YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Milli Qurtuluşdan başlanan yol mühüm uğurlarla zənginləşərək gələcəyə doğru davam edir

   Milli Məclisin deputatı Ayaz Orucov

- Ayaz müəllim, 15 iyun 1993-cü ildən başlanan yola qısa nəzər salaq. Qurtuluş  bugünümüzün  reallıqlarını özündə necə əks etdirir?

-  Azərbaycanın müstəqilliyinin ilk illərində yaşadığı durum hər kəsin yaddaşındadır.  Ölkədə xaos, anarxiya, özbaşınalıq hökm sürür, iqtisadi böhran yaşanırdı. Silahlı qüvvələrin  torpaqlarımızın deyil, ayrı-ayrı qrupların maraqlarının müdafiəçisinə çevrilməsi  ərazilərimizin biri-birinin ardınca işğalına səbəb olurdu. Belə çətin məqamda ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı  doğrudan da xalqımızın ən ağır  problemlərdən, çətinliklərdən, faciələrdən  Qurtuluşu oldu. 1993-cü il 15 iyunun Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi  daxil olması da  həmin dövrün  səciyyəvi xüsusiyyətlərini, eyni zamanda həmin tarixdən başlanan Qurtuluşu  özündə əks etdirir.

Artıq həmin tarixdən bizi 21 illik zaman fasiləsi ayırır. Əbəs yerə deyilmir ki, zaman hadisələrə  düzgün dəyər vermək baxımından yaddaşdır.  Ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıdışı ilə müstəqillik yolunda ilk adımını atan Azərbaycanın gələcəyini düzgün müəyyənləşdirən yolu seçdi, dövlətçilik konsepsiyasını hazırladı. Ulu öndərin xalqın xilaskarı kimi təqdim olunması da onun hakimiyyətə qayıtdığı dövrdə Azərbaycan dövlətinin, xalqının yaşadığı ağır durumdan xilas olmasından qaynaqlanır.  Vətəndaş müharibəsi təhlükəsi aradan qaldırıldı, sabitlik, əmin-amanlıq yarandı, əhalini gərgin durumda saxlayan qanunsuzluq, zorakılıq  halları ilə mübarizə insanlarda  hakimiyyətə, ilk növbədə isə xilaskarlıq missiyasını öhdəsinə götürmüş ulu öndər Heydər Əliyevə inamı və məhəbbəti artırdı. 

«Azərbaycanın dövlət müstəqilliyi bizim üçün ən əziz, ən qiymətli nailiyyətdir və bu nailiyyəti-dövlət müstəqilliyimizi biz daim qoruyub saxlayacağıq» söyləyən ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində  əldə olunan uğurlar bir-birini əvəzlədi. Dövlət müstəqilliyimizi möhkəmləndirmək, xarici dövlətlərlə iqtisadi-siyasi münasibətləri yeni müstəvidə inkişaf etdirmək, Ermənistan-Azərbaycan döyüş bölgəsində atəşkəsə nail olmaq, güclü ordu yaratmaq üçün imkanları artırmaq qarşıda dayanan əsas vəzifələr idi ki, bu istiqamətlərdə biri-birindən əhəmiyyətli addımlar atıldı. 1994-cü ilin mayında atəşkəs əldə olundu, həmin ilin sentyabrın 20-də tarixə  «Əsrin müqaviləsi» kimi daxil olan  neft sazişi imzalandı.  Ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin, şirkətlərin sayının artması fonunda yeni-yeni layihələr gündəmə gətirildi, Azərbaycan bu layihələrin əsas iştirakçısına və təşəbbüsçüsünə çevrildi. «Əsrin müqaviləsi»nin əsas tərkib hissəsi olan BTC neft kəmərinin marşurutu ətrafında aparılan müzakirələrə, Azərbaycan dövlətinə bununla bağlı təzyiqlərin göstərilməsinə baxmayaraq, ulu öndər Heydər Əliyev qətiyyət nümayiş etdirərək, BTC marşurutunun seçildiyini bildirdi, bununla da Azərbaycan öz siyasətində müstəqil olduğunu, heç bir ölkənin diktəsi ilə oturub-durmadığını  dünyaya nümayiş etdirdi. Qeyd edək ki, Azərbaycanın bugünkü uğurlarını şərtləndirən əsas amillərdən biri məhz dövlətimizin siyasətində müstəqil olmasıdır. Bu fikir beynəlxalq səviyyədə də qeyd edilir ki, iqtisadi siyasətində müstəqil olan dövlət müstəqil siyasət həyata keçirə bilər. Azərbaycan bu sahədə nümunə göstərir. 

Ulu öndər Heydər Əliyev bəyan edirdi ki, suverenliyimizi daim yaşatmaq, dövlət müstəqilliyimizi əbədi etmək üçün harada yaşamasından asıl olmayaraq hər bir azərbaycanlıdan  müqəddəs Azərbaycan qayəsi ətrafında  əməl və əqidə  birliyi, sarsılmaz həmrəylik tələb olunur.  Dahi şəxsiyyət bildirirdi ki,  heç bir vətəndaş  ictimai-siyasi həyata biganə qalmamalıdır.

Daxili siyasətin uğurları Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və roluna da öz təsirini göstərdi. İkitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq əlaqələrinin genişlənməsi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynadı. Müstəqilliyimizin ilk illərində Azərbaycanın ətrafında yaradılan informasiya blokadası ulu öndər Heydər Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində  yarıldı, erməni yalanları ifşa olundu, dünya əsil həqiqətin mahiyyətini öyrənməyə səy göstərdi. Ulu öndər Heydər Əliyev müstəqillik yollarında yenicə addımlarını atan dövlətin özünü təsdiqləməsində və varlığı barədə aydın təsəvvür yaratmasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın qurulmasını hər zaman  vacib şərt kimi irəli sürürdü. 

-  Uğurlar bir-birini əvəzlədikcə, bu reallıq öz təsdiqini tapdı ki, düzgün qurulan siyasət ölkənin qarşısında geniş imkanlar açır...

- Təbii ki, möhtəşəm, uğurlu  başlanğıc  gələcəyin də möhtəşəmliyini, uğurların davamlılığını  şərtləndirmiş olur.  Azərbaycan müstəqilliyə qovuşduqdan sonra  ölkə vətəndaşları o illərin təsiri altında yalnız sabitlik, əmin-amanlıq, təhlükəsizlik barədə düşünür,  arzuları da bu çərçivədən kənara çıxmırdı. Azərbaycanın dövlət müstəqiliyinin növbəti illərində isə  arzuların miqyası genişləndi, Azərbaycanın iqtisadi qüdrətindən, möhtəşəm inkişafdan, regionun ən qüdrətli dövlətinə çevrilməsindən, güclü orduya malik olmasından, beynəlxalq aləmdə iqtisadi və siyasi mövqeyini möhkəmləndirməsindən danışdıq. Azərbaycanın bugünkü mənzərəsi keçilən yoldan daha qürurla danışmağa böyük əsas verir.  23 ilə yaxın müstəqillik tarixinə malik olan Azərbaycan bu qısa dövr ərzində böyük uğurları ilə dünyanın diqqətindədir. İqtisadiyyatın inkişafında neft amilinə yüksək dəyər verən ulu öndər Heydər Əliyev qarşılıqlı təcrübə mübadiləsinin aparılmasını, səylərin birləşdirilməsini qarşıya mühüm vəzifə kimi qoyaraq,  çoxlarına əfsanə kimi görünən layihələrin gerçəkləşdirilməsi istiqamətində mühüm addımlar ataraq, bugünkü Azərbaycanın reallıqlarının əsasını qoymuşdur. Sabitlik diyarı kimi tanınan Azərbaycan eyni zamanda böyük investisiyalar məkanına çevrildi. 

İqtisadi tərəqqi demokratikləşmə prosesinin daha da sürətləndirilməsini təmin etdi. Ümummilli lider Heydər Əliyev demokratiyanın strateji kursumuzun əsas mahiyyəti kimi qəbul edərək, bu istiqamətdə mühüm addımlar atdı. Müstəqil Azərbaycanımızın 2001-ci ilin yanvarında Avropa Şurasına tamhüquqlu üzv qəbul olunması ölkəmizin demokratik dəyərlərə sadiqliyini sözdə deyil, əməldə sübut etdiyini göstərdi. Azərbaycan demokratiya yolu ilə inamla irəliləyərək əldə etdiyi təcrübə ilə dünyanın diqqətində dayandı. Bu fikir beynəlxalq səviyyədə də qeyd edilir ki, Azərbaycanın demokratiya təcrübəsi digər ölkələrə örnəkdir. 
Beləliklə, Heydər Əliyev yolu Azərbaycan xalqına arzuladığı bütün uğurları bəxş etdi.  Azərbaycanın üçrəngli bayrağı dünyanın tanınmış təşkilatlarının qarşısında dalğalanmaqla beynəlxalq münasibətlər sistemində yeri və roluna işıq salır. Bu uğurlara yol açan təbii ki, 15 İyun 1993-cü il tarixidir. 

- Azərbaycanın uğurlarının bələdçisi olan Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolunu neçə xarakterizə edərdiniz?

- Azərbaycanın bugünkü uğurlarından bəhs edərkən Yeni Azərbaycan Partiyasının da keçdiyi inkişaf yoluna nəzər salmaq zərurəti duyulur. Çünki Yeni Azərbaycan Partiyasının tarixi müstəqil Azərbaycanın tarixi kimi dəyərləndirilir. Dahi şəxsiyyət Heydər Əliyevin yaradıcısı olduğu, bu gün Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının fəaliyyətinin əsasını  dövlətə, xalqa xidmət prinsipi təşkil edir.  Məhz bu xəttə sadiqlik partiyaya xalqın sevgisini günbəgün artırır. Ulu öndər Heydər Əliyevin «Yeni Azərbaycan Partiyasına xidmət etmək dövlətə, xalqa xidmət etmək deməkdir» tezisi hər bir dövr üçün aktuallığını qoruyur. Bu gün sıralarında 600 mindən artıq üzvü birləşdirən Yeni Azərbaycan Partiyası Heydər Əliyev siyasi kursunun uğurlu davamçısı Prezident İlham Əliyevin  rəhbərliyi altında uğurla inkişaf edir, qələbələr partiyası olduğunu ölkədə keçirilən seçki proseslərində uğur qazanmaqla bir daha təsdiqləyir.  Partiyanın gələcəyinə inam böyükdür. Ulu öndər Heydər Əliyevin vaxtilə söylədiyi «Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır» tezisi  partiyanın fəaliyyətinə hər zaman bələdçilik edir, gələcək prioritetlərin müəyyənləşdirilməsində stimulverici amil rolunu oynayır. Möhtərəm Prezidentimiz İlham Əliyev bu tezisin davamı olaraq bildirir ki, YAP nəinki ölkənin, regionun aparıcı siyasi təşkilatıdır. 

- Ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti, xalqı qarşısındakı xidmətlərindən bəhs edərkən  daha mühüm bir məqama toxunmaq mütləqdir. Ümummilli lider özündən sonrakı Azərbaycanın taleyini  yüksək intellektli, praqmatik düşüncəli  siyasətçi cənab İlham Əliyevə tapşırdı… 

-  Ümummilli lider Heydər Əliyevin 2003-cü il prezident seçkilərindən öncə xalqa müraciətini yada salmaq istərdik: «İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.» Bu gün Azərbaycanın qazandığı uğurlar, ölkəmizin dünyada böyük nüfuza malik olması, sabitlik və tərəqqinin xalqı işsizlikdən, yoxsulluqdan xilas etməsi məhz bu etimadın nəticəsidir. 

Qeyd etdiyimiz kimi, Azərbaycanın tutduğu bu yol ulu öndərimizin 21 il əvvəl xilaskarlıq missiyasını üzərinə götürməklə başlanıb. Bu yol Milli Qurtuluş yoludur. Milli Qurtuluşdan başlanan yol mühüm uğurlarla zənginləşərək gələcəyə doğru  davam edir. 2003-cü il  prezident seçkilərində xalqın 76,84 faiz səsini qazanan cənab İlham Əliyev andiçmə mərasimində bir daha bəyan etmişdir ki, Azərbaycanın daha qüdrətli dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasi kursu davam etdirilməlidir. «Azərbaycan gələcəkdə çox zəngin və qüdrətli ölkəyə çevriləcəkdir. Neft strategiyasını davam etdirərək, qısa müddət ərzində ölkəmizi hərtərəfli inkişaf etdirəcəyik.»  

Hər bir vədin konkret əməli işdə öz təsdiqini tapması cənab İlham Əliyevin 2008 və 2013-cü il prezident seçkilərində yenidən qələbəsini şərtləndirdi.  Son 10 ilin  statistikasına diqqət yetirən hər kəsin  gözü  qarşısında  ölkə  rəhbərinin  xalq,  dövlət,  vətən  naminə  gördüyü  böyük  işlərin  geniş  mənzərəsi  canlanır. Cənab İlham Əliyev hələ   Dövlət  Neft  Şirkətinin  birinci  vitse-prezidenti,  Milli Məclisin deputatı,  Azərbaycanı  Avropa  Şurası  Parlament  Assambleyasında təmsil edən nümayəndə heyətinin rəhbəri, Baş  nazir kimi çətin,  lakin  şərəfli  vəzifələri  yerinə yetirəndə  daim  ölkəmizin  gələcəyini  düşünmüş,  hər bir  məsələyə milli  maraqlar  baxımından  yanaşmışdır.  

Qeyd etdiyimiz kimi, əldə  olunan uğurlar yeni-yeni vəzifələrə yol açdı. Dövlət başçısı İlham Əliyev hər zaman bildirir ki, əldə olunan uğurlar bizdə arxayınlıq yaratmamalıdır, daim yeni hədəflərə nail olmaq üçün səy göstərməliyik.  2003-cü ildə xalqın böyük əksəriyyətinin dəstəyini qazanaraq Prezident seçilən cənab İlham Əliyev Nazirlər Kabinetinin ilk iclasındakı çıxışında diqqəti ölkə qarşısında duran qlobal vəzifələrə yönəldərək «Biz hər şeyə müvəffəq olacağıq» söyləmişdir. Gələcəkdə Azərbaycanın hərtərəfli inkişafı üçün böyük işlər görüləcəyini xatırladan Prezident, ilk növbədə, ölkədə işsizliyin aradan qaldırılması, yoxsulluğun azaldılması üçün hamının səfərbər olmasının vacibliyini qeyd etmişdir. 

- İnkişafın Azərbaycan modelinin mövcudluğunu şərtləndirən əsas amil bugünkü reallıqlarımızdır. İqtisadiyyatın inkişafında neft amilini önə çəkən Prezident İlham Əliyev şaxələndirmə siyasətinin vacibliyini bəyan etdi. Bu istiqamətdə atılan addımlar barədə fikirlərinizi bilmək istərdik 

- Möhtərəm Prezidentimiz  İlham Əliyev ölkənin uzunmüddətli inkişaf proqramlarını  müəyyənləşdirdi: Azərbaycanda heç bir çadır şəhərciyi qalmamalı, yoxsulluğun minimum səviyyəyə endirilməsi üçün ciddi tədbirlər görülməli, sahibkarlara dövlət tərəfindən kömək artırılmalı, regionların hərtərəfli inkişafı üçün Dövlət proqramları qəbul edilib icrasına başlanılmalı, ölkənin elektrik enerjisi və yanacaq qazı ilə təmin olunmasına dair proqramlar hazırlanmalı, bütün istiqamətlərdə infrastruktur layihələri icra olunmalı, qeyri-neft sektoru inkişaf etdirilməli, əhalinin həyat səviyyəsinin yüksəldilməsi üçün digər zəruri tədbirlər görülməlidir. Cənab İlham Əliyevin  hələ  ölkə  Prezidenti  seçilməzdən  əvvəl  dediyi  bir  fikir  Azərbaycanın  hansı  inkişaf  istiqaməti  seçəcəyinə  aydınlıq  gətirmişdir: «Biz neftdən  əldə  olunan  gəlirləri  hara  gəldi sərf edə  bilmərik.  Bu  pullarla  gələcək  nəsillər üçün  yeni  şəhərlər  salmaq, yollar salmaq,  zavod  və  fabriklər  tikmək,  neftlə  bağlı  olmayan  yeni  infrastruktur  yaratmaq  lazımdır. Çünki neft nə  vaxtsa tükənir.  Həmin  proqram  bu gün həyata  keçirilərsə,  gələcək nəsillər  neft hasilatından  və  neftin  dünya  bazarında  qiymətlərindən  asılı  olmayacaqlar. Beləliklə,  neft  bizim  üçün   məqsəd  deyil,  güclü iqtisadiyyat,  güclü  infrastruktur  yaratmaq  vasitəsidir.»  Proqram xarakterli bu fikir bu gün reallıqda öz əksini tapıb.  Regional inkişaf proqramlarının uğurlu icrası nəticəsində bu gün Azərbaycan  iqtisadi  inkişafın  dinamikasına  görə  dünyada  ön  sıradadır. Bir faktı da qeyd edək ki, iqtisadiyyatın düzgün əsaslar üzərində qurulması nəticəsində Azərbaycan 2008-ci ildən dünyanı bürüyən və nəticələri bu günə qədər davam edən iqtisadi və maliyyə böhranını hiss etmədi. Əksinə iqtisadi inkişafı ilə dünyanın diqqətində dayandı. 

Ötən 10 ildə Prezidentin həm andiçmə mərasimlərində, həm ölkə, həm də beynəlxalq tədbirlərdə çıxışlarında Azərbaycanın hərtərəfli inkişafa nail olduğu konkret faktlar, rəqəmlər əsasında diqqətə çatdırılır. Bu  illərdə əhalinin sosial vəziyyətinin nəzərə çarpacaq dərəcədə yaxşılaşdırılması, əmək haqları və müavinətlərin artırılması, məcburi köçkünlərin çadır düşərgələrindən normal şəraiti olan yeni binalara köçürülməsi, eyni zamanda, ölkə iqtisadiyyatına xarici investisiyalar cəlb edilməsi, demokratik ab-havanın beynəlxalq standartlara uyğunlaşdırılması və digər genişmiqyaslı işlərin görülməsi təbii ki, düzgün qurulan siyasətin nəticəsidir. Qlobal enerji layihələrinin mərkəzinə çevrilən Azərbaycana inam gündən-günə artır. Bu gün Azərbaycan beynəlxalq aləmdə təşəbbüsləri gerçəkliyə çevirən ölkə kimi tanınır və nüfüz qazanır. Bu fikir  vaxtilə «Əsrin müqaviləsi»nin gerçəkliyə çevrilməsinə şübhə ilə yanaşan daxili və xarici qüvvələr tərəfindən də etiraf olunur ki, enerji layihələrinin mərkəzinə çevrilən Azərbaycan təbii ki, bununla  əsil söz sahibi olduğunu təsdiqləyir. Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsinin mümkünsüzlüyü də deyilənlərin təsdiqidir. Bu günlərdə keçirilən XXI  Beynəlxalq «Xəzər neft, qaz, neftayırma və neft kimyası» sərgi-konfransında Azərbaycanın neft siyasətinin uğurlarından geniş bəhs edən dövlət başçısı İlham Əliyev bildirdi ki, gerçəkləşdirilən və icrası nəzərdə tutulan layihələr ölkəmizə investisiya axınını artırır. Ən böyük uğurumuz  əldə olunan gəlirlərin xalqın rifah halının yaxşılaşdırılmasına, ölkəmizin inkişafına yönəldilməsidir. Regional inkişaf proqramlarının  uğurlu icrası  qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmağa əsas verir. Bu gün Azərbaycanın hər bir bölgəsi, qəsəbəsi  inkişaf dövrünü yaşayır. Quruculuq, abadlıq işləri geniş vüsət alıb. Bir sözlə, bölgələr arasında sağlam rəqabət gedir. Bu gün böyük fəxr hissi lə qeyd edirik ki, nəinki paytaxt, bölgələrimiz beynəlxalq tədbirlərin keçirilməsi üçün əsas məkan seçilir. Azərbaycana beynəlxalq baxışın, eyni zamanda dövlət başçısı  İlham Əliyevin  çöxşaxəli və səmərəli fəaliyyətinə   yüksək dəyərin fonunda bu reallıq bir daha diqqətə çatdırılır. Möhtərəm Prezidentimiz İlham Əliyev Ulu öndər Heydər Əliyevin siyasi kursunu  davam etdirərək Azərbaycanı uğurlu gələcəyə inamla aparır. «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyası davamlı inkişafın yol xəritəsidir. Qarşıdakı on il üçün əsas hədəf Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək, bu günə qədər 3 dəfədən çox artan ümumi daxili məhsulu daha iki dəfə artırmaqdır. Hər sahə üzrə konkret proqramların qəbulu və uğurlu icrası hədəflərə yüksək səviyyədə nail olmağa stimul verir.