YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Gündəm

Prezident İlham Əliyev: Türkiyə və Azərbaycan dünya miqyasında bir-birinə ən yaxın olan ölkələrdir

“Bu dəhşətli terror aktını qətiyyətlə pisləyirik, qınayırıq və bir daha deyirik ki, biz bu gün türk xalqının yanındayıq. Bizim birliyimiz əbədidir, sarsılmazdır. Yaxşı günlərdə də, ağır günlərdə də biz daim bir-birimizin yanındayıq. Biz Azərbaycanda tam əminik ki, Türkiyə xalqına və dövlətinə qarşı törədilmiş terror aktlarının heç bir nəticəsi olmayacaq. Bu, Türkiyə dövlətini sarsıda, türk xalqının iradəsinə təsir edə və Türkiyəni haqq yolundan döndərə bilməz.” Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 15-də Ankarada sənədlərin imzalanması mərasimindən sonra Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata birgə bəyanatında səsləndirmişdir.

Prezident İlham Əliyev bildirmişdir ki, iyirmi beş ildir ki, Türkiyə və Azərbaycan birlik, həmrəylik göstərir. İyirmi beş il bundan əvvəl Azərbaycan dövlət müstəqilliyini bərpa etdi və bizi ilk tanıyan dövlət Türkiyə olmuşdur. Biz bunu heç vaxt unutmayacağıq. Bu, əslində, başqa ölkələrə də bir tövsiyə idi və ondan sonra Azərbaycanı müstəqil dövlət kimi tanıma prosesi sürətlə getməyə başlamışdır. Bu illər ərzində biz bütün sahələrdə uğurlu əməkdaşlıq edirik. Bu gün Türkiyə və Azərbaycan dünya miqyasında bir-birinə ən yaxın olan ölkələrdir. Bizim əlaqələrimizin təməlində xalqlarımızın birliyi, qardaşlığıdır. Bu, əsas məsələdir və biz dostluğumuzun, qardaşlığımızın möhtəşəm binasını bu təməl üzərində inşa edirik.

“Nə qədər Türkiyə güclü olarsa, bir o qədər biz güclü olacağıq. Bizim gücümüz birliyimizdədir və bütün beynəlxalq məsələlərdə biz bir yerdəyik, bir-birimizin yanındayıq. Türkiyə hər zaman Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüquq normalarına uyğun həllinin tərəfdarı olmuşdur və bu dəstək bu gün də göstərilir. Azərbaycanın ərazi bütövlüyü pozulub, bərpa edilməlidir, beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş qərar və qətnamələr icra edilməlidir. Biz bu məsələ ilə bağlı ikili standartlarla üzləşmişik və Türkiyə kimi böyük dövlətin göstərdiyi dəstək bizim üçün çox önəmlidir.”-deyə, Prezident İlham Əliyev qeyd etmişdir.