YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

2019-cu ilin birinci yarısının sosial-iqtisadi göstəriciləri Azərbaycanın dayanıqlı inkişafını təsdiqləyir

   Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü Aydın Hüseynov

- Aydın müəllim, 2019-cu ilin birinci yarımilinin sosial-iqtisadi vəziyyətini necə qiymətləndirərdiniz?

-  Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu və iqtisadi islahatlar nəticəsində ölkəmizdə iqtisadi və siyasi sabitlik möhkəmlənməkdə, iqtisadi inkişaf dinamikası davam etməkdədir. Aparılan məqsədyönlü və mükəmməl siyasətin nəticəsində 2019-ci ilin ötən 6 ayı ərzində ölkəmizin sosial-iqtisadi inkişafı davam edib, iqtisadi siyasətin prioritet istiqamətləri olan makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, qeyri-neft istehsalı və ixracının həcminin artması, regionların tarazlı inkişafı, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması və digər sahələrdə əhəmiyyətli irəliləyişlərə nail olunub, əhalinin rifah halının daha da yüksəldilməsi təmin edilib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə iyulun 31-də sosial-iqtisadi sahə ilə bağlı keçirilmiş müşavirədə qeyd olunduğu kimi iqtisadiyyatımız bu ilin altı ayında 2,4 faiz, qeyri-neft sektorumuz 3,2 faiz artıdıbdır. Prezident İlham Əliyevin uzaqgörənliklə “Azərbaycan iqtisadiyatı neftdən asılı olmadan inkişaf edəcək” fikri hazırda tam özünü təsdiq etməkdədir. Azərbaycan iqtisadiyyatının çoxşaxəli olması və və neftdən kənar sahələrin artımı iqtisadi dinamikanın dayanıqlılığını təmin edib. Azərbaycanın dövlət başçısının mükəmməl iqtisadi modeli sayəsində neftin ucuzlaşmasının ölkə iqtisadiyyatına təsirləri zəif hiss olunur. Bu gün qeyri-neft sənayesində artım 15,7 faizdir. Bu, onu göstərir ki, son illərdə sənayeləşmə siyasətimiz gözəl nəticələr verir. Sənayemizin qeyri-neft sektoru rekord addımlarla irəliləyir.
Ötən 6 ayda iqtisadi sahədə ən mühüm nailiyyətlərdən biri kənd təsərrüfatında rekord göstəricinin əldə edilməsidir. Kənd təsərrüfatı bu ilin altı ayında 13 faiz artıb, bitkiçilikdə 25 faiz artım əldə olunub. Bu, onu göstərir ki, qoyulan investisiyalar, aparılan islahatlar, verilən subsidiyalar, kənd təsərrüfatına elmi yanaşma öz nəticəsini verməkdədir.
Cari ilin birinci yarısında ticarət dövriyyəmiz 20 faizdən çox artıb. Altı ayda ölkə iqtisadiyyatına 6 milyard dollardan çox sərmayə qoyulub. Bu sərmayənin böyük hissəsi qeyri-neft sektoruna qoyulan sərmayədir. İnflyasiya cəmi 2,5 faizdir. Ötən 6 ayda əhalinin gəlirləri 6,6 faiz artıb, inflyasiya 2 faiz təşkil edib. Yəni əhalinin real gəlirləri inflyasiyanı 3 dəfə üstələyib. Ölkəmizdə həyata keçirilən düşünülmüş iqtisadi siyasət maliyyə-büdcə-valyuta ehtiyatlarının davamlı şəkildə artmasını təmin etməkdədir. Valyuta ehtiyatlarımız rekord həddə – 49 milyard dollara çatıb. Bu gün əksər ölkələrin valyuta rezervləri azaldığı halda, Azərbaycanın valyuta ehtiyatları artır. Strateji ehtiyatlarının artması Azərbaycanda maliyyə sabitliyinin və iqtisadi inkişafın təmin edilməsinə mühüm rol oynayır. Valyuta ehtiyatlarının artması güclü sabitlik potensialını möhkəmləndirir. Valyuta ehtiyatlarının yüksək artım tempi güclü iqtisadi təhlükəsizlik yastığının təmin edilməsində də xüsusi əhəmiyyət kəsb edir. Cari ildə yürüdülən uğurlu siyasət Azərbaycanın xarici borcunun azalmasına da səbəb olubdur. Hazırda ölkəmizin xarici borcu ümumi daxili məhsulun 19 faizini təşkil edir. Dövlət başçısının tapşırığına əsasən xarici borcun yaxın illərdə daha da azaldılması qarşıya vəzifə kimi qoyulub. Bu məsələ ilə bağlı müvafiq proqram hazırlanıb və həyata keçirilməkdədir.

- Sosial sahədə hansı müsbət dəyişikliklərə nail olunub?

-  2019-cu ilin ötən ayları sosial baxımdan xüsuilə mühüm hadisələrlə yadda qalıb. Sosial sahədə həqiqi mənada inqilabi addımlar atılıbdır. Sosial paket adlanan islahatların gerçəkləşməsi sayəsində 2 milyondan artıq vətəndaşın sosial vəziyyətinin yaxşılaşmışdır. Cənab Prezidentin 2019-cu ilin ötən dövründə 2 dəfə imzladığı sərəncam və fərmanlar çox böyük sosial paketin gerçəkləşməsini təmin edilibdir. Belə ki, minimum əməkhaqqı, minimum pensiya əhəmiyyətli dərəcədə qaldırılıb, birinci dəfə 40 faiz, ikinci dəfə də 40 faiz artırılıbdır. Minimum əməkhaqqı təxminən 2 dəfə qaldırılıb, 130 manatdan 250 manata çatdırılıb. Pensiya isə 116 manatdan 200 manata çatdırılıb. Digər sosial qrupların sosial müdafiəsinin gücləndirilməsi, maaşların davamlı artımı, tələbələrin təqaüdlərinin artırılması, təhsil, səhiyyə və mədəniyyət işçilərinin əməkhaqlarının artırılması, şəhid ailələri və məcburi köçkünlər üçün yeni qəsəbələrin salınması, əlillərin və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılıması istiqamətində işlər davam etdirilib. Azərbaycan hökuməti əlavə gəlirlərin hamısını sosial sahəyə yönəldir. Dövlət başçısının vurğuladığı kimi sosial sahə bizim üçün prioritet sahədir və hər zaman bu sahə diqqət mərkəzində olub. Azərbaycan vətəndaşlarının rifahı, onların yaşayış səviyyəsi daim diqqət mərkəzindədir.  Ümumiyyətlə, insanların daha da yaxşı yaşaması və onların illik gəlirlərinin artmasına dövlət dəstəyinin gücləndirilməsi hökumətin diqqət yetirdiyi əsas prioritetlərdən biridir. Məsələn, birinci yarımilikdə büdcəyə vergi və gömrük orqanlarının xətti ilə əlavə olaraq 440 milyon manatdan çox vəsait daxil olub. Həmin vəsaitlər məhz bu sosial tədbirlərə yönəldilir. Dövlət başçısının qeyd etdiyi kimi respublikamızın maliyyə resurslarının və büdcə gəlirlərinin artması davam etdikcə, sosial sahəyə ayrılan vəsaitlərin həcmi də artacaq, maaş və pensiyaların, təqaüdlərin qaldırılması siyasəti davam etdiriləcək.

- Azərbaycanın qeyri-neft ixracının artması ilə bağlı vəziyyəti necə şərh edərdiniz?

- Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması, sahibkarlığa dövlət dəstəyi tədbirlərinin artırılması yürüdülən siyasətin əsas prioritetlərindəndir. Prezident İlham Əliyevin iqtisadi islahatlar paketi çərçivəsində sahibkarlığın inkişafı ilə bağlı qəbul etdiyi qərarlar iqtisadiyyatın davamlı inkişafının təmin olunması baxımından strateji xarakter daşıyır və sahibkarlığın inkişafı üçün yeni dövrün başlanmasına səbəb olub. Bu siyasətin nəticəsi olaraq ölkəmizdə biznesin rəqabətqabiliyyətli məhsul istehsalı möhkəmlənməkdədir. Bu isə qeyri-neft ixracının stimullaşdırılmasına səbəb olur. Birinci yarım ildə qeyri-neft ixracı 15 faiz yüksəlib. Bu isə artıq iqtisadiyyatın qeyri-neft sektorunun ixracda möhkəm və dayanıqlı yer tutduğunu təsdiqləyir. Yaxın illər ərzində bu rəqəmin daha da artırılması hədəf seçilib, eyni zamanda, qeyri-neft məhsullarının ixracının  artırılması basilica məqsədlərdəndir.

- Regionların inkişafı, yeni iş yerlərinin yaradılması istiqamətində hansı addımlar atılmaqdadır? 

- Regionların sosial-iqtisadi inkişafı ilə bağlı yürüdülən siyasət cari ilin ötən 6 ayı ərzində ölkə iqtisadiyyatının şaxələnməsinə, qeyri-neft sektorunun inkişafına möhkəm zəmin yaradıb. Ötən 6 ayda regionların sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilən siyasət bölgələrdə iqtisadi artımın böyüməsinə, qeyri-neft sektorunun inkişafının təmin edilməsinə, infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılmasına, bölgələrin yeni istehsal, emal və xidmət sahələrinin yaranmasına səbəb olubdur. Regionların inkişafı ilə bağlı dördüncü Dövlət Proqramının təsdiq olunmas və icrasına başlanması bölgələrdə, rayonlarda baş verən inkişaf, canlanma, iqtisadi aktivlik, sənaye müəssisələrinin yaradılması son nəticədə işsizlik probleminin həllinə səbəb olmaqdadır. Regionlarda kiçik və orta sahibkarlığın genişləndirilməsində əhəmiyyətli olan sənaye məhəllələrinin yaradılması davam etdirilir. Artıq Neftçala və Masallı sənaye məhəllələri fəaliyyət göstərir, Hacıqabul və Sabirabad sənaye məhəllələri isə yaxın vaxtlarda sahibkarların istifadəsinə veriləcək. Regionların inkişafı ilə bağlı strategiyanın davam etdirilməsi bölgələrdə işsizliyin səviyyəsinin azalmasına mühüm təsir göstərib. Yeni müəssisələrdə yaradılmış iş yerlərinin sayının artması işsizlik səviyyəsinin 1 faizə yaxın aşağı düşməsinə səbəb olub. Hazırda ölkəmizdə işsizlik səviyyəsi 5 faiz təşkil edir ki, bu da dünya göstəricisindən xeyli aşağıdır.

- Dövlət başçısı müşavirədə islahatların davam etdirilməsinə və gələcək inkişaf hədəflərinə də toxundu...

- Prezident İlham Əliyevin müşavirədə iqtisadiyyatın yeni inkişaf hədəfləri ilə bağlı fikirləri konkret istiqamətlərin müəyyənləşdirilməsi baxımından çox mühüm əhəmiyyət kəsb edir. Cənab Prezidentin proqram xarakterli çıxışı Azərbaycanın indiki iqtisadi inkişaf mənzərəsini və qarşıda duran yeni iqtisadi-siyasi, sosial tədbirlərin ssenarilərini, atılacaq addımların hədəflərini özündə əks etdirir. Makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, rəqabət və əlverişli biznes mühitinin, şəffaflığın təmin edilməsi, dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı islahatların davam etdirilməsi, investisiya proqramının tam şəkildə icra edilməsi baslıca istiqamətlər kimi müəyyənləşdirildi. Bundan başqa, turizm, kənd təsərrüfatı və sənayenin inkişaf etdirilməsi, sahibkarlığa dövlət dəstəyi və sahibkara güzəştli şərtlərlə kreditlərin verilməsi, infrastruktur və sosial layihələrin davam etdirilməsi iqtisadi prioritetlər kimi müəyyən olunub. Xarici investisiyaların cəlb edilməsi, nağdsız ödənişlərin həcminin artırılması, şəhər infrastrukturunun daha da yaxşılaşdırılması, süni qiymət artımlarının qarşısının alınması, inhisarçılığa qarşı mübarizə və digər tədbirlərlə bağlı konkret tapşırıqlar verildi. Ümumiyyətlə, 2019-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafı qarşıdakı aylarda daha da artaraq Azərbaycanın dayanıqlı inkişafını təmin edəcəkdir.