YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan nümayəndə heyəti Təhlükəsizlik məsələləri üzrə yüksək nümayəndələrin V Beynəlxalq görüşündə iştirak etmişdir

İyunun 19-20-də Rusiya Federasiyasının Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində Təhlükəsizlik məsələləri üzrə yüksək nümayəndələrin V Beynəlxalq görüşü keçirilmişdir.

61 ölkənin nümayəndələrinin iştirak etdiyi görüşün açılışında Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanov, həmçinin Rusiya Federasiyası Prezidentinin Povoljye federal dairəsi üzrə səlahiyyətli nümayəndəsi Mixail Babiç çıxış etmişlər. Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və BMT baş katibinin müavini Yuriy Fedotov Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin və Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Gi Munun tədbir iştirakçılarına müraciətlərini oxumuşlar.

Görüşdə əsas müzakirə mövzuları narkotiklərin doğurduğu qlobal təhlükə ilə mübarizə və transmilli cinayətkar qruplar tərəfindən qeyri-qanuni miqrasiyadan istifadənin qarşısının alınması sahəsində beynəlxalq əməkdaşlıq olmuşdur.

Azərbaycan Respublikasının nümayəndə heyətinə Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev başçılıq etmişdir.

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev tədbirdə məruzə ilə çıxış etmişdir. Çıxışda qlobal səviyyədə narkotiklərin qanunsuz dövriyyəsi sahəsindəki yeni təhlükəli meyillər qeyd olunmuşdur. Xüsusilə vurğulanmışdır ki, hərbi münaqişə zonalarında və “boz zonalar” adlanan – milli və beynəlxalq nəzarətin həyata keçirilmədiyi ərazilərdə narkotik istehsalının genişləndirilməsi narkobiznesin və beynəlxalq terrorçuluğun çiçəklənməsi üçün əlavə əlverişli şərait yaradır. Qeyd olunmuşdur ki, belə “boz zonalar”dan biri Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Dağlıq Qarabağ ərazisində və ona bitişik yeddi rayonda yaranmışdır. Bunun nəticəsində Azərbaycan ilə İran arasındakı dövlət sərhədinin Ermənistan tərəfindən nəzarət edilən 132 kilometrlik sahəsi vasitəsilə Avropaya, o cümlədən Qara dəniz hövzəsi ölkələrinə güclü narkotik axını həyata keçirilir.

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə məqsədilə Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi altında görülmüş hərtərəfli tədbirlər və bu sahədə əldə olunmuş uğurlar tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün geniş Dövlət Proqramı” barədə ətraflı məlumat verilmişdir.

Səfər çərçivəsində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanov, Baş nazir İldar Xalikov, Tatarıstan Respublikası Prezidenti Aparatının rəhbəri Asqat Səfərov, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və katibin müavini Rəşid Nurqaliyevlə ikitərəfli görüşlər keçirmişdir.

Tatarıstan Prezidenti Rüstəm Minnixanov ilə görüşdə Azərbaycan Respublikası ilə Tatarıstan Respublikası arasında sıx dostluq münasibətlərinin olduğu vurğulanmışdır. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Azərbaycan Prezidentinin ölkəmizə səfərlə bağlı dəvətini Prezident Minnixanova təqdim etmişdir.

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə görüşdə ikitərəfli əməkdaşlığın inkişafı məsələləri müzakirə edilmişdir. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri tədbirin qlobal narkotik təhlükə və qeyri-qanuni miqrasiya ilə mübarizənin gücləndirilməsində rolunu yüksək qiymətləndirmişdir.

 

DİGƏR Xəbərlər Arxiv