YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Beynəlxalq maliyyə qurumları TANAP layihəsinə 3 milyard dollar kredit ayıracaq

Üç beynəlxalq maliyyə qurumu Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsinə 3 milyard 120 milyon dollar həcmində layihə krediti ayıracaq və kreditin sazişlərinin bu ilin yayında imzalanması nəzərdə tutulur.

Dünya Bankının nümayəndələrinin TANAP-a ayrılması planlaşdırılan 1 milyard dollarlıq krediti təsdiqləmək üçün iyulun 7-də toplaşacaqlar. Avropa İnvestisiya Bankı (EIB) isə layihəyə 1 milyard 120 milyon dollar maliyyə dəstəyi göstərəcək. Bundan başqa, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı da TANAP-a 1 milyard dollar kredit qoyuluşu həyata keçirməyi planlaşdırır.

Qeyd edək ki, Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və bu ölkədən Avropaya nəql edəcək TANAP-ın uzunluğu (19 kilometri Mərmərə dənizindən keçməklə) ümumilikdə 1850 kilometr olacaq. Boru kəməri Türkiyənin Gürcüstanla sərhədindəki Ardahan vilayətinin Posof mahalından başlayaraq 21 vilayətdən keçməklə qardaş ölkənin Yunanıstanla sərhədindəki Ədirnə vilayətinin İpsala qəsəbəsinədək uzanacaq. TANAP-ın 2018-ci ildə istismara verilməsi planlaşdırılır. TANAP-la Avropaya 10 milyard, Türkiyəyə isə 6 milyard kubmetr Azərbaycan qazının nəqli nəzərdə tutulur. Boru kəmərinin ötürücülük qabiliyyətinin 2023-cü ildə illik 24 milyard kubmetrə, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılması planlaşdırılır. TANAP layihəsinin ümumi dəyəri 9,8 milyard dollar qiymətləndirilir. Layihədə 1,2 milyon ton ağırlığında ümumilikdə 150 min polad boru istifadə olunacaq.

TANAP Cənubi Qafqaz Boru Kəmərindən (CQBK) alacağı təbii qazı 2020-ci ilin əvvəlindən etibarən “Trans-Adriatik” (TAP) qaz boru kəmərinə qoşularaq Yunanıstan, Albaniya və İtaliyadan keçməklə Avropaya çatdıracaq.

TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: “Cənub qaz dəhlizi” Qapalı Səhmdar Cəmiyyəti (QSC) - 58 faiz, “Botaş” - 30 faiz və BP şirkəti - 12 faiz.