YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Horadizdə teatrlaşdırılmış kütləvi hərbi vətənpərvərlik bayramı keçirilib

Müdafiə Nazirliyi və Füzuli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Horadiz şəhər stadionunda “Sənə inanırıq, ölkə rəhbəri, sənə güvənirik, Vətən əsgəri!” devizi altında teatrlaşdırılmış kütləvi hərbi vətənpərvərlik bayramı keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən  bildiriblər ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə Horadiz əməliyyatı 1994-cü il yanvarın 6-da uğurla başa çatıb və bu əməliyyat nəticəsində qısa vaxt ərzində Füzuli rayonunun 22 yaşayış məntəqəsi Ulu Öndərimizin qətiyyəti, böyük sərkərdəlik məharəti, döyüş bölgəsinə gedərək orduda və yerli əhalidə ruh yüksəkliyi, böyük inam yaratması ilə azad edilib, düşmənin Beyləqana irimiqyaslı hücumunun qarşısı alınıb, Cəbrayılın Cocuq-Mərcanlı kəndi işğaldan azad edilib, ümumilikdə 21 min hektar ərazi yağı tapdağından xilas olunub. Düşmən həm döyüş texnikası, həm silah-sursat, həm də canlı qüvvə sarıdan xeyli itki verərək geri oturdulub.

Tamamilə dağıdılmış və viran qalmış Horadizin xarabalıqları üzərində yaşıllıqlara qərq olmuş gözəl yaşayış məntəqəsi yaradılıb və Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən Horadizə şəhər statusu verilib. Ali Baş Komandan son illərdə bu bölgəyə bir neçə dəfə səfər edib və şəhərin daha da inkişafı məqsədilə sərəncamlar verib.

Horadizlilər daim atəş altında olmasına baxmayaraq, bu şəhərdə yaşamaqdan, Azərbaycan əsgəri isə cəbhəboyu bölgənin keşiyində durmaqdan böyük qürur duyurlar.

Prezident İlham Əliyev bölgəyə səfərlərindən birində deyib: “Biz Horadiz şəhərinin timsalında dirçələn Azərbaycanı, qüdrətli Azərbaycan Ordusunu, ulu öndər Heydər Əliyevin siyasətini görürük”.

Məhz polkovnik Abdulla Qurbaninin ssenarisi və rejissorluğu ilə uğurla keçən kütləvi hərbi vətənpərvərlik bayramında da minlərlə tamaşaçı bir-birindən maraqlı səhnələr, vizual görüntülər, min nəfərlik əsgər xorunun, birləşmiş bədii özfəaliyyət kollektivlərinin, Füzuli Dövlət Dram Teatrı aktyorlarının, Silahlı Qüvvələrin mahnı və rəqs ansamblının, mədəniyyət və incəsənət ustalarının, musiqi kollektivlərinin, hərbi orkestrin və Gəncə Qarnizonu Zabitlər Evinin xüsusi təşviqat qrupunun iştirakı ilə təqdim edilən ədəbi-bədii, musiqili-xoreoqrafik kompozisiyalarda Azərbaycanın son illərdəki dinamik sürətli inkişafını, dirçəlişini, Azərbaycan Ordusunun qüdrətini, ulu öndər Heydər Əliyev siyasətinin uğurlu davamını izləyə biliblər.

Əvvəlcə Müdafiə Nazirliyinin rəsmiləri, Füzuli Rayon İcra Hakimiyyətinin rəhbərliyi, veteranlar və respublikanın paytaxtından gəlmiş qonaqlar ümummilli lider Heydər Əliyevin Horadiz şəhərinin mərkəzindəki abidəsini ziyarət edib və qarşısına gül-çiçək dəstələri düzüblər.

Kütləvi tədbir əməkdar mədəniyyət işçisi, polkovnik-leytenant Rafiq Hacıyevin dirijorluğu ilə hərbi orkestrin ifasında general Yusif Axundzadənin “Azərbaycan fanforası”nın səslənməsi ilə başlanıb. Tədbir iştirakçıları Azərbaycanın dövlət himnini ifa edib.

Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Füzuli rayonunun son illərdə Prezident İlham Əliyevin rəhbərliyi altında inkişafından, iqtisadi, mədəni dirçəlişindən, əhalinin sosial rifahının yüksəlməsindən, ölkə rəhbərliyinin ərazisi işğal olunmuş digər rayonların əhalisi ilə yanaşı, bu rayonun da sakinlərinə daimi diqqət və qayğı göstərməsindən minnətdarlıq hissi ilə danışıb.

Milli Məclisin sədr müavini Bahar Muradova belə bir kütləvi vətənpərvərlik tədbirinin Horadiz şəhərində keçirilməsinin heç də təsadüfi olmadığını qeyd edərək deyib ki, həqiqətən də Prezident İlham Əliyevin dediyi kimi, biz Horadiz şəhərinin timsalında dirçələn ölkəmizi, qüdrətli Azərbaycan Ordusunu, ulu öndər Heydər Əliyevin siyasətini görürük.

Sonra müdafiə naziri general-polkovnik Zakir Həsənovun təbriki tədbir iştirakçılarına çatdırılıb. Müdafiə nazirinin bir neçə gün öncə hərbçilər üçün tikilmiş yeni yaşayış binasının açılış mərasimində dediyi sözlər xatırlanaraq bildirilib ki, biz düşməni məhv edərək onu mütləq torpaqlarımızdan qovacaq və yaxın müddətdə ərazilərimizi işğaldan azad edəcəyik.