YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zanda Kalninya-Lukaşevitsa: Azərbaycan energetika sahəsində Avropa İttifaqının mühüm tərəfdaşıdır

Latviya Xarici İşlər Nazirliyinin parlament katibi Zanda Kalninya-Lukaşevitsa BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirak etmək üçün aprelin 25-27-də Azərbaycanda səfərdədir. Parlament katibi səfər çərçivəsində Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev və Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamran Bayramov ilə görüşüb. Bu barədə AZƏRTAC-ın xüsusi müxbirinə Latviya XİN-dən məlumat veriblər.

Azərbaycan xarici işlər nazirinin müavini M.Məmmədquliyev ilə görüşdə iqtisadi əməkdaşlığın yeni imkanlarının axtarılmasının zəruri olduğunu vurğulayan Z.Kalninya-Lukaşevitsa deyib: “Ölkələrimizin çox yaxşı siyasi münasibətlərindən nəqliyyat və ticarətdə, habelə istehsalat sahəsində daha sıx iqtisadi əməkdaşlığın yaradılmasında istifadə etmək lazımdır. İqtisadi əməkdaşlığı inkişaf etdirmək üçün böyük potensial var və bu potensialı praktiki əməkdaşlığa çevirməklə, iki ölkənin iqtisadi yüksəlişinə dəstək vermək lazımdır”. Parlament katibi onu da vurğulayıb ki, Azərbaycan energetika sahəsində Avropa İttifaqının mühüm tərəfdaşıdır.

Söhbət əsnasında sahibkarlara mümkün əməkdaşlıq layihələrini müəyyən etmək fürsəti yaratmaq üçün artıq bu il Latviya-Azərbaycan Biznes Forumu təşkil etmək imkanları müzakirə edilib.