YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda Azərbaycan-İran işgüzar görüşü keçirilib

Fevralın 25-də Bakıda İran İslam Respublikasının (İİR) Şərqi Azərbaycan vilayətinin iş adamlarından ibarət nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-İran işgüzar görüşü keçirilib.

50-dən çox Azərbaycan və İran iş adamının iştirak etdiyi görüşdə iqtisadiyyat nazirinin müavini Sahil Babayev iki ölkə arasında siyasi-iqtisadi əlaqələrin inkişaf etdiyini bildirib, dövlət başçılarının qarşılıqlı rəsmi səfərlərinin əməkdaşlığın genişlənməsində mühüm əhəmiyyətini vurğulayıb. Bildirib ki, Prezident İlham Əliyevin bu günlərdə İİR-ə rəsmi səfəri çərçivəsində aparılmış müzakirələr və imzalanmış sənədlər Azərbaycan və İran arasında əməkdaşlığın inkişafında mühüm əhəmiyyət kəsb edir.

Nazir müavini qeyd edib ki, ölkəmizdə əlverişli biznes mühiti yaradılıb. Azərbaycan Hökuməti İİR ilə əlaqələrin genişləndirilməsində olduqca maraqlıdır. Eyni zamanda, Azərbaycanın MDB ölkələri ilə də sərbəst ticarət sazişləri mövcuddur. Yəni, ölkəmizdə istehsal olunan məhsul yalnız 10 milyonluq Azərbaycan bazarı üçün deyil, 200 milyonluq MDB bazarı üçün də sərbəst ticarət rejimindən yararlanaraq ixrac oluna bilər. Azərbaycan və İranın ölkə başçılarının son görüşü zamanı imzalanan vacib sənədlərdən biri də “Şimal-Cənub” nəqlıyyat dəhlizi idi. Bu dəhliz çərçivəsində Azərbaycan və İran arasında malların, yükdaşımaların, həmçinin gələcəkdə sərnişin daşımalarının asanlaşdırılması üçün müvafiq qərarlar qəbul edilib. Bu da bizim iqtisadi əlaqələrimizə böyük təkan verə bilər.

S.Babayev, həmçinin bildirib ki, İranın Azərbaycana yatırdığı investisiya 1,2 milyard ABŞ dolları ətrafındadır. Bunun 150 milyon dolları qeyri-neft sektoruna yatırılıb. Ümumi potensialı nəzərə aldıqda daha geniş nəticələr əldə edə bilərik. Hazırda Azərbaycanda İranın 430-dan artıq şirkəti fəaliyyət göstərir. Müqayisə üçün deyə bilərəm ki, digər qonşu ölkələrlə bu rəqəm 1000-2000-dən artıqdır. Azərbaycanın çox böyük potensialı var və ölkələrimiz arasındakı əlaqələr bütün aspektlərdə ən yaxın strateji əməkdaşlıq səviyyəsində ola bilər.

İki ölkə arasında müxtəlif sahələr üzrə işçi qrupları fəaliyyət göstərir, birgə biznes-forum, işgüzar görüş və sərgilər təşkil olunur. İran Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. Bununla belə, iki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin genişləndirilməsi üçün geniş imkanlar var. S.Babayev Şərqi Azərbaycan vilayətinin iş adamlarının ölkəmizə səfəri çərçivəsində təşkil edilmiş işgüzar görüş də əməkdaşlığın inkişafına, ticarət əlaqələrinin genişlənməsinə töhfə verəcəyini bildirib. O, iranlı sahibkarları azərbaycanlı həmkarları ilə fəal əməkdaşlığa dəvət edib.

Tədbirdə mədən, qida, kimya, yüngül sənaye, tikinti və mebel istehsalı sahələrində fəaliyyət göstərən iş adamlarına Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti, sahibkarlara göstərilən dövlət dəstəyi mexanizmləri, xarici investorlar üçün yaradılmış əlverişli şərait barədə geniş məlumat verilib.

İranın Azərbaycandakı səfiri Möhsün Pakayin ölkələrimiz arasında əməkdaşlığın digər sahələrdə olduğu kimi iqtisadi sahədə də uğurla davam etdiyini vurğulayıb. İki ölkə arasında əlaqələrin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu diqqətə çatdıran diplomat yüksək səviyyəli qarşılıqlı səfərlərinin, keçirilmiş görüşlərin Azərbaycan-İran əlaqələrinin inkişafına təkan verəcəyini qeyd edib.

Görüş çərçivəsində sənayenin müxtəlif istiqamətləri üzrə, o cümlədən kənd təsərrüfatı sahəsində real layihələr müzakirə olunub.