YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Azərbaycan dövləti heç vaxt işğalla barışmayacaq və öz ərazi bütövlüyünü bərpa edəcək

   Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Sahibə Qafarova

- Sahibə xanım, bugünlərdə sizin rəhbərliyiniz ilə Azərbaycan nümayəndə heyəti Avronest PA-nın VII plenar sessiyasında  iştirak edib. Sessiya barədə məlumat verməyinizi xahiş edirik... 

- Bildiyiniz kimi Azərbaycan Milli Məclisinin Avronest PA üzrə nümayəndə heyəti təşkilatın VII plenar sessiyasında iştirak etmək məqsədilə 25-27 iyun tarixlərində Belçika Krallığında səfərdə olub. Nümayəndə heyətinin tərkibində mənimlə yanaşı millət vəkilləri  Cavanşir Feyziyev, Azər Kərimli, Məlahət İbrahimqızı, Rasim Musabəyov və Tahir Mirkişili tədbirdə iştirak ediblər. Qeyd edim ki, plenar sessiyadan əvvəl keçirilən komitə iclasları çərçivəsində qətnamə layihələrinin müzakirəsi baş tutub. Siyasi komitədə hazırlanan və Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən qətnamə layihəsinin müzakirəsi xüsusilə gərgin keçdi. Avropa Parlamentinin İsveçdən olan üzvü Günnar Hökmar və Gürcüstan parlamentinin üzvü xanım Tamar Xuroldovanın birlikdə hazırladığı qətnamə layihəsində Avropa İttifaqı tərəfindən bütün Şərq Tərəfdaşlığı ölkələrinin, o cümlədən Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hərtərəfli dəstəyin bildirildiyi maddə öz əksini tapıb. Azərbaycanın ərazi bütövlüyünə dəstəyin ifadə olunduğu bəndin sənəddən çıxarılması üçün çoxsaylı düzəlişlər təklif edən Ermənistanın Avronest PA üzrə nümayəndə heyəti nümayəndə heyətimizin  səyləri nəticəsində istəklərinə nail ola bilməyib. Beləliklə, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə tam dəstəyin ifadə olunduğu qətnamə layihəsi Plenar Sessiyaya tövsiyə olunub və orada səs çoxluğu ilə qəbul edilib.

Bundan başqa,  Ermənistan nümayəndə heyətinin "təxirəsalınmaz qətnamə" proseduru altında ölkəmizə qarşı yönəlmiş qətnamə layihəsi təklifinin qarşısı alınıb. Siyasi korrupsiya və siyasətdə etik davranış adı altında təklif edilən layihənin məqsədi Qərb mətbuatında Azərbaycanla bağlı səsləndirilən ittihamların Avronest çərçivəsinə gətirilməsi olub. Mən  Azərbaycan nümayəndə heyətinin rəhbəri olaraq Büro iclasında bunun qəti əleyhinə çıxdım və nəticədə qətnamə layihəsi  geri götürüldü.

Bundan əlavə, Azərbaycanın millət vəkili Tahir Mirkişilinin həmməruzəçi olduğu qətnamə Plenar sessiyada qəbul edilib. Təşkilatın sosial komitəsinin iclasında isə Azərbaycanın “ASAN Xidmət”inin təqdimatı baş tutub. Avronest PA-nın sosial komitəsinin həmsədri, həmkarımız  Məlahət İbrahimqızının təşəbbüsü ilə baş tutan təqdimatı “ASAN xidmət”in rəsmisi Kamran Ağası edib.

Avronest PA-nın Plenar sessiyası çərçivəsində keçirilən digər bir mühüm tədbir Qadın Forumu olub. Mənim və Məlahət İbrahimqızının iştirak etdiyi forumda bizim tərəfimizdən Azərbaycan Respublikasında qadın hüquqlarının təmin edilməsi ilə bağlı həyata keçirilən siyasət və tədbirlər haqqında məlumat verilib. Təşkilatın İqtisadi komitəsinin iclasında isə millət vəkili Azər Kərimli iştirak və çıxış edib, ölkəmizin iqtisadi siyasəti haqda komitə üzvləri və iştirakçılara məlumat verib.

Plenar sessiyanın sonuncu iclas günündə keçirilən dinləmələrdə Azərbaycan nümayəndə heyətinin üzvləri Rasim Musabəyov və Cavanşir Feyziyev çıxış edib. Millət vəkili Cavanşir Feyziyev Avropa qurumlarında lobbiçilik fəaliyyətlərinin bu qədər geniş vüsət almasını pislədi.

Bütövlükdə, hesab edirəm ki, Avrenest PA-nın plenar sessiyası məhsuldar keçdi və Azərbaycan nümayən heyəti bu tədbirdə fəallığı ilə seçildi. Millət vəkillərimiz bu beynəlxalq təşkilatın tədbirində milli və dövlət maraqlarımızı qətiyyətlə müdaifə etdilər.

- İyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə Bakıda keçirilən hərbi parad cəmiyyətimizin əsas müzakirə mövzusudur. Azərbaycan Ordusunun qüdrətini və maddi-texniki təminatı ilə bağlı uğurlarımızı əyani şəkildə nümayiş etdirən bu paradda Prezident, Ali Baş Komandan İlham Əliyevin geniş nitqində müxtəlif məsələlər yer aldı. Siz bu hərbi parad və Ali Baş Komandanın nitqindən irəli gələn məsələlər barədə nə deyə bilərsiniz?

- Bəli, cənab Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev paradda söylədiyi çox parlaq və dərin məzmunlu nitqində həm Ordumuzun inkişaf tarixinə, mövcud vəziyyətinə dair əhatəli təhlillər apardı, həm də Silahlı Qüvvələrimizin qarşısında duran vəzifələr, hədəflərimiz barədə mühüm mesajlar verdi. Ümid edirəm ki, istər beynəlxalq ictimaiyyət, istərsə də, Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan dövlətinin rəhbərliyi bu mesajlardan düzgün nəticə çıxaracaqlar. Çünki bu parad Azərbaycan Ordusunun gücünü düşmənə və bütün dünyaya nümayiş etdirdi. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və hazırda Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilən ordu quruculuğu atıq öz müsbət nəticələrini verməkdədir. Həm ordumuzun maddi-texniki təminatı yüksək səviyyədədir, həm də şəxsi - heyətdə müsbət əhval-ruhiyyə hökm sürür. Azərbaycan Silahlı Qüvvələri istənilən döyüş tapşırığını yerinə yetirmək, ölkəni bütün hədələrdən müdafiə etmək qüdrətinə malikdir. Heç də təsadüfi deyil ki, beynəlxalq hərbi tədqiqat mərkəzlərinin rəyinə görə, Azərbaycan Ordusu regionun ən hazırlıqlı və müasir hərbi strukturu sayılır. Ordumuz dünyanın ən yaxşı təchiz olunmuş və döyüş qabiliyyətli 50 ordusu sırasına daxildir. Azərbaycan ordusu peşəkarlıq və döyüş hazırlığı səviyyəsinə görə də müsbət mənada seçilir, çox güclü hərbi texnika, müasir silahlarla təmin olunub. Yeri gəlmişkən, iyunun 26-da keçirilən möhtəşəm hərbi paradda bu texnikaların sadəcə bir qismi nümayiş etdirildi. Bu parad Azərbaycanda aparılan ordu quruculuğu siyasətinin nə qədər effektiv və uğurlu nəticələrlə müşayiət olunuduğunu təsdiqlədi. Ali Baş Komandan İlham Əliyevin paradda vurğuladığı kimi, bu gün ordunun maddi-texniki təchizatı baxımından Azərbaycan dünyanın nadir ölkələrindəndir.

- Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin həlli və ölkəmizin ərazi bütövlüyünün təmin olunması ilə bağlı da mühüm mesajlar verdi. Cənab Prezident Ordumuzun qüdrətinin, sahib olduğu imkanların yüksək olduğunu əsas gətirərək bildirdi ki, biz elə bir güclü ordu yaratmışıq ki, düşmənin bütün strateji hədəflərini məhv etməyə qadirdir.  Hazırda Ali Baş Komandanın paradda bu istiqamətdə verdiyi məsələlər Ermənistan mediasında və cəmiyyətində də ciddi müzakirə olunur.

- Əvvəla, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllini tapması üçün tərəflərdən yalnız birinin iradə nümayiş etdirməsi yetərli deyil. Bunun üçün qarşı tərəf və münaqişənin nizamlanmasında müəyyən funksiyaları üzərinə götürən vasitəçi tərəflər də səmimiyyət ortaya qoymalıdırlar, əks təqdirdə, problemin ədalətli həlli üçün imkanlar xeyli məhdud olur. Status-kvonu formalaşdıran səbəblərə nəzər saldıqda, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqları olan Dağlıq Qarabağ və 7 ətraf rayondan qoşunlarını çıxarmaq istəməməsi və hər vəchlə danışıqlar prosesini pozmağa çalışması, eyni zamanda, beynəlxalq ictimaiyyətin yetəri qətiyyəti ortaya qoymaması və işğalçı dövlətin özünü cəzasızlıq mühitində hiss etməsi kimi amillər özünü qabarıq göstərir. Lakin təbiidir ki, status - kvo əbədi ola bilməz və münaqişə mütləq şəkildə ədalətli həllini tapmalıdır. Azərbaycan sülh danışıqlarına sadiqliyini nümayiş etdirsə də, yekun da bu danışıqlar bir nəticə verməsə Azərbaycan özünün beynəlxalq sənədlərlə təsdiq olunmuş hüquqlarından istifadə edərək öz ərazi bütövlüyünü həll etmək üçün digər yollara da müraciət edəcək. Bu zaman, hərbi paradda bir daha öz təsdiqini tapan Azərbaycan Ordusunun gücü öz sözünü deyəcək. Azərbaycan xalqı da ordumuzun istənilən vəzifəni icra eməyə hazır və qadir olduğuna əmindir. Bu isə həm də o deməkdir ki, Azərbaycan dövləti və xalqımız heç vaxt işğalla barışmayacaq  və öz ərazi bütövlüyünü mütləq bərpa edəcək.  Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək.

