YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Azərbaycanın öz həqiqətlərini dünyaya təqdim etməsi baxımından Münxen Təhlükəsizlik Konfransı böyük əhəmiyyət kəsb edir

   Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva

- Sevinc xanım, məlum olduğu kimi Azərbaycan Prezidenti İlham Əliyev bugünlərdə Münxen Təhlükəsizlik Konfransında iştirak edib. Ümumiyyətlə, Azərbaycanın dövlət başçısı səviyyəsində Münxen Təhlükəsizlik Konfransında iştirakının əhəmiyyəti nədən ibarətdir?

- Münxen Təhlükəsizlik Konfransı beynəlxalq müstəvidə önəmli platformalardan biridir. Hər il keçirilən Mühxen Təhlükəsizlik Konfransında dünyanın iqtisadi-siyasi gündəliyinə nəzər salınır, qlobal əhəmiyyət kəsb edən məsələlər müzakirə olunur. 1962-ci ildən keçirilən konfrans ilk dövrlərdə sırf hərbi məsələlərə həsr olunurdusa, 1993-cü ildən etibarən soyuq müharibənin başa çatmasının nəticəsi olaraq, daha çox sırf iqtisadi problemlər konfransın gündəliyində yer almağa başladı. Nəticədə, bu gün Münxen Təhlükəsizlik Konfransı dünyanın iqtisadi-siyasi gündəliyindəki əsas problemlərin müzakirə olunduğu, əksər ölkələrdə böyük maraqla izlənən mötəbər beynəlxalq            tədbirə çevrilib.

Sayca keçirilmiş 53-cü konfransda da  əsas müzakirə edilən məsələlər NATO və Avropa İttifaqının gələcəyi, Qərb və Rusiya arasında olan münasibətlər, Suriyada müharibə, terrorçuluqla mübarizə, Ukraynada böhran, Asiya-Sakit Okean regionunun problemləri və s. oldu. Konfransda Azərbaycan Prezidenti cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ölkəmizin dünya təhlükəsizli sisteminin yenidən qurulmasında yaxından iştirak etmək istəyini hər kəsə nümayiş etdirdi. Prezident İlham Əliyevin həm müxtəlif ölkə rəhbərləri ilə görüşlərində, həm də aparıcı biznes qurumların rəhbərləri ilə müzakirələrində əsas müzakirə olunan məsələlər Azərbaycan qarşısında olan çağırışlar ilə bağlı idi. Hərtərəfli iqtisadi islahatlar aparan Azərbaycanın dünya biznes strukturları üçün daha da açılması və iqtisadi cəlbediciliyin mümkün qədər bütün auditoriyalarda bəyan edilməsi əsas hədəflərdəndir. Bu baxımdan, Azərbaycanın həqiqətlərini,  öz reallıqlarını və imkanlarını təqdim etməsi üçün bu platforma böyük əhəmiyyət kəsb edir.

- Konfransda Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi məsələsi də aktual mövzulardan biri olub. Bu baxımdan, Azərbaycanın oynadığı rol haqqında nə deyə bilərsiniz?

- Enerji resurslarından istifadə, ətraf mühitin qorunması, enerji təhlükəsziliyinin təmin edilməsi Münxen konfransında diqqət mərkəzində olan məsələlərdən biri oldu. Xüsusilə, Avropanın enerji təhlükəsizliyi məsələsi də diqqət mərkəzində idi.

Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Qiymətlərin sabitləşməsinə doğru? OPEC-in qayıdışı və neft geosiyasəti” mövzusunda keçirilən “dəyirmi masa”da qeyd etdiyi kimi, Azərbaycanın həyata keçirdiyi enerji siyasəti həm ölkəmizin, həm də tərəfdaş dövlətlərin maraqlarına uyğundur. Azərbaycan enerji siyasətində şaxələndirməyə üstünlük verməklə enerji nəqlinin təhlükəsizliyinə nail olub, əlverişli bazar imkanlarından yararlana bilib. Ənənəvi enerji mənbələri olan neft və qaz hasilatı ilə bərabər, Azərbaycan alternativ enerji sektorlarının yaradılması və inkişafına vəsait ayrırır, eləcə də əvvəlki tarixi dövrlərdən qalan neftlə çirklənmiş ərazilərin təmizlənməsi yönündə əsaslı işlər görülür.

Hazırda enerji təhlükəsizliyi sahəsində Azərbaycanı təşəbbüsü ilə nəhəng layihələr həyata keçirilməkdədir. Bu işlər başa çatdıqdan sonra Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu daha da güclənəcək.

- Azərbaycan - Avropa İttifaqı münasibətlərinin perspektivləri haqqında da fikirlərinizi bilmək istərdik...

- Əlbəttə ki, Avropa İttifaqı çox böyük, nüfuzlu bir qurumdur. Və dünyada baş verən proseslərə təsir etmək gücündədir. Bu mənada, Münxendə Avropa İttifaqının gələcəyi ilə bağlı müzakirələrin aparılması təbiidir. Bildiyiniz kimi, Azərbaycan da Avropa İttifaqı ilə əlaqələrə böyük önəm verir. Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. Eləcə də, quruma daxil olan bir sıra ölkələrlə strateji tərəfdaşlıq haqqında sazişlərimiz var.

Xatırladım ki, bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyev Belçikada səfərdə oldu. Dövlət başçısının səfəri çərçivəsində Avropa İttifaqının rəsmiləri ilə keçirilən görüşlər tərəflər arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu deməyə əsas verir. Azərbaycan öz milli maraqları çərçivəsində Avropa İttifaqı ilə əməkdaşlığa böyük önəm verir. Öz növbəsində, Avropa İttifaqı da ölkəmizlə münasibətlərin inkişafında maraqlı tərəf kimi çıxış edir. Bu gün Azərbaycanla qarşılıqlı-faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin davam və inkişaf etdirilməsi Aİ üçün xüsusi əhəmiyyət daşıyır. Çünki Cənubi Qafqaz regionunun güc mərkəzi kimi çıxış edən, mühüm geostrateji üstünlüklərə sahib olan Azərbaycanla əməkdaşlıq siyasi və iqtisadi perspektivlər nöqteyi-nəzərindən əhəmiyyətli dividendlər vəd edir.

Azərbaycanla bu qurum arasında gələcək münasibətlərin inkişafına dair saziş üzərində danışıqlara başlanıb. Bu sazişdə ikitərəfli münasibətlərin bütün aspektləri əks olunmalıdır. Hesab edirəm ki, bu, əlaqələrin perspektiv inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Dövlətimizin başçısı ilə görüşündə Aİ Şurasının prezidentinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında həllinin və status-kvonun dəyişməsinin zəruriliyini vurğulaması da olduqca mühüm əhəmiyyət kəsb edir. Bu, Azərbaycanın uğurlu xarici siyasət kursunun qanunauyğun nəticəsidir. Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində fəal xarici siyasət həyata keçirir. Bunun nəticəsi kimi, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsinin həllinin zəruriliyini xüsusi olaraq bəyan edirlər. Bu kontekstdə Avropa İttifaqına daxil olan ölkələr də mühüm yer tuturlar. Bütövlükdə isə, Aİ Şurasının prezidentinin bəhs olunan fikirləri Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə beynəlxalq hüquq normaları əsasında, obyektiv yanaşmanın ifadəsidir. Münxen Təhlükəsizlik Konfransında da dövlətmizin başçısı Aİ ilə münasibətlərə xüsusi önəm verildiyini bir daha vurğuladı.

- Ermənistanın işğalçılıq siyasətinin beynəlxalq miqyasda ifşa olunması baxımından  Münxen Təhlükəsizlik Konfransı bir platfoma olaraq hansı rola malikdir?

- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli dövlətimizin həyata keçirdiyi siyasətin əsasını təşkil edir. Münaqişənin  həlli ilə əlaqədar uzun illərdir ki, danışıqlar gedir. Amma işğalçı Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində problem sülh yolu ilə həllini tapa bilmir.  

Azərbaycan Prezidenti İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Avrasiyada əməkdaşlıq və problemlər məsələlərinə həsr olunan panel-müzakirədə və digər görüşlərində də bu məsələni daim diqqət mərkəzində saxlayıb. Dövlətimizin başçısı bildirib: «Üzləşdiyimiz problemlərdən ən böyüyü Ermənistan tərəfindən Azərbaycan ərazisinin davamlı işğalıdır. Bu da Ermənistan tərəfindən etnik təmizləmə və ərazimizin 20 faizinin işğalı ilə nəticələnmişdir. BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının ərazimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmişdir. Bu qətnamələr iyirmi ildən artıqdır ki, kağız üzərində qalmaqdadır. Bütün münaqişələrin həlli eyni prinsipə, eyni yanaşmaya əsaslanmalıdır. Hər bir ölkənin ərazi bütövlüyünə hörmət edilməlidir, onu pozmaq olmaz. Beynəlxalq səviyyədə tanınan sərhədlər güc yolu ilə dəyişdirilə bilməz. Ermənistan və Azərbaycan arasında münaqişə həmçinin region üçün ən böyük təhlükədir. Bizim konstruktiv siyasətimiz münaqişənin BMT Təhlükəsizlik Şurasının və digər vacib təşkilatların qəbul etdiyi qətnamələr əsasında sülh yolu ilə ən tez nizamlanması məqsədini daşıyır».

Bilirsiniz ki, konfrans çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri, həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik ilə görüşüb. Görüşdə Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Sankt-Peterburq görüşündəki müzakirələrinin davamı olaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinin intensivləşdirilməsinə dair fikir mübadiləsi aparılıb. Nazir Elmar Məmmədyarov münaqişənin həlli prosesində irəliləyişə nail olmaq üçün substantiv danışıqlara başlamaq məqsədilə səylərin artırılmasının vacibliyini vurğulayıb.

Təbii ki, Azərbaycan münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır. Amma Beynəlxalq birlik, Minsk qurumunun həmsədrləri işğalçı Ermənistanı sülhə məcbur etməlidir. Əks halda, Azərbaycan öz gücünə torpaqlarını işğaldan azad edəcək.

- Sevinc xanım, Azərbaycanın dünya birliyinə sürətlə inteqrasiya edən demokratik dövlətdir. Sizcə, ölkəmizdəki demokratik proseslər Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasında nə dərəcədə rol oynayır?

- Ümumiyyətlə, Azərbaycan təkcə iqtisadi sahədə deyil, digər sferalarda da dünya üçün etibarlı tərəfdaşdır. Prezident İlham Əliyevin vurğuladığı kimi, ölkədə siyasi sabitlik var, eyni zamanda, respublikada hər cür demokratik azadlıqlar bərqərar olub.  Dünyada insan hüquq və azadlıqlarına dair başlıca dəyərlər hesab olunan etnik, dini, irqi mənsubiyyətindən asılı olmayaraq, hər bir kəsin qanun qarşısında bərabərliyi, söz, mətbuat, vicdan azadlığı, demokratik siyasi sistem, vətəndaş cəmiyyəti institutlarının geniş şəbəkəsi artıq respublikamızda formalaşıb. Azərbaycandakı demokratik inkişafı ölkə əhalisi ilə yanaşı, beynəlxalq ictimaiyyət də görür və dəyərləndirir.

Bütövlükdə, Azərbaycan insan hüquq və azadlıqlarının təmin olunmasına, vətəndaşların informasiya əldə etmək və yaymaq imkanlarının sərbəstliyinə və genişliyinə görə hətta bir sıra dövlətlər üçün nümunə də ola bilər. Azərbaycanın demokratik inkişaf yolunda inamlı addımları ölkəmizin BMT, Avropa İttifaqı, Avropa Şurası, AŞPA, ATƏT, YUNESKO və digər beynəlxalq təşkilatlarla möhkəm əməkdaşlıq əlaqələrinin qurulmasına da imkan yaradıb. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsinə təsir göstərən amillər içərisində, heç şübhəsiz, respublikamızın demokratik azadlıqlar sahəsində əldə etdiyi nailiyyətlərin də böyük rolu olub. Beynəlxalq təşkilatlarla əlaqələr çərçivəsində müxtəlif dövlətlərin demokratiya institutları sahəsində təcrübəsindən yararlanan Azərbaycan özünün demokratik inkişaf modelini formalaşdırıb.