YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan və Litva xalqlarının oxşar ədəbiyyat və mədəniyyət nümunələrinin birgə araşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev Litva Respublikasının ölkəmizdəki səfiri Valdas Lastauskas ilə görüşüb.

Görüşdə Dövlət müşaviri ölkəmizdə mədəniyyətlərarası dialoqun daha da dərinləşməsi və inkişafı məqsədi ilə görülən işlərdən, Azərbaycanda mövcud olan multikultural mühitdən, müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələrinə qarşı tolerant münasibətdən ətraflı söz açıb. Prezident İlham Əliyev tərəfindən bu sahəyə xüsusi həssaslıqla yanaşıldığını, bunun nəticəsi olaraq multikulturalizmin Azərbaycan modelinin dünya ictimaiyyətinə müxtəlif beynəlxalq tədbirlər vasitəsilə çatdırıldığını, həmçinin Azərbaycan multikulturalizminin öyrənilməsi üçün “Azərbaycan multikulturalizmi” adlı fənnin dünyanın 13 ölkəsinin nüfuzlu universitetlərində tədris olunduğunu diqqətə çatdırıb.

Dövlət müşaviri deyib: “Bu ölkələr sırasında Litvanın olması da xüsusi əhəmiyyətə malikdir. Litva Dövlət Pedaqoji universitetində bir semestr ərzində “Azərbaycan multikulturalizmi” fənninin tədrisi, digər universitetlərdə isə bu mövzuda dəyirmi masaların və müzakirələrin keçirilməsi litvalıların Azərbaycan multikulturalizminə olan marağın göstəricisidir”.

Səfir Valdas Lastauskas görüşə görə öz təşəkkürünü bildirib və Azərbaycan mədəniyyəti, musiqisi, təbiəti və mətbəxi ilə bağlı xoş təəssüratlarını bölüşüb. Tarixən Azərbaycan və Litva xalqları arasında olan əlaqələrdən, xüsusən Azərbaycanda fəaliyyət göstərən əslən litvalı olan şəxslərdən, həmçinin ikinci Dünya müharibəsi zamanı Litvanın azadlığı uğrunda mübarizə aparan azərbaycanlılardan bəhs edib.

Sonda Azərbaycan və Litva xalqlarının yaratdığı oxşar ədəbiyyat və mədəniyyət nümunələrinin birgə araşdırılması, müxtəlif mövzularda birgə dəyirmi masaların və müzakirələrin keçirilməsi haqda fikir mübadiləsi aparılıb.