YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Bu gün dövlətlə QHT-lər arasında əməkdaşlıq ən yüksək səviyyədədir

   Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev

- Azay müəllim, hazırda dövlətlə qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq hansı səviyyədədir? 

- Azərbaycan hökuməti ilə vətəndaş cəmiyyəti arasında elə bir sahə yoxdur  ki, əməkdaşlıq olunmasın. Artıq hökumət QHT-ləri tərəf kimi deyil, partnyor  kimi qəbul edir. Eyni zamanda, dövlət qeyri-hökumət təşkilatları ilə ictimai əhəmiyyətli məsələlərlə bağlı  yaxından işbirliyi qurur, həmin təşkilatları dəstəkləyir. Bütövlükdə, dövlət-QHT münasibətləri sözün əsl mənasında ən yüksək səviyyədəir. Bu gün QHT-lərin qaldırdığı elə bir məsələ yoxdur ki, Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ona  laqeyd yanaşsın. Ümumiyyətlə, ölkə Prezidenti QHT-lərlə əməkdaşlıq məqsədilə əhəmiyyətli mexanizm yaradıb və bu mexanizm özünü doğruldur. Bu mexanizm vasitəsilə Azərbaycan QHT-ləri nəinki hökumətlə yaxından əməkdaşlıq edir, eyni zamanda bu gün ölkədən kənarda missiyalar yerinə yetirir və bu prosesdə də dövlətin dəstəyini hiss edirlər.

- QHT-lərə verilən dəstək müqabilində onların fəaliyyətini qaneedici hesab etmək olarmı? 

- Vətəndaş cəmiyyətinin inkişafı və güclənməsi bir prosesdir. Yəni, bu,  birdəfəlik məsələ deyil, uzun müddət tələb edən, eyni zamanda ciddi yanaşma tələb edən prosesdir. O baxımdan da biz düşünürük ki, bu gün dövlətimizin QHT sektoruna qoyduğu ictimai və maddi sərmayə özünü doğrultmaqdadır. 7-8 il əvvəli müqayisə etsək, görə bilərik ki, QHT sektorunda çox böyük dəyişikliklər baş verib. Təkcə xarici donorlardan asılı olan təşkilatlar deyil, bütövlükdə ən müxtəlif istiqamətdə fəaliyyət göstərən QHT-lər də dövlətin imkanlarından yararlanırlar. Bunun nəticəsində nəyə nail olmuşuq? İlk növbədə, QHT-lərin xarici donorlardan asılılıq səviyyəsi xeyli aşağı düşüb. İkincisi, xarici donorların diqqət yetirmədiyi sahələr, xüsusilə ölkəmizin ərazi bütövüyü, vətənpərvərlik, Qarabağla bağlı təşkilatlara qrantlar verilmirdi. Dövlətin dəstəyi sayəsində isə həmin təşkilatlar ayaq üstə dayanmağı bacardılar. Bu gün QHT-lər dövlətin dəstəyi ilə milli maraqların qorunması istiqamətində xaricdə çox önəmli layihələr həyata keçirirlər. Dövlətin dəstəyi hesabına hökumətlə QHT-lər arasında olan inam və etimad mühiti xeyli güclənib. Əvvəllər bir çox QHT-lər hökumətlə əməkdaşlıq etməkdən yayınırdılar, eyni zamanda hökumət də bəzi təşkiatlarla müəyyən məsafə saxlayırdı. Hazırda belə hallar aradan qalxıb. Hesab edirəm ki, bu prosesdə son illər qəbul edilən qərarlar əhəmiyyətli təsiri olub. Bu baxımdan, QHT-lərin fəaliyyətində və mövqeyində  dəyişikliklər mütləq şəkildə var.
Amma onu da demək istəyirəm ki, verilən dəstək müqabilində QHT-lərin işi bizi  tam qane etmir. Hələ də görəcəyimiz çoxlu işlər var. QHT-lər öz daxilində islahatlar aparmalıdırlar, şəffaflıq amilinə, demokratik prinsiplərə riayət etməlidirlər, vaxtlı-vaxtında hesabatlarını veməlidirlər. Bilirsiniz ki, aprelin 1-ə olan məlumata görə, 1695 QHT Maliyyə Nazirliyinə hesabat verməmişdi. Baxmayaraq ki, aprelin 1-dək bu hesabat verilməli idi. Yəni bu hallara yol verilməməlidir. QHT-lər öz üzərlərinə düşən vəzifələri yerinə yetirməlidirlər. Biz də çalışırıq ki, onlar problemlərinin həllinə vaxtında nail olsunlar. 

- Qeyri-hökumət təşkilatları Ermənistanın Azərbaycana qarşı təcavüzünün dünya ictimaiyyətinə çatdırılması işində nə dərəcədə fəaldırlar? 

-  QHT-lərə Dövlət Dəstəyi Şurası yarandıqdan sonra bu sahədə bir canlanma yarandı, QHT-lərə yeni nəfəs verildi. Dediyim kimi bu sahəyə heç bir xarici donor vəsait ayırmırdı. Amma 6 ildir ki, QHT-lər milli maraqların müdafiəsi, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün dünya ictimaiyyətinə çatdırılması, məcburi köçkünlərlə bağlı məlumatlar, işğal olunan ərazilərldə ekoloji terror, mədəni və tarixi abidələrin dağıdılması ilə bağlı layihələr həyata keçirir. Yəni Ermənistanın işğalçılıq siyasəti və onun nəticələri QHT-lərimiz vasitəsilə də dünyaya çatdırılır. Belə tədbirlər isə əvvəllər yox idi. İndi biz bu prosesə xarici QHT-ləri də cəlb etmişik. Məsələn, keçən ilin may ayından biz dünyanın aparıcı 15 ölkəsində xüsusi qrant proqramı elan etdik və proqramın əsasını Qarabağ probleminin həlli ilə bağlı Azərbaycanın mövqeyinin dəstəklənməsi, Xocalı soyqırımının tanıdılması və s. layihələr təşkil edirdi. Görülən bu işlər tədricən öz effektini verir. Təbii ki, dünya ölkələrində vətəndaş cəmiyyətinin fikrinə daha çox etimad göstərirlər və ona görə də, həyata keçirilən tədbirlər maraqla qarşılanır. Bu baxımdan, düşünürəm ki, dövlətimizin bu istiqamətdə həyata keçirdiyi siyasət özünü doğruldur və konkret nəticələr var. Bu o deməkdir ki, Azərbaycan müdafiə taktikasından hücum taktikasına keçib. Artıq bütün imkanlardan istifadə edərək Ermənistanın işğalçılıq siyasətinin ifşa edilməsi çox yaxşı nəticələr verir. Əgər biz 15-20 il bundan əvvəl yalnız müdafiə olunurduqsa, artıq dövlətimizin hücum diplomatiyası sayəsində ermənilərin yalanlarına  inananların sayı xeyli dərəcədə azalıb. İşğalçı dövlət artıq yalan təbliğat qurmaqda çətinlik çəkir. Çünki qarşılarında Azərbaycan dövləti və onun dəstəklədiyi qurumlar var. Bu da milli maraqlarımız qorunması baxımından çox vacib tədbir və strategiyadır.

- Bəzi beynəlxalq QHT-lər Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirir və öz hesabatlarında ölkəmizlə bağlı qeyri-obyektiv məlumatlara yer verirlər. Bu yaxınlarda “Human Rights Watch” təşkilatının yaydığı hesabat da buna sübutdur. Azərbaycan QHT-lərinin  belə hallara qarşı mövqeyi necədir? 

- Təəssüflər olsun ki, bu cür təşkilatlar heç bir halda Azərbaycanda sağlam QHT-lərlə əməkdaşlıq etmək istəmirlər. Onlar  hesabatlarını hazırlayarkən müxtəlif mənbələrin məlumatlarından istifadə etmirlər. Həmin beynəlxalq QHT-lər üçün bəlli bir çərçivə var, hətta Leyla Yunusun göndərdiyi hesabatlara dəyişiklik etmədən öz sənədlərinə əlavə edirlər. Bu da əlbəttə ki, onaların qeyri-obyektivliyindən, qərəzliliyindən qaynaqlanır. Bu cür təşkilatlar o vaxt ölkəmizdə müsbət qarşılanacaqlar ki, həqiqəti ifadə etsinlər. Təəssüflər olsun ki, bununla bağlı ciddi problemlər yaşanır. Hətta mən bir neçə il əvvəl Almaniyanın Berlin şəhərində «Sərhədsiz insan hüquqları» təşkilatında bu məsələni qaldırdım, onlara əməkdaşlıq təklif etdim. İlk baxışdan təşkilat rəhbərliyi  əməkdaşlığa razılıq verdilər, hətta  “Human Rights Watch” və «Freedom House» təşkilatları ilə də  bu məsələni müzakirə  edəcəklərini dedilər. Amma sonradan bundan imtina etdilər. Yəqin ki, bu addımı siyasi sifariş nəticəsində atdılar. Bu qurumlar öz hesabatlarında qərəz və təzyiq kimi istifadə etməkdən əl çəkməlidirlər. Bir sıra ölkələr həmin hesabatlara istinad edib Azərbaycan haqqında mənfi rəy yaratmağa çalışırlar. 
Hesab edirəm ki, bu təşkilatlar özləri haqqında tənqidlərə ciddi yanaşmalıdırlar. Bilirsiniz ki, bu yaxınlarda Fransanın QHT-ləri də hər iki təşkilatı ciddi tənqid etdilər. Bir neçə gün öncə Brüsseldə mitinq zamanı polislər mitinqi güc tətbiq edərək dağıtdılar. Fransa QHT-ləri məsələ qaldırdılar ki, niyə beynəlxalq təşkilatlar bu hadisəyə münasibət bildirmir, amma Azərbaycanla bağlı dərhal bəyanat verirlər. Bu ikili standartlar narahatlıq doğurur. Amma Azərbaycana bu formada təzyiq etmək mümkün deyil. Ölkəmiz milli maraqlarımızın tələb etdiyi yol ilə gedir və bu prosesdə bizə heç kim mane ola bilməz.

- Azay müəllim, bildiyimiz kimi ATƏT Parlament Assambleyasının yay sessiyası Azərbaycanda keçiriləcək. Bu hadisənin ölkəmiz üçün siyasi əhəmiyyəti nədən ibarətdir?

- Bu, çox böyük siyasi hadisədir. ATƏT-ə qoşulduğumuz son 22 ildən bu yana ilk dəfədir ki, Azərbaycan ATƏT PA-nın illik sessiyasına ev sahibliyi edəcək. Bu tədbir 28 iyun-3 iyul tarixlərində keçiriləcək. Azərbaycana  57 üzv ölkənin və 10 tərəfdaş ölkənin 500-ə yaxın deputatı  və o qədər də parlamentlərin əməkdaşları gələcəklər. Əgər onları müşayiət edənləri də nəzərə alsaq ki, sessiya çərçivəsində 1500 nəfərə yaxın nümayəndənin Azərbaycana gələcəyi gözlənilir. Qonaqlar sadə insanlar deyil, siyasətçidirlər, öz ölkələrində qərar qəbul edən şəxslərdirlər. Tədbirin Bakı şəhərində keçirilməsi ona dəlalət edir ki, Azərbaycan artıq beynəlxalq təşkilatların, o cümlədən ATƏT-in etibar etdiyi ölkədir. Nəzərə alaq ki, Azərbaycan müharibə şəraitindədir, torpaqlarımız işğal edilib. Amma buna baxmayaraq ölkəmizdəki inkişaf, sabitlik, tolerantlıq ATƏT PA-ya imkan verir ki, tərəddüd etmədən özünün illik sessiyasını Azərbaycanda keçirsin. 
İkincisi, bu o deməkdir ki, Azərbaycan ATƏT çərçivəsində gedən proseslərdə aktiv rol oynayır. Təsadüf olsa da, Ukrayna ilə bağlı qurumun ən vacib toplantısı Bakıda keçiriləcək, yəni  sessiyada bu məsələ müzakirə olunacaq, bölgə ilə bağlı baş verən hadisələrə qiymət veriləcək. Üçüncüsü isə, ATƏT Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan qurumdur. Biz həmişə Minsk qrupunun bu yöndəki fəaliyyətini tənqid etmişik. Atəşkəsin 20 illiyinə təsadüf edən illik toplantıda xalqımızın seçdiyi deputatların haqqı olacaq ki, bir daha ATƏT-in rəhbərliyindən Ermənistanın işğalçılıq siyasətinə son qoyulması üçün ciddi addımların atılmasını tələb etsin. 
Bakı sessiyası həm də Helsinki Yekun Aktının qəbul olunmasının 40 illiyinə həsr olunacaq Finlandiyada keçiriləcək sessiya üçün ciddi hazırlıq mərhələsi daşıyır. Bakıda qəbul olunacaq qərarlar ATƏT-in bundan sonrakı fəaliyyətinin hansı istiqamətdə gedəcəyini müəyyənləşdirən mühüm amil  rolunu oynayacaq. Ona görə də, biz bu sessiyaya böyük önəm veririk. Hesab edirəm ki, bu ölkəmizin Avropaya, dünyaya nə qədər açıq olduğunu göstərəcək.
Ən nəhayət, bu hadisə avropalılara imkan verəcək ki, Azərbaycanın inkişafı ilə tanış olsunlar. Çünki bəzən bir məkanı görməyəndə onun haqda düzgün təsəvvür olmur. Bəzi xarici siyasətçilər bizimlə söhbətlərində etiraf edirlər ki, ölkəmizə səfərdən sonra onların təsəvvürləri müsbət mənada  dəyişir. Buraya gələn əcnəbilər Azərbaycanı Avropanın yüksək inkişaf edən dövləti kimi qiymətləndirirlər. Hesab edirəm ki, ATƏT PA-nın Bakıda keçiriləcək illik sessiyası bu baxımdan da əhəmiyyətli olacaq.