YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Bizim tələbimiz tarixə, beynəlxalq hüquqa və ədalətə əsaslanır

«Torpaqlarımız işğal altındadır. Azərbaycan xalqı bu işğaldan əziyyət çəkir. Uzun illərdir münaqişə öz həllini tapmır. Beynəlxalq təşkilatların qərar və qətnamələri icra edilmir. Bizə qarşı ikili standartlar siyasəti aparılır. Dəfələrlə bu barədə fikirlərimi müxtəlif kürsülərdən ifadə etmişəm. Bu gün də demək istəyirəm ki, bizə qarşı göstərilən ədalətsizlik qəbuledilməzdir. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi vardır ki, erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmasını tələb edir. Üstündən 20 il keçib. Onların heç biri icra edilmir. Beynəlxalq ictimaiyyət buna biganə yanaşır». Bu fikirləri Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 96-cı ildönümü münasibətilə Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və Dövlət Sərhəd Xidmətinin birləşmə və hissələrinin irimiqyaslı birgə əməliyyat-taktiki təlimi zamanı çıxışında demişdir.

Prezident İlham Əliyev bildirmişdir ki, əfsuslar olsun ki, bu məsələ ilə məşğul olan vasitəçilər, ATƏT-in Minsk qrupu münaqişənin sülh yolu ilə həllindən daha çox qarşılıqlı etimad tədbirlərinin gücləndirilməsi ilə məşğuldurlar. Dövlət başçısının sözlərinə görə, qarşılıqlı etimad tədbirlərinin içərisində birinci tədbir erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan çıxarılmasıdır və danışıqlar mahiyyət üzrə aparılmalıdır. Əfsuslar olsun ki, vasitəçilər danışıqlarda ədalətin bərpa edilməsinə deyil, daha çox müharibənin olmaması ilə bağlı səy göstərirlər. Belə olan halda Azərbaycan ordu quruculuğuna daha da böyük diqqət göstərir, göstərəcəkdir və danışıqlar nəticə verməsə, bizim başqa yolumuz qalmayacaqdır.

«Biz müharibə istəmirik. Biz çalışırıq ki, məsələ sülh yolu ilə həll edilsin. Ancaq görürük ki, iyirmi il ərzində bu məsələ öz həllini tapmır. Bu məsələni dondurulmuş vəziyyətdə saxlamaq istəyən qüvvələr, əfsuslar olsun ki, öz niyyətlərinə, öz məqsədlərinə nail olurlar. Biz isə bu vəziyyətlə barışmaq istəmirik və barışmayacağıq. Biz sülh istəyirik. Amma, eyni zamanda, biz torpaqlarımızı, haqq-ədalətin bərpasını istəyirik. Bizim tələbimiz əsaslıdır. Bizim tələbimiz tarixə, beynəlxalq hüquqa və ədalətə əsaslanır. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır, tarixi Azərbaycan torpağıdır.

Azərbaycan xalqı Dağlıq Qarabağda və bu gün işğal altında olan digər yerlərdə memarlıq əsərləri yaratmışdır. Binalar, şəhərlər salmışdır, infrastruktur yaratmışdır. Dağlıq Qarabağda bütün yer adları, kəndlərin adları Azərbaycan mənşəli adlardır. Bu, bizim əzəli torpağımızdır. Bu, həmişə belə olub, bu gün belədir və sabah da belə olacaqdır. Beynəlxalq aləm Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır. Heç kim heç vaxt qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımayacaq və Azərbaycan heç vaxt öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəkdir. Bu, bizim prinsipial mövqeyimizdir. Biz bu mövqedən bir addım kənara çəkilməyəcəyik»- deyə, dövlət başçısı vurğulamışdır.