YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Braziliya parlamentlərarası əlaqələrinin inkişafı məsələləri müzakirə edilib

Martın 4-də Milli Məclisdə Braziliya Milli Konqresi Federal Senatının elm, texnologiya, innovasiya, kommunikasiya və informatika komitəsinin sədri, Braziliya–Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Kristovam Buarke ilə görüş keçirilib.

Milli Məclisin sədri Oqtay Əsədov ilə keçirilən görüşdə parlamentlərarası əlaqələrin inkişaf etdirilməsi və qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Milli Məclisin sədri Azərbaycanın hər zaman Latın Amerikası ölkələri, o cümlədən Braziliya ilə əlaqələrin inkişafında maraqlı olduğunu söyləyib. Qeyd edib ki, yüksək səviyyəli qarşılıqlı səfərlər münasibətlərin inkişafına xidmət edir. Oqtay Əsədov ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi üçün mövcud potensialdan səmərəli istifadə edilməsinin zəruriliyini bildirib. O diqqətə çatdırıb ki, Azərbaycan bu gün regionun ən güclü iqtisadiyyata malik ölkəsidir. Ölkəmizin bir sıra iri regional layihələr həyata keçirdiyini deyən parlamentin sədri “Cənub” qaz dəhlizi barədə qonağa ətraflı məlumat verib. Oqtay Əsədov, həmçinin bu gün Azərbaycanda qeyri-neft sektorunun sürətlə inkişaf etdiyini, ölkəmizdə bu istiqamətdə iqtisadi islahatların aparıldığını vurğulayıb. Əlavə edib ki, iki ölkə arasında kənd təsərrüfatı, turizm və digər sahələrdə əlaqələrin qurulması da çox önəmlidir.

Milli Məclisin sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumat verərək bildirib ki, artıq dünyanın bir sıra ölkələri, o cümlədən bəzi Latın Amerikası dövlətləri Xocalı soyqırımını tanıyan və pisləyən qətnamələr qəbul ediblər.

Bakıda ikinci dəfə səfərdə olmaqdan məmnunluğunu bildirən Kristovam Buarke paytaxtımızın çox gözəlləşdiyini deyib. Azərbaycanın son 20 ildə əldə etdiyi uğurlardan danışan qonaq bütün bu nailiyyətlərin və göstərilən səylərin Braziliyada yüksək qiymətləndirildiyini vurğulayıb.