2016-cı ilin Aprel döyüşlərində əldə olunan misilsiz qələbə, bu ilin may ayında Naxçıvanın Şərur rayonunun Ermənistanla sərhəd bölgəsində aparılmış böyük strateji əhəmiyyət daşıyan əməliyyatın uğurla başa çatdırılması sübuta yetirdi ki, Azərbaycan Ordusu istənilən vaxt işğal altında olan torpaqlarımızı azad etmək və qarşıya qoyulmuş bütün tapşırıqları uğurla icra etmək əzmində və qüdrətindədir. Həm aprel döyüşləri, həm də Naxçıvan əməliyyatlarının ifadə etdiyi başqa bir məqam ondan ibarətdir ki, Ermənistanın öz ordusu ilə bağlı yaydığı mif də artıq darmadağın edilib. İndi erməni xalqı illərdir ki, onlara güclü orduya malik olmaları ilə bağlı uydurulan yalanların sabun köpüyündən başqa bir şey olmadığını dərk edir və bundan da ciddi şəkildə təşviş keçirirlər. Hər halda son günlərdə Ermənistan cəmiyyətində müşahidə olunan ab-hava, ümidsizlik, onların Azərbaycan Ordusunun və dövlətinin qüdrəti ilə barışdıqlarını göstərir.

- Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən birini də ölkənin enerji ehtiyatlarının uğurlu marşrutlar üzrə dünya bazarlarına çıxarılması və bu istiqamətdə geniş əməkdaşlıq platformalarının yaradılması təşkil edir. Bu mənada bir neçə gün öncə Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasimin təşkilini qeyd etmək lazımdır. Sizin bununla bağlı fikirlərinizi bilmək maraqlı olardı...

- Hazırda enerji təhlükəsizliyinin tımin olunması milli təhlükəsizliyin ən mühüm komponentlərindən birini təşkil edir. Bu baxımdan Azərbaycanın şaxələndirilmiş neft-qaz boru kəmərləri şəbəkəsinin qurulmasına nail olması strateji mahiyyət daşıyır. Məhz şaxələndirilmiş infrastruktur qurması sayəsində Azərbaycan istehsalçı ölkə kimi müstəqil enerji siyasəti həyata keçirməyə və milli maraqlarını maksimum dərəcədə qorumağa nail olur. Azərbaycanın ardıcıllıqla davam etdirdiyi neft-qaz siyasətində prinsipial mövqeyi belədir ki, enerji amili heç bir halda digər ölkələrə qarşı təzyiq vasitəsinə çevrilməməlidir. Cənub Qaz Dəhlizi layihəsinin reallaşmasına sanballı töhfələr verməklə Azərbaycan özünün bəyan etdiyi ədalətli enerji siyasətinə sadiqliyini bir daha ortaya qoyur.

Əlbəttə, iki dost və qardaş ölkə olan Azərbaycanla Türkiyənin qarşılıqlı səyləri və sıx əməkdaşlıq nəticəsində ərsəyə gələn TANAP-ın istifadəyə verilməsi tarixi hadisədir. Ümumiyyətlə, son illərdə iki qardaş ölkə regional və qlobal əhəmiyyət daşıyan bir sıra enerji, nəqliyyat və digər layihələrin əsas təşəbbüskarları və fəal iştirakçıları qismində çıxış ediblər. Azərbaycanın zəngin enerji ehtiyatları məhz qardaş Türkiyədən keçən dəhlizlər, o cümlədən də Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Supsa xətləri ilə daşınaraq dünya bazarlarına çıxarılır. Bunlar mükəmməl enerji infrastrukturudur və ötən illərdə hər iki ölkənin iqtisadiyyatına böyük fayda gətirib. Heç bir şübhə yoxdur ki, Azərbaycan və Türkiyə hələ uzun illər bundan sonra da bu kəmərlərdən iqtisadi fayda götürəcəklər. İki qardaş ölkənin təşəbbüsləri ilə reallaşdırılan və 2017-ci ildə istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi Asiya ilə Avropanı birləşdirir.

TANAP-ın strateji əhəmiyyətinə gəldikdə isə, əminliklə qeyd etmək olar ki, bu enerji layihəsi nəinki iştirakçı dövlətlərə böyük faydalar verəcək. Prezident İlham Əliyevin də vurğuladığı kimi, Cənub Qaz Dəhlizi Avrasiyada yeni əməkdaşlıq formatı təşkil edir. Cənub Qaz Dəhlizinin istismarı onilliklər ərzində ölkəmizə, xalqımıza böyük fayda gətirəcək. Burada həm iqtisadi, həm də siyasi dividendləri qeyd etmək lazımdır. Azərbaycan Avropaya qaz nəqlindən böyük gəlirlər əldə edəcək və özünün maliyyə imkanlarını daha da genişləndirəcək. Eyni zamanda, istehlakçıları şaxələndirilmiş enerji mənbəyi və marşrutu ilə təmin edən Azərbaycanın Avropa ölkələri ilə əlaqələri yeni mərhələyə yüksələcək və respublikamızın siyasi nüfuzu daha da artacaq. Bununla, Avropanın enerji təhlükəsizliyində ölkəmizin rolunun daha da artacağı şübhəsizdir. Belə ki, Azərbaycanın fəal iştirakı ilə reallaşdırılan Cənub Qaz Dəhlizi Avropanın enerji xəritəsini tamamilə dəyişəcək. Yeni dəhliz Azərbaycanın Avropa İttifaqı ilə enerji təhlükəsizliyi sahəsində faydalı əməkdaşlıq əlaqələrinin daha geniş miqyasda inkişafı üçün etibarlı zəmin yaradır.

- Yeri gəlmişkən, ötən həftə sonu Türkiyədə növbəti prezident və parlament seçkiləri keçirildi. Qardaş ölkəyə uğurla rəhbərlik edən Prezident Rəcəb Tayyib Ərdoğan və Ədalət və İnkişaf Partiyası növbəti dəfə Türkiyə xalqının yüksək etmiadını qazandı. Siz bu seçkilərin nəticələrini həm qardaş Türkiyə dövləti, həm də Azərbaycan-Türkiyə münasibətlərinin gələcək perspektivləri baxımından necə qiymətləndirirsiniz?

- Əvvələ, Türkiyə dövləti bu seçkiləri də yüksək səviyyədə təşkil edərək növbəti dəfə bütün dünyaya demokratiyaya sadiqliyini, insanların azad seçiminə hörmətini nümayiş etdirdi. Prosesin bütün iştirakçıları seçkilərin demokratik norma və prinsiplərə uyğun təşkil olunması və uğurla həyata keçirilməsi ilə bağlı ortaq qənaətlərini dilə gətirdilər, beynəlxalq təşkilatlar və bir çox dövlətlərin rəhbərləri seçkilərin tam qanuni şəkildə keçdiyini, xalqın iradəsini ifadə etdiyini bildirdilər. Eyni zamanda, seçkilərin nəticəsi ölkə vətəndaşlarının aparılan siyasətdən razı olduqlarını göstərir. Türkiyə cəmiyyətinin Rəcəb Tayyib Ərdoğana və onun lideri olduğu siyasi partiyanın iştirakı ilə yaradılan Cümhur İttifaqına etimad göstərməsi bir daha qardaş ölkə cəmiyyətinin aparılan siyasətə açıq dəstəyini ifadə edir. Çünki Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında Türkiyə daha da inkişaf edib, iqtisadi sahədə böyük uğurlar qazanıb, beynəlxalq aləmdə mövqeləri daha da möhkəmlənib. 

Bildiyiniz kimi, seçkilərdən dərhal sonra, ilkin nəticələr məlum olan kimi, Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edərək onu bu qələbə münasibətilə təbrik edib. Bu fakt bir daha münasibətlərimin nə qədər güclü əsaslara malik olduğunu göstərir. Dünyada Türkiyə ilə Azərbaycan qədər bir-birinə yaxın olan iki dövlət tapmaq mümkün deyil. İki ölkənin münasibətləri xalqımızın Ümummilli lideri Heydər Əliyevin ifadə etdiyi “bir dövlət, iki millət” fəlsəfəsinə əsaslanır. Biz Türkiyənin uğurlarını öz uğurlarımız hesab edirik. Qardaş ölkədə də eyni əhval-ruhiyyə hakimdir. Ona görə də hesab edirəm ki, bu münasibətlər bundan sonra da uğurla inkişıaf edəcək və xalqlarımızın, dövlətlərimizin maraqları naminə yeni layihələr, əməkdaşlıq platformaları ərsəyə gələcək.