YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ABŞ-ın Alyaska ştatından Azərbaycana güclü dəstək

ABŞ-ın ən böyük ştatı Alyaskanın Konqresi Azərbaycana güclü dəstək ifadə olunan rəsmi bəyannamə qəbul edib.

Azərbaycanın Los-Ancelesdəki baş konsulluğuna göndərilən bəyannamə Alyaska Konqresinin həm Senatı, həm də Nümayəndələr Palatası tərəfindən yekdilliklə qəbul olunub.

Konqresin əksər üzvlərinin həmmüəlliflik etdiyi birgə bəyannamə Senatın sədri Kevin Mayer və Nümayəndələr Palatasının spikeri Mayk Şeno tərəfindən imzalanıb.

Sənəddə qeyd olunur ki, Azərbaycan dünyanın ən sürətlə inkişaf edən və müasirləşən ölkələrindən biridir, regionun ən güclü iqtisadiyyatına malikdir və ABŞ-ın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır.

Bəyannamədə bildirilir ki, ötən 25 il ərzində Azərbaycan ilə ABŞ enerji təhlükəsizliyi sahəsində, eləcə də beynəlxalq terrorçuluğa, narkotik maddələrin qeyri-qanuni dövriyyəsinə, insan alverinə və kütləvi qırğın silahlarının yayılmasına qarşı mübarizə sahələrində tərəfdaşlıq əlaqələrini inkişaf etdiriblər. Həmçinin Azərbaycanın ABŞ, Avropa və İsrailin enerji təhlükəsizliyinə mühüm töhfə verdiyi qeyd olunur, bu səpkidə “Cənub” qaz dəhlizi layihəsinin önəmi vurğulanır.

Sənəddə qeyd edilir ki, Azərbaycan 2001-ci il sentyabrın 11-də baş vermiş terror hücumlarından sonra ABŞ və koalisiya qoşunlarının Əfqanıstanda apardığı əməliyyatlara dərhal və qeyd-şərtsiz dəstək verən ilk ölkələrdən biri olub. Bu münasibəti olduqca yüksək qiymətləndirən Alyaskanın ştat qanunvericiləri 11 sentyabr terror aktları zamanı həlak olmuş 2753 amerikalının ailələri adından Azərbaycan Respublikasına təşəkkür edirlər.

Həmçinin sənəddə əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycanda müxtəlif dinlərin sülh və əmin-amanlıq şəraitində birgə yaşadığı vurğulanır.

Qeyd edək ki, bu, Alyaska ştatının ali qanunverici orqanı tərəfindən Azərbaycanla bağlı qəbul edilmiş ilk rəsmi sənəddir.