YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elmar Məmmədyarov: Azərbaycan İslam həmrəyliyini gücləndirən, islami dəyərləri təşviq edən ölkə kimi tanınır

Təəssüf ki, keçən görüşümüzdən bəri İslam dünyasında ümumi vəziyyətin əhəmiyyətli dərəcədə inkişaf etdiyini bəyan edə bilmərik. Əksinə, İslam dünyasının qarşılaşdığı təhdidlərin əhatə dairəsi artıb. Azərbaycan təkcə viran olmuş şəhərlərə və mülki şəxslərin qətlə yetirilməsinə görə deyil, eyni zamanda, uzunmüddətli humanitar və qaçqın böhranlarının da daxil olduğu müharibələrin nəticələrinə və bir sıra ölkələrdə baş verən hərbi münaqişələrə görə dərin narahatlığını ifadə edir.

Bu fikirləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının İƏT-in 13-cü Zirvə toplantısına hazırlıq iclasında çıxışında bildirib.

Nazir deyib ki, Azərbaycan Fələstin məsələsinə dair İƏT-in baş katibi tərəfindən həyata keçirilən fəaliyyəti yüksək qiymətləndirir və qardaş Fələstin xalqına sülhün, sabitliyin əldə edilməsi və paytaxtı Şərqi Qüds olan müstəqil dövlətin yaradılması mübarizəsində özünün hərtərəfli dəstəyini bir daha vurğulayır.

“Biz İƏT-in islamofobiyaya qarşı apardığı mübarizəni təqdir edirik. Zorakı ekstremizm və terrorizmin vurduğu zərbələr bu cür neqativ tendensiyaların mövcudluğunun əsas səbəblərindən biridir. Bu qeyri-insani və pisniyyətli hərəkətlər sülhün və ədalətin düşmənləri tərəfindən həyata keçirilir. Yalnız birgə səylər və həmrəylik nəticəsində belə hallara qarşı səmərəli mübarizə aparıla bilər. Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə ən ciddi təhlükələrdən biri olan terrorizmin bütün forma və təzahürlərini pisləyir”, - deyə nazir qeyd edib.

Bildirilib ki, Azərbaycan İslam həmrəyliyini gücləndirən və islami dəyərləri təşviq edən ölkə kimi tanınır. Biz gələn il Bakıda İslam Həmrəylik Oyunlarına ev sahibliyi edəcəyik və ümid edirik ki, bu, müsəlmanlar arasında birlik həlqələrinin, dostluğun və qardaşlığın gücləndirilməsinə kömək edəcək.

Azərbaycan hər zaman İƏT ilə əlaqələrin inkişafına böyük önəm verib. Son illərdə Bakı İƏT-ə üzv dövlətlərin inkişafında qadınların rolu mövzusunda 5-ci nazirlər toplantısı və İƏT əmək nazirlərinin ikinci toplantısı kimi bir sıra tədbirlərə ev sahibliyi edib. Azərbaycan Prezidentinin təklifi əsasında Bakıda İƏT Əmək Mərkəzinin yaradılması təsdiq edilib. “Biz fəxr edirik ki, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi fəaliyyətimiz dövründə BMT-nin mənzil-qərargahında BMT və İƏT arasında tərəfdaşlığın gücləndirilməsinə həsr edilən xüsusi iclas keçirilib. Biz qəti şəkildə inanırıq ki, bu təcrübə davam etdirilməlidir. Bu, bizə İslam dünyasının üzləşdiyi hədə və təhdidlərin ifadə edilməsi üçün əlverişli fürsət yaradır”, - deyə E.Məmmədyarov bildirib.

Nazir çıxışında son günlər qoşunların təmas xəttində ermənilərin törətdikləri təxribatlara da diqqəti cəlb edib.

O deyib ki, aprelin 2-də Ermənistan atəşkəsi kobud şəkildə pozaraq, Azərbaycan ordusunun mövqelərini və təmas xətti boyunca mülki əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələrini atəşə məruz qoymaqla Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesində destruktiv siyasətini bir daha ortaya qoymuş oldu. Bu təxribat əməlinə Azərbaycan ordusu tərəfindən əks həmlə ilə adekvat cavab verildi və erməni silahlı qüvvələrinin hücumu dəf edildi. Bu gün Ermənistan atəşkəs rejimini pozmaqda davam edir və diqqəti sülh prosesinə lazım olan əsas məsələlərdən yayındırmaqla dünyaya öz əsas niyyətini nümayiş etdirir. Azərbaycan beynəlxalq ictimaiyyəti Ermənistandan Azərbaycan ərazilərinin qeyri-qanuni işğalını dayandırmağı, öz qoşunlarını bütün işğal olunmuş ərazilərdən çıxarmağı və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə və beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq münaqişənin nizamlanması prosesində konstruktivlik nümayiş etdirməyi tələb etməyə çağırır.

Nazir İƏT-in baş katibinə və üzv dövlətlərə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə verdiyi dəstəyə, həmçinin Ermənistanın təcavüzünü və Azərbaycan torpaqlarının işğal edilməsini qınadığına görə təşəkkür edib. Həmçinin Ermənistanın ölkəmizə qarşı təcavüzünə dair kontakt qrupunun yaradılması barədə bu konfransın qərarının təqdirəlayiq olduğunu bildirib.