YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Ölkəmizdə təhsilin keyfiyyət göstəricilərinin yüksəlməsində təhsil infrastrukturunun yeniləşdirilməsi də vacib rol oynayır

Müsahibimiz Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Kamilə Əliyeva

 - Kamilə xanım, Azərbaycanda dövlətin təhsilin inkişafına xüsusi diqqəti yetərincədir. Hazırda həyata keçirilən dövlət təhsil siyasətinin əhəmiyyəti haqqında fikirlərinizi bilmək istərdik... 

- Azərbaycanda təhsilin inkişafı daim dövlətin diqqət mərkəzindədir. Məhz bu diqqət və qayğının fonunda təhsilin keyfiyyətinin artırılması, həmçinin bu yöndə müxtəlif dövlət və beynəlxalq əhəmiyyətli layihələrin həyata keçirilməsi birbaşa cəmiyyətimizin elmi səviyyəsinin, təfəkkürünün inkişafına xidmət edir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində ölkənin imkanları artdıqca, dövlət əldə olunan gəlirləri milli-intellektual potensialı reallaşdırmağa yönəldir. Bunun nəticəsidir ki, Azərbaycanda minlərlə məktəb inşa olunub, təmir edilib, azərbaycanlı gənclər təhsil almaq üçün xarici ölkələrə göndərilib.

Digər tərəfdən, Azərbaycanın sürətli inkişafı, ölkəmizin ictimai həyatının bütün sahələrində əldə etdiyi nailiyyətlər dövlət gənclər siyasətində də özünü bariz şəkildə göstərir. Prezident İlham Əliyevin Fərman və sərəncamları ilə bir sıra sahələr üzrə gənc kadrların məsul dövlət vəzifələrinə təyin olunması, dövlət quruculuğunda gənclərin iştirakına şərait yaradılması, gənc ailələrə kömək göstərilməsi, qaçqın və məcburi köçkün ailələrindən olan yeniyetmə və gənclərin hüquqlarının qorunması, sosial problemlərinin həlli, gənclərin hərbi vətənpərvərlik tərbiyəsi - dövlət gənclər siyasətinin əsasını təşkil edir. Gənclərin yüksək səviyyəli və keyfiyyətli təhsillə təmin olunması, onların bilikli və vətənpərvər vətəndaş kimi yetişdirilməsinə yönəlmiş addımlar da dövlət gənclər siyasətinin mühüm elementlərindən birini təşkil edir.

- Azərbaycanda təhsilin inkişafı ilə bağlı Dövlət proqramları həyata keçirilir. Sizcə, bu proqramların üstünlükləri nədən ibarətdir?

- Ümumiyyətlə, dünyanın üzləşdiyi qlobal iqtisadi böhran fonunda Azərbaycanın inkişaf etməsi beynəlxalq səviyyəli ekspertlərin diqqətindədir. Aparılan təhlillər nəticəsində bizim uğurların əsas səbəbi kimi ölkəmizin konseptual olaraq - proqramlarla idarə olunması müəyyən edilib. İndiyə qədər Azərbaycanın ayrı-ayrı sahələrini əhatə edən çoxsaylı Dövlət proqramları təsdiq edilib.

Bu baxımdan, ölkə təhsili konkret proqramlar əsasında qarşıya qoyulmuş hədəf və məqsədlərin fonunda inkişaf dinamikasına malikdir. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbul olunması bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Dövlət Strategiyasının əsas hədəfləri sırasında Azərbaycanın inkişaf konsepsiyasına uyğun olaraq hər bir şəxs üçün bərabər, keyfiyyətli təhsil imkanlarının yaradılması, təhsil sisteminin institusional əsaslarının, infrastrukturunun və insan resurslarının inkişaf etdirilməsi məsələlərinə xüsusi yer verilib. Bütün bunlar texnologiyaları çevik mənimsəməyə, əmək bazarında layiqli yer tutmağa və ömür boyu təhsil prosesinə qoşulmağa imkan verən strateji və konseptual məqamlardır. Bir sözlə, sözügedən sənəd Azərbaycanda təhsilin inkişaf istiqamətlərini müəyyənləşdirir.

Bu baxımdan, Azərbaycanda təhsil infrastrukturunun müasir tələblərə uyğun qurulması, təhsilin məzmununun yeniləşdirilməsi, təhsil alanların nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni model və mexanizmlərin tətbiqi, əmək bazarının tələbatına uyğun kadr hazırlığı və təminatının yaxşılaşdırılması, təhsil-müəssisələrinin informasiya-kommunikasiya texnologiyaları ilə təmin edilməsi və təhsil sisteminin informasiyalaşdırılması, məktəbəqədər, texniki peşə, ali təhsil, xaricdə təhsil, istedadlı uşaqların inkişafı, xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinin təşkili və digər bu kimi sahələrdə mühüm irəliləyişlər və uğurlar əldə olunub.

- Ölkəmizdə təhsil infrastrukturu da yenidən qurulur. Sizcə, bu amil təhsilin keyfiyyətinə nə dərəcədə təsir göstərir?

- Əlbəttə ki, ölkədə təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşmasını şərtləndirən ən mühüm amillərdən biri təhsil şəbəkəsinin müasir infrastrukturla təmin edilməsidir. Hazırda təhsilin maddi-texniki bazanın təkmilləşdirilməsi, müasir standartlara cavab verən yeni məktəblərin tikilməsi xüsusi diqqət mərkəzindədir. Bu mənada son 13 ildə Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizdə təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, respublikanın hər yerində məktəb tikintisinin geniş vüsət alması təqdirəlayiqdir. Güclü müasir infrastrukturun yaradılması təhsil sahəsində uğurların əsasını təşkil edən amillərdən biridir. Ötən dövrdə Prezident İlham Əliyevin təşəbbüsü ilə məktəb tikintisinə dair bir neçə ayrıca Dövlət Proqramı qəbul edilib. Bundan başqa, digər sahələri əhatə edən dövlət proqramlarında da məktəb tikintisinə böyük diqqət yetirilir. Məsələn, regionların, Bakı şəhərinin və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı, eləcə də yoxsulluğun azaldılması, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması ilə bağlı Dövlət proqramlarında məktəb tikintisi ilə bağlı geniş müddəalar öz əksini tapıb. Eyni zamanda, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda da təhsil müəssisələrinin infrastrukturunun yenilənməsinə geniş yer ayrılıb. Dövlət proqramlarının icrası nəticəsində son 13 ildə Bakı şəhərində və respublikanın bölgələrində 3000-dən çox yeni məktəb tikilib və yaxud əsaslı təmir edilib. Bunun nəticəsində təxminən 1 milyon şagirdin təhsil şəraiti yaxşılaşıb, birnövbəli tədris sisteminin tətbiq edildiyi məktəblərin sayı əhəmiyyətli dərəcədə artıb.

- Təhsilin inkişafında bu sahənin qanunvericilik bazasının da gücləndirilməsi mühüm rol oynayır. Yeri gəlmişkən, parlamentdə «Məktəbəqədər təhsil haqqında» yeni qanun layihəsi geniş müzakirə edilib. Bu sənəd təhsil sahəsinin inkişafına nə kimi töhfələr verəcək?

- Bəli, bu qanun layihəsi parlamentdə iki oxunuşda qəbul olunub. Milli Məclisin Elm və təhsil komitəsi bu sənəd üzərində çox işləyib və müzakirəyə mükəmməl bir layihə çıxarmağa çalışıb. Parlamentdə müzakirələr zamanı bir sıra millət vəkilləri də dəyərli təkliflər veriblər. «Məktəbəqədər təhsil haqqında» qanun dövlətin təhsil siyasətinin hüquqi bazasını daha da təkmilləşdirəcək. Bu sənəd ölkəmizdə məktəb yaşına çatmamış uşaqların məktəbəqədər təhsilinin təmin olunması sahəsində dövlət siyasətinin prinsiplərini, məktəbəqədər təhsilin təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən edir. Məktəbəqədər təhsil ölkəmizdə fasiləsiz təhsil sisteminin ilk pilləsi kimi fərdin, cəmyyətin və dövlətin maraqları nəzərə alınmaqla davamlı inkişaf etdirilən prioritet fəaliyyət sahəsidir.

 Qeyd etdiyim kimi  ölkəmizdə təhsil sahəsi inkişaf edir. Təbii ki, yeni qanun bu sahənin inkişafına töhfələr verəcək. Şübhəsiz ki, təhsil sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi çox vacib amildir. Bu qanun da məktəbəqədər təhsilin daha da gücləndirilməsinə xidmət edəcək. Onu da qeyd edim ki, parlamentin Elm və təhsil komitəsi aidiyyatı sahələr üzrə bundan sonra da səmərəli şəkildə davam etdirəcək.

- Kamilə xanım, bildiyimiz kimi 2017-ci il Azərbaycanda «İslam həmrəyliyi ili» elan olunub. İslam həmrəyliyinin təmin olunmasında Azərbaycanın yeri və rolu haqda nə deyə bilərsiniz?

- Tolerantlıq nümunəsi olan Azərbaycan İslam coğrafiyasında nüfuzlu dövlət kimi tanınır. Ölkəmiz yerləşdiyi Cənubi Qafqaz regionunda təhlükəsizlik və tərəqqiyə mühüm töhfələr verməklə yanaşı, bütövlükdə, İslam coğrafiyasında da həmrəyliyin təmin olunması, ikitərəfli və çoxşaxəli münasibətlərin inkişafında mühüm rol oynayır. Təsadüfi deyil ki, müsəlman ölkələri Azərbaycanla əməkdaşlığa böyük önəm verir, eyni zamanda, ölkəmizin İslam coğrafiyasında sülh, təhlükəsizlik və həmrəyliyə verdiyi töhfələr yüksək qiymətləndirilir.

Bunlarla yanaşı, milli-mənəvi dəyərlərin qorunmasına müstəsna önəm verən Azərbaycan həm də İslam dəyərləri və ənənələrinin mühafizəsinə xüsusi diqqət göstərir. Tərəddüdsüz qeyd edə bilərik ki, müsəlman ailəsinin bir üzvü olan Azərbaycan xalqının milli, mədəni dəyərlərinin formalaşmasında İslam dəyərlərinin, digər müsəlman cəmiyyətləri ilə tarixi-mədəni əlaqələrin rolu böyükdür. Şərq və Qərb sivilizasiyalarının harmonik şəkildə qovuşduğu Azərbaycandakı müxtəlif dövrlərə və mədəniyyətlərə, o cümlədən İslam mədəniyyətinə məxsus tarixi abidələr, maddi-mədəniyyət nümunələri, mənəvi irs dövlət səviyyəsində qorunur, himayə olunur. Bir sözlə, Azərbaycan həm İslam ölkələri arasında siyasi, iqtisadi, mədəni əlaqələrin genişlənməsində önəmli rol oynayır, həm də ölkə ərazisində və dünyada İslam irsinin qorunmasında və yaşadılmasında fəal işlər görür. 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi ili” elan edən Azərbaycan Prezidenti İlham Əliyev qeyd edib ki, Azərbaycan İslam aləmində çox böyük hörmətə malik bir ölkədir.

Mədəniyyət, humanitar sahələrdə də Azərbaycan İslam ölkələri arasında əlaqələrin genişlənməsində mühüm rol oynayır. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı, İSESCO kimi aparıcı təşkilatların fəal üzvüdür, onların nüfuzunun yüksəldilməsinə, İslam mədəniyyətinin inkişaf etdirilməsi və dünyada yayılması işinə öz dəyərli töhfələrini verir. Digər bir mühüm məqam ondan ibarətdir ki, IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı qərarın qəbul edilməsində əhəmiyyətli rol oynayan ən başlıca amil Azərbaycanın daim İslam dünyasına öz töhfələrini verməsidir. Hesab edirəm ki, IV İslam Həmrəyliyi Oyunları həm Azərbaycanın gücü və nüfuzunu bir daha nümayiş etdirəcək, həm də müsəlman aləmini – islam ölkələrini Şərq və Qərbin qovuşuğunda birləşdirəcək. Paytaxt Bakının belə bir mötəbər tədbirə ev sahibliyi etməsi həm də islamofob dairələrə - İslam dini nümayəndələrinə qarşı diskriminasiyaya, ayrı-seçkiliyə yol verən dairələrə ciddi mesajlar verəcək.

- Azərbaycan həmçinin, beynəlxalq aləmdə yüksək tolerantlıq ənənələrinə malik olan ölkə kimi də böyük nüfuza malikdir...

- Son illərdə dünyanın ayrı-ayrı yerlərində radikal, ekstremist dini qrupların müəyyən siyasi dairələr tərəfindən gizli və açıq formalarda dəstəklənməsinin, həmin qüvvələrdən sosial sabitliyin pozulmasında, hökumətlərə təzyiqlərin göstərilməsində, islamofobiyanın yayılmasında istifadə edilməsinin şahidi oluruq. Digər tərəfdən, Avropada multikulturazlimin böhranı, islamofob və ksenofob meyillərin güclənməsi də tolerantlığa zərbə vuraraq mədəniyyətlərarası qarşıdurmanı gücləndirir. Bütün bunların fonunda Azərbaycanda əsrlərdən bəri mövcud olan tolerantlığın, müxtəlif etnik, dini mənsubiyyətə malik olan toplumların mehriban birgəyaşayışının şahidi oluruq. Bunun əsas səbəblərindən biri odur ki, Azərbaycan tarixən dini və dünyəvi dəyərlərin uzlaşdığı, fərqli mədəniyyətlərin bir arada yaşadığı və inkişaf etdiyi, sivilizasiyaların qovuşduğu bir məkandır.

Uzun əsrlər boyu Azərbaycan xalqı özünün milli, dini mənəvi dəyərlərinə bağlılığını qoruyub saxlayıb, eyni zamanda, başqa dinlərin və etnik qrupların nümayəndələri ilə tolerant, mehriban birgəyaşayış mühitində sahib olduğu yüksək mənəvi keyfiyyətlərini inkişaf etdirib. Nəticədə, dini, mədəni plüralizmin mövcud olduğu, dini və dünyəvi dünyagörüşünün uzlaşdığı müasir Azərbaycan cəmiyəti formalaşıb. Bütövlükdə, Azərbaycan dövlətinin hüquqi əsasları, müxtəlif sahələr üzrə qəbul olunan qərarlar dünyəvi xarakter daşıyır. Bununla belə, Azərbaycan dünyəvi dövlət üçün ən münasib seçim hesab olunan müsbət dünyəvilik və ya pozitiv sekulyarizm modelini təcrübədə tətbiq edən ölkələrdən biridir. Bu o deməkdir ki, dövlət din sahəsinə qayğı və dəstək göstərir və bu siyasət tolerantlıq və multikulturalizmin tərkib hissəsi kimi həyata keçirilir.