YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şahin Mustafayev: Azərbaycan analoji problemlərlə üzləşən ölkələr arasında böhran vəziyyətindən ən az itkilərlə çıxan ölkədir

«2015-ci ildə Azərbaycanın sosial-iqtisadi inkişafı olduqca mürəkkəb xarici iqtisadi mühit, o cümlədən dünya enerji bazarında qeyri-sabitlik, əsas ticarət tərəfdaşlarımızın milli valyutalarının devalvasiyası, bunun nəticəsi kimi ölkənin gəlirlərinin azalması, manata təzyiqlərin artması ilə müşayiət olunub». Bu fikirləri “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət proqramı”nın icrasının ikinci ilinin yekunlarına  həsr olunmuş konfransda çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Ş.Mustafayev bildirib ki, neftin qiymətinin yüksək olduğu dövrlərdə iqtisadi sahədə aparılan siyasətin başlıca istiqaməti neft amilindən asılılığın azaldılmasından və qeyri-neft sektorunun inkişafından ibarət olub. Onun sözlərinə görə, zamanında qəbul edilən qərarlar sayəsində Azərbaycan analoji problemlərlə üzləşən ölkələr arasında böhran vəziyyətindən ən az itkilərlə çıxan ölkədir.

«Azərbaycanın davamlı inkişafının və iqtisadi dayanıqlığının təmin olunmasında sözsüz ki, ölkədə yaradılmış siyasi sabitliklə yanaşı, iqtisadiyyatın şaxələndirilməsi siyasətinin, bu siyasətin prioritet istiqamətlərindən olan regionların sosial-iqtisadi inkişafı proqramlarının müstəsna əhəmiyyəti vardır. 2004-cü ildən uğurla icra olunan bu proqramlar bölgələrdə iqtisadi potensialın artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin, biznes və investisiya mühitinin yaxşılaşmasına və əhalinin rifahının yüksəlməsinə səbəb olmuşdur. Ötən il özəl sektora maliyyə dəstəyinin daha da gücləndirilməsi məqsədilə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən hesabat ilində 5243 sahibkara 248,5 milyon manat güzəştli kredit verilib və bu kreditlər hesabına 12600-dək yeni iş yerinin açılması üçün şərait yaradılıb. Keditlərin 40%-i büdcə, 60%-i isə qaytarılmış vəsaitlər hesabına verilmişdir. Verilmiş kreditlərin 64%-i regionların payına düşür. Regionlarda sahibkarların uzun illərdir banklarda üzləşdikləri girov problemininin  həlli üçün kiçik həcmli güzəştli kreditlərin girovsuz verilməsi məqsədilə 32 bank olmayan kredit təşkilatı əməkdaşlığa cəlb edilmiş və onlar vasitəsilə 7 minədək fermerə 53 milyon manat kredit verilmişdir»- deyə, nazir vurğulayıb.