YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmət Babaoğlu: Multikulturalizm Azərbaycan cəmiyyətinin sosial-mədəni münasibətlər sisteminin daxili təbii tələbatının əsas komponentlərindən birini təşkil edir

«Multikulturalizm Azərbaycan cəmiyyətinin sosial-mədəni münasibətlər sisteminin daxili təbii tələbatının əsas komponentlərindən birini təşkil edir. Ümumi ifadə ilə desək, bu, bir növ həyat tərzidir. Multikulturalizm Azərbaycanda çox qədim tarixə malikdir. Multikulturalizmi və tolerantlığı bu gün aktual edən məhz qlobal məkanda baş verən ziddiyyətli hadisələrdir. Mahiyyət etibarilə multikulturalizm fərqliliklərin bir arada mövcud olması, cəmiyyətdə birgəyaşayışı diktə etməsi və zənginliklərin vəhdəti deməkdir. Bu, həm milli etnik fərqliliklərin birlikdə mövcudluğunun cəmiyyətin siyasi və sosial iradəsi tərəfindən təqdir olunması deməkdir, həm də dini və mədəni fərqliliklərin cəmiyyət tərəfindən qəbul edilməsi və onun birgəyaşayışın keyfiyyətini müəyyənləşdirən vasitə kimi görülməsidir. Azərbaycanda bu, mövcuddur». Bu fikirləri Milli Məclisin deputatı, «Yeni Azərbaycan» qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.

H.Babaoğlunun sözlərinə görə, təəssüf ki, XXI əsrin siyasi proseslərinin əsas paradiqmalarından biri məhz sivilizasiyaların qarşıdurması fəlsəfəsi kimi müəyyənləşdirilibdir. O, bildirib ki, bunu dünya siyasətini diktə edən dominant güclər daha da aktuallaşdıraraq, müasir dünyamızı fərqli mədəniyyətlərin, dinlərin, düşüncələrin qarşıdurma poliqonuna çeviriblər. Belə bir vəziyyətdə Azərbaycandakı multikulturalizm, tolerantlıq nümunə kimi görünür.

«Dövlət başçısı 2016-cı ili "Multikulturalizm ili" elan etməklə təkcə daxili auditoriyanın tələbini, Azərbaycanın mövcud mədəni-siyasi gerçəkliyini diqqətə çatdırmayıb, eyni zamanda bu sərəncamla dünyaya bir çağırış edib. Azərbaycanı bir nümunə kimi göstərib ki, əgər fərqliliklərimiz bizim ümumi dəyərimiz ola bilirsə, fərqliliklərimiz bizi birləşdirən vasitə ola bilirsə, nə üçün dünyada bu fərqliliklər insanları bir-birinə qarşı düşmən edir? Məsələnin sosial-fəlsəfi mahiyyəti bundan ibarətdir. Ona görə də multikulturalizm Azərbaycan üçün nə qədər vacibdirsə, bir o qədər də sivil dünya üçün əhəmiyyətli nümunədir. Çünki bu gün dünyada nəinki milli-etnik fərqliliklərinə görə, hətta məzhəb fərqliliklərinə görə insanlar bir-birinin qatilinə çevrilirlər. Fikrimcə, belə bir fonda dövlət başçısının çağırışı, imzaladığı sərəncam Azərbaycanda mövcud birgəyaşayış qaydalarının yeni keyfiyyətini müəyyənləşdirən dəyərlərin qorunmasına xidmət edən sənəddir. Həmçinin dünyadakı qarşıdurmalara, fərqlilikləri düşmənçilik üçün vasitə edən siyasilərə etirazdır»- deyə, H.Babaoğlu vurğulayıb.   

DİGƏR Xəbərlər Arxiv