialarından əl çəkməmişdi. Bütün çətinliklərə baxmayaraq, həmin şəxslər millətin şərəfini xilas edərək, müstəqil dövlət qurdular. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşasa da, tariximizdə şanlı və şərəfli yer tutur. Bu gün Azərbaycan dövləti həmin tarixlə qürur duyur. Təsadüfi deyil ki, Ümummilli lider Heydər Əliyev indiki müstəqil dövlətimizin Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu bəyan edib. 

- Bəs Azərbaycan parlamentinin fəaliyyəti haqqında nə deyə bilərsiniz? Fəaliyyət göstərdiyi müddət ərzində qanunverici orqan respublikanın həyatı üçün vacib olan hansı sənədləri qəbul etdi?

- Parlamentin açılışı 1918-ci il dekabrın 3-ə təyin olunsa da, Bakıda fəaliyyət göstərən rus və erməni Milli Şuraları əleyhinə olduqları Azərbaycan Parlamentinin açılmasına hərtərəfli mane olmaq üçün bu ərəfədə Bakıya gəlmiş Müttəfiq qoşunlarının baş komandanı general Tomsondan istifadə etməyə çalışırdılar. General Tomsonla aparılan danışıqlarla əlaqədar olaraq və qəzalardan bütün deputatların Bakıya gələ bilməsini nəzərə alaraq Parlamentin ilk iclasının açılışı dekabrın 7-ə keçirilir. 1918-ci il dekabrın 7-i H.Z.Tağıyevin Nikolayev (indiki İstiqlaliyyət) küçəsində yerləşən keçmiş qız məktəbinin binasında müsəlman Şərqində ilk parlamentin birinci iclasının açılışı olur. Ə.Topçubaşov Parlamentin sədri, Həsənbəy Ağayev isə sədrin birinci müavini seçilirlər. Parlamentin 3 nəfərdən ibarət katibliyi də seçilir, Mehdi bəy Hacınski baş katib seçilir.
Azərbaycan Parlamenti yarandığı ilk gündən öz işlərini demokratik cümhuriyyətlərə xas təşkilati prinsiplər əsasında qurur. Artıq 1919-cu ilin axırlarına yaxın Parlamentdə 11 müxtəlif partiya fraksiyası və qrupunu cəmi 96 deputat təmsil edirdi. Bütün partiya fraksiyaları və qrupları öz fəaliyyət proqramları haqqında bəyanatlar verirlər. Bu bəyanatlarda ümumi bir məqsəd var idi - gənc Azərbaycan Cümhuriyyətinin müstəqilliyi və ərazi toxunulmazlığını, milli və siyasi hüquqlarını qoruyub saxlamaq, Azərbaycan xalqının və hökumətinin digər xalqlar və dövlətlərlə, xüsusilə, qonşu dövlətlərlə dostluq əlaqələrini yaratmaq və möhkəmləndirmək, respublikada hüquqi-demokratik dövlət quruluşunu bərqərar etmək, geniş sosial islahatlar həyata keçirmək, ölkəni müdafiə edə biləcək güclü ordu yaratmaq. Cəmi 17 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti özünün həyatiliyini və yüksək işgüzarlıq qabiliyyətini sübut etdi. Göstərdi ki, Azərbaycan xalqı, həqiqətən, parlament idarəçiliyi səviyyəsinə yüksəlmişdir. O vaxt Azərbaycan Cümhuriyyəti müsəlman Şərqində yeganə parlamentli respublika idi.
Bu dövr ərzində Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 145 iclası keçirilib. İlk iclas 1918-ci il dekabrın 7-də, son iclas isə 1920-ci il aprelin 27-də olub. Fəaliyyət müddətində Azərbaycan Cümhuriyyəti Parlamentinin müzakirəsinə 270-dən çox qanun layihəsi çıxarılıb ki, onlardan da 230-a yaxını təsdiq edilib. Bilirsiniz ki, bir neçə  il əvvəl Milli Məclisdə Azərbaycan parlamentinin 90 illiyi təntənəli şəkildə qeyd olundu. Bu gün Milli Məclis həmin demokratik ənənələri davam etdirir.

- Bu gün həmin dövlətin tarixi, Xalq Cümhuriyyətinin irsi hansı səviyyədə araşdırılır?

- Bilirsiniz ki, sovetlər hakimiyyəti dövründə Xalq Cümhuriyyətinin tarixi  qapanmışdı, həmin tarixin araşdırılması qadağan olunmuşdu. Daha çox Rusiyada vətəndaş müharibəsi, bolşeviklərin qələbəsi adı altında 1918-ci ildə  ermənilərin xalqımıza qarşı törətdiyi soyqırımı ört-basdır edilirdi. Yəni 23 ay fəaliyyət göstərmiş müstəqil dövlətimizin tarixi saxtalaşdırılaraq onu quranlara «xain Müsavat hökuməti» damğası vurulmuşdu. Sovetlər hakimiyyəti zamanında Azərbaycanda 1918-ci ilin martında soyqırım təşkil edən Şaumyan isə millətin qəhrəmanı kimi təqdim olunurdu. Yadımdadır, hətta bizim gənclik illərimizdə ailə quran insanlar onun abidəsini ziyarət edirdilər. Çünki həmin qaniçən cani xalqımıza «qəhrəman xilaskar» kimi təqdim edilirdi. 
Bütün bunlara baxmayaraq həqiqət öz yerini tutdu. Sovet imperiyasının dağılması ərəfəsində bu tarix açılaraq tədqiq olunmağa başladı. Bu gün Azərbaycan tarixşünaslığında geniş, ətraflı tədqiq edilən sahələrdən biri də məhz Azərbaycan Xalq Cümhuriyyəti dövrüdür. Bu dövr kifayət qədər araşdırılıb. Müasir dövlətimiz həmin tariximizlə qürur duyur, Xalq Cümhuriyyəti daim böyük ehtiramla yad edilir.

- Fəzail müəllim, Xalq Cümhuriyətinin varisi olan bugünkü müstəqil Azərbaycanın inkişafı, qazandığı uğurlar haqqında nə deyə bilərsiniz? 

- Təbii ki, bugünkü müstəqil Azərbaycan 1918-ci ildə elan olunmuş Xalq Cümhuriyyətinin varisidir. Qeyd edim ki, ötən əsrin sonlarında müstəqillyimiz bərpa olunsa da zaman o sınağı ilə Azərbaycandan əl çəkmədi. 1990-cı illərin hadisələri gözümüzün önündə baş verən, ruhumuzdan keçən proseslərdir. Azadlıq uğrunda mübarizəmiz zamanı 20 yanvar faciəsi baş verdi, Şəhidlər xiyabanı yarandı. Eləcə də, torpaqlarımızın azadlığı uğrunda minlərlə şəhid verdik. Beləliklə,  23 ay yaşayan dövlətimiz kimi bu dəfə də yenidən təhlükə ilə üz-üzə qaldıq, Azərbaycanı parçalamaq istəyən qüvvələr fəallaşmağa başladı. Onlar müstəqlliyimizi  boğmağa cəhd edirdilər. 
Belə bir zamanda xalq öz liderini səslədi. Ümummilli lider Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə qayıtdı, xalqı bəlalardan xilas etdi. 1993-cü ildə Heydər Əliyev Azərbaycanın bölünməsinin qarşısını aldı, vətəndaş müharibəsi təhlükəsindən xilas etdi, nəticədə Azərbaycan 23 ay yaşayan o dövlətinin taleyinin yox, 23 ildir ki, müstəqil yaşayır. Bu gün Azərbaycan dünyanın sürətlə inkişaf edən dövlətlərindən biridir, ölkəmiz dünyaya yeni simada təqdim olunur. Müstəqil Azərbaycanımız Avropanın enerji təhlükəsizliyinin əsas təminatçısıdır, ölkəmizin razılığı olmadan regionda heç bir beynəlxalq layihə reallaşa bilməz. 23 illik müstəqilliyimiz dövründə Azərbaycan BMT Təhlükəsizlik Şurasına  üzv oldu ki, dünyada söz sahibi olan dövlətlər sırasına qoşuldu. Bu gün Azərbaycanın üçrəngli bayrağı BMT-də, Avropa Şurasında, ATƏT-də və digər mötəbər beynəlxalq qurumların önündə ucalır. Vaxtilə Məhəmməd Hadi deyirdi ki, «yox millətimin imzası imzalar içində»deyib fəryad edərək dünyasını dəyişdi. İndi isə biz deyirik ki, Azərbaycan var, millətimizin imzası var imzalar içində. Bu bayram ərəfində arzu edirəm ki, dövlətimiz daha da güclənsin və bayrağımız əbədi dalğalansın.