YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mixeil Canelidze: Azərbaycan ilə Gürcüstan arasında nümunəvi əlaqələr mövcuddur

Azərbaycan ilə Gürcüstan arasında nümunəvi əlaqələr mövcuddur.

Bu fikri Gürcüstanın xarici işlər naziri Mixeil Canelidze martın 7-də azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdən sonra keçirilən birgə mətbuat konfransında səsləndirib.

M.Canelidze iki ölkə arasında bütün sahələr üzrə əlaqələrin genişləndiyini deyib. O, görüşdə müxtəlif sahələr üzrə əməkdaşlığa dair müzakirələr aparıldığını qeyd edib.

Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin yaxın günlərdə Azərbaycana səfərinin planlaşdırıldığını söyləyən nazir yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edib. O bildirib ki, ötən il Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana səfəri iki ölkə arasındakı münasibətlərin daha da inkişafına təkan verib.

Gürcüstanlı nazir əməkdaşlığın ən vacib istiqamətlərindən birinin enerji sahəsi olduğunu söyləyib. O, eyni zamanda, Tbilisidə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) ilə Gürcüstan hökuməti arasında Azərbaycandan Gürcüstana təbii qazın nəqli ilə bağlı imzalanan sənədlərin önəmindən danışıb.

M.Canelidze vurğulayıb ki, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi ölkələrimiz üçün əlavə imkanlar yaradacaq. Bu əməkdaşlığın nəticəsi olaraq Asiya ilə Avropa arasında yeni yol açılacaq. Bu isə ölkələrimizlə yanaşı, bütövlükdə region üçün faydalı olacaq.

Gürcüstan xarici siyasət idarəsinin rəhbəri ölkələrimizin gömrük qurumları arasında əməkdaşlığın daha da dərinləşdirilməsinin vacibliyini qeyd edib. Bildirib ki, hökumətlərarası iqtisadi komissiyanın görüşünə hazırlıq işləri də başa çatmaqdadır. İclasda müzakirəyə çıxarılacaq mövzular ətrafında danışıqlar gedir. Bununla yanaşı, tərəflər arasında bir sıra sənədlərin imzalanması da nəzərdə tutulur.

Azərbaycan ilə Gürcüstanın beynəlxalq və regional təşkilatlarda əməkdaşlığı uğurla davam etdirdiyini deyən gürcüstanlı nazir ölkələrimizin bir-birinin ərazi bütövlüyünə hörmətlə yanaşdığını vurğulayıb.

Elmar Məmmədyarov ölkələrimiz arasında strateji tərəfdaşlığın inkişaf etdiyini söyləyib. Nazir bildirib ki, görüşdə, həmçinin nəqliyyat məsələlərinə dair fikir mübadiləsi aparılıb. Bakı-Tbilisi-Qars dəmir yolunun önəmindən danışan nazir layihənin Azərbaycanın və Gürcüstanın milli maraqlarına uyğun olduğunu deyib. Qeyd edib ki, layihə iki ölkə iqtisadiyyatının inkişafına və əməkdaşlığın daha da möhkəmlənməsinə imkan yaradacaq.

Elmar Məmmədyarov bildirib ki, görüşdə turizm sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məsələsinə də toxunulub. Bundan başqa, Azərbaycanla Gürcüstan arasında iqtisadi əlaqələri daha da dərinləşdirmək üçün hüquqi baza da diqqət mərkəzində olub. Hökumətlərarası birgə komissiyanın iclasında bu məsələlər ətraflı müzakirə ediləcək.