YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Avropa İttifaqı və Azərbaycan arasında yeni saziş ikitərəfli münasibətlərdə yeni səhifə açacaq

   Milli Məclisin deputatı, Avropa Şurası Parlament Assambleyasının Miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədri Sahibə Qafarova

 

 

 

 

- Sahibə xanım, son dövrlər bəzi "beynəlxalq təşkilatlar"ın Azərbaycana qarşı qara – piar kampaniyası apardıqlarını müşahidə etməkdəyik. Sizcə, bu nə ilə bağlıdır?

- Azərbaycan müstəqil dövlətdir və özünün möhkəm əsaslara malik müstəqil hüquq sistemi mövcuddur.  Müstəqillik illərində Azərbaycan sürətlə inkişaf edib. Azərbaycan yüksək iqtisadi inkişaf tempinə malik, əhalinin sosial müdafiəsinin təmin olunduğu demokratik ölkədir. Ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması istiqamətində çox möhkəm hüquqi baza mövcuddur. Azərbaycan qanunvericiliyi tamamilə Avropada mövcud olan qanunlara uyğunlaşdırılıb, qanunların icra mexanizmləri təkmilləşdirilib. Ölkə əhalisinin 70 faizindən çoxu internet istifadəçisidir və birbaşa olaraq dövlət tərəfindən bütün şəhər və qəsəbələrə genişzolaqlı internet çəkilib, ucqar kəndlərdə belə internetdən azad şəkildə istifadə olunur. Azərbaycanda söz və mətbuat azadlığı təmin olunub, kütləvi informasiya vasitələrinin inkişafına dövlət tərəfindən ciddi dəstək göstərilir. Həmçinin, vətəndaşların sərbəst toplaşmaq azadlığı tam təmin olunur və bununla bağlı çox mütərəqqi qanun qəbul olunub. Yəni sadalananlar bir daha o reallığı ortaya qoyur ki, Azərbaycan müstəqil, demokratik ölkə olaraq öz inkişafını davam etdirir və bu məsələlərlə bağlı Azərbaycana qarşı hər hansı irad tutmaq, tənqid etmək yumşaq şəkildə desək, ədalətsizlikdir. Belə olduğu təqdirdə, Azərbaycana qarşı qara-pair kampaniyalarına səbəb nədir?

Əslində biz ölkəmizə qarşı qərəzli münasibətin səbəblərini çox yaxşı bilirik. Möhtərəm Prezidentimiz İlham Əliyev də oktyabrın 4-də Avropa İttifaqının Brüsseldə akkreditə olunmuş səfirlərinin daxil olduğu Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyətini qəbul edərkən bununla bağlı fikirlərini ifadə edərək Azərbaycana qarşı şər – böhtan kampaniyasının səbəblərini izah etdi. Cənab Prezident dedi ki, bizim inkişafımıza sevinməyən və ya Azərbaycanda hökmranlıq etmək arzusunda olan müəyyən dairələr ölkəmizi gözdən salmağa çalışırlar. Bunun səbəblərindən biri erməni lobbisi və diasporudur ki, o, Qərbdə böyük siyasi, ictimai və media köklərinə malikdir. Qarayaxmanın böyük hissəsi onların payına düşür. Digər tərəfdən, müəyyən QHT-lər, bizdən istədiklərini əldə edə bilməyən müəyyən xarici dairələr və Azərbaycanın müstəqil siyasət yürütməsindən, başqalarının işlərinə qarışmamasından və başqalarının da bizim daxili işlərimizə qarışmasına imkan verməməsindən narazı olanlar da bu siyahıdadır. Əlavə olaraq,  açıq etiraf etməliyik ki, bəzi dairələr çox ciddi şəkildə islamafobiyaya yoluxublar və bir sıra ölkələrə münasibətdə əfsuslar olsun ki, ədalət prinsiplərindən deyil, dini, milli ayrı-seçkilik prizmasından yanaşırlar. Bütün bunlar isə həm də o anlama gəlir ki, Azərbaycanın ünvanına səsləndirilən tənqidlər subyektiv və qərəzlidir.

- Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür və bu illər ərzində təşkilatla çox uğurlu əməkdaşlıq əlaqələri qurmağa çalışıb. Azərbaycan AŞ qarşısında götürdüyü bütün öhdəlikləri yerinə yetirib. Buna baxmayaraq, son zamanlar Avropa Şurası Parlament Assambleyasının bəzi üzvləri tərəfindən Azərbaycana qarşı ədalətsiz və qərəzli mövqenin ortaya qoyulduğunu görürük. Bu da təbii olaraq, Azərbaycan ictimaiyyətində haqlı narazılıq yaradır. Siz, AŞPA komitəsinin sədri və Azərbaycanın qurumdakl nümayəndə heyətinin üzvü kimi, son zamanlar AŞPA-Azərbaycan paralelində baş verənləri necə qiymətləndirirsiniz?

- Əvvəla qeyd etmək lazımdır ki, Azərbaycanın beynəlxalq təşkilatlarda mövqeyinin möhkəmləndirilməsi, rolunun artırılması, həmin təşkilatların tribunasından səmərəli istifadə edilməsi ölkəmizin xarici siyasətində ən mühüm istiqamətlərdən biridir. Azərbaycan Prezidenti İlham Əliyev xalqımızın milli maraqlarına söykənən müstəqil siyasət həyata keçirir və istənilən situasiyada yalnız Azərbaycan xalqının və dövlətinin maraqlarından çıxış edir. Dövlətimizin başçısı dünyanın siyasi taleyini həll edən və bu kontekstdə çox vacib paya sahib olan qurumlarda ölkəmizinin taleyüklü məsələlərinin qaldırılmasına və onun həllinə nail olmaq üçün ciddi iş aparır. Azərbaycan istənilən təşkilatın fəaliyyətini beynəlxalq hüquq prinsiplərinə uyğun qurmasının, ölkələrin daxili işlərinə müdaxilə olunmasının yolverilməzliyinin,  tərəfdarı kimi çıxış edir. Avropa Şurasına üzv olduğu ötən 16 ildən də artıq dövr ərzində də Azərbaycan təşkilat qarşısında bütün öhdəliklərini uğurla yerinə yetirib. Eyni zamanda, Azərbaycan öz tarixi, mədəni dəyərləri ilə, Avropa ailəsinin zənginləşməsinə, mühüm təşəbbüsləri ilə təşkilatın daha effektiv fəaliyyət göstərməsinə töhfəsini verib. Buna baxmayaraq, müxtəlif vaxtlarda qurumu təmsil edən bəzi parlamentarilərin, o cümlədən, rəhbər strukturlarında təmsil olunan siyasətçilərin dilindən ölkəmizlə bağlı obyektivlikdən uzaq, ölkəmizdəki mövcud inkişaf tendensiyalarını əks etdirməyən, qərəzli yanaşmalar olmuşdur. Eyni zamanda, biz quruma üzv olarkən, AŞ-nin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına hər hansı formada dəstək verəcəyni düşünürdük. Amma ötən illər ərzində bununla bağlı təsirli addımların da atıldığını müşahidə etməmişik. Əksinə, demokratik yolla inkişaf edən Azərbaycana qarşı həyata keçirilən təzyiq kampaniyaları fonunda ölkədə keçirilən bütün seçkilərin saxtalaşdırıldığı, siyasətçilərin, deputatların parlamentdə qətlə yetirildiyi, terrorizmin rəsmi siyasət səviyyəsində qəbul edildiyi, digər dövlətin ərazisini işğal etmiş və soyqırımı törətmiş Ermənistan isə AŞPA-dakı müəyyən qruplar tərəfindən sanki himayə olunur, onlara qarşı loyal münasibət sərgilənir. Son vaxtlar isə AŞ-nin bəzi rəsmiləri Azərbaycana qarşı sanksiyaların tətbiq ediləcəyi ilə bizə hədələyirlər. Əlbəttə, bütün bunlar Azərbaycan cəmiyyətində haqlı narazılıq, qınaq yaradır. Prezident İlham Əliyevin də Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüşdə vurğuladığı kimi, hazırda Azərbaycanda Avropa Şurası ilə bağlı ictimai rəy o qədər də müsbət deyil və bunun obyektiv səbəblərini bayaq sadaladıq. Bununla belə, hesab edirəm ki, ölkəmizə qarşı istənilən təzyiq üsulları ilə ölkəmizə təsir etmək, onun müstəqil xarici siyasətinə müdaxilə etmək cəhdləri əbəsdir və heç bir nəticə verməyəcək. Azərbaycan cəmiyyəti və dövləti ölkəmizə qarşı ədalətsiz, qərəzli mövqeyi heç vaxt qəbul etməyəcək.

- Siz Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlərə də toxundunuz. Prezident İlham Əliyev də Avropa İttifaqının Brüsseldə akkreditə olunmuş səfirlərinin daxil olduğu Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyətini qəbul edərkən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud durum haqqında məlumat verdi. Siz münaqişənin həlli ilə bağlı aparılan danışıqlarda hazırki situasiyanı necə qiymətləndirirsiniz?

- Ermənistan dövlət səviyyəsində terroru dəstəkləyən ölkədir. Bu gün Ermənistanda hakimiyyətdə olan insanlar vaxtilə Qarabağda minlərlə azərbaycanlını qətlə yetirən səhra komandirləridir. Serj Sarkisyan yüzlərlə azərbaycanlı qadın, uşaq və yaşlının öldürüldüyü Xocalı qətliamında şəxsən iştirakı barədə özü müsahibə verib. Ermənilər həmişə ən çirkin terror üsullarına əl ataraq, öz milli kimliklərini, niyyətlərini ortaya qoyublar. Amma ən ağrıdıcısı odur ki, bu kimi cəhdlərdə uşaqları, qadınları hədəfə götürürlər. Bu isə bir daha onu göstərir ki, ermənilər uzunmüddət Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı siyasətindən bu gün də əl çəkmir və hər fürsətdə irqçi, bütün beynəlxalq hüquqi sənədlərə, eyni zamanda, bölgədə sülhün təmin olunmasına yönəlmiş cəhdlərə zidd olan bu kimi təxribatları təkrarlayırlar. Ermənistanın terrorçu rəhbərliyinin Dağlıq Qarabağ münaqişəsinin həllində iştirakı da imitativ xarakterlidir. İrəvan hakimiyyəti maksimum səy göstərir ki, münaqişə dondurulmuş qalsın, status-kvo davam etsin. Lakin Azərbaycan heç vaxt buna imkan verməyəcək. Münaqişənin beynəlxalq norma və prinsipləri, dövlətlərin ərazi bütövlüyü çərçivəsində həlli bu gün Azərbaycan dövlətinin ən ümdə məqsədidir və Azərbaycan ərazi bütövlüyü mütləq bərpa olunacaq, Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərimizdə suveren hüquqları bərpa olunacaq. Prezident, Ali Baş komandan İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycan tarixən ona məxsus olan torpaqlarda ikinci qondarma erməni dövlətinin yaradılmasına razılıq verməyəcək. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalı, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl edilməli, Ermənistanın işğalçı qüvvələri işğal olunmuş bütün ərazilərdən qeyd-şərtsiz çıxarılmalıdır.

- Sahibə xanım, yeri gəlmişkən, sözügedən görüşdə əsas müzakirə olunan məsələlərdən biri də Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin genişləndirilməsi oldu. Həmin görüşdə həm dövlətimizin başçısı İlham Əliyev, həm də Avropa İttifaqına üzv ölkələri təmsil edən səfirlər Azərbaycanla qurum arasında əlaqələrlə bağlı müsbət fikirlər səsləndirdilər. Siz bu əməkdaşlığın perspektivlərini necə görürsünüz?

 - Möhtərəm Prezidentimizin də qeyd etdiyi kimi, Azərbaycan Avropa İttifaqı ilə tərəfdaşlığın inkişafına böyük əhəmiyyət verir. Qurumla əlaqələrimiz çoxşaxəlidir və müxtəlif istiqamətləri əhatə edir. Aİ-ilə ölkəmiz arasında müxtəlif dövrlərdə siyasi əlaqələr, ölkəmizin demokratik inkişafı, energetika, nəqliyyat, təhlükəsizlik, humanitar, təhsil, mədəniyyət, multikulturalizm ilə bağlı məsələlər ətrafında səmərəli müzakirələr aparılıb. Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Azərbaycan Avropa İttifaqı məkanında əsas enerji təchizatçılarından biridir və ölkəmizin etibarlı rolu daim yüksək qiymətləndirilir. Azərbaycan dünyada böyük enerji ehtiyatları, şaxələndirilmiş ixrac  potensialı olan olan ölkə kimi tanınır. Bu gün Avropa İttifaqının üzvü olan bəzi ölkələr üçün enerji balansında Azərbaycan nefti 25-30 faiz təşkil edir. Həmçinin, Aİ-yə üzv ölkələrin eterji təhlükəsizliyinin təmin olunmasında da Azərbaycanın iştirakı əhəmiyyətli hesab olunur. Bunlarla yanaşı, bildiyimiz kimi, Azərbaycan mühüm coğrafi mövqeyə malikdir və Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan nəqliyyat layihələri Avropa məkanı üçün böyük önəmə malikdir. Xüsusilə, Şərq-Qərb Nəqliyyat Dəhlizi Asiya ilə Avropa arasında bir körpü rolunu oynayacaq ki, burada da Azərbaycanın töfhələri misilsizdir.

Digər tərəfdən, Azərbaycan Avropa İttifaqına üzv ölkələrlə ikitərəfli əlaqələrin inkişafına böyük maraq göstərir və bu istiqamətdə də ciddi nailiyyətlərin qazanıldığı şübhəsizdir. Avropa İttifaqına üzv olan ölkələrin üçdəbirindən çoxu ilə Azərbaycanın strateji tərəfdaşlıq münasibətləri mövcuddur.

Bildiyimiz kimi, hazırda ölkəmizlə qurum arasında tərəfdaşlığa dair yeni sənədin üzərində fəal danışıqlar aparılır və hesab edirəm ki, bu danışıqların uğurla nəticələnməsi və yeni sazişin imzalanması Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərdə yeni mərhələnin əsasını qoyacaq, yeni səhifə açacaq. Dövlətimizin başçısı İlham Əliyev də qeyd edib ki, Azərbaycan Avropa İttifaqı ilə münasibətlərdə yeni bir səhifənin açılışını etmək istəyir. Əlbəttə ki, mühüm geostrateji mövqeyi, regionun lider dövləti olması etibarilə, həmçinin, enerji təhlükəsizliyinə vacib töfhələri, geniş iqtisadi potensialı, demokratiya yolunda atdığı qətiyyətli addımları və əldə etdiyi nailiyyətləri baxımından Azərbaycanla əlaqələrin inkişafı Avropa İttifaqı üçün də mühüm əhəmiyyət kəsb edir və quruma rəhbərlik edən şəxslərin Azərbaycanın əhəmiyyəti ilə bağlı çoxsaylı bəyanatları da bunu bir daha təsdiq edir.