YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rüfət Aslanlı: Palatanın kredit təşkilatları, sığorta sektoru, qiymətli kağızlar bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət funksiyalarını həyata keçirəcəyi nəzərdə tutulur

«Maliyyə Bazarlarına Nəzarət Palatası ikisəviyyəli idarəetmə strukturuna malik olacaq. Ali idarəetmə orqanı ölkə başçısı tərəfindən formalaşdırılacaq və Direktorlar Şurası adlanacaq. Cari əməliyyat idarəetməsini isə İdarə Heyəti həyata keçirəcək. Direktorlar Şurası Palatanın fəaliyyətin bütün strateji aspektlərini müəyyən edəcək, onun təşkilatı struktur, daxili prosedur və qaydalarını müəyyən edəcək, normativ aktların qəbulu ilə məşğul olacaq. Direktorlar Şurası, həmçinin maliyyələşmə və büdcə prinsiplərini müəyyən edəcək. İdarə Heyəti isə gündəlik fəaliyyəti təşkil edəcək». Bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması üzrə İşçi Qrupunun rəhbəri, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı deyib.

R.Aslanlı bildirib ki, Palatanın yaradılmasında əsas məqsəd pul siyasəti funksiyası ilə maliyyə bazarlarının tənzimlənməsi funksiyası arasında ziddiyyətləri bir-birindən ayırmaqdır. Onun sözlərinə görə, bütövlükdə Palatanın kredit təşkilatları, sığorta sektoru, qiymətli kağızlar bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət funksiyalarını həyata keçirəcəyi nəzərdə tutulur.

«Palata həmçinin çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı fəaliyyət sahəsində dövlət siyasətini, onun tətbiqini təmin edəcək. Kredit təşkilatları dedikdə banklar, bank olmayan kredit təşkilatları, kredit ittifaqları, milli poçt operatorunun maliyyə xidmətləri, sığorta sektoru dedikdə isə sığorta və təkrarsığorta şirkətləri, sığorta brokerləri və agentləri nəzərdə tutulur. Kapital bazarı ilə bağlı bir müddət bundan öncə parlamentdə yeni qanun qəbul olundu. Kapital bazarları institutları dedikdə investisiya şirkətləri, fond birjaları, klirinq depozitar institutları nəzərdə tutulur. Palata həmçinin sistem əhəmiyyəti olmayan ödəniş sistemlərinin fəaliyyətinin tənzimlənməsi ilə məşğul olacaq. Sistem əhəmiyyəti olmayan ödəniş sistemləri dedikdə klirinq hesablaşma ödəniş sistemləri (elektron ödəniş kartları) Palatanın tənzimləmə sferasına daxil olacaq»- deyə, R.Aslanlı vurğulayıb